Rusiyanın itkiləri 217 minə yaxınlaşır

Ukrayna müharibənin 474-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 216 180 hərbçi, 3931 ədəd tank, 7636 ədəd zirehli döyüş maşını, 3746 ədəd artilleriya sistemi, 601 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6471 ədəd avtomobil texnikası, 3307 ədəd PUA, 1183 qanadlı raket, 18 gəmi/qayıq, 510 xüsusi avadanlıq itirib.

Salyanda avtomobil velosipedçini vuraraq öldürdü

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Ələsgər oğlu Səmədov velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Türkiyə lirəsindən yeni antirekord

Türkiyə lirəsi növbəti ucuzlaşma ilə tarixi minimumu yeniləyib. Sozcu.az xəbər verir ki, hazırda 1 dollar 23,62 lirəyədir. Avro isə 25,41 lirə olub.

İranda silahlı qarşıdurma: ölənlər var

İyunun 11-i günortadan sonra İranın Xuzistan əyalətinin İzə şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Hadisə etiraz aksiyaları zamanı hökumət məmurları tərəfindən öldürülən 9 yaşlı Kiyan Purfələkin ad gününü qeyd edən vətəndaşlara hökumət məmurlarının hücumu nəticəsində meydana gəlib. Toqquşma zamanı polis kapitanı Məhəmməd Qənbəri və 21 yaşlı mülki şəxs Puya Molayi öldürülüb. Həmçinin, bir neçə etirazçının ağır yaralandığı, çox sayda insanın isə həbs edilərək naməlum yerə aparıldığı bildirilir.

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvollarından biri olan Allahverdi Bağırovun şəhid olduğu gündür. Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Bağırov həm də Qarabağ müqavimətinin rəmzi idi. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov batalyona rəhbərlik edib. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Uğurlu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb. Onun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanlı kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, doğulduğu Ağdam rayonunda dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ukrayna ordusu strateji qəsəbəni azad etdi - Cəbhədən ən son xəbərlər

Oleksa Dovbuş adına 68-ci əlahiddə xüsusi atıcı briqadasının döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin qonşu bölmələri ilə əməkdaşlıq edərək, Donetsk vilayətinin Blaqodatnoye qəsəbəsini işğaldan azad edib. Sozcu.az xəbər verir ki, bu barədə briqada öz "Facebook" səhifəsində məlumat yayıb. "Oleksa Dovbuş adına 68-ci əlahiddə xüsusi atıcı briqadasının şanlı döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin qonşu bölmələri ilə əməkdaşlıq edərək Blaqodatnoe qəsəbəsini azad etdilər. İşğalçılar sona qədər müqavimət göstərdilər, lakin qarşısıalınmaz canavarların hücumuna tab gətirə bilmədilər!", deyə məlumatda bildirilir. Qeyd edilir ki, əməliyyat zamanı Rusiya hərbçiləri əsir götürülüb. Onlardan alınan məlumatlar "Ukrayna torpaqlarının daha da işğaldan azad edilməsinə kömək edəcək". Rusiya Müdafiə Nazirliyinə yaxın olan "Rıbar” "Telegram" kanalının verdiyi məlumata görə, Vremyevski ərazisində Ukrayna Silahlı Qüvvələrinin hücum qrupları 23 və 31-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadalar, eləcə də 37-ci briqadanın dəniz piyadaları Rusiya mövqelərinə hücumları bərpa ediblər. Urojaynoye kəndi ərazisində, Novodarovka-Novoselka xətti boyu döyüşlər gedir və Ukrayna Silahlı Qüvvələri Novodonetskoye yaşayış məntəqəsinə də yaxınlaşmağa çalışır. Müəllif hesab edir ki, Ukrayna ordusu "Urojaynoye və Bolşaya Novoselkadan demək olar ki, sinxron hücumu nəzərə alsaq” Vremyevski çıxıntısında Rusiya qoşunlarının arxasına keçməyə çalışır. "Telegram" kanalın məlumatına görə, nəticədə Ukrayna Silahlı Qüvvələri Vremyevski çıxıntısı ərazisində Neskuçnoye kəndini və Blagodatnoye qəsəbəsini "faktiki olaraq döyüşsüz" ələ keçirməyə müvəffəq olub - "DXR"nin "Kaskad" bölməsi mühasirəyə düşmək təhlükəsi ilə geri çəkilib. "OSINTdefender”in analitiki Rusiya qoşunlarının geri çəkilərək Neskuçnoye kəndini təslim etdiyini təsdiqləyib. "OSINTtechnical”ın analitiki sıçrayışın təsdiqi kimi Blaqodatnoye ətrafında hərəkət edən Ukrayna texnikasının əks olunduğu videonu nümayiş etdirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Rusiya qoşunlarının arxasına 7 km girə bilib. Eyni zamanda, hərbi tədqiqatçı Rob Li qeyd edib ki, əsas müdafiə xətti Ukrayna Silahlı Qüvvələr tərəfindən geri alınan Blaqodatnoye qəsəbəsindən 5 km aralıda, Urojaynoye kəndi yaxınlığından keçir.  İyunun 11-də səhər saatlarında "WarGonzo" kanalı Ukrayna qoşunlarının Zaporojye istiqamətinin başqa bir bölgəsində - Kamenskoye-Pyatixatki xəttində irəliləməsi barədə məlumat verib və xəbəri "narahatedici” adlandırıb. Kanal Jerebyanka qəsəbəsi ərazisindən çəkilmiş Ukrayna texnikası və piyada qoşunları ilə video yayımlayıb və nəticəyə gəlib ki, Lobkovoye kəndi "boz” zonadan Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçib. "GeoConfirmed” OSINT layihəsinin könüllüləri Lobkovoye kəndində Ukrayna hərbçilərinin geolokasiyasını təyin etməklə təsdiqləyiblər.  Lobkovoye kəndinin azad edilməsi Müharibənin Tədqiqi İnstitutunun (ISW) xəritəsində artıq qismən əks olunub.  Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Silahlı Qüvvələrin əks-hücumunu ilk dəfə təsdiqləyib. Həmin gün Britaniya kəşfiyyatı Ukrayna ordusunun son 48 saat ərzində bir neçə istiqamətdə Rusiya müdafiəsinin birinci xəttini yardığını bildirib. Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya qüvvələrinin bir hissəsi müdafiəyə keçib, digərləri isə müəyyən nizamsızlıqla geri çəkilib. ISW ictimaiyyətə açıq olan məlumatlara əsaslanaraq belə qənaətə gəlib ki, Ukrayna qoşunları cəbhənin ən azı dörd sektorunda irəliləyir və Baxmut bölgəsində və Donetsk vilayətinin qərb hissəsində irəliləyiş əldə edib.

Rus ordusu darmadağın: İtkiləri 215 mini keçdi

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin yeni siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb. İtkilərin bu şəkildə olduğu bildirilir: 3926 tank 7631 zirehli döyüş maşını 3736 artilleriya sistemi 601 reaktiv yaylım atəşi sistemi 362 hava hücumundan müdafiə vasitələri 314 təyyarə 299 helikopter 3300 PUA 1183 qanadlı raketlər 18 qayıq/gəmi 6461 nəqliyyat vasitələri və yanacaq çənləri 509 xüsusi avadanlıq Bildirilib ki, Rusiya tərəfi təxminən 215 640 nəfər (son sutkada 980 nəfər) insan itkisi verib.

Rusiya Baxmutda 60 min əsgərini itirdi - Britaniya

2022-ci ilin may ayından indiyədək Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baxmut şəhərində ələ keçirilən hər 48 santimetr əraziyə görə Rusiyanın bir əsgəri ölüb və ya yaralanıb. Rusiya ordusunun Baxmutda 29 kilometr irəliləməyi bacardığı bildirilib.

İraqda iki türk əsgəri şəhid oldu

İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olublar. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Tvitter səhifəsində yazıb. O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Əhməd Qaya və Xəlil Şahin şəhid olublar. Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

Zelenski əks-hücumun başladığını elan etdi: "Bunu Putinə deyin"

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin əks-hücum əməliyyatı keçirildiyini bildirib.  Sozcu.az xəbər verir ki, dövlət başçısı vəziyyətin hansı mərhələdə olduğunu açıqlamayıb. Bununla belə, o, Ukrayna komandirlərinin pozitiv olduğunu qeyd edib. Jurnalistlər Zelenskidən Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl hücum zamanı "Ukrayna ordusunun heç bir sektorda məqsədinə çatmaması" barədə bəyanatına münasibət bildirməsini istəyiblər.  "Mən hər gün müxtəlif istiqamətlərdə olan komandirlərimizlə əlaqə saxlayıram. İndi hamı pozitivdir. Bunu Putinə deyin”, deyə Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə keçirdiyi mətbuat konfransında bildirib. "Ukraynada müvafiq əks-hücum və müdafiə tədbirləri həyata keçirilir, hansı mərhələdədir - indi təfərrüatlara varmayacağam. Nəticələri tezliklə hiss olunacaq. Telegram kanallarından və Putindən gələn mesajlara inanmayın. Biz əsgərlərimizə etibar etməliyik. Mən onlara güvənirəm”, deyə Ukrayna prezidenti bildirib.

Ankarada hərbi zavodda partlayış: ölənlər var

Ankarada Maşınqayırma və Kimya Sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodda səhər saatlarında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Partlayış zavodun istehsalat bölümündə olub. İlkin məlumata görə, hadisə zamanı zavodun 5 işçisi həlak olub. Hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri cəlb edilib.

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb. Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzindən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.

Çempionlar Liqası: İstanbulda final oyunu!

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək. Sozcu.az xəbər verir ki, İstanbulda oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər. Qeyd edək ki, Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı altı finalın 3-dən qələbə ilə ayrılıb. Xatırladaq ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur. UEFA Çempionlar Liqası Final 10 iyun 23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) Baş hakim: Şimon Marçinyak (Polşa) İstanbul, Atatürk Olimpiya Stadionu

Trampı məxfi sənədlərə görə 400 ilə qədər həbs gözləyir

ABŞ hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədi düzgün saxlamamaqda ittiham edib. İttiham aktından belə çıxır ki, Trampa qarşı mümkün cəza sanksiyalarının əlavə siyahısında 37, köməkçisinə münasibətdə isə 6 bənd göstərilir. Sozcu.az xəbər verir ki, bundan əlavə, təqsirləndirilən şəxslər yalançı şahidlik və cinayət razılaşmasına ittiham olunurlar. TASS-ın məlumatına görə, Trampa qarşı irəli sürülən ittihamlar arasında uzun müddət - ümumilikdə 400 ilə qədər həbs, həmçinin cərimələr var. Eyni zamanda, Trampa qarşı irəli sürülən ittihamların heç biri minimum həbs müddəti və ya minimum cəriməni nəzərdə tutmur. Bununla belə, Trampa qarşı irəli sürülən ittihamlar arasında dövlət vəzifələrində işləməyə qadağa şəklində sanksiyalar daxil deyil. Beləliklə, Trampın prezidentliyə seçilmək və bu vəzifəni tutmaq hüququ var. İttihamnamədə qeyd olunduğu kimi, Tramp gizli sənədləri saxlayıb, o sənədlər arasında həm də ABŞ-ın nüvə proqramları ilə bağlı məlumatlar da var.

İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Sadıqov cəzasının 2/3 hissəsini çəkdiyi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, E. Sadıqova son olaraq 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Onun cəzasının başlanğıcı 2021-ci ilin 21 oktyabr tarixindən hesablanıb. Xatırladaq ki, sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun bir sıra vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla tutulublar. Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov və digərlərinin cəzası 2-3 il aralığında azaldılıb.

Tokayev yanğına görə naziri işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Nazirin işdən çıxarılması ölkənin şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Onun məhz bu səbəbdən vəzifəsindən azad olunduğu bildirilir. Son məlumatlara görə, meşə yanğınları 60 min hektar sahəni əhatə edir. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, 11 nəfər isə itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

Blinken gələn həftə Çinə gedir

ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Çinə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Associated Press" (AP) və AFP agenlikləri ABŞ rəsmilərinə istinadən məlumat yayıb. AP-nin məlumatına görə, səfər çərçivəsində Entoni Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək. O, Çin lideri Si Cinpinlə də görüşə bilər. Xatırladaq ki, Blinken fevralda Pekinə səfər etməyi planlaşdırırdı, lakin Çin şarı ilə bağlı insidentdən sonra səfəri təxirə salındı.

Böyrəkləri şlaklardan təmizləyən ucuz vasitə

Müəyyən qidalardan istifadə böyrəklərin vəziyyətinə müsbət təsir göstərə bilər. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, Cərrah Pavel Karlov sözlərinə görə, bunun üçün orqanizmin işinə müsbət təsir göstərən tərəvəzlərdən istifadə etmək lazımdır. Onlar həmçinin şişkinliyi və iltihabı azalda, qan dövranını yaxşılaşdıra bilərlər. "Söhbət xiyar, kahı, balqabaq, pomidor kimi tərəvəzlərdən gedir. Böyrək problemi olan insanlar üçün natrium, xolesterin və yağların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Bu tərəvəzlərin qəbulu zamanı duzdan maksimum az istifadə etməyə çalışın. Eləcə də böyrəklər üçün təmiz su hava qədər vacibdir".

Ağcabədidə axtarışda olan şəxs SAXLANILDI

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axtarışda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, may ayı ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ötən ildən də axtarışda olan, ümumilikdə 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslərdən biri – rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub. Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib. Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Paltaryuyan maşın mətbəxdə olmamalıdır - MARAQLI SƏBƏB

Adətən yemək yeyərkən yeməyin dadına və ətrinə, görünüşünə fikir veririk, amma yeməyi müşayiət edən səsləri düşünmürük. Lakin bu yalnışdır. Çünki musiqi yeməyin ətrini artıra bilər, sanki ədviyyat rolunu oynaya bilər və hətta dad seçimlərimizə təsir edə bilər. Bura yeməyin yanında səslənən, eşidilən bütün səslər daxildir. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, Çin və Danimarkadan olan mütəxəssislərinin araşdırmalarına görə, ağır musiqi həvəskarlarını daha az sağlam qidalar və fast food cəlb edirdi. Alimlər belə qənaətə gəliblər ki, səs-küylü musiqi, xüsusən də ağır metal üslubu - qərar qəbuletmə prosesini tənzimləmək üçün beynimizə müdaxilə edir. Sakit halda yemək mədənin işinə yaxşı təsir edir. Orta əsrlərdə ziyafətlərdə musiqiçilərin iştirakı məcburi idi. XVI əsrdə artıq Tafelmuzik (stol musiqisi) kimi bir istiqamət yarandı. Aristokratların evlərində təntənəli nahar və şam yeməkləri zamanı instrumental parçalar fa edilirdi ki, süfrə arxasında söhbətə mane olmasın. Müasir dövrdə psixoloq, Oksford Universitetinin professoru Çarlz Spens uzun illər bu sahədə tədqiqatlar aparmış, daha sonra "Qastrofizika" elminin əsasını qoymuşdu. Çarlz Spensin sözlərinə görə, hər hansı fon səsləri və səs-küy qidaya təsir edir. Ona görə mətbəxdə texnika, televizor, radio və hətta paltaryuyanın barabanın səsi qidanın keyfiyyətinə, dadına təsir göstərir. Piano musiqisi meyvələrin, giləmeyvə və sitrus meyvələrinin təbii dadını artırır. Üstəlik, səs nə qədər yüksək olsa, effekt bir o qədər yaxşı ifadə edilir. Mətbəxdə paltaryuyan maşının olması arzuolunan deyil. O işləyərkən, yemək yemək də sağlamlığa zərərlidir.

Bakı sakininin bank hesabından pul oğurlandı

Bakı sakininin bank hesabından pul oğurlanıb. Sozcu.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis idarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Valeh Qənbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Əfruzə Hacıyeva vəfat etdi

2014-cü il bələdiyyə seçkilərində seçki qutularına topa bülleten atarkən videosu yayılan Əfruzə Hacıyeva vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, Ə. Hacıyeva 2014 bələdiyyə seçkilərində 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü olduğu zaman karusel etməkdə ittiham olunurdu. 

“Toppuş bacı“nın əri: Qayınanam evlənməyimə icazə verib

"Mayın 30-u idi, gecə dedi ki, gedək bir az dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbəttə. Uşaq kimi elə sevindi ki. Onun bu gülüşünü dərhal çəkmək istədim. Mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, İslamı, insanları sevən bir xanımla ailə qurmuşam". Sozcu.az xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.    O bildirib ki, qayınatası onun yenidən evlənməsinə razılıq versə də, o belə bir niyyətdə deyil: "Dedim ki, evliyəm, ailəm var, sadəcə dünyasını dəyişib.   Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm".   Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.

“Ağzından horra tökülən, kiminsə alt paltarını göstərən aparıcılar yaxşı qazanır”

Bu gün  yerli telekanallar, orada yayımlanan bayağı verilişlər, teleaparıcılar tez-tez tənqid hədəfinə çevrilir. Ən çox qeyd edilən isə televiziyalarda peşəkarlıq səviyyəsinin çox aşağı olmasıdır. Ekranlarda daha çox şou əhli meydan sulayır, yaradıcılıq peşəkar jurnalistikadan tamamilə uzaqdır. Peşəkar aparıcılar isə məlum olmayan səbəblərdən ekranlardan uzaqlaşıb. Məsələ ilə bağlı Yenisabah.az-a  danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu gün cəmiyyət daha çox məişət xarakterli mövzularla maraqlanır: "Bu gün hansısa televiziyada jurnalistikaya aidiyyatı olmayan, danışanda ağzından horra tökülən, Azərbaycan ədəbi dilinin qolunu-qanadını sındıran adamlar böyük qazanc əldə edirlər. Çünki cəmiyyətin istədiyi yüngül, dedi-qodulu mövzulardır. Bu gün başqalarının ailəsində nə baş verdiyini bilmək istəyən, kiminsə iç camaşırının nə rəngdə olduğu ilə maraqlanan insanların sayı təəssüf ki, çoxdur.  Bunu hər kəsə aid etmirəm, lakin belə insanlar çoxdur.  Ona görə də həmin aparıcılar həm yaxşı qazanır, həm də buna haqq qazandırır. O pulları qazanan adam deyir ki, mənim qazanc mənbəyim budur, ciddi şeylərdən danışmaq nəyimə lazımdır?" Əməkdar jurnalist  qeyd edib ki, cəmiyyətin istədiyi bayağı mövzuları onlara verən aparıcılar bundan xeyli gəlir əldə edirlər: "O cür aparıcılar, özünə jurnalist deyənlər çox gözəl yaşayır, maddi problemləri olmur, amma ciddi jurnalistika ilə məşğul olanlar təzyiqlərə, təqiblərə, hədə-qorxuya məruz qalır, hətta həbsə də düşürlər. Sonda bəxtləri gətirsə, həmin təqib və təzyiqlər qaçıb gedirlər xarici ölkələrə.  Belə olan halda, jurnalistika cəmiyyəti öz arxası ilə apara bilmir. Çünki jurnalist gərək həqiqəti yazsın, həqiqəti yazanda da söyüşlə, qışqırıqla, həyasızlıqla bunu etməməlisən. Jurnalistikanın qaydaları, etik çərçivələr var, əlində sənəd, sübut, təsdiq olmadan heç kimə böhtan atmaq olmaz. Əfsuslar olsun ki, bizdə bu şərtlər çox zəif haldadır. Əvvəllər buna əməl edənlər var idi, amma çoxunu itirdik. Bundan əvvəl də jurnalistika ideal deyildi, amma hər halda, nə isə ideala oxşar bir şey var idi, amma indi tamamilə yoxdur" .