“Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir...”
“Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır...”
Bütün dünyanın diqqəti bu iki gündə Özəl Hərbi Kompaniya “Vaqner”in bir sutkalıq qiyamına yönəlib. Təsadüfi deyil, bir sutkada 23 illik Putin hakimiyyətinin sarsılmazlığı haqqında formalaşmış fikir sarsıdıcı zərbə aldı. Ukrayna müharibəsi başlanandan beynəlxalq aləmdə Rusiya təcrid dövlətə çevrilmişdisə, qısamüddətli “Vaqner” qiyamı onun lideri Putinin də ölkə daxilində nüfuzuna ən böyük zərbə vurdu. Qiyamın zərərsizləşdirilməsi Putini müvəqqəti xilas edə bilər, amma onun komandası arasında, generalların da qatılacağı siyasi hakimiyyət uğrunda daxili mübarizə şiddətlənəcək. Rusiyada baş verən qiyam 1991-ci il avqust putçunu xatırladır. Putç uğursuz oldu, amma Krımdan hakimiyyət kreslosuna qayıdan Qorbaçovun da cəmi dörd aydan sonra siyasi karyerasının sonunun qarşısı alınmaz oldu. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin erasının da sonu “Vaqner” qiyamından sonra sürətlənəcək...
“ Vaqner” qiyamının Qarabağ ətrafında baş verənlərə təsiri ola bilərmi? Təsir öz-özünə yaranmır, onu yaratmaq lazımdır və bu təsiri nə Moskva, nə İrəvan, nə də Xankəndi yaradası deyil, maraqlarımıza xidmət edən təsiri biz yaratmalıyıq. Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bərpa edilib və bu, doğru addımdır. Rusiya hərbiçiləri yol bağlı olduğu müddətdə helikopterlərlə onsuz da kritik uçuşlar həyata keçirirdilər. Nəzarət yoxlaması keçirilməklə keçid məntəqəsinin fəaliyyətinin davam etməsi üçün isə Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir. Xəbərdarlıq erməni silahlı qüvvələrinin 10 gün ərzində Azərbaycan ərazisini tərk etməsi ilə bağlı olmalıdır. Vaxt təyin edib, həmin zaman çərçivəsində qanunsuz erməni silahlı qüvvələrin bütün arsenalı ilə Azərbaycan ərazisini tərk etməsi şərti irəli sürülməli, əks halda, yolun açılmayacağı bildirilməli və qanunsuz silahlı dəstələrə hərbi güc tətbiq ediləcəyi qarşı tərəflərə bəyan edilməlidir. Rusiyanın Ukrayna cəbhəsində hərbiçilərə ehtiyacı var və erməni silahlı qüvvələri bölgəni tərk edəcəyi halda Qarabağda sülhməramlıların sayının minimuma endirilməsi şübhə yaratmır. Rusiyanın daxili gərginlik yaşadığı situasiyadan yararlanmaq lazımdır. Hətta, bu xəbərdarlığın Vaşinqton görüşündən əvvəl elan olunması daha məqsədəuyğundur. RF-yə olunan xəbərdarlıq Vaşinqtonda sükutla qarşılanacaq və Rusiya bunu Vaşinqton görüşünün nəticəsi kimi qəbul etməyəcək. Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” adı altında səsləndirilən abstrakt şərtlər də səslənməyəcək...
Laçın yolunun tam açılması üçün bizim digər maraqlarımıza uyğun başqa şərtlər də irəli sürülməlidir. Qarabağda daxili yollardakı maneələrin aradan qaldırılması artıq zəruri həddə çatıb. Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır. Reinteqrasiyaya xidmət edən bəzi məsələləri qarşılıqlı şərtlərlə müzakirəyə çıxarmağın da zamanıdır. Məsələn, Sərsəng su anbarına nəzarətin də Azərbaycana verildiyi təqdirdə Ermənistandan gələn elektrik xəttinin istifadəyə verilməsi, fasiləsiz qaz təminatı da qarşılıqlı razılaşmaların predmeti ola bilər. Ümumiyyətlə, qarşı tərəflərə Azərbaycanın siyasi şərtlərinin yerinə yetirildiyi halda humanitar məsələlərin də müzakirə olunacağını öncədən bildirmək lazımdır. Ermənilər imtina etdikdə (bu daha çox ehtimal olunur) yolun açılmayacağı və erməni silahlı qüvvələrin hərbi güc tətbiq etməklə ərazilərimizdən çıxarılacağı sərt şəkildə həm Rusiyaya, həm də Ermənistana çatdırılmalıdır...
Rusiya həm xaricdən, həm də daxildən gərginlik yaşayır. Türkiyənin də bu vəziyyətdə Qarabağla əlaqədar artıq Rusiya ilə təmaslara keçməsi çox yerinə, zamanına uyğun ola bilər. Putin çətin günündə Türkiyə prezidentindən daha dəqiq dəstək aldı. Bu situasiyanı dəyərləndirmək və ondan yararlanmaq maraqlarımıza xidmət etmiş olar...
Qarşıda Vaşinqton və Brüssel görüşləri dayanır. May ayında keçirilən birinci Vaşinqton görüşündə bəzi “prinsipial məsələlərdə razılığın olmaması” bu dəfəki görüşdə həllini tapa bilər, ən azı müəyyən bir hissəsində. Əlbəttə, bu bizim nəyəsə güzəşt edəcəyimiz demək deyil, əksinə, yersiz şərtlər qaldıran Ermənistana aiddir. Azərbaycan bu görüşlərdə yalnız iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prinsiplərini müzakirə edəcək. Qarabağ bizim daxili işimizdir və yuxarıda qeyd etdiyimiz şərtlər birbaşa Qarabağa aiddir və bir daha vurğulayırıq ki, Rusiyada yaranmış daxili böhranı nəzərə alıb şərtlərimizi irəli sürməliyik...(moderaor)
İlham İsmayıl