"Masada Vaşinqton təşəbbüsü ələ alsa da, sahəyə, konkret olaraq Xankəndinə Vaşinqtonun əli çatmır və Rusiyanın hərtərəfli müdafiə etdiyi separatçı rejim Azərbaycanı qəbul etmir..."
Sonuncu Vaşinqton görüşünün yekunları barədə ev sahiblərinin də, tərəflərin də verdiyi açıqlamalardan konkret hansısa nəticəyə gəlmək, açığını deyək ki, bir qədər çətindir. Kifayət dərəcədə ümumi diplomatik terminlərdən istifadə olunmaqla yenə də danışıqlarda “irəliləyişin” olduğu vurğulanan xəsis bilgilər iki istiqamətdə yozula bilər: birincisi, tərəflər arasında ilk görüşdə razılaşdırılmayan prinsipial məsələlərin heç birində yenə də razılıq əldə edilməyib və ya əldə olunan hansısa razılıq xüsusi əhəmiyyət daşımır; ikincisi, bir xeyli prinsipial məsələlərdə razılıq əldə edilib, sadəcə öncədən mətbuata açıqlama sülh müqaviləsinin imzalanmasına qarşı çıxan qüvvələr və dövlətlər tərəfindən təxribat xarakterli etirazlarla qarşılanacağından, ehtiyat edilərək detallı açıqlamalardan imtina edilib. Sülh müqaviləsinin imzalanmasını istəməyənlər məlumdur- Ermənistan siyasi müxalifəti və cəmiyyətin müəyyən kəsimi, o cümlədən diaspora və rəsmi şəkildə sülhün tezliklə bağlanmasına qarşı çıxan Rusiya və Fransa dövlətləri. Birinci Vaşinqton görüşündən sonra baş tutan Brüssel görüşündə Azərbaycanın 86.6 min kv.km ərazisinin Paşinyan tərəfindən tanınması fikrinin səsləndirilməsini doğrudan da” tərəqqi” hesab etmək olar. Qarşıda Azərbaycan və Ermənistan dövlət başçılarının 21 iyulda Brüssel görüşü gözlənilir. Hesab edirik ki, Vaşinqton görüşündə irəliləyiş varsa, Brüsseldə hansısa formada üzə çıxacaq və perspektiv sülh müqaviləsinin prinsipləri sənədləşmiş, imzalanmış şəkildə razılaşdırılacaq. Amma...
Amma bu, nə sülh yaradacaq, nə də təxribatları azaldacaq, müharibədən sonra yaranmış status-kvo isə davam edəcək. Ona görə ki, problemin açar həlli Qarabağdadır, iki ölkə arasında sülh prosesi, hətta məntiqi nəticəsinə çatsa belə, hələ yekun nöqtəni vurmur. Qarabağın məlum hissəsində hələ də erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarda bütün arsenalları ilə dayanıblar və ən əsası, həmin ərazilərə nəzarət edən Rusiya hərbi kontingenti problemin mərkəzində durub, iki il səkkiz aydır sülh yaratmağa imkan vermir və yaxın zamanda belə bir perspektiv də görsənmir. Masada Vaşinqton təşəbbüsü ələ alsa da, sahəyə, konkret olaraq Xankəndinə Vaşinqtonun əli çatmır və Rusiyanın hərtərəfli müdafiə etdiyi separatçı rejim Azərbaycanı qəbul etmir. Rusiya Qarabağdakı minlərlə erməni silahlı qüvvələrinin ərzaq və silah təminatını həyata keçirir. Ermənistan isə bütün maliyyə xərclərini ödəyir və illik büdcə planlaşdırılmasında Qarabağdakı erməni silahlı qüvvələrinə ayrılan vəsait açıq göstərilib. Elə bu fakt ermənilərin yalanını sübut edir ki, “Artsax müdafiə ordusu” adı bir pərdədir, bu qüvvələri Ermənistan Respublikası maliyyələşdirir, Rusiya Federasiyası isə qoruyur. Sonuncunun əlində onlar təxribat mənbəyidir və atəşkəsi qorumaq bəhanəsi ilə Qarabağda və bütövlükdə Cənubi Qafqazda mövcudluğunu sürdürür. Qarabağdakı erməni silahlı qüvvələrinin tərkibində yerli əhalidən olanların sayca üstünlüyü bu terrorçuların “müdafiə ordusu” adlandırılmasına əsas vermir. Sülhə mane olan ən böyük maneə də məhz qanunsuz erməni silahlı qüvvələridir...
26 il danışıqlar aparan Ermənistan rəhbərləri siyasi iradə nümayiş etdirib problemi sülhlə həll edə bilmədilər, beş mindən çox hərbçi itirdilər və Azərbaycan ərazilərin böyük hissəsini işğaldan azad edərək bölgədə siyasi, hərbi üstünlük qazandı. İndi də Ermənistan rəhbərləri yaranmış vəziyyətdən dərs çıxarmaq niyyətində deyillər, hər danışıq prosesinə qəbulolunmayan şərtlərlə gedirlər. Bundan sonra neçə Vaşinqton, Brüssel, Qranada görüşləri olsa da, Qarabağdakı mövcud duruma az təsiri olacaq, həlledici rol oynamayacaq. Moskva, Soçi görüşləri isə zamanın süni şəkildə uzanmasına xidmət edəcək. Erməni siyasətçiləri də açıq şəkildə bildirirlər ki, “ Ermənistan yalnız bir halda öz maraqlarını irəli sürə bilər: zamanı uzatsa və eyni zamanda özünə gəlsə...”. Düşmən öz problemlərinin həll etmək üçün həm dünyada, həm bölgədə fərqli vəziyyətin yaranmasını şərt olaraq görür və prosesi havadarının köməyilə uzadır...
10 noyabr 2020-dən sonra biz bu prosesin şahidiyik, ona görə də siyasətimizdə daha konkret tələblərə üstünlük verməliyik. Laçın yolundakı nəzarət məntəqəmiz Rusiyanın erməni silahlı qüvvələrini təmin etməkdə son maneə deyil. Ruslar silah daşıya bilməsələr də, digər təminatları həyata keçirə bilirlər. Hər dəfə söylədiyimiz kimi yenə təkrar edirik: erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etməsinə və ya son gülləyədək tərksilah edilməsinə vaxt qoyub xəbərdarlıq etməyin zamanı çatıb. Sülh prosesinə Qarabağdan başlamaq lazımdır...moderator
İlham İsmayıl