Ukrayna Baxmutda əks-hücuma keçdi - General

Ukrayna hərbçiləri Liman istiqamətində düşmənin bütün hücumlarını dəf edərək 10 döyüşçüsünü girov götürüb. Baxmutda isə əks-hücum nəticəsində düşməni bəzi mövqelərini tərk etməyə məcbur edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib. "İrəli getmək üçün düşmən maksimum səy göstərir və heç nəyi nəzərə almır. Əhəmiyyətli itkilərə baxmayaraq, "Vaqner"in yeni hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri daim döyüşə atılır. Lakin düşmən Baxmutu ala bilmir. Buna baxmayaraq, vəziyyət kifayət qədər mürəkkəbdir”, - o bildirib.

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus “Volksvagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Sabirabadın icra başçısından Vətən Şəhidlərinə hörmətsizlik: Milli Qəhrəmanın büstünün və bulağın açılışına qatılmadı — FOTOLAR

Sabirabadda şəhid Milli Qəhrəman Murad Mirzəyevin büstünün, həmçinin Vətən Şəhidləri adlı abidənin və bulağın açılışı olub. Demokrat.az xəbər verir ki, Murad Mirzəyevin doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndində keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Milli Məclisin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, veteran və qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb. Milli Qəhrəman Murad Mirzəyevin atası Telam Mirzəyevin və övladının iştirakı ilə büstün açılışı olub. Həmçinin şəhid anaları Vətən Şəhidləri adlı abidənin açılışını edib. Çıxışlar zamanı hərb tariximizə şanlı hərflərlə yazılan Aprel zəfərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşü zamanı əldə olunan parlaq Qələbənin təməli məhz Aprel döyüşlərində qoyulub. Mərasimdə çıxış edən şəhid Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib ki, oğlunun Vətənə olan xidməti və şəhidlik məqamı məhz ondan sonra gələn nəsillər üçün əsl vətənpərvərlik məktəbi olub: "Muradı özünə ideal seçən gənclərimiz 44 günlük Zəfər yürüşündə Vətənin müdafiəsinə qalxaraq qələbənin əldə olunmasında şücaət göstərdilər. Vətən uğrunda canını fəda edən şəhidlər əbədi olaraq qəlblərdə yaşayacaq". Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında bildirib ki, Aprel zəfərində düşmənə sarsıdıcı zərbələrin vurulmasında Milli Qəhrəman Murad Mirzəyevin misilsiz xidmətləri olub: "Məhz onun tabeçiliyində olan xüsusi təyinatlı bölmə düşmən təxribatının qarşısının alınmasında və işğalda olan torpaqlarımızın bir qisminin azad olunmasında xüsusi şücaət göstərib. Murad Mirzəyev və tabeçiliyində olan hərbçilər son damla qanına qədər döyüşərək, azad edilən torpaqların müdafiəsində dayanıb. Canlarını Vətənə fəda edərək Aprel zəfərinin qazanılmasını təmin ediblər". Tədbirdə çıxış edən Milli Qəhrəman Murad Mirzəyevin hərbçi yoldaşları isə onun vətənpərvərliyindən, peşəkar hərbçi və əfsanəvi xüsusi təyinatlı olduğundan danışıblar. Bildiriblər ki, Murad Mirzəyev hər zaman döyüşə öndə gedənlər sırasında yer alıb, son damla qanına qədər döyüşərək Vətəni uğrunda canını fəda edib. Tədbirin sonunda məktəblilərin ifasında şerlər səsləndirilib. Qeyd edək ki, sözügedən açılış mərasiminə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov və rayon rəhbərliyi dəvət olunsa da, ancaq onlardan heç biri tədbirə qatılmayıb. Mərasim iştirakçıları icra başçısının bu cür laqeyd hərəkətini pisləyiblər.demokrat)

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı mayın 3-də növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Sozcu.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank bundan əvvəl, martın 29-da uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılıb. AMB vurğulayıb ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. "Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcəkdir. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq", -deyə tənzimləyici qurumun açıqlamasında bildirilmişdi.

Prezident Uluqbek Rozukulovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ləhic bağlarında fəhləni öldürən şəxsə 10 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Vasif Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhru edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Ötən il iyulun 6-ı saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaramış mübahisə zamanı Əlvan Hüseynovu itələyib. Sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Diqqət: Bu gündən qadağan edildi

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və sentyabrın 1-dək davam edəcək. Qadağa həm hüquqi, həm də fiziki şəxslərə aiddir. Qaydanı pozanlar cərimələnəcək, yaxud onlara növbəti il balıq tutmaq üçün lisenziya verilməyəcək. Qeyd edək ki, “Qırmızı Kitab”a düşən Qaya nərəsi, Xəzər qızılbalığı kimi balıq növlərini ovlamaq ilboyu qadağandır.

AzMİU-da növbəti imtahanların 59 faizi test üsulu ilə keçiriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti imtahanların 59 faizi test üsulu ilə keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov deyib. O xatırladıb ki, AzMİU-da 2022-2023 tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar fevralın 16-dan başlayıb. Prorektorun sözlərinə görə, dərs cədvəlləri elektron formada tərtib olunub dekanlıqlara, kafedralara göndərilib, həmçinin tələbələrin şəxsi kabinetində yerləşdirilib: "Yaz semestrində verilən tapşırıqlar üçün konkret zamanın müəyyənləşdirilməsi və göstərilən zaman müddətində tapşırıqların icrasına nəzarət gücləndirilib. Bu semestrdə 1039 tələbə alt dərsə yazılıb". A.Qasımov bildirib ki, fənlərin imtahan formaları fakültələrlə birgə müəyyənləşdirilib və ixtisas fənləri istisna olmaqla digər fənlərin attestasiyasının test formasında aparılmasına üstünlük verilib: "437 fəndən 154 fənn (35%) yazılı, 256 fənn (59%) imtahanlarının test üsulu ilə və 27 fənn (6%) imtahanlarının isə fakültədə keçirilməsi planlaşdırılıb. Bu tədris semestrində I kurslarda aylıq aralıq imtahanlar mərkəzləşmiş formada test üsulu ilə keçirilməsi davam edəcəkdir. Artıq bütün fənlərdən testlər test mərkəzinə göndərilib".

Həftəsonu yol qəzalarında 16 nəfər ÖLÜB

Aprelin 29-u və 30-da ölkənin avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.  Bildirilib ki, qəzalar nəticəsində 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Daha bir partiya Kemal Kılıçdaroğlunu dəstəklədi

Türkiyədə Liberal Demokrat Partiya (LDP) "Millət İttifaqı"nın namizədini dəstəkləmək qərarı alıb. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi bəyanatı dərc olunub. Bildirilib ki, LDP həm prezident seçkilərində ittifaqın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu, həm də parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin yer aldığı "Millət İttifaqı"nın proporsional siyahılarını dəstəkləyəcək. "İqtisadi baxışlarımız hər nə qədər uyğun gəlməsə də, mövcud şərtlər və ifadələr çərçivəsində hüquqa hörmət, çağdaş sekulyar demokratiya və şəffaf bir məclis üçün dəstəyimizin "Millət İttifaqı" tərəfdə olacağını ictimaiyyətə açıqlayırıq", - deyə qeyd olunub. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək. LDP-nin qurucusu türkiyəli məşhur siyasətçi Besim Tibukdur. 2005-2017-ci illərdə isə partiyaya digər tanınmış siyasətçi Cem Toker rəhbərlik edib. Hazırda LDP-nin sədri Gültekin Tırpancıdır.

Nazirlik sel və daşqınlarla bağlı əhaliyə müraciət etdi

Ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.

İmişlidə avtomobil aşıb, ölən var

İmişlidə avtomobil aşıb. Sozcu.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə Ağsu-Kürdəmir-İmişli magistral yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb. Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xətaidə mopeddən yıxılaraq xəsarət alan 21 yaşlı qız ölüb

Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ötən gün isə həkimlərin səyinə baxmayaraq Eliza Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlayıb.

Bakıda sürücü yol kənarındakı avtomobili və piyadanı vurub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu idarə etdiyi “AUDİ A6” markalı avtomobillə Xəzər rayon ərazisində əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Piyada A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Rusiyanın itkiləri açıqlandı: ŞOK RƏQƏMLƏR

Ukrayna müharibənin 432-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 190 960 hərbçi, 3700 ədəd tank, 7192 ədəd zirehli döyüş maşını, 2921 ədəd artilleriya sistemi, 544 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 295 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5845 ədəd avtomobil texnikası, 2476 ədəd PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 359 xüsusi avadanlıq itirib.

Əliyev Blinkenə Laçın postundan danışdı

Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Zelenski elan etdi: Böyük döyüş başlayır!

Tezliklə böyük döyüşlər olacaq, biz torpağımızı və xalqımızı rus əsarətindən azad etməliyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, sərhəd qoşunlarının bölmələrinə Baxmut, Avdeyevka, Marinka və Donbasın digər şəhər və kəndlərini ən şiddətli döyüşlərdə müdafiə etdiyinə görə təşəkkür edib: "Tezliklə - əsas döyüş olacaq. Biz öz torpağımızı, xalqımızı rus əsarətindən azad etməliyik. Dövlət sərhədimizin bütün xəttini - həm quruda, həm də dənizdə bərpa etməliyik. Əminəm ki, sərhəd qoşunlarımızın qəhrəmanlığı, etibarlılığı, möhkəmliyi bu mühüm tarixi yolda Ukraynaya güclü kömək edəcək”.

Günün qoroskopu: Münasibətlərdə yeni nüanslar yaranır

Qoç - təmaslar, əlaqələr, telefon zənglərinin sayı artır. Danışıqlar, əməkdaşlığın yeni formaları, ideyaların reallaşdırma yollarının müzakirəsi üçün əlverişli vaxtdır. Cəsarətli qərar qəbul edə bilərsiniz. Amma bununla bağlı açıqlama verməzdən əvvəl cari olaylara bir daha nəzər salın. Şərtlərin əlverişli axarı göz qarşısındadır. Yeniliklər və təşəbbüs izharı üçün yaxşı vaxtdır. Bədxahlardan və sizə mümkün qədər ağır zərbə vurmaq istəyən insanlardan qorunun. Boş vədlərə aldanmayın. Buğa - ciddi dəyişikliklər zamanıdır. Yaşanacaq olaylar arasında istiqaməti itirməyin, eyni vaxtda bir neçə istiqamətdə çalışın. Aramla davranmaq mümkün olmayacaq, çünki informasiya həddən ziyadədir. Proseslərin əksəriyyətini nəzarətdə saxlamağa çalışmayın. Resurs, əlaqələr, yığılmış və alınmış məlumatları yenidən dəyərləndirin. Hadisələrin dinamikası artır. Mühüm və ikinci dərəcəli məsələləri ayrıd edin, işlərin effektiv alınması üçün bir qədər nəfəs dərin. Məqsədə çatmağınız üçün əsas hərəkət istiqamətini seçin və fəal işləyin. Yerdə qalan işləri yaxın ətrafınızdakı insanlara həvalə etmək olar. Səhhətinizə diqqət yetirin. Əkizlər - niyyətlərlə real imkanlar arasında tarazlığı aşkarlayın. Gərəkli detalları görməyə çalışın. Münasibətlərdə isə bilməli olduğunuz nüansları aşkarlayın. Təmkinli, soyuqqanlı davranın. Yardım istəyən insanlara dəstək verin. Yalnız sizin maraqlarınıza aid olmayan toplantılara da qatılın. İctimai iş, tədbir, səfər, tədris, təhsil, alış-veriş, səfər - seçim sizindir. Kənardan əlavə maliyyə vəsaitinin cəlb olunması üçün effektiv addımlar atın. Xərçəng - sakit, rəvan gündür. Yaranmış şanslardan, müşahidə olunan şəraitdən intensiv iş üçün maksimum istifadə edin. Yaşam şərtilərini nəzərə alaraq planlara dəyişikliklər etmək olar. Hər əmələ və ya hadisəyə birbaşa müdaxilə yolverilməzdir. Təmkin və səbr gərəksiz problemlərdən qurtulmağa yardım edər. Ailədə və kollektivdə mikromühitin yaxşılaşdırılmasına çalışın. Yaşam arealınıza yeniliklər edin, rahat və münasib situasiyanın bərqərar olmasına can atın. Dostlarla planlarınızı bölüşməyə çalışın. Alış-verişdə simiclik etməyin. Mövcud durumdan yararlanın. Ailədə gələcəklə bağlı planları müzakirə edin. Şir - ünsiyyət, yeni əlaqələr və təmasların yaradılması üçün uğurlu vaxtdır. Şəxsi münasibətlər müstəvisində açıqlama, birgə planların müzakirəsində xeyir var. İstənilən işə yaradıcı yanaşın. Eksperimentlərə əl atın, fərqli yollar arayın, başqasının təcrübəsi və yeni biliklərdən yararlanın. Səfər və gəzintiyə çıxmaq pis olmaz. Daxili müvazinəti qorumaq üçün təmkinli olun, aramla davranın. Hisslərinizin və fəaliyyətinizin korreksiyasını aparın. Maraqlandığınız, diqqətinizi cəlb edən əşyanı ala bilərsiniz. Qız - hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa cəhd göstərməyin. Hadisələrin öz axarında, spontan inkişafına mane olmayın. Cavab tədbirləri, adekvat reaksiyanı unutmyın. Bundan sonrakı fəaliyyətin istiqamətlərini korrektə edin. Yeni məlumat, sua4llara cavab peyda ola bilər. Nüfuzlu şəxslərdən dəstək alın. Ətalətli, süst olmayın. Faydalı əlaqələri bərpa etmək və yeni təmaslar qurmaq üçün vaxtınızı diqqətlə bölüşdürün. Axşam saatlarında sakit məşğuliyyət seçin, dincəlin. Yeməkdə özünüzü məhdudlaşdırmayın. Tərəzi - hadisələrin mərkəzində olun ki, yeni ideyalar, təkliflər və tanışlıqlar sizdən yan keçməsin. Uzaqdakı tərəfdaşlara stavka etmək zamanıdır. Peşəkar müstəvi il yanaşı, şəxsi münasibətlər arealında perspektivlər arta bilər. Sərfəli və gəlirli təklif az sonra səslənə bilər. Fəqət informasiya mübadiləsi, qiyabi tanışlıqlar faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilərlər. Evdə yeniliklərlə məşğul olun. Təmirə başlamaq və ya artıq başladığınız təmiri sürətləndirmək olar. Axşam saatlarından problemlərdən bəhs etməyin. İstirahət edin, dostlarla əlaqə saxlayın. Əqrəb - nikbin olun, uğur əldə edəcəksiniz. Genişmiqyaslı nailiyyətə çatmağı planlaşdırsanız, pərişan ola bilərsiniz. Kiçik işlər görün, böyük işlər özləri həllini tapacaq. Sonucu sizdən asılı işlərdə nəticəni möhkəmləndirin, durumu səbatlı edin. Bəzi nəsnə və ya məqamlardan imtina etməli olacaqsınız. Yenilənmə və yeni, daha maraqlı imkanlar, şanslar yaranacaq. Hansısa məqam və ya insan sizi bezdiribsə, günün ikinci yarısı problem mənbəyindən qurtulmaq üçün əlverişli zamandır. Qarşınızda yeni perspektivlər yarada biləcək işlərlə məşğul olub. İnformasiya mənbələrinin sayını artırın. Yaxın ətrafınızdakı insanlar plan və gözləntilərinizi pozsalar, aqressiv olmayın, sərt açıqlamalar verməyin. Təmkinli, soyuqqanlı davranın. Oxatan - çalışdığınız və ya əlaqədə olduğunuz insanlarla təmaslar vasitəsilə özünüzün yeni məcazlarınızı aşkarlaya bilərsiniz. Yeni maraqlı görüş və ya tanışlıq istisna deyil. Genişmiqyaslı, ciddi planlar qurmayın. Yeni tanışlar həyatınıza daxil olduğu təki, elə həmin sürətlə yoxa çıxa bilərlər. Sizə təsir etməyə çalışan, səbirsiz davranan insanlara anlayışla yanaşın. Qarşılıqlı əlaqəyə və əməkdaşlığa hazır olun. Stereotip düşüncələrdən azad olun. Dəyişkən şərtlərə uyğun olaraq planları da yeniləməyin zəruri olduğunu anlayın. Günün ikinci yarısında bir sıra mətləblər əyan olacaq. Problemlərin orijinal həllini tapın. Özünüzü və yaxınlarınızı sevindirməyə çalışın. Oğlaq - yaşamınızda mühüm hadisə yaşanır. Önəmli prosesdə uduzmamaq üçün aktivləşin, yeni işlərə başlayın. Qətiyyətli olun. Yaxın ətrafınızdakı insanların sizə mane olmalarına imkan verməyin. İş yerində sizi yaxşı xəbər və xoş təəssürat gözləyir. Çalışdığınız arealın durum və dizaynına yenilik etmək olar. Həmkarlarla qarşılıqlı münasibətlərə yeni anlam verməyin, cari məsələlərin həllinə yaradıcı yanaşmağın vaxtıdır. Belə olarsa, yeni perspektivləri görəcəksiniz. Çevik, mütəhərrik, sayıq olmağa çalışın. İşlər çoxdursa, onların bir hissəsini tanış və ya iş yoldaşlarına həvalə edin. Dolça - danışıqlar, sövdələşmə, müzakirə, informasiya və sənədlə iş, təhsil və səfər üçün yaxşı gündür. Bütün dağınıq ideyalar və xaotik planları sistemləşdirin. Bacarıq və istedadınızı hansı sahədə daha parlaq nümayiş etdirməyin yolunu sizə intuisiyanız göstərəcək. Münasibətlərdə yeni nüanslar yaranır. Aldığınız əşya, etdiyiniz əməl, gördüyünüz işin estetik olmasına çalışın. Gözəl, keyfiyyətli, rahat nəsnəyə tələbatınız artır. Münasibətlərdə ayinlər, rituallar, hədiyyələr və səxavətin önəmi artır. İfrata varmayın. Balıqlar - əsas fəaliyyət sahənizdə zahiri aktivliklə bağlı bütün işləri görün. Danışıqlar, sövdələşmələr, anlaşmalar üçün əlverişli gündür. İşdə dəqiq, səliqəli, çevik və sayıq olun. Belə davranış sizdən əlahiddə zəhmət tələb etməyəcək. Yeni işə başlamaq üçün uğurlu gündür. Vaxtınızı iş və istirahət arasında dəqiq bölüşdürün ki, yaşananların nəticələri maksimal dərəcədə uğurlu olsun. Zahiri görkəminizi yaxşılaşdırmaq üçün zəruri işləri görmək olar. Alış-veriş üçün yaxşı vaxtdır. Görüş və müzakirləri planlaşdırın. Şəxsi münasibətlər müstəvisində indiyədək ehtiyat və təmkinlə qarşısı alınan hisslər tüğyan edəcək.

Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?

ABŞ Sağlıq İnstitutu sarıkökün qaraciyər toxumasına ölümcül zərər verə biləcəyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, həkimlər bu ədviyyatla əlaqəli onlarla qaraciyərin zədələnməsini aşkarlayıblar.  Həkimlər və tədqiqatçılar, heç bir sağlamlıq problemi olmayan 49 yaşlı qadının gündəlik sarıkök qəbulu səbəbi ilə qəflətən qusmasına şahid olublar.  Bundan əlavə, xəstənin gözlərinin və dərisinin ağları sarıya çevrilib. Bu da qaraciyərin zədələnməsinin xarakterik əlamətidir. Nəticədə xəstə həkimə müraciət edərək müalicəyə başlayıb.  Alimlər bildirirlər ki, oxşar hallar müxtəlif xəstəxanalarda qeydə alınıb. Bununla bütün xəstələrin gündəlik olaraq sarıkökdən istifadə etdikləri məlum olub.   Onlardan bəziləri səhərlər bir qaşıq sarıkök ilə su içiblər, bəziləri sarıkökdən hazırlanmış detoksdan istifadə ediblər. Nəticədə belə vərdişləri olan bütün xəstələrdə eyni simptomlar - qusma, qarın ağrısı və göz ağlarının saralması halları aşkarlanıb.  Araşdırma göstərib ki, belə xəstələrin qaraciyəri qırmızı qan hüceyrələrinin təbii parçalanması zamanı əmələ gələn bilirubinin emalını dayandırıb. O da qeyd edilib ki, insanların çoxu sarıkökü bədənə heç bir mənfi təsir göstərmədən də istifadə edə bilər. Bu əsasən insanların genetik fərqlilikləri ilə bağlıdır.

İsveçrə çempionatının qalibi oldular

“Yanq Boyz” İsveçrə çempionatının 2022/23 mövsümünün qalibi olub. Sozcu.az xəbər verir ki, Rafael Vikkinin komandası 31-ci turda “Lüsern”i məğlub edərək (5:1) xallarının sayını 64-ə çatdırıb. “Yanq Boyz” sona 5 tur qalmış ən yaxın izləyicisi 18 xal qabaqlayıb. Bununla da “Yanq Boyz” çempionluğu rəsmiləşdirib. Bern klubu tarixində 16-cı, son 6 ildə isə 5-ci dəfə bu yarışın qalibi olub.

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir: 1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Neftin qiyməti yenidən enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,72% azalaraq 1 barelə görə 79,75 dollar təşkil edib. Sozcu.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,83% azalaraq 76,14 dollara bərabər olub.

Türkiyədə tələbələri daşıyan avtobus aşıb: ölənlər və xeyli sayda yaralı var

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb. Bu barədə Sozcu.az “Haber Global”a istinadən xəbər verir. Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: “İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib".

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Yeniqışlaq kənd sakini, 1990-cı il təvəllüdlü Məcidov Vüsal Eldar oğlu və şəxsiyyəti hələ məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məcidov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digər zərərçəkənin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib. Faktla bağlı araşdırma aparılır.