“Dünən bütün diqqətlər Nyu-Yorka yönəlmişdi. Bakı vaxtı ilə saat 23:00-da başlanan BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın Laçın yolu ilə bağlı şikayətinə baxılırdı. Təhlükəsizlik Şurasının beş daimi və on qeyri-daimi üzvünün iştirakı ilə keçirilən iclasda heç bir sənəd qəbul edilmədi. Bununla da Ermənistan növbəti dəfə diplomatik məğlubiyyətə uğradı”.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Fikrət Sadıqov əlavə edib ki, ermənilərin bu toplantıdan gözləntiləri böyük idi:
“Hesab edirdilər ki, dünya birliyi onlara dəstək verəcək, Azərbaycana qarşı hansısa qətnamə qəbul ediləcək və pislənəcək. İclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da çıxış elədi. Lakin onun çıxışı öz xeyirlərinə sənədin qəbul olunmasına təsir etmədi. Sadəcə olaraq ABŞ narahatlığını bildirdi. Avropa İttifaqı bəyan etdi ki, paralel olaraq indi Ağdam – Xankəndi yolundan istifadə etmək mümkündür. Bizi dəstəkləyən digər ölkələr, o cümlədən, Albaniya çox kəskin şəkildə Ermənistanı tənqid etdi və Azərbaycanı dəstəklədi.
Ölkəmizin BMT-dəki nümayəndəsi Yaşar Əliyev müxtəlif sübutlar gətirdi və bir sıra fotoşəkilləri nümayiş etdirdi. Göstərdi ki, ermənilər acından ölmələri barədə səs-küy qaldırsa da, əslində hər gün Qarabağda toylar, yubileylər təşkil edirlər. Diplomatımız bunu tutarlı faktlarla sübut etdi. Beləliklə, heç bir sənəd qəbul olunmadı. Bu da Ermənistanın maraqlarına yeni bir zərbə vurdu”.
Politoloq hesab edir ki, indi biz Ağdam yolunun açılamasına nail olmalıyıq:
“Biz bunu BMT-dən gözləməməliyik. BMT bəyan etdi ki, o yoldan istifadə etmək olar. Amma ermənilər yenə hansısa bəhanə gətirərək, Ağdam yolundan istifadədən yayınacaqlar. Biz buna nail olmalıyıq və mövqeyimiz kifayət qədər qətidir. Əgər onlar nəsə eləmək istəyirlərsə, əvvəlcədən bizimlə razılaşmalıdırlar. Çünki Laçın yolu Azərbaycanın suveren ərazisinə daxildir. Onun başqa statusu yoxdur. Digər tərəfdən, əgər biz prinsipiallığımızı bundan sonra da davam etdirsək, Ağdam – Xankəndi yolunun açılmasına nail ola bilərik. Sadəcə Qarabağ erməniləri başqa çıxış yolunun qalmadığını görüb, bu yoldan istifadə etməyə məcbur olacaq”.
Hadisələrin sonrakı mərhələsində ermənilərin hansı təxribatlara əl ata biləcəyinə gəlincə, F.Sadıqov ermənilərin hər cür addımlarına hazır olmağın vacibliyini bildirdi:
“Onlar uzun illərdir təxribatlarla məşğuldur. Digər tərəfdən, Qarabağda xeyli sayda qeyri-qanuni hərbi dəstələrin mövcudluğunu nəzərə alsaq, deməli, təxribatları dayandırmayacaqlar. Ermənilər yenə təxribatlara əl atacaqlar, yenə mövqelərimizi atəşə tutacaqlar. Amma biz bütün hallarda onlara bundan onqat adekvat cavab veririk. Görürlər ki, bu istiqamətdə bizimlə “zarafat etmək” olmaz. Eyni zamanda, biz Qarabağda yaşayan ermənilərə sülh təklif edirik, dialoqa çağırırıq. Amma dialoqdan da yayınırlar. Təbii ki, sonda bununla da barışacaqlar”.