Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 600-ə qədər şəxs müraciət edib. Bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. O bildirib ki, Azərbaycanda ümumilikdə 4 min nəfər dializ xəstəsi var: “Onların böyrək transplantasiyasına ehtiyacı var. Ölkəmizdə ilk olaraq böyrək, sümük iliyi transplantasiyası üzrə tələbat var”.
Qeyd edək ki, bu ilin iyununda Nazirlər Kabineti donor orqan transplantasiyasını həyata keçirmək hüququ olan ixtisaslaşmış tibb müəssisələrinin siyahısında dəyişiklikləri təsdiqləyib. Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci bəndini rəhbər tutaraq dəyişikliklər baş nazir Əli Əsədovun imzaladığı 337 və 338 nömrəli qərarlarda elan edilib.
Bu yeniliklər Azərbaycanın səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və vətəndaşların ixtisaslaşmış səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi üzrə davamlı səylərini əks etdirir. “Yeni Klinika”nın daxil olmasının ölkədə orqan transplantasiyası xidmətlərinin imkanlarını və səmərəliliyini artıracağı gözlənilir.
Bəs bu transplantasiyalar hansı səviyyədə həyata keçirilir, Azərbaycanda daha çox hansı orqanların köçürülməsi aparılır, qiymətlər nə qədər uyğundur, ən əsası orqan növbəsində nə qədər xəstə var, statistika aparılırmı?
Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla musavat.com-a deyir ki, Azərbaycanda əsasən qaraciyər və böyrək nəqli həyata keçirilir:
“Bizdə hələ donor bankı yoxdur. Doğrudur, bununla bağlı Milli Məclisdə qanun imzalandı. Lakin bu bank formalaşdırılmadı. İndi ölkəmizdə donor xəstənin yaxınları olur. Dünyanın heç bir yerində belə şey yoxdur. Onların nə günahı var ki, orqansız qalırlar. Dünyanın hər yerində donor beyin ölümü keçirmiş sağlam şəxslərdir. Ona görə də biz də bu donor bankını yaratmasaq, Azərbaycanda bu işin sistemini həyata keçirməkdən danışa bilmərik.
Donor bankı yaratmaq üçün birinci millətin psixologiyası dəyişməlidir. Bizdə heç kim beyin ölümü keçirmiş yaxınından orqan götürməyə qoymur. Millət psixoloji buna hazır olmalıdır. Cahillikdən çıxmalıdır. Bunun üçün səhiyyə bir sistemə çevrilməlidir. İctimai nəzarət olmalıdır. Siyahı açıq olmalıdır. Orqan nəqlini gözləyən şəxslərin özləri də buna nəzarət etməlidir. Hər hansı bir yerdə beyin ölümü keçirmiş şəxsin orqanı peyda olursa, dərhal siyahıya salınmalı və gözləyənlərdən uyğun olanına yerləşdirilməlidir. Şəffaf həyata keçirilməlidir. Düşünürəm ki, bizim millətin bu sahədə marifləndirməyə ehtiyacı var".
Həkimin sözlərinə görə, bu məsələlərdə beynəlxalq qaydalar, protokollar mövcuddur:
“Birinci əsas şərtlərdən biri də məsələnin leqallığıdır, tam açıq olmasıdır. Burada hansısa gizli məqamlar olacaqsa, kriminala yol açır. Yəni götürülən orqanın mənbəyi, kimə köçürülməsi ictimaiyyət tərəfindən nəzarət altında olmalıdır. Bu, artıq sistemli orqan köçürülməsidir. Kaş xəstəxanalar az olardı, amma bu iş sistemli olardı. Fikrimcə, ilk olaraq bu iş həll olmalıdır. Bu hansısa əmrlərlə həyata keçən məsələ deyil. Dövlət strukturlarını da buna görə günahlandırmaq düzgün deyil. Burada mentalitetə bağlı xeyli problemlər var ki, öz həllini tapmalıdır. İnsanların beyin ölümü keçirmiş şəxslərə münasibəti dəyişməlidir. Onlar başa düşməlidirlər ki, həyatını itirən bir şəxs başqa bir həyata başlanğıc verə bilər”.
Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır. Leqal aparılan bu əməliyyatlara baxmayaraq, bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının al-verilə məşğul olan “qara bazar”lar da fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu “bazar”da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.
Çox təəssüf ki, yaxın günlərdə Azərbaycanda da daxili orqanların “qara bazar”dakı qiymətləri açıqlanıb: ağciyər - 309 min manat, böyrək - 160 min manat, insan skleti - 8 min manat, ürək - 600 min manat, qanın yarım litri - 300 manat!
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib. Belə ki, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir: - ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəz, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələri. Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də göstərilməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikası qanunlarına görə, insan orqanları alqı-satqı obyekti deyil. Yad insanların bir-birilərinə orqan verməsi qanunla qadağan edilib, yalnız qohumlar öz orqanlarını bağışlaya bilər. 18 yaşdan yuxarı sağlam şəxs canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq müraciət edə bilər. Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək. Beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxslərdən orqan götürülərək canlı insana köçürülə bilər.