Generalın cinayət işi: büdcəyə 40 milyon ödətdirildi

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun da ittiham olunduğu cinayət işi üzrə istintaqın ona aid hissəsi yekunlaşdırılıb. İşin N.Məmmədova aid hissəsi ayrılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə sabiq generalın vəkili Rəşad Mirmehdizadə məlumat verib. Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət bübcəsinə ödənilib və bu proses davam edir. "Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib. Hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışının başlanılması gözlənilir" - deyə, R.Mirmehdizadə əlavə edib. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib. Yüksək çinli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdar mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilibdir.

Ukrayna ordusu bu istiqamətdə ciddi uğur qazandı

Ukrayna ordusu cənub cəbhəsində, Verbove istiqamətində ciddi uğur qazanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib. “Hücum Novodanilovka-Verbove istiqamətində uğurlu oldu, hərbçilərimiz əldə olunan xətlərdə möhkəmləndilər”, - Kovalyov bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Melitolpol istiqamətində hücum əməliyyatlarını davam etdirirlər.

“Qarabağ” - “Olimpiya” matçını hansı kanal yayımlayacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal müəyyənləşib. Sozcu.az Report-a istinadən xəbər verir ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Həmin gün saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımla təqdim olunacaq. Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 552-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 261 840 hərbçi, 4414 ədəd tank, 8579 ədəd zirehli döyüş maşını, 5450 ədəd artilleriya sistemi, 733 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 500 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7909 ədəd avtomobil texnikası, 4387 ədəd PUA, 1419 qanadlı raket, 18 gəmi/qayıq, 820 xüsusi avadanlıq itirib.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Konya şəhərində 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Bakı Xankəndiyə humanitar yardım göndərdi

09:28 Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. *** Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Ermənilər Füzulini atəşə tutdu

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft cüzi bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,41 dollara, yüngül neftin bir barreli isə 80,05 dollara satılır.

Rusiya geri çəkilməyə hazırlaşır - Oseçkin

Rusiya Federasiyası əvvəlki kimi döyüşə bilmir və geri çəkilməyə hazırlaşır. Buna görə də “Vaqner”in rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin ləğv edildi, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkov (Qirkin) isə nəzarətə götürüldü. Sozcu.az xəbər verir ki, bunu “Gulagu-net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin deyib. “Sistem tikişlərlə parçalanır. Sistem yorulub. O, 2022-ci ilin yazında və yayında başladığı həcmdə mübarizəni davam etdirə bilməz. Sursatla, orduda xidmət etmək istəməyən, evakuasiya tələb edən çoxlu sayda insanla, ərazilərdə təxribat təlimatları və əmrləri ilə bağlı problemlər yaşanır. Ona görə də şəxsən mən burada sistemin müəyyən dərəcədə geri çəkilməyə hazırlaşdığını görürəm. Super optimist olub müharibənin sabah bitə biləcəyini demək istəmirəm. Amma aydındır ki, Rusiya müharibəni hələ altı ay əvvəl olduğu formatda apara bilməz”, - Oseçkin bildirib.

Azərbaycanda maşın qatara çırpıldı: xəsarət alanlar var

Azərbaycan Dəmir Yollarına məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Bu gün Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirlinin doğum günüdür

Bu gün müasir Azərbaycan mətbuatının işıqlı imzalarından biri Rövşən Kəbirlininin ( Rövşən Ələsgər oğlu Mahmudov) doğum günüdür. Həsən bəy Zərdabinin ölməz izində kim var sualı versək ?  Rahatlıqla nümunə kimi adını çəkəcəyimiz imzalardan biri Rövşən bəydir.  Rövşən bəy 1961-ci il 29 avqust tarixində Ağcəbədi rayonunda anadan olmuşdur. Orta məktəbi 8-ci sinfinə qədər Mehrablı kənd məktəbində, 9-10-cu sinfləri isə Örənqala orta məktəbində oxumuş və 1977-ci ildə bitirmişdir. Bir neçə cəhddən sonra 1983-ci ildə Xankənd Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı Qırmızı diplomla bitirmişdir.  Əmək fəaliyyətini 1987-1989 illərdə Beyləqan rayon Kəbirli kəndində müəllim kimi davam etmişdir. 1991-ci ildən jurnalistikayla məşqul olub: "Muxalifət" qəzitində müxbir, şöbə redaktoru, baş redaktorun müavini, nəhayət 2003-ci ildən bu günə qədər baş redakor vəzifələrində çalışır.  Azərbaycanın ilk müstəqil parlament qəzeti sayılan "Müxalifət" qəzetində, onun ölümsüz baş redaktoru, təsisçisi Ağamalı Sadiq Əfəndi ilə birgə çalışmaq onun həyatının ən dəyərli anlarından birinə çevrilib. Ağamalı Sadiq Əfəndini daha dərindən tanımağımda onun əməyi böyükdür. Rövşən bəyə ilk öncə can sağlığı və mətbu həyatında uğurlar arzu edirik ! Ceyhun Nəbi 

Rusiyada yaşayan 1 milyon soydaşımızın başı dərddədir - AÇIQLAMA

"Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, soydaşlarımız qəbul etməyə hazır olmalıyıq”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrlə və o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsinin göndəriləcəyini şərh edərkən deyib:  "Rusiya Dövlət Dumasına göndərilməsi gözlənilən bu qaun layihəsi əslində etnik mənsubiyyətə görə diskriminasiyadır. Çünki bu qanun layihəsi ölkə vətəndaşlarını etnik mənsubiyyətə görə bölür. Artıq Rusiya vətəndaşı olan şəxsin gəlmə olub-olmamasının nə fərqi var ki? Vətəndaşlar Konstitusiyaya görə qanun qarşısında bərabər olmalıdır. Həmin qanun qəbul olunsa, deməli, Rusiyanın öz Konstitusiyasna belə hörmət etmədiyi ortaya çıxacaq”.  Ekspert hesab edir ki, belə bir qanunun qəbul fonunda Azərbaycan tərəfi ikili vətəndaşlığı olanlara seçim etmək üçün müraciət etməlidirlər. "700 minə yaxın soydaşımızın həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərsə, ölkəmiz soydaşlarını qəbul etməyə hazır olmalıdır. Onlara belə bir seçim verilməlidir. Çünki insanlarımıza bu müharibədə iştirak edib, həlak olmaq kimi bir seçim qoymaq olmaz. Onlara müxtəlif istiqamətlərdə öz həyatlarını yenidən qurmaq üçün şərait yaradılmalıdır”.  Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, gələn həftə Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrin, o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsi göndəriləcək. Bu ölkədə  bildiyimiz kimi, xeyli sayda azərbaycanlı yaşayır. Onlarn  sayının 700 min-1 milyon nəfər arasında olduğu bildirilir. 

Bakı metrosunun ilk xanım maşinisti qovuldu

Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”. G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

İmran Xanın məhkəməsindən XƏBƏR VAR

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı qətl ittihamını rədd edib. Sozcu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Naim Pancuta bildirib. Qeyd edək ki, İ.Xan başqa bir vəkilin ölüm işində ittiham olunurdu.

Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evlə bağlı protest verildi

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməməsi ilə bağlı qərardan kassasiya protesti verilib. Sozcu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, söhbət Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən gedir. R.Məmmədov məhkəmədə həmin evlərdən birini Xalq artisti Aygün Kazımovadan aldığını demişdi. İstintaq orqanı tərəfindən sözügedən əmlaklar üzərinə həbs qoyulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi qərarı ləğv edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü əsaslı sayıb. Dövlət ittihamçısı hökm və qərarla razılaşmır, Ali Məhkəmədən əmlakların müsadirə edilməsini xahiş edir. Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Ukrayna Krıma zərbələr endirib, ölən və yaralananlar var

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib. Bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib. Qeyd edilib ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub. Zərbələr nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olduğu bildirilib. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib. Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hələ iyul ayında Ukrayna ordusunun tezliklə Krımda olacağı anonsunu verib. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov isə hələ bir müddət əvvəl verdiyi açıqlamada yarımadanın hərbi yolla azad ediləcəyini vurğulayıb. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

XİN: "Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır"

"Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda yazıb. "Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq", - o bildirib.

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi - RƏSMİ

Ukrayna Silahlı Qüvvələri Rabotino yaşayış məntəqəsini azad edib.  Sozcu.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.  "Düşmənin şiddətli müqavimətinə baxmayaraq, Novoprokopovka və Oçeretovatıya doğru irəliləyirik", - o qeyd edib.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Türkiyə ordusu şəhid verdi - FOTO

Türkiyə ordusunun hərbi qulluqçusu Bünyamin Barlık şəhid olub.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin X-dəki rəsmi səhifəsində paylaşım edilib.  Nazir Yaşar Güler başsağlığı verib.  Allah rəhmət eləsin! 

Toyu növbəti dəfə təxirə düşdü

Türkiyəli aktrisa Öykü Gürmanın toyu təxirə düşüb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, sentyabr ayında Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşan aktrisanın evinin olduğu şəhərdə yanğın çıxdığı üçün buna çox kədərlənib. Bu səbəbdən toy etməkdən imtina edib. Qeyd edək ki, aktrisa daha öncə də konsertlərinə görə toy tarixini dəyişmişdi. 

Gün ərzində ac qalmağın orqanizmə hansı faydaları var?

Həkimlər bütün günü ac qalmağın mümkün olub-olmadığını açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, ac qaldıqda gün ərzində orqanizm qaraciyərdə qlikogen yandırmağa başlayacaq, yeni ehtiyatlar və autofagiya prosesləri başlayacaq. Yəni, orqanizm köhnə və xəstə hüceyrələrini "yeyəcək". Amma metabolik proseslər üçün çox maye içmək lazımdır. Bu baxımdan mədəaltı vəzidə ağrılar, öd yolları ilə bağlı problemlər və ürək yanması ola bilər.

Mançini rəsmən Səudiyyə Ərəbistanı millisində

Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinə təyinatı rəsmiləşib. Sozcu.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məşqçinin video təqdimatını yayıb. Daha əvvəl jurnalist Nikolo Şkira 58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacağını yazıb. Qeyd edək ki, avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

İki erməni hərbçi öldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb. Sozcu.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, avqustun 27-də hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar. Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparıldığını bildirib.

Kürdə batan yeniyetmə qızın meyiti tapıldı

Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.