Sanksiya riski ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq Konq bankları Rusiyadan olan hüquqi şəxslər üçün server, mikrosxem, prosessor, telekommunikasiya avadanlıqları və digər elektronika məhsulları üçün ödənişləri bloklamağa başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məlumata görə, təchizatçılar elektronikanı digər əmtəə kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar.
Ekspertlərin fikrincə, dost ölkələrin ixrac nəzarətini gücləndirməsi altı ay ərzində Rusiyada bu məhsulların qıtlığına səbəb ola bilər.
“Kommersant”ın elektronika bazarında olan mənbələri bildiriblər ki, son iki həftə ərzində Qazaxıstan, Ermənistan və Honq Konq bankları tərəfindən Rusiya hüquqi şəxslərindən ödənişlərin bloklanması halları ilə qarşılaşırlar.
“Bu, ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən bankları təhdid edən 10-cu sanksiyalar paketinin tətbiqi ilə bağlıdır”, - mənbə bildirib.
Bildirilib ki, nəticədə rus şirkətləri kompüter, serverlər, məlumatların saxlanılması sistemləri və digər texnikaların istehsalı üçün vacib olan komponentləri alternativ ticarət kodları altında gətirməyə çalışırlar.
Rusiya hökumətinə yaxın olan digər mənbə nəşrə açıqlamasında deyib ki, ödənişlərin bloklanması yeni nəsil telekommunikasiya avadanlıqlarının, eləcə də məlumatların saxlanılması sistemləri və serverlərin tədarükünə təsir göstərir.