Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16 qırıcılarının alınması və Ukrayna ilə bağlı taxıl sazişi məsələləri müzakirə olunub.

Azdrama qarşı dələduzluq: zərərçəkənlər var

Akademik Milli Dram Teatrına (Azdram) qarşı dələduzluq edilib, zərərçəkənlər var. Sozcu.az xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir: "Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

Ermənistan iki vətəndaşmızı qaytarmaqdan imtina edir

Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq və konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacaq və beynəlxalq səviyyədə müvafiq addımlar atmaqda davam edəcək: "Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə cavab verməsi, cəzalandırılmamış bənzəri olmayan cinayətlərinin günahkarlarını cəzalandırmaq və məsuliyyətə cəlb etmək üçün məhkəmə prosesləri başlatmışdır. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir. Azərbaycan səmimiyyətlə inanır ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmətinə əsaslanan münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yoludur. Biz normallaşma gündəmini birbaşa ikitərəfli danışıqlar yolu ilə irəli sürməkdə qətiyyətli və əzmliyik. Bu səydə biz həm də sülhsevər və firavan Cənubi Qafqaz məqsədi daşıyan beynəlxalq tərəfdaşlarımızın ədalətli və qərəzsiz dəstəyinə və yardımına arxalanırıq".

“Bakı ilə bu mövzudakı danışıqlarda irəliləyiş əldə olunub” - Paşinyan

“Moskvada nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli komissiyanın iclasında mühüm irəliləyiş əldə edilib”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib. “Mən bir daha Ermənistan Respublikasının bu kommunikasiyaların keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”, - o qeyd edib. Paşinyan bildirib ki, Ermənistan tərəfi təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu, bizim təkliflərimizə oxşamır, bunlar bizim son iki il ərzində hazırladığımız kompromis həllərdir”.

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. İyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub. Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.

300 manat bir həftəlik yaşayışa bəs edir - Vahid Əhmədov

300 manat adamın bir həftəlik yaşayışına bəs edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. "Regionlarda işsizlik ciddi problemdir. Maraqlıdır dövlət büdcəsində işsizliklə əlaqədar nə qədər işlər görülüb. Rayonlarda iş yerləri yoxdur. Bununla bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova da müraciət etdim. Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə onlara iş verməliyik. 300 manat adamın 1 həftəlik yaşayışına bəs edir”, - deputat vurğulayıb. Millət vəkili dərman  və ərzaq qiymətlərinin də diqqət saxlanılmasının vacibliyini vurğulayıb. "Əhalini dərman və ərzaq qiymətlərini nəzərə almalıyıq. Əmək haqqlarının 10% artırılması gözlənilir. Amma bu artım sadəcə inflyasiya qarşısında balansı bərpa edir. İqtisadiyyat Nazirliyi ciddi monitorinqlər aparmalıdır. Mərkəzi Bank inflyasiya pronozunu 8,3%, hökumət isə 10,4% proqnozlaşdırır. Bu iki rəqəm arasında reallıq nə qədərdir? – deputat bildirib./Anews.az

Generalın qardaşı Qubada bir ailəni məhkəməyə verdi - 5 qardaş və bir bacı...

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun qardaşı Qubada bir ailənin bütün üzvlərini məhkməyə verib.  Qaynarinfo-nun məlumatına görə, generalın biznesmen qardaşı, Yerfi kəndinin keçmiş icra nümayəndəsi Nazim Əlixanovun 5 qardaş və bir bacı barəsində məhkəməyə müraciət etməsinin səbəbi torpaq mübahisəsidir. Nazim Əlixanovun məhkəməyə verdiyi şəxslər bunlardır: Babayev Hafiz Şahbaba oğlu, Babayev Kamil Şahbaba oğlu, Babayev Elman Şahbaba oğlu, Babayev Elxan Şahbaba oğlu, Babayev Şamil Şahbaba oğlu və Babayeva Gülqız Şahbaba qızıdır.  Məhkəmədə maraqlı şəxs qismində Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edəcək. İşə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.  Qeyd edək ki, general və qardaşının Qubanının Yerfi kəndində, o cümlədən Qəçreş qəsəbəsində bir sıra otellər, villalar və digər biznes obyektləri mövcuddur. Dəfələrlə kənd sakinləri KİV-lərdə Nazim Əlixanovun onların torpaqlarını zəbt etməsi ilə bağlı məlumatlar dərc edilib.

Üç nazir yola salınır: Kəmaləddin Heydərov istefa ərizəsi yazıb?

Azərbaycan hakimiyyətində anonsu verilən kadr dəyişikliyi gerçəkləşmək üzrədir.  Yaxın günlərdə hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə yenisabah.az-a iqtidar düşərgəsindəki nüfuzlu mənbədən bildirilib. Qeyd olunub ki, kariyerası ilə vidalaşacaq hər 3 şəxs nazirdir.  Məlumatlı şəxs yol üstündə olan "üçlük"ün siyahısına Fövqəladə hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyini bildirib. Onun sözlərinə görə, postunu təhvil vermək K.Heydərovun öz arzusudur. Mənbə "fövqəlnazir"in hələ ötən ilin dekabrında istefa ərizəsi yazdığını bildirib.  Hakim komandanı tərk etməyə hazırlaşan ikinci şəxs isə Ədliyyə naziri Fikrət Məmmədovdur. 68 yaşlı Məmmədovun yaxın günlərdə təqaüdə göndəriləcəyi bildirilir.  Qeyd edək ki, ölkənin ən uzunömürlü nazirlərindən olan F.Məmmədov bu posta 2000-ci ilin aprelində təyin olunub. Onun hüquq-mühafizə orqanlarında aparılan islahatlar çərçivəsində işdən çıxarılması gözlənilir.  Postunu itirməsinə real baxılan üçüncü hökumət üzvü isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarları ilə müqayisədə xeyli gənc və enerjili olan Əmrullayevin "vurulmasının" sırf ictimai rəylə bağlı olduğu deyilir.  Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün "əcəl zəngi" sayıla bilər.  Bildirək ki, E.Əmrullayevlə bağlı sərt qərarın qəbul ediləcəyinə real yanaşmayanlar da var. Onların fikrincə, 41 yaşlı nazirin cəmi 3 il əvvəl bu posta təyinat alması onun adını "qara siyahı"dan çıxara bilər.  Həmsöhbətimiz isə cəzalandırma prosesində bu faktorun aparıcı rol oynamadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda yüksək rütbəli məmurların erkən cəzalandırılması presedenti var:  "Sabiq Mədəniyyət naziri Anar Kərimov 5 yanvar 2021-ci ildə vəzifəyə təyin olunmuşdu, amma fəaliyyəti ilə bağlı narazılıq artdığı üçün nazir postunda 2 ilini belə tamamlaya bilmədi".  Xatırladaq ki, A.Kərimov 5 yanvar 2021-ci ildə Mədəniyyət naziri təyin olunsa da, təxminən 23 ay sonra - 22 dekabr 2022-ci ildə tutduğu vəzifədən azad edilib. 

Bakı və İrəvan üçün ilk dəfə olaraq sülh əlçatandır - Nazir

Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır: "Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir". "Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib", - nazir vurğulayıb.

Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki Green Farm Azərbaycan MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib. Sozcu.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mətləb Musayev Şahriar Malekinin yerinə Green Farm Azərbaycan MMC-yə yeni direktor təyin olunub. Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan Green Farm Azərbaycan MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Green Farm Azərbaycan MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.

Vəfat etmiş şəxsin pensiyasını bu halda yoldaşı ala bilər

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər? Sozcu.az xəbər verir ki, bu barədə hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bildirib ki, övladları 18 yaşına çatmamış şəxslər, eyni zamanda ər və ya qadın öz həyat yoldaşını itirdiyinə görə onun pensiyasını almaq hüququ var: “Təəssüflər olsun ki, bəzi hallarda, xüsusilə bölgələrdə insanların bu sahədə savadsız və ya məlumatsız olması onları qanunla bağlı bir sıra məsələlərdən xəbərsiz qoyur. Yoldaşı vəfat şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasının ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər. Yəni məsəl üçün kişinin pensiyası 600 manat idi, arvadın pensiyası isə 400 manatdır və kişi düyasını dəyişdi. Bu zaman qadın Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını özü ala bilər, lakin bu zaman öz aldığı pensiyadan imtina etməli olacaq”. Hüquqşünas bildirib ki, 18 yaşına çatamamış, yəni himayədə olan uşaqlar da vəfat edən öz ata və ya analarının pensiyasını ala bilərlər. Onun sözlərinə görə, 18 yaşına çatmamış, 18 yaşına çatanadək olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.

Ən çox bu rayon minadan təmizlənib təmizlənib

Minaların təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır.  Sozcu.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbirdə bildirib.  Yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası layihələrinin həyata keçirildiyini vurğulayan E.Hüseynov daha sonra iri şəhərlərin bərpasının nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, indiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 faizi minalardan təmizlənib.  Xüsusi nümayəndə diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətləri çəkilib, beynəlxalq hava limanları tikilib. 

İrəvandan Kremlə zərbə: ödənişlər bloklandı

Sanksiya riski ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq Konq bankları Rusiyadan olan hüquqi şəxslər üçün server, mikrosxem, prosessor, telekommunikasiya avadanlıqları və digər elektronika məhsulları üçün ödənişləri bloklamağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Məlumata görə, təchizatçılar elektronikanı digər əmtəə kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar. Ekspertlərin fikrincə, dost ölkələrin ixrac nəzarətini gücləndirməsi altı ay ərzində Rusiyada bu məhsulların qıtlığına səbəb ola bilər. “Kommersant”ın elektronika bazarında olan mənbələri bildiriblər ki, son iki həftə ərzində Qazaxıstan, Ermənistan və Honq Konq bankları tərəfindən Rusiya hüquqi şəxslərindən ödənişlərin bloklanması halları ilə qarşılaşırlar. “Bu, ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən bankları təhdid edən 10-cu sanksiyalar paketinin tətbiqi ilə bağlıdır”, - mənbə bildirib. Bildirilib ki, nəticədə rus şirkətləri kompüter, serverlər, məlumatların saxlanılması sistemləri və digər texnikaların istehsalı üçün vacib olan komponentləri alternativ ticarət kodları altında gətirməyə çalışırlar. Rusiya hökumətinə yaxın olan digər mənbə nəşrə açıqlamasında deyib ki, ödənişlərin bloklanması yeni nəsil telekommunikasiya avadanlıqlarının, eləcə də məlumatların saxlanılması sistemləri və serverlərin tədarükünə təsir göstərir.

“WhatsApp” yenilik edir: “Android” telefon “iPad”ə qoşulacaq

"WhatsApp" yenilikləri ilə istifadəçiləri sevindirməyə davam edir. Növbəti dəyişiklik "iPad" planşetinin xidməti hesablarla uzlaşmaq imkanı ilə bağlıdır. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, belə ki, yeni funksiya ilə "iPad" planşeti "Android" əməliyyat sistemli cihazlara bağlanacaq. Ekspertlərin sözlərinə görə, bu zaman "iPad" qoşulu cihaz kimi tanınacaq. Bundan başqa, "WhatsApp"ın "iPad"a uyğun proqramlar hazırlayacağı da proqnozlaşdırılıb. Qeyd edilir ki, hazırda funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində "beta" testerlərə təqdim olunacaq. Yeniliyin bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı hələ bildirilməyib.

Siqareti tərgitməyin daha bir FAYDASI

Alimlər siqareti tərgitməyin psixi sağlamlığa yaxşı təsir etdiyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, 24 həftə siqaretdən istifadə edilmədikdə ondan asılı olan şəxslərin psixologiyasında yaxşı dərəcədə dəyişikliklər görülüb. Araşdırmalar 2011-ci ildən 2015-ci ilə qədər olan dövrdə siqaretin mənfi təsirlərini qiymətləndirmək üçün 4260 iştirakçını əhatə edən randomizə edilmiş klinik sınaqdan əldə edilən məlumatlardan istifadə edilib. Tədqiqatda iştirak edən şəxslərin təxminən yarısında psixi xəstəlik keçmişi var idi. Mütəxəssislər 9-24 həftə ərzində siqaretdən imtinanın təsirini araşdırıblar. Siqareti tərk etməzdən əvvəl və sonra iştirakçılardan psixi sağlamlıqla bağlı sualların daxil olduğu anketləri doldurmaları istənilib. Xüsusilə, narahatlıq və depressiya ölçüləri 0-dan 21-ə qədər olan klinik reytinq şkalası ilə ölçülüb. Nümunə arasında ilkin orta bal narahatlıq üçün 4,25 və depressiya üçün 2,44 olub. Siqareti buraxdıqdan 24 həftə sonra xəstələrdə simptomlarda əhəmiyyətli bir yaxşılaşma müşahidə olunub. Demoqrafik göstəricilərə və əsas dəyişənlərə düzəliş etdikdən sonra, siqareti dayandırmaq siqaret çəkməyə davam edən qrupla müqayisədə həm narahatlıq (mənfi 0,4 bal), həm də depressiya (mənfi 0,47 bal) azalması ilə əlaqələndirilib.

"Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən"

“Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxıb, onun kimi diktor olmaq istəmişəm. Çünki Nərgiz xanımın oturuşu, duruşu, özünü aparma qabiliyyəti mənim üçün bir nümunə olub. Onun kimi diktor olmaq istəyirdim, teleaparıcı yox. O vaxt heç teleaparıcılar da nadir hallarda efirdə görünürdülər”. Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Afaq Gəncəli deyib. Tanınmış teleaparıcı televiziya sahəsinə gəldiyi günü də xatırlayıb. “25 ildir ki, televiziya sahəsindəyəm. 1998-ci il mart ayının 9-da Azv-də ilk efirim idi. Bir gün idi ki, işə gəlmişdim, efirə çıxdım. Heç hazırlıqlı deyildim. Mənim üçün yeni bir məkan idi, kamera da görməmişdim. Şükürlər olsun ki, bacardım. Mədəniyyət və İncəsənət universitetində Arzu Tağıyeva adlı bir rejissor var idi, ilk məni kamera qarşısına çıxaran insan o olub. Yadımdadır, avtomobil verilişinin ilk qadın aparıcısı oldum” deyə Afaq Gəncəli bildirib. Teleaparıcı deyir ki, müğənnni dostlarına görə bəzi sənətçilər onu çox incidib.                                                         “Bəzi müğənnilərlə dostluğuma görə mənimlə küsənlər, danışmayanlar da olub. Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən. Bu düzgün yanaşma deyil. Əgər kiməsə qarşı münasibətdə yaxşıyamsa, onun da mənə qarşı münasibəti yaxşı olmalıdır. Yox, əgər mən münasibətlərdə fərq qoyuramsa, o zaman sən nəsə deyə bilərsən. Haqlısan. Hamı ilə ayrı-ayrılıqda münasibətim və onlara hörmətim var. Hansısa tədbirdə, toyda baxmamışam ki, o insan mənimlə danışmır, onu elə gözəl, özünə layiq təqdim etmişəm ki. Çünki bu mənim işimdir. Mən onunla ədavət apara bilmərəm” deyə aparıcı bildirib

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Qeyd edilib ki, iyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib: "Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir".

Ekspert: "Məktəb sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır"

"Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır". Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib. Ekspert bildirib ki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir: "Mütəxəssis hazırlamaq bilavasitə ali məktəbin vəzifəsidir. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması məzunun topladığı balla deyil, onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.

Tehran rejimi seldən zərərçəkən Güney Azərbaycan bölgələrinin sakinlərinə yardım etmir

İran hakimiyyəti seldən zərərçəkən Güney Azərbaycan bölgələrindəki əhalinin vəziyyəti ilə maraqlanmır. Bunu sosial şəbəkədə çoxsaylı faktlar və məlumatlar da təsdiqləyir. Bildirilib ki, İranın rəsmi xəbər saytları və agentlikləri də seldən zərərçəkən bölgələrlə bağlı məlumat vermir. Yerli sakinlər seldən zərər çəkən əhalinin ürəkdağlayan olduğunu bildirirlər. Onların sözlərinə görə, İran hökuməti onlara heç bir yardım göstərmir və taleyin ümidinə buraxıb. Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Güney Azərbaycanın Germi və Biləsuvar rayonlarında leysan yağışlar nəticəsində sel olub. Əhalinin əkin sahələri, şəxsi təsərrüfatına xeyli ziyan dəyib. Sakinlər ərzaq və içməli su çatışmazlığından əziyyət çəkir. Onlara Güney Azərbaycanın müxtəlif bölgələrinin sakinləri humanitar yardım edir.

Bu şəxslərin maaşı sentyabr ayından 35 % ARTIRILACAQ

Bu ildən Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyən müəllimlər sertifikasiyada iştirak etməli olacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb. Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib: "Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Test imtahanından uğurla keçən müəllimlərin avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində qaydalarda nəzərdə tutulan meyarlar üzrə müəllimlərin ünsiyyət bacarıqları, sinfin idarə olunması, digər meyarlar üzrə qiymətləndirmə aparılacaq. Sentyabr ayından etibarən prosesdən uğurla keçən müəllimlərin əmək haqlarında müvafiq olaraq 10-35 faiz artımlar tətbiq ediləcək". /metbuat.az/

Xəstəxananın mühafizəçiləri qəzaya düşdü: ölən var

Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxıb evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hazırda araşdırma aparılır.

Bu gün Konfrans Liqasının finalı keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq. Sozcu.az xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. UEFA Konfrans Liqası Final 7 iyun Saat 23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) Baş hakim: Karlos Del Serro (İspaniya) Praqa, "Eden Arena" Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

Azərbaycanda bu yollar bağlandı

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonunun ərazisində bir neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub. Görülən tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

SES-i ordumuzun qarşısını almaq üçün partlatdılar

Ruslar nəzarətlərində olan Kaxovka SES-i ona görə partlatdılar ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gecikdirsinlər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Heç nə Ukrayna müdafiəçilərinin ölkə ərazilərini azad etməsinə mane ola bilməz. Onlar hesab edirdilər ki, bu ərazilər bizim əks-hücum istiqamətlərimizdən biri ola bilər. Hücumu gecikdirmək üçün belə bir terakt həyata keçirdiər. Onların fəaliyyəti Ukrayna SQ-nin döyüş qabiliyyətinə təsir etməyəcək”, - deyə o bildirib. Qeyd edək ki, ötən gün ruslar Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladıblar. Bölgədəki bir sıra yaşayış məntəqələri su altında qalıb.