CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi tarixi hadisəni qeyd edir - eyni gündə böyük ekranlarda nümayiş olunan "Barbi" və "Oppenheymer" filmləri. Bu kinohadisə ilin ən səs-küylü fenomeninə çevrildi. Tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar. Onlar "CinemaPlus" kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər. Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı "Barbi" dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. "Oppenheymer" ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə etdi. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki "Barbi" dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. "Oppenheymer" isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir. Real hadisələr əsasında çəkilən "Oppenheymer" bioqrafik filmi. Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir. Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada "nüvə bombasının atası" adlandırılmağa başladılar. Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar. Filmin büdcəsi 100 milyon dollardır. "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis "Mattel" şitkətinin Barbi oyuncaqları seriyası əsasında "Barbi" komediya filmi. Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib. Barbi gözəllik standartlarına uyğun olmadığı üçün "Barbieland"-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir. Filmin büdcəsi 145 milyon dollardır. "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis. "CinemaPlus" kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

Yaşlanma və xərçəngə qarşı yeni təbii vasitə tapdı

Çin Elmlər Akademiyasının Şanxay Qidalanma və Sağlamlıq İnstitutunun alimlər qrupu hüceyrə qocalmasının qarşısını almaq üçün yeni təbii vasitə tapıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Aging Cell" jurnalında dərc olunub. Həmçinin məlum olub ki, maddə xərçənglə mübarizədə kimyaterapiyanın effektivliyini artıra bilər. Məlum olub ki, yaşlılarda qocalmış hüceyrələrin yığılması sağlamlığın pisləşməsinə səbəb olan yaşa bağlı patologiyaların tezliyinin artması ilə əlaqələndirilir. Son kəşflər qocalmış hüceyrələri selektiv şəkildə məhv edən senolitik dərmanların, həmçinin qocalma ilə əlaqəli sekretor hüceyrə fenotiplərini bloklayan senomorfik dərmanların inkişafına səbəb olub. Bununla belə, hələ də kifayət qədər təhlükəsiz yaşlanma əleyhinə dərmanlar var. İndi ekspertlər senomorf dərmanlara yeni namizədləri müəyyən etmək üçün təbii dərmanlar kitabxanasının geniş miqyaslı skrininqini keçiriblər. Tədqiqatçıların xüsusi diqqətini bir çox bitkilərdə tapılan aşağı molekulyar fitokimyəvi komponent olan rutin maddəsi cəlb edib. SASP qocalmış hüceyrələrə təsir etmək qabiliyyətinə malikdir. Onun iş mexanizmi yaşlanma hüceyrələrinin yaratdığı hüceyrədənkənar məkanda iltihabı effektiv şəkildə idarə etməyə imkan verir ki, bu da xəstəliyə və bir çox yaşa bağlı vəziyyətlərin kəskinləşməsinə səbəb olur. Eyni zamanda rutinin kemoterapinin təsirini artırmağa kömək edə biləcəyi aşkar edilib.

"Aris"in baş məşqçisi "Qarabağ"la qarşılaşmaq istəmir

Kiprin "Aris" komandası Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəlib. Sozcu.az xəbər verir ki, onlar ikinci təsnifat mərhələsinin cavab görüşündə Belarus BATE-sinə 5:3 hesabı ilə qalib gəliblər. Kipr təmsilçisi öz meydanındakı ilk görüşdə də Belarus klubunu ağır məğlubiyyətə uğratmışdı - 6:2. Beləliklə, "Aris" ikinci mərhələdə 11 qol vurub.  Kiprlilər üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Rakov" (Polşa) cütünə rəqib olublar. Bu cütün son iştirakçısı bu gün Bakıdakı cavab görüşündən sonra aydınlaşacaq. "Aris"in belaruslu baş məşqçisi Aleksey Şpilevski deyir ki, həm "Qarabağ", həm də "Rakov" çətin rəqiblərdir. O, dünən BATE ilə oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavalandırıb. O bildirib ki, bununla belə, üçüncü mərhələdə "Qarabağ"la deyil, məhz "Rakov"la qarşılaşmaq istərdi. 35 yaşlı mütəxəssis onu da deyib ki, ötən il "Rakov"un baş məşqçisi vəzifəfəsinə dəvət alıb, amma sonda "Aris"də işləmək qərarı verib. "Qarabağ" - "Rakov" görüşü bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

İranda həbs edilən Fəridə son söz üçün vaxt verilib

“İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib”. Bunu Oxu.Az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib. Onun sözlərinə görə, heç bir sübut olmadan oğlu məhkəmədə təzyiqə məruz qalır: “Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib. Məhkəmənin də avqustun 3 və ya 4-də olması planlaşdırılır”. O bildirib ki, oğluna görə Xarici İşlər Nazirliyi tərəfindən onunla heç bir əlaqə saxlanılmır.  Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.

“Yevlax Vaşinqtonu kölgədə qoya bilərmi?..”

“Qarabağda vəziyyət mürəkkəbləşməyə, yoxsa yekuna yaxınlaşır?..” “Biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik?..” Son günlər Qarabağ ətrafında baş verən hadisələr sual yaradır: mövcud vəziyyət Qarabağ problemini mürəkkəbləşməyə doğru aparır, yoxsa “denouement”ə - “razvyazka”ya yaxınlaşdırır? Ermənilərin siyasəti məlumdur: “məzlum, əzabkeş, genosidə məruz qalmış millət” obrazı yaratmaqla, dünyanın mərhəmətini və yardımını qazanmaq, milli problemlərini həll etmək, hüquqlarının pozulduğu barədə Qərbə mesajlar ünvanlayıb dəstək almaq. Paralel olaraq Rusiyanı “Qarabağdan çıxarsa, Gümrüdən, cəmi Ermənistandan çıxacaq” hədəsi ilə şantaj etmək. Qərb dövlətləri sərt dillə olmasa da, ermənilərin hüquqlarının pozulması adı altında Azərbaycana müxtəlif çağırışlar edir, Rusiya isə Cənubi Qafqazda təsirini saxlamaq məqsədilə indiki status-kvonu dondurmaq, problemi konservləşdirmək xəttini aparır. Bu siyasətin ana xətti 44 günlük müharibədən sonra başlayıb və keçən iki il doqquz ay ərzində daha da dərinləşib, indi də “humanitar karvan” adı altında 19 yük maşınını Həkəri postuna yaxın yerdə saxlayıb dünyaya şou nümayiş etdirirlər. Yaranmış bu situasiyada Azərbaycan qarşı tərəfin iddialarını təkzib edir və bəzi uğurlu taktiki addımlar atmaqla ( Vaqif Xaçatryanın həbsi) mövqeyində dəyişiklik olmadığını və kiçik güzəştə belə, getməyəcəyini nümayiş etdirir. Yetərlidirmi? Sülh müqaviləsinin imzalanması istiqamətində Qərb və Moskva masalarında danışıqların dinamik inkişafını və müəyyən vacib məsələlərlə bağlı sənəd üzərində olmasa da, şifahi razılaşmaların olduğunu nəzərə alsaq.., bəlkə də mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma, düşmənimizin çox məkrli və dünya səviyyəsində havadarlarının olduğunu və kənardan idarə edildiyini nəzərə alsaq, bu vəziyyətin uzun müddət dəyişməz qalması, kiçikmiqyaslı siyasi, hərbi toqquşmalarla davam etməsi zaman aparır və aparacaq. Süni şəkildə zamanın uzadılması isə Azərbaycanın maraqlarına uyğun deyil. İlk növbədə bu Rusiya “sülhməramlı”ları ilə bağlıdır.  Bu vəziyyət belə hadisələrlə davam edərsə, 2025-ci ildə Rusiyanın Qarabağı tərk etməsi böyük suallar yaradacaq. Hadisə-təxribat yaratmaq isə ermənilərin xisləti, siyasətidir... Ermənistan dayanmadan silahlanır. Hindistandan, Fransadan, İrandan və bilmədiyimiz ölkələrdən silah alır, daha çox PUA-larla arsenalını zənginləşdirir. Paralel olaraq dünyada mənfi Azərbaycan obrazı yaradır. Dünyanın Azərbaycana təzyiq etmə siyasətini dayanmadan davam etdirir, ən azı Qarabağ ermənilərinə status verilməsini hədəfləyir.  Ermənistanla sülh müqaviləsinin imzalanmasının ilin sonunda mümkün olması barədə verilən nikbin proqnozlar da.., yalnız proqnozdur. Ümumiyyətlə, hətta sülh müqaviləsi imzalandığı günün sabahısı Xankəndində bizi gül-çiçəklə qarşılayası deyillər və iddialarından da tezliklə geri çəkilməyəcəklər. Amma, biz sülh danışıqları ilə paralel olaraq birbaşa Qarabağla əlaqədar tələblərimizi gündəmə gətirib dövlət nəzarətimizin Qarabağın qalan hissəsində reallaşması istiqamətində hərəkətə keçsək, qarşı tərəf müdafiə mövqeyində olacaq. Bizim şərtlərimizi müzakirə edəcəklər, “humanitar fəlakət” şousu işə keçməyəcək. Paşinyan “Evronevs” kanalına müsahibəsində Qarabağ qaçqınlarından danışıb və onların geri qayıtmasına guya Azərbaycanın şərait yaratmadığını vurğulayıb. O zaman biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik? Bu tələbin gündəmə gətirilməsi paralel olaraq digər problemi- təhlükəsizlik baxımından erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını zəruri edəcək. Hərbi gücə əl atmadan da qeyd olunan məsələlərlə əlaqədar vaxt şərtini irəli sürüb düşməni divara dirəmək mümkündür…  Məğlub olan ermənilərin hələ də “müstəqillik” iddiasında qalması yalnız öz siyasətlərinin nəticəsi deyil. Ağdam yoluna blok plitələr qoyulması Rusiyanın razılığı ilə baş tutub. Azərbaycanlılarla birgəyaşayışa meyillik göstərən yerli erməniləri isə barmaqla saymaq olar, çox güman ki,  heç belələri yoxdur. Amma, Xankəndində elə bir vəziyyət yaranıb ki, əksəriyyət olmasa da, müəyyən bir qisim insanlarda Azərbaycandan onları inandıra biləcək bir jest fərqli mövqe yarada bilər. Belə bir humanist addımın atılacağından daşnaklar çox narahatdırlar. Bakıya gətirilən Vaqif Xaçaturyanın müalicə olunmasından, onun sağalıb Azərbaycan Prezidentinə əfv ərizəsi yazmasından və müsbət reaksiya verildikdə bunun Xankəndində parçalanmaya səbəb olacağından narahatlıqlarını bəri başdan bildirirlər…  Prosesin bu tendensiyalarla davam etməsi vəziyyətin daha çox mürəkkəbləşməsinə, beynəlmiləlləşməsinə aparır. Daxili işimizin bu istiqamətə çəkilməsinə yol verməmək üçün sərt diplomatik addımların atılması zərurət həddinə çatıb. Beynəlxalq şərait də buna imkan verir. Daxili işimizi yekunlaşdırmağa yaxın olduğumuz mərhələdə vəziyyətin mürəkkəb və gərgin formaya keçməsinə imkan vermək maraqlarımıza ziddir.  Bu arada, Yevlax görüşü ola bilərmi? ( material hazırlananda bu görüşün baş tutacağı hələ təsdiqlənməmişdi). Müharibədən əvvəl ermənilər “Kürə qədər gələcəyik” deyib, bizi hədələyirdilər. İndi onları Kürün sahilinə dəvət edirik.., gəlib görsünlər. Görüşün vasitəçisiz olması və müzakirə olunacaq reinteqrasiya məsələləri Vaşinqton, Brüssel, Moskva görüşlərini kölgədə qoya bilər. Yox, əgər ermənilər yenidən “beynəlxalq mexanizm müstəvisində görüş ola bilər” iddiasında qalıb imtina etsələr, bu onların qeyri-səmimi olduqları ilə yanaşı, əsas məqsədlərinin zamanı uzatmaq olduğunu bir daha sübut etmiş olacaq…   moderator İlham İsmayıl

Novella Cəfəroğlu: “Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimlinin hər şeydən xəbəri var, hamısı getməlidir...”

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirirsə, sözsüz ki, məzuniyyətdə olan sədr özü maraqlı olmalıdır ki, qurumumda yoxlama gedir, mən orada olmalıyam. Çünki bəzi məsələlərə Vüsal Kərimli özü açıqlama gətirə bilər. Hamısı onun imzası ilə gedib. BNA-nın sədridirsə, bir material da onun “qol”u olmadan gedə bilməz. Vüsal Kərimlinin qurumda olması vacibdir. Sədr məzuniyyətdən geri çağırılmalı idi. Ağır xəstədirsə, xəstəxanada yatırsa, bu, ayrı məsələdir”. Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, qurumda hər şeyə sədr cavabdehdir: “BNA-da korrupsiya aşkarlayıblarsa, onda sədrlə birgə “balacalar”ın  hamısı getməlidilər. Qurumda olan işlərə hamısı cavbdehdirlər”. N.Cəfəroğlu ötən il Hesablama Palatası tərəfindən BNA-da milyonların mənimsənildiyinin aşkarlanması, buna baxmayaraq Vüsal Kərimlinin hələ də vəzifədə saxlanılması barədə iradları isə belə cavablandırıb: “Korrupsiya aşkarlandığı halda sədr açıqlama verirsə ki, “mənim bundan xəbərim yoxdur”, imzam yoxdur”, onda bu, ayrı söhbətdir, onda sədri saxlaya bilərlər. Tək Azərbaycanda yox, heç yerdə sədrsiz korrupsiya gedə bilməz. Əlbəttə ki, Vüsal Kərimlinin hər şeydən xəbəri var. Hamısı getməlidir”.

“Caliber“: Beqleryan casusdur

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Beqleryan Rəşid Aramisoviçi saxlayıb. Sozcu.az "Caliber"ə istinadla xəbər verir ki, bu şəxs guya "Spayka” şirkətinin sürücü köməkçisi olub. Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var.

Azərbaycanda pensiyaların hesablanma qaydası dəyişdi – Rəsmi

Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq. Bundan başqa, əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.

Paşinyan Azərbaycan xalqına müraciət etdi

“İki siyasətçi bir-biri ilə danışanda, əslində, iki xalq danışır. Çünki bir tərəfdə o xalqın seçdiyi, digər tərəfdə bu xalqın seçdiyi şəxs masa başında oturur. Söhbətlərimizə gəldikdə isə bunlar beynəlxalq platformalarda müzakirə edilir. Bu, xalqlarımızın rifahına hesablanmış bir addımdır”. Sozcu.az “Euronews”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, telekanala verdiyi müsahibə zamanı Azərbaycan və Ermənistan xalqına müraciətində bildirib. “Yeri gəlmişkən, həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir. Bu, ictimai tələb isə sülhün bərqərar olunmasında çevikliyi həyata keçirmək bacarığı kimi formalaşdırılmalıdır”.

Rusiya Kiyevə hücum etdi: “Şahid”lər vuruldu

Rusiya ordusu gecə saatlarında Kiyev vilayətinə PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Hücum zamanı fərdi yaşayış evində yanğın baş verib. Yanğın tez bir zamanda söndürülüb, itki yoxdur. Məlumatda bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın Kiyevə hücum etdiyi bütün “Şahid” PUA-ları məhv edib.

Azərbaycanda hərbçi yol qəzasında öldü

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşını toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Ceyhun Ağazadə və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Faxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bunun yaxın aylarda baş verəcəyinə ümidvaram

Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. Yeganə əngəlin Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi olduğunu qeyd edən dövlət başçısı bildirib: “Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram”.

Ağsuda su anbarında batan şəxsin meyiti çıxarıldı

Ağsu rayonunda “Cavanşir” su anbarında batan şəxsin meyiti tapılaraq çıxarılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rusiyanın itkiləri 248 minə yaxınlaşır

Ukrayna müharibənin 525-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 247 230 hərbçi, 4217 ədəd tank, 8213 ədəd zirehli döyüş maşını, 4866 ədəd artilleriya sistemi, 700 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 463 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7349 ədəd avtomobil texnikası, 4042 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 718 xüsusi avadanlıq itirib.

Rusiya bu ölkələrə möhtac oldu - Piontovski

Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri elə də əhəmiyyətli deyil. Çünki Şimali Koreyanın Rusiyaya verə biləcəyi silahlar etibarsız və köhnəlmişdir. Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski deyib. “Sözügedən silahlar 70 il əvvəlki top mərmiləridir. Mərmilərdən bəzilərinin hərbi qənimət kimi Ukrayna hərbçilərinin əlinə keçdiyi haqda məlumatlar yayılıb. Görürük ki, bu mərmilər 70 ildir anbarlarda qalan köhnəlmiş, etibarsız sursatlardır. Həmçinin, onlar köhnə sovet modelli Koreya sursatlarıdır”, - politoloq bildirib. Onun sözlərinə görə, yarım il əvvəl Rusiyada heç kəs düşünməzdi ki, Kreml İran və KXDR kimi “görkəmli” tərəfdaşların köməyinə ciddi ehtiyac duyacaq: “Bu, Rusiyanın texnoloji və siyasi geriliyinin, həmçinin, çöküşünün sübutudur”.

Şəmkir əhalisinin sayı açıqlandı

Şəmkir Rayon İcra Hakimiyyəti xəbər verir ki, Şəmkir rayonunun əhalisinin sayı 2023-cü ilin ikinci rübünün yekununa olan məlumata görə 216587 nəfərə çatıb. Cari ilin 6 ayı ərzində rayonda 1004 körpə dünyaya gəlib, 673 ölüm halı qeydə alınıb. Rayon əhalisinin 50,5 faizini (109376 nəfər) kişilər, 49,5 faizini (107211 nəfər) qadınlar təşkil edir. Doğulan körpələrin 52,3 faizi oğlan, 47,7 faizi isə qız uşaqlarıdır. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 130,5 nəfərdir. 2023-cü ilin 6 ayı ərzində Vətəndaşların Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən 183 nikah qeydə alınıb. Sözcü.az

Bu gün Azərbaycanda Milli Kino Günüdür

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.  Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediyası olmuşdu. 2001-ci ildən Azərbaycan prezidentinin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.  Sözcü.az

Oğul atasını öldürüb hadisə yerindən QAÇDI

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

İyulun 23-də saxlanılan Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb. Sozcu.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Tərtər İH-də saxlanılan şəxsin kimliyi bəlli oldu - Başına qara torba keçirilib Bakıya gətirildi

Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Tərtər rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədiri keçirilib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb. Başına qara torba keçirilən Tofiq Kərimovun Bakıya gətirildiyi bildirilir. Qeyd olunur ki, əməliyyat keçirilən zaman başçı məzuniyyətdə olub. Belə xəbər var ki, başçı Müstəqim Məmmədov 2 gün əvvəl məzuniyyətə çıxıb və xarici ölkələrdən birinə istirahətə gedib. Müstəqim Məmmədovun da istintaqa cəlb ediləcəyi xəbəri var.

Ukrayna Baş Qərargahı: Son gündə Rusiya 500 hərbçi itirib

“Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 500 hərbçisini məhv edib”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukdakı hesabında bildirib. Qeyd edilir ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 246 690 canlı qüvvəsini itirib. Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 246 690 nəfər; tanklar – 4 216 (son gündə daha 5 tank) ədəd; zirehli döyüş maşınları – 8 205 (+17) ədəd; artilleriya sistemləri – 4 839 (+23) ədəd; RYAS (reaktiv yaylım atəş sistemləri) - 699 ədəd; hava hücumundan müdafiə sistemləri - 462 (+2) ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar - 4027 (+10) ədəd; qanadlı raketlər – 1 347 ədəd.

Britaniya: Əks-hücum Rusiya ordusunu tükəndirir

Ukraynanın cənubunda iki sektorda şiddətli döyüşlər davam edir. Rusiya ordusunda artilleriya sursatının və ehtiyatların çatışmazlığı yaşanır, eləcə də cinahların təhlükəsizliyində problemlər var. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. Məlumata görə, Orexovun cənubunda Ukraynanın hücumları Rusiyanın 58-ci Birləşmiş Silahlı Qüvvələrinə qarşı (58 SAA) cəmləşib: “Bu ordu çox güman ki, tükənib, çünki onun irəlidəki bölmələri səkkiz həftədən çox intensiv döyüşlər aparır. Daha şərqdə, Velikaya Novoselkanın cənubunu müdafiə edən Rusiya qüvvələri həm Şərq, həm də Cənub hərbi dairələrindən çıxarılır və bu, çox güman ki, koordinasiya problemləri yaradır. 5-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələri çox güman ki, xüsusi təzyiq altında olacaqlar və yəqin ki, onların cəbhə xəttindən dönmə vaxtının yetişdiyini hiss edirlər”.

"Çoxlarının rol oynadığı məsuliyyət yükünü ona yüklədilər"

Sürət Hüseynov üzərinə aldığı qara bir ləkə ilə işıqlı dünyadan getdi. Çoxlarının yer aldığı, rol oynadığı oyunda ən ağır məsuliyyət yükünü ona yüklədilər. Özü ilə birlikdə bizidə, gələcəyimizidə, bütün Azərbaycanı qurbana çevirərək bizi qaranlığa qərq edən böyük oyunun bir ifaçısı kimi iz qoydu. Hamı onun simasında hadisələrin cərəyan etdiyini düşündü və düşünməkdədirlər. Hansı ki, həmin sissenariləşdirilmiş hadisələrin əsas gücü köhnə kommunistlər və qanuni hakimiyyətdən narazı düşmüş hakimiyyət hərisləri idi. Hacı Vaqif, Ruslan Rzayev(Zobik), Etibar Məmmədovun yaxın çevrəsindən Şadman Hüseynov, Zərdüşt Əlizadənin yaxın çevrəsindən Aypara Əliyev, komunist Arif Rəhimzadə, Allahşükür Paşazadə, İmam Mustafayev, Rəhim Qazıyev, Nemət Pənahlı, Tahir Əliyev və Heydər Əliyevi hakimiyyətə gətirmək istəyən şəbəkə bu prosesin ən aktiv tərkib hissəsi idi. Amma onları heç bir zaman bu işdəki rollarına görə düşünürəm ki, heç xatırlayan olmayacaq. Qara ləkə, törədilmiş hadisələrin məsuliyyəti, bütün ittihamlar Sürət Hüseynovun üstündə qaldı. Böyük oyunda öz roluna görə rəhmət əvəzinə, lənət yağışı hər zaman onunla olacaq! Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Sürət Hüseynovun ölüm xəbəri yayıldı

AXC-Müsavat hakimiyyətinin devrilməsinin səbəbkarlarından biri olan "qiyamçı polkovnik"   Sürət Hüseynovun vəfat etməsi bağlı məlumat daxil olub.  Sozcu.az saytına daxil olan məlumata görə, bu gecə Sürət Hüseynov kəskin miyakard xəstəliyindən dünyasını dəyişib.