Azərbaycana qar yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib. İyulun 17-si gecə saatlarında Şahdağın 2 800 metr yüksəkliklərinə qar yağıb. Düşən yağıntının miqdarı: Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 mm (aylıq normanın 223%-i), Xaltanda 30 mm (aylıq normanın 53%-i), Qrızda 26 mm (aylıq normanın 46%-i), Astarada 24 mm (aylıq normanın 72%-i), Qusarda 21 mm (aylıq normanın 70%-i), Qəbələdə 20 mm (aylıq normanın 27%-i), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154%-i), Qobustanda 15 mm (aylıq normanın 92%-i), Şahdağda 19 mm (aylıq normanın 64%-i), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın iki misli qədər) olub. Külək: Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Taleh Kazımov özünə daha bir müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib. Sozcu.az AMB-yə istinadən xəbər verir ki, bu, Şahin Mahmudzadədir. Yeni təyinatla sədrin müşavirlərinin sayı 3-ə çatıb. Qeyd edək ki, Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub, 2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin "Chartered Financial Analyst" (CFA) sertifikatına yiyələnib. O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul siyasəti departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-cil ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub.

Çeçenlər rus əsgərləri gülləbaran etdi

Çeçen döyüşçülər Ukrayna ordusunun tərkibində aktiv şəkildə müharibədə iştirak edir. Sozcu.az xəbər verir ki, bununla bağlı “Ukrayna Onlayn” Teleqram kanalı görüntü paylaşıb. Görüntüdə çeçen döyüşçülərin rus ordusunun şəxsi heyət daşıyan maşınını pusquya salması və gülləbaran etməsi əksini tapıb.

Polşa səfiri Mişaya görə Gürcüstan XİN-ə çağırıldı

Polşanın Tiflisdəki səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Qeyd olunur ki, diplomatın çağırılmasının səbəbi sabiq prezident Mixail Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikasında baş vermiş insidentlə bağlıdır. “Polşalı həkim gizli şəkildə ayaqqabısının içərisində Saakaşvilidən götürülmüş nümunəni xəstəxanadan çıxarmaq istəyib. Gürcüstanın Xüsusi Penitensiar Xidməti hadisənin videosunu yayıb”.

Ağsuda 4 yaşlı uşağı elektrik cərəyanı vurub

Ağsu sakinini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, xəbər verir ki, hadisə nəticəsində Ağsu sakini 2019-cu il təvəllüdlü Zülfüqarov Telman Əvəzxan oğlu dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.(apa)

İranla Rusiya arasında gərginlik artır: Dostlar düşmənə çevrilir

Tehranın gözləntisi budur ki, Çin və Rusiya ərəb dövlətləri ilə münasibətlərini İrana görə tənzimləsin. Bu isə mümkün deyil. Rejimə müxalif KİV-lər, hətta dünya mediası dəfələrlə Rusiyanın İrana dəyər vermədiyini yazıb.  Bu sözləri Axar.az-a tanınmış güneyli yazar və siyasi şərhçi Əlirza Ərdəbilli son günlər Rusiya və İran arasında yaranan soyuq münasibətlərdən danışarkən deyib.  İranın öz anlayışı, təbliğatı və ağırlığı haqqında fikirlərinin tamamilə illüziya olduğunu deyən siyasi şərhçi bildirib ki, Rusiyaya indiki məqamda özü haqqında yanlış təsəvvürləri olan İran lazım deyil: “Moskvada keçirilən Körfəz Əməkdaşlıq Şurasının bəyanatından narazı qalan İran, əslində, öz xəyallarının qurbanı olub. Çünki özünü istər Avropa, istərsə də Rusiya üçün dəyərli hesab edirdi. Düşünürdü ki, bu ölkələr İrana görə öz maraqlarından keçəcək. Lakin belə olmadı. İranla münasibətlərdə söz sahibi Rusiyadır. İran hər nə qədər əksini iddia etsə də, gerçəklik başqadır. Çin, Rusiya və digər ölkələr İrana görə ərəb dövlətləri ilə münasibətlərini korlamadı. Çünki Moskvaya varlı ərəb ölkələri İrandan daha çox lazımdır”. O, mübahisə predmeti olan adaların əslində ingilislərə məxsus olduğunu bildirib: “BƏƏ ilə İran arasında 3 ada - Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adası ilə bağlı narazılıq var. İran iddia edir ki, bu adalar ona məxsusdur. Lakin adıçəkilən adalar vaxtı ilə ingilislərin əlində idi. İngiltərə adalardan çəkilən kimi Şah rejimi dövründə İran onu götürdü. Adalar İrana təhvil verilməmişdi, sadəcə, İran onları özünə götürmüşdü”.  Siyasi şərhçi Tehranın Moskva üçün önəmi ilə bağlı İran daxilində parçalanmalar yarandığını diqqətə çatdırıb:  “Gecə-gündüz rejimə müxalif KİV-lər bu barədə yazır. Rusiyanın adını konkret çəkmirlər. Hətta rejimin öz içində olan cinahlar da dilə gəlib. Məhəmməd Cavad Zərif İranı Moskvanın əlində alət olmaqda suçlayıb və deyib ki, Tehran hökumətinin Rusiya üçün bir dəyəri yoxdur”.  Xatırladaq ki, Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bildirilib. Bununla bağlı İranla ikili danışıqların aparılması, yaxud beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə münaqişənin həll olunması dəstəklənib. Tehran rejimi isə bu bəyanatı rədd edərək, 3 adanın İranın ayrılmaz əraziləri olduğunu iddia edib. 

Rusiyanın şok itkiləri: 8026 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 508-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 680 hərbçi, 4107 ədəd tank, 8026 ədəd zirehli döyüş maşını, 4481 ədəd artilleriya sistemi, 681 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7044 ədəd avtomobil texnikası, 3820 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 666 xüsusi avadanlıq itirib.

Rusiyalı polkovnik Ukraynada öldürüldü

Rusiyanın 96-cı əlahiddə kəşfiyyat briqadasının komandiri polkovnik Maksim Xarlamov Zaporojyedə öldürülüb. Sozcu.az xəbər verir ki, bu haqda "Qolos Tudey" Teleqram kanalı məlumat yayıb. Xarlamovun iyunun 4-də Ukraynada öldürüldüyü bildirilib. Lakin onun ölümü ilə bağlı məlumatlar iyulun 13-də ortaya çıxıb.

Moskva dizi üstə çökəcək və elan edəcək ki... - Piontkovski

Rusiya taxıl sazişində iştirakını davam etdirməyə məcbur olacaq. Sozcu.az xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib. “Azovstal”dan olan əsir ukraynalı hərbçilər Türkiyədən evlərinə qayıtdılar. Rusiya bildirdi ki, taxıl sazişindən çıxacaq. Ərdoğanla Zelenski bildirdilər ki, aclıqdan əziyyət çəkən Afrika xalqlarını çörəksiz qoymayacaqlar və bunu davam etdirəcəklər”, - Piontkovski bildirib. Onun sözlərinə görə, taxıl sazişi Rusiya Prezidenti Vladimir Putinin növbəti ictimai alçaldılması olacaq: “Əgər Rusiya istəmirsə, öz işidir. Qoy afrikalılara özü başa salsın. Türkiyə və Ukrayna isə Afrikaya taxıl tədarük edəcəklər. Lazım olsa, Türkiyə bunun üçün hərbi donanmasını da istifadə edəcək. Təxmin edirəm ki, Moskva dizi üstə çökəcək və iyulun 17-də taxıl sazişinin müddətinin uzadılmasını elan edəcək”.

Gənc həkimlərin Azərbaycanı kütləvi tərk etməsinin günahı kimdədir?

“1400 gənc həkimin ölkədən Almaniyaya getməsinin günahkarı bizik. Burada söhbət təkcə 1400 rəqəmindən yox, keyfiyyətdən gedir. Obrazlı şəkildə desək, xaricə gedən həkimlərimiz “qaymaqlarımız”dır. Onlar ən savadlı və ən yaxşı oxuyan həkimlərimizdir ki, qısa müddətə alman dilini də öyrəniblər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib. O, gənc həkimlərin ölkədən getməsinin, habelə Avropaya beyin axının səbəblərindən söz açıb. A. Əliyevin fikrincə, biz bu istedadları, səhiyyəmizin beynini itiririk: “Təəssüflər olsun ki, bu, çox acınacaqlı bir durumdur. Tək Almaniyaya 1400 həkim gedib. Axı bunun ABŞ-ı, Fransası, İngiltərəsi, İtaliyası, Türkiyəsi VƏ digər ölkələri var. Yaxşı oxuyan tələbələrimizin əlində şans olan kimi onlar bunu dəyərləndirib dərhal Avropaya gedirlər. Səhiyyə məmurlarımız hələ bunu başa düşmür. Amma bir neçə ildən sonra biz bunun fəsadlarının ən ağır bədəllərini verəcəyik. Bunun səbəbi nədir, deyim. Səbəb birmənalı şəkildə ölkəmizdə həkimlərə qarşı olan etinasızlıq və sayğısızlıqdır. Bu gün həkimlərin maddi rifah halı yaxşı deyil. Həkimlərin maaşını 100 manat qaldırıblar, amma keçən dəfə oxuyuram ki, TƏBİB-in rəhbəri Vüqar Qurbanov deyir ki, biz yaxşı işləməyən həkimlərin maaşlarını kəsəcəyik. Hələ verməyiblər, artıq kəsməkdən danışırlar. Təsəvvür edirsiniz, bu, nə deməkdir?” Müsahibimiz söyləyib ki, bu gün həkimlərə bonuslar verilmir, maaşlar gecikdirilir: “Xüsusən də bölgələrdə həkim çatışmazlığı var. Oraya getmək üçün həkimləri stimullaşdıraraq onlara 5-10 qat artıq əməkhaqqı vermək lazımdır. Həkim mənzil şəraiti və xidməti avtomobil ilə təyin edilməlidir. Lakin heç biri yoxdur. Ona görə də istər-istəməz tələbələrimiz bunu görüb ölkədən gedirlər. Çünki III kursdan etibarən, Tibb Universitetinin tələbələri Bakı şəhərinin müxtəlif klinikalarında təcrübələr keçirlər. Gedib oradakı həkimlərin vəziyyətinə, şəraitə baxırlar, avtomatik olaraq da dəyərləndirirlər ki, onların burada qalmağındansa, inkişaf etmiş xarici ölkələrə getmələri daha yaxşıdır” Həkim-radioloq onu da diqqətə çatdırıb ki, bir neçə xəstəxana və klinikaları çıxmaq şərti ilə, klinikaların əksəriyyətində maddi-texniki baza bərbad gündədir: “Heç olmasa, bunu yaxşılaşdıra bilmirlərsə,  həkimlərin maddi rifah halını nəzərə alsınlar. XXI əsrdə biz avtomatla, silahla həkimin qarşısını ala bilmərik ki, sən xaricə getmə. Burada rəqabət var. İnkişaf etmiş ölkələrdə savadlı insanlar niyə yığışır? Çünki o insanlara həmin ölkələrdə şərait yaradırlar. Avropa və Qərb ölkələrinin çoxundakı həkimlərin məvaciblərinə gəlin baxaq. Orada tibb bacılarının, hətta orta tibb işçisinin aldığı məvacib həkimlərimizin aldığı məvacibdən qat-qat üstündür. Bu, əlbəttə ki, nonsensdir”.

Saakaşvilini müayinə edən həkimlə bağlı ŞOK İDDİA

Polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin testlərini oğurlmağa çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb. İddia olunur ki, polşalı həkimlərin Saakaşvilini ziyarəti zamanı xoşagəlməz insident baş verib. Belə ki, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni kağıza büküb və ayaqqabısında gizlətməyə cəhd edib. Onun niyə belə bir addım atmasının səbəbi bəlli deyil. Xatırladaq ki, bir neçə gün əvvəl polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar. 2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.

"Krımı azad etmək üçün mənə hətta Qərb rəsmiləri də mane ola bilməyəcək..."

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Ukraynanın lazımi resursları olan kimi Rusiyanın işğalı altında olan Krımı azad etmək istəyir. O, Putinin reaksiyasından qorxan Qərb rəsmilərinin belə, ona mane ola bilməyəcəklərinə eyham vurub. Sozcu.az xəbər verir ki,  Zalujnı bu haqda "Washington Post" qəzetinə müsahibəsində danışıb. "Əlimdə lazımi silahlar, vasitələr olan kimi nəsə edəcəm. Mənə dəxli yoxdur - heç kim mənə mane ola bilməyəcək".- deyə Baş Komandan vurğulayıb. Zalujnı Ukraynanın sursat baxımından başqa ölkələrdən asılı olduğundan şikayətlənir. Onun sözlərinə görə, Ukrayna nə qədər çox atəş aça bilsə, Rusiya qoşunlarını sıxışdırsa, o qədər az itki verəcək, lakin indi bu, Qərb silahlarından və hərbi sənaye kompleksindən asılıdır, hətta tərəfdaş ölkələr də Ukraynanı sursatla təmin etməyə çatdırımır. Qeyd olunur ki, işğal olunmuş əraziləri geri qaytarmaq, Rusiyanı məğlub etmək və Ukraynanın itkilərini minimuma endirmək üçün əks-hücum əməliyyatı keçirmək hələ də çatışmayan resursları tələb edir.

“Ölən uşaqlar Putinin vecinə deyil” - General

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı “Washington Post” qəzetinə müsahibə verib. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, o, ölkəsinin Rusiya ilə hansısa şərtlərlə döyüşə bilməyəcəyini bildirib. Ali Baş Komandanın sözlərinə görə, Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna yalnız yerli istehsal silahlardan istifadə edir. “Xalqımı xilas etmək üçün düşmən ərazisində nə isə etmək üçün niyə kimdənsə icazə istəməliyəm?” – Zalujnı vurğulayıb. “Niyə? Çünki Putin... nüvə silahından istifadə edəcək? Ölən uşaqlar isə vecinə deyil. Bu, bizim problemimizdir və düşməni necə öldürəcəyimizə qərar vermək bizim ixtiyarımızdadır. Müharibədə siz düşmənin ərazisində öldürə bilərsiniz və öldürməlisiniz. Əgər tərəfdaşlarımız silahlarından istifadə etməkdən qorxsalar, biz öz silahımızla öldürəcəyik”, – deyə Ukrayna ordusunun komandanı bildirib. Xatırladaq ki, Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə verdikləri uzaqmənzilli raketlər və digər döyüş sursatlarının Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilə bilməyəcəyi şərtini qoyub.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 79,87 dollara, yüngül neftin bir barreli isə 75,42 dollara satılır.

Ermənilər təyyarələrimizə radiomaneələr tətbiq edir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb. Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməyib.

Rusiyanın itkiləri 237 mini ötdü

Ukrayna müharibənin 507-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 237 180 hərbçi, 4102 ədəd tank, 8019 ədəd zirehli döyüş maşını, 4463 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7036 ədəd avtomobil texnikası, 3807 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 664 xüsusi avadanlıq itirib.

ABŞ İrana görə bölgədəki F-16-ları artırır

ABŞ İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq üçün Hörmüz boğazında F-16 qırıcı təyyarələrinin istifadəsini artırır. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilib. Bəyanatda, həmçinin, İran, Rusiya və Suriya arasında Yaxın Şərqdə əməkdaşlığın artmasından narahatlıq ifadə edilib.

Ermənilər yenə fortifikasiya qurmağa cəhd etdi

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bayden Priqojinə söz atdı - Yediyinə fikir versin

ABŞ prezidenti Co Bayden "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin taleyindən danışıb. Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, o, zarafat etməkdən də yayınmayıb. Belə ki, Bayden Priqojinə yediyinə fikir verməyi tövsiyə edib və zarafat edib ki, özü də onun yerinə yediklərinə qarşı diqqətli olacaq. Xatırladaq ki, 24 iyunda "Vaqner"çilər qiyama qalxmışdılar.

Emin Əmrullayev: "İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır"

"İstedadlı uşağa daha çox pul xərcləmək lazımdır. Ailənin maddi vəziyyətindən asılı olmayaraq həmin uşaqları vahid məktəbdə toplayıb onları rəqabətli məzmunla hazırlamaq önəmlidir". Bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, son 7-8 ildə olimpiadalarda ən uğurlu nəticələr əldə edilib: "Təxminən 15 ilə olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq. Bilik və bacarıqların inkişafı milli sərvətimizdir. Bundan necə istifadədən asılı olaraq ölkənin iqtisadiyyatı, sosial inkişafı da məhz bundan asılı olacaq".

İlham Əliyevin Şarl Mişellə görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib. Sozcu.az xəbər verir ki, dövlət başçısının Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb. Qeyd edək ki, sabah Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Bakıda 36, bölgələrdə 38 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində iyulun 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45% olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Avtomobil baryerlərə çırpıldı: Yaralılar var

Türkiyənin Amasya vilayətində avtomobilin baryerə çırpılması nəticəsində 4 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, qəzaya səbəb sürətlə hərəkət edən avtomobilin idarəetmədən çıxması olub. Nəticədə eyni ailənin 4 üzvü ciddi şəkildə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Əraziyə gələn xilasetmə qrupları yaralıları dərhal xəstəxanaya yerləşdirib. Araşdırmalar davam etdirilir.

“O qapı sənin-bu qapı mənim...” – Tanınmış həkim hökumətə ÇAĞIRIŞ ETDİ

Son zamanlar səhiyyəmizlə bağlı ən çox müzakirə edilən, cəmiyyəti narahat edən məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Cəmiyyətin narazılığına səbəb olan limit məsələsi, eləcə də bir çox həkimlərimizin, yüksək nəticələrlə Tibb Universitetini bitirən tələbələrin xaricə meyl etməsi Azərbaycan səhiyyəsinin gələcəyi haqqında həyəcan təbili çalır.  Tibb Universitetinin müəllimi, farmakoloq-alim Aydın Əliyev bu və digər məsələlərə KONKRET.az-a verdiyi müsahibədə aydınlıq gətirib. – Aydın həkim, istərdik ki, öncə yay fəslinin mövsümi xəstəlikləri və onlardan qorunmağın yolları barədə məlumat verəsiniz… – Yay fəslində ən çox qida zəhərlənmələri, həkim dilində desək, qida toksikozuna rast gəlinir. Ayrı-ayrı qida məhsullarından, sənaye istehsalı və təbii məhsullardan düzgün istifadə etməmək, onların saxlanma qaydalarını, istehsal müddətini nəzərə almamaq – bunların hamısı qida toksikozlarının yaranmasına səbəb olur. Yay aylarında yayılan xəstəliklərin digər bir qismi çimərliklərlə bağlıdır. Çimərliklərdəki gigiyena qaydaları qorunmadıqda, natəmiz şəraitdə dənizə girildikdə insanlar müxtəlif xəstəliklərə yoluxurlar. Yaddan çıxarmaq lazım deyil ki, natəmiz şəraitdə göbələk, bakteriya xəstəlikləri çoxalır. Biz nəinki göbələk, dəri xəstəliklərindən qorunmağa çalışmalıyıq, həm də psixoloji olaraq müsbət emosiyalar yaratmağı bacarmalıyıq. Ailədə, cəmiyyətdə, işdə müsbət emosiyalar insanı sağlam və gümrah saxlayır. – Havaların bu qədər isti keçməsi insan orqanizmində hansı xəstəlikləri yarada bilər? – Yay aylarında ən çox rast gəldiyimiz problemlərdən biri də insanların həddindən artıq tərləməsi və soyuması halıdır. Yəni isti tər və soyuq hava təzad yaradır, bunlar bir-birini tamamlasa da, nəticədə bəzi xəstəliklər ortaya çıxır. İsti və soyuğun təzadı ən çox kondisionerli evlərdə, maşınlarda müşahidə olunur. Kondisionerlərdən düzgün istifadə etməmək də müəyyən xəstəliklərə səbəb olur. Xüsusilə immun sistemi zəif olanlar, xroniki xəstəlikləri olan insanlar yuxarıda sadaladığımız hallara diqqət etmədikdə istənilən xəstəliklər ortaya çıxa bilər. Yay fəslində ən çox müşahidə edilən xəstəliklərdən biri də dəri xəstəlikləridir. Bəzi hallarda günəşdən dəri yanıqları əmələ gəlir. Hətta bunlar ağırlaşdıqda piqmentləşmə gedir. Yayda insanların həm özünün, həm də istifadə etdiyi əşyaların, qidaların, paltarların, ictimai yerlərin təmiz, gigiyenik olması lazımdır. Hətta mən deyərdim ki, dezinfeksiya halları qış aylarına nisbətən yayda daha vacibdir. – Tibb Universitetini yüksək nəticələrlə bitirən tələbələrin çoxu xarici ölkələrə, xüsusilə Almaniyaya üz tutur, buna səbəb nədir?  – Bəli, Azərbaycan Tibb Universitetinin tələbələrinin əksəriyyəti xarici ölkələrə getmək istəyir. Bu da təbii haldır. Çünki xarici ölkələrdəki iş şəraiti, yüksək maaş tələbələri onları cəlb edir. Tələbələrin orada daha çox inkişaf etmək və iş imkanına sahib olmaq kimi prestijləri var. Tələbələrin xarici ölkələrə getməsinin bir ictimai-siyasi səbəbi də var. Onlar çalışdıqları ölkələrdə həm də dövlətimizi təmsil edirlər. Xətrini çox istədiyim həkimimiz Nuran Abdullayev hazırda Almaniyada böyük bir klinikanın rəhbəridir. O cümlədən, Almaniyada xarici ölkədən olan həkimlərin nisbətinə görə ən çox oraya gedən və işləyənlər bizim ATU-nun tələbələridir. Bu mənada oraya gedənləri yüksək dəyərləndirib, fəxr etmək olar. – Potensiallı həkimlərimizin ölkəmizi tərk etməsi gələcəkdə səhiyyədə peşəkar kadr çatışmazlığına gətirib çıxara bilərmi? – Elə olacağını güman etmirəm, çünki bizim Tibb Universitetində yüksək tədris proqramları hazırlanır, yeniliklərə yol açılır. Yəni yetişdirilən hər bir tələbənin öz sahəsi üzrə peşəkar olmasına çalışılır. Lakin burada əsas məsələ tələbənin məqsədinə uyğun düşüncəsinin formalaşması və o istiqamətdə peşəkarlaşmasıdır. Həkim olmaq istəyirsənsə, bu istiqamətdə düşüncələrin olmalıdır. Yəni azad düşüncə, inkişaf, məqsəd və insan azadlığı həkim olmaq üçün ilkin şərtdir. Fikrimcə, təbiət və insan münasibətlərini qorumağı bacaran həkim həmişə uğur əldə edir. Mən 40 ildən çoxdur Tibb Universitetində işləyirəm. 1985-ci ildə SSRİ Səhiyyə Nazirliyinin “Farmkomitet”inin qərarı ilə ilk antioksidant preparatı olan “Meksidol”un həmmüəllifiyəm. Bu, mənim sahəm üzrə yeganə haldır. Mən sonradan bildim ki, o zamanlar Ulu Öndər Heydər Əliyevin Nazirlər Soveti sədrinin birinci müavini olması bu işdə rol oynayıb. Həmin illərdə səhiyyə ilə bağlı bütün işlərə Heydər Əliyevin özü nəzarət edirdi. Maraqlıdır ki, 2003-cü ildə mən həmmüəllifi olduğum həmin dərmana görə Rusiya hökuməti öz alimlərini qiymətləndirdi. Mən də öz hökumətimdən həmin qiymətləndirməni gözləyirəm. – Son zamanlar ən çox danışılan məsələlərdən biri də cərrahi əməliyyatlara limitin tətbiq edilməsidir. Buna münasibətiniz necədir, bu nə dərəcədə doğru addımdır? – Təbii ki, bu cür limitlərin olması doğru deyil. Və birdən-birə bu sistemə keçmək hələ real görünmür. Mən bu suala geniş perspektivdən və şəxsi kontekstimdən yanaşmaq istəyirəm. Məncə, bizdə bir problemi 3-4, hətta 5-6 nazirlik və komitə həll etməyə çalışır. Bu isə məsələni hərənin bir tərəfə çəkməsinə, qarışıqlığa səbəb olur. Fikir versək, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta, Qida Təhlükəsizliyi Agentliyi, – bilmirəm, yenə də var, yoxsa yox (gülür), – sadaladığımız bu 4 qurum fəaliyyətlərini bir insan üzərində qururlar. Məncə, bu məsələlərin ümumiləşmiş şəkildə bir nazirlikdən, ya da qurumdan idarə olunması insanların problemlərinin qısa zamanda həll edilməsinə, o cümlədən, büdcəmizin qorunmasına səbəb ola bilər. Bu da hökumətin işidir. Mən bir vətəndaş, bu sahədə çalışan mütəxəssis kimi insanların hansısa problemin həlli üçün “o qapı sənin –  bu qapı mənim” gəzmələrinin əleyhinəyəm və çıxış yolunu bunda görürəm. İnsanların bir məsələ üçün ayrı-ayrı qapıları döyməsi həm ümumi ictimai işlərimizə zərərdir, həm də vətəndaşların sağlamlığına ciddi təsir göstərir. Hazırda maaş məsələlərində də narazılıqlar var. Bütün bunlar insan psixologiyasına mənfi təsir edir. Limit məsələsinə də nazirliklərin, xəstəxanaların yanaşma tərzi fərqlidir. Yəqin ki, bu məsələ dövlətin nəzarətindədir və tezliklə həllini tapacaq.