Zakaryan: “Azərbaycan hərbi əməliyyatlara başlasa, İran bizi dəstəkləyəcək”

Ermənistan baş nazirinin mövqeyi anlaşılmaz, eyni zamanda, qeyri-konstruktivdir. Mövqeyini dəyişməkdə mahir olan Nikol Paşinyanın siyasi ampluası öz ölkəsində də qıcıq yaradır. Məsələ burasındadır ki, Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayan baş nazirin yanaşmaları ciddi şəkildə tənqid olunur. ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistana ən yaxın dostlarından birinin – İranın irad bildirməsi və Rəisinin Paşinyana sərt təpki göstərməsi erməni siyasi ekspertlərin diqqətindən yayınmayıb. Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yerli mətbuata müsahibəsində bildirib ki, İran Ermənistanın ən yaxın dostudur və Cənubi Qafqazda proseslərin gərginləşməsinə səbəb olan hər bir hadisəyə dərhal reaksiya verəcək. “Regionda gedən proseslərdə onun necə iştirak edəcəyini bu gün söyləmək çətindir. Bu, siyasi təzyiqlər, hərbi-texniki dəstək və ya hərbi hərəkatlar şəklində də ola bilər. Azərbaycan Ermənistana və ya Qarabağa qarşı hərbi əməliyyatlara başlasa, İranın hansı mövqedə dayanacağının şahidi olacağıq”. Qərbin əsas hədəfinin Rusiya deyil, İran olması fikrinə münasibət bildirən Zakaryan onu da deyib ki, İran şimal sərhədlərində Qərb oyunçularının hərbi mövcudluğuna həssas yanaşır. “Türkiyə – İran münasibətlərinə gəlincə, iki ölkə arasında müxtəlif görüşlər, müzakirələr oldu. Bunun nəticəsi idi ki, sərhədlərin dəyişdirilməsinin İran üçün qırmızı xətt olduğu elan edildi. Və biz bildiyimiz, həmçinin, Türkiyə tərəfinin də bəyanatında deyildiyi kimi, İran onlara Zəngəzur dəhlizinin açılmasına icazə vermir. Bu o deməkdir ki, bu məsələdə Türkiyə ilə İran arasında ziddiyyətlər var”. Daha sonra İran prezidentinin Ermənistanın baş naziri ilə sonuncu telefon danışığında kobud davranmasını şərh edən Artak Zakaryan qeyd edib ki, “hökumət bu gün tarixən maraqların üst-üstə düşdüyü iki müttəfiqimizlə münasibətləri ardıcıl olaraq korlayır. Bu gün bizdə İran və Rusiyanın maraqları ilə üst-üstə düşən kəskin təhlükəsizlik problemi var. Və bu hal iki müttəfiqlə diplomatik və siyasi müstəvidə münasibətləri gərginləşdirmək, Ermənistanın təhlükəsizliyinə zərbə vuran xüsusi siyasət həyata keçirmək deməkdir. Əvvəlki hakimiyyətlər dövründə İranla hərbi-texniki əməkdaşlıq addımları mərhələli şəkildə aparılırdı. Amma indiki halda İran Ermənistana güvənmir. Ermənistanın təhlükəsizliyi həmişə İran və Rusiyaya inam üzərində qurulub. Təhlükəsizlik mexanizmlərimizin komponentləri o qədər sadə və məntiqlidir ki, orada başqa şeylər axtarmaq mənasızdır”.(konkret)

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir. Bununla bağlı MHB İdarə Heyətinin üzvü Xəzər Teyyublu öz sosial şəbəkə profilində paylaşım edib. Paylaşımda qeyd olunur ki,  Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, Qarabağ əlili Əhməd Rəhmanovu işlədiyi Azəriqaz İstehsalat Birliyində fəhləlikdən, işindən çıxartdılar.  Fikir verin, Azəriqaz rəhbərliyi işçilərin hüquqlarını qorumalı olan Həmkarlar İttifaqının fədakar bir üzvünə, sosial haqqlar ugrunda mübarizə aparan bir insana qarşı kobud addıma yol verir. Müstəqil Həmkarlar Birliyi olaraq Əhməd Rəhmanova qarşı bu kobudluğu aradan qaldırmaq üçün Azəriqazı öz işçisinin sosial qayğısına qalmağa, işinə qaytarmağa və Həmkarlar Konfederasiyasını zəhmətkeşlərin müdafiəsinə çağırırıq ! Sözcü.az

Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir

Müharibə-müharibə demək asan olduğu vaxtlarda sülh çağırışları etmək çox çətin olur. Xüsusi ilə bu müharibə çağırışları təşkil edilən ərəfədə. Bölgədə sülhün bərqarar olmaması bəzi xarici və daxili güclərin işinə yarayırsa, müharibə ritorikası, qan və ölüm bir çoxuna sadəcə maddi qazanc və oxşar şeylər üçün lazımdır. Onları böyük maraqlar düşündürmür. Onlara maraqlı deyil müharibə olacaq ya olmayacaq. İnsan itkiləri, şəhidlər, yaralılar, yetimlər, ərsizlər, qaraya bürünmüş analar, sürətlə saçları ağaran, belləri bükülən ata-analar, büdcədən xərclənən milyonlar, müharibəsonrası aclıq, stres…onları bu məsələlər qəti maraqlandırmır. Onlar da bəlkə ürəklərində müharibə istəmirlər, bununla yanaşı hansısa maraqlar üçün bu kampaniyada iştirak edirlər. Əlbəttə heç bir maraq güdmədən qarasına kampaniyaya qoşulanlar da olur. Səmimi olaraq, müharibəsiz hansısa problemin həll olunmayacağını düşünənlər də var. Müharibə isə oldu, müharibəylə problem tam olaraq bitmədi. Problem sülhlə, danışıqlarla bitəcək. Sülh danışıqları intensivləşdirilməlidir. Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir. Nəinki istənilən hərbi akt, müharibə çağırışları da bizə zərərlidir. Hər bir baxımdan. Qarşı tərəfin sözdə də olsa, sülh çağırışları etməsi fonunda bizim “Dəmir Yumruq” göstərməyimiz beynəlxalq aləmdə ustalıqla əleyhimizə istifadə olunur. Biz həm də növbəti məkrli addımların qarşısını almaq üçün erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimizlə bağlı, hüquqlarından normal istifadə edəcəklərinə təminat verəcəyimizi yüksək tribunalardan yüksək səslə ifadə etməliyik. Mümkün formulaları təklif etməliyik. Öz dövlət və cəmiyyət maraqlarımıza xidmət edən başqa şərtlərimizi də ən yüksəkdən deməliyik. Məsələn, Ermənistandan qovulan vətəndaşlarımızın yurd yuvalarına qayıtması kimi Dövlətin qalıcı və güclü olması üçün mütləq qan tökülməli, şəhid verilməlidir kimi əsassız fikir səsləndirənləri boş verin. Dövlətin gücü və davamlılığı öz insanına, vətəndaşına verdiyi dəyərdən asılıdır. Dövlətin gücü vətəndaşının təhlükəsizliyi, azadlığl və rifahı ilə ölçülür. Şəhid sayıyla öyünən nə normal dövlətə və də şəxsə rast gəlməzsiz. Hakimiyyət sülh danışıqlarına dirəniş göstərməklə Ermənistanı da buna məcbur etməlidir. Güclü ordunun, güclü cəmiyyətin olması sülhü inkar etmir, əksinə. Bütün beynəlxalq hüquq və azadlıqlar çərçivəaində həqiqi sülh tərəfdarlarına sevgilər. Şəhidlərimizin ruhu şad olsun, daha heç vaxt şəhid sayımız artmasın. Səxavət Soltanlı, Müsavat Partiyası başqanının müavini

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Rusiyadan haylara gələn yardım Xankəndinə çatdı...-FOTOLAR- Biz niyə sevinirik ki?..

"Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası?.." Bir qədər əvvəl xəbər verildiyi kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib. Və Rusiyanın Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi humanitar yardım maşını Xankəndi istiqamətində hərəkətə başlayıb. Moderator.az xəbər verir ki, Tert.am  Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Xankəndinə çatması haqda məlumat yayıb. Sosial şəbəkələri erməni seqmentində yayılan foto-kadrlardan da görünür ki, Rusiyadan gələn yardım maşını artıq Xankəndindədir... Əsgəran qəsəbəsinin qondarma "mer"i Hayk Şamiryan erməni mediasına bildirib ki, "“tank” abidəsi yaxınlığında toplaşan narahat vətəndaşlar əvvəlcə etiraz ediblər, maşını buraxmayıblar, ancaq sonra razılığa gəliblər"... P.S. Azərbaycanda bir çoxları Rusiya yardım maşınının Bərdədən, Ağdamdan, Əsgərandan keçib Xankəndinə getməsinə sevinir. Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası? İkincisi də, əgər söhbət Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasından(!) gedirsə, Rusiya hələ 2020-ci ilin noyabrından "sülhməramlı" kimi torpağımıza soxulmasından sonrakı ilk günlərdən öz hərbi və s. yüklərini Dağıstandan keçirməklə Bərdə-Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırır... "Sülhməramlı" hərbçilər də elə həmin vaxtlardan Qarabağdakı haylara hər cür humanitar yardım göstərirlər.. 

Ukrayna müdafiəni yarır, ruslar geri çəkilir...

Ukraynalı hərbçilər cənubda Rusiya müdafiəsini tədricən keçərək cəbhə xəttini yarırlar. Eyni zamanda işğalçılar Zaporojye istiqamətində Rabotino bölgəsində əks-hücuma keçməyə çalışırlar. Sozcu.az xəbər verir ki, bunu Azadlıq Legionunun hərbçisi Konstantin Denisov deyib. "Rabotino bölgəsində yüksək intensivli döyüşlər davam edir. Hər iki tərəfdən artilleriya işləyir. Düşmən təyyarələri səmaya qaldırır. Bu istiqamətdə taktiki uğurlarımız var, lakin bu, çox baha başa gəlir", - o bildirib. O qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna texnikasını aviasiya və "Lancet" zərbə PUA-ları ilə vurur. Bundan əlavə, ruslar ukraynalı piyadalara qarşı FPV dronlarından istifadə edirlər: "Yüksək keyfiyyətli kəşfiyyat nəticəsində Ukrayna Silahlı Qüvvələri tədricən düşmənin müdafiəsini yarır. İşğalçılar bizim oğlanları atəş altına salmağa çalışırlar. Yəni ruslar geri çəkilir, sonra onları cinahlardan artilleriya ilə vurmağa cəhd edir. Lakin hərbçilər buna imkan vermir".

Mükəmməl taktika: Kiyev yüzlərlə saxta texnika yaradır

Ukrayna döyüş meydanına hərbi texnikanı əvəz edən maketlər yerləşdirir ki, Rusiya ordusu mərmiləri bunların məhvinə sərf etsin. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, biznesmen Rinat Əhmədova məxsus Ukraynanın mədən-metallurgiya şirkəti "Metinvest" hərbi texnikanın dəqiq surətlərinin istehsalı ilə məşğuldur: "Şirkət artıq yüzlərlə müxtəlif növ Qərb silahlarının nüsxəsini istehsal edib və sonradan onlar rus qoşunları tərəfindən məhv edilib. Ukraynada istifadə olunan Britaniya istehsalı 155 mm-lik M777 haubitsasının qiyməti bir neçə milyon dollardır və "Metinvest" min dollardan da aşağı qiymətə adi kanalizasiya borularından onun surətini yaradır".

Rusiyanın itkiləri 270 minə yaxınlaşır

Ukrayna müharibənin 566-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 269 760 hərbçi, 4568 ədəd tank, 8778 ədəd zirehli döyüş maşını, 5872 ədəd artilleriya sistemi, 764 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 515 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8413 ədəd avtomobil texnikası, 4645 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 881 xüsusi avadanlıq itirib.

Paşinyan bir daha TƏKRAR ETDİ: “Qarabağ Azərbaycandır!”

“2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki,  Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan 29 800 kv.km ərazisini tanıyıb.

Ordumuzun mövqeləri yenə atəşə tutuldu - Rəsmi

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Paşinyandan SENSASİYA: Qarabağdakı qondarma seçkini TANIMADI

“Mən Şahmaryanı “prezident” hesab etmiəm”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki, Samvel Şahmaryan “prezident” deyil, sadəcə Qarabağ ermənilərinin “lideridir”. “Buna görə də, onu təbrik etmək üçün xüsusi bir səbəb yoxdur”, – deyə Paşinyan əlavə edib.

Əxlaqsızlıq sərhəd tanımır! - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib. Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb. “Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycan forpostuna qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”, - o qeyd edib.

"Putin vəziyyəti hamıdan yaxşı bilir" - Paşinyan

Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir. Sozcu.az xəbər verir ki, bunu Nikol Paşinyan televiziyaya açıqlamasında bildirib. O qeyd edib ki, həyat yoldaşının Ukraynaya səfəri siyasiləşdirilib. "Mən Vladimir Putinə gərginliyə görə zəng etməmişəm, çünki ona yeni heç nə deyə bilmərəm. Vəziyyəti hamıdan yaxşı bilir", - Paşinyan deyib.

"Ukrayna heç vaxt geri çəkilməyəcək və öz torpaqlarından getməyəcək" - Zelenski

"Əkshücum xoşbəxt sonluqla bitən saatyarımlıq film deyil..." "Bayden bu müharibənin səhifəsini aşıra bilər, onun fikri və dəstəyi mənim üçün çox önəmlidir..." "Rusiyanın başqa ölkələrə hücum etməsinə imkan verməyəcək yeganə nəsnə qələbədir..." Ukrayna prezidenti Vladimir Zelenski Kreml lideri ilə güzəştin mümkünlüyünü rədd edib və bəyan edib ki, müharibədə "xoşbəxt sonluq" olmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə o, Amerikanın CNN telekanalı üçün jurnalist Fərid Zəkəriyyəyə verdiyi müsahibəsində bəyan edib. "Ukrayna üçün bu əkshücumda fasilə etməmək çox vacibdir. Mən əkshücum başlamazdan öncə tərəfdaşlarımıza demişəm ki, biz səmaya nəzarət etmirik və onlar bunu anlamalı və etiraf etməlidir. Biz ona necə nəzarət edək və ya heç olmasa qüvvələrimizi səmada Rusiya qüvvələri ilə necə bərabərləşdirək? Biz hamımız uğur və xoşbəxt sonluq istəyirik. Amma bu saatyarımlıq kino deyil. Bu, əkshücumdur. Bu, xoşbəxt sonluğu olan film deyil. Biz çox insanımızı itirmişik. Bu, xoşbəxt sonluq deyil. Bunu etiraf etmək gərəkdir", - Zelenski deyib. O, ABŞ prezidenti Co Baydenlə Amerikanın uzaqvuran "ATACMS" raketlərinin tədarükü barədə razılığa gəlmək niyyətində olduğundan danışıb. "Onun fikri və onun dəstəyi mənim üçün çox önəmlidir. Düşünürəm ki, o, bu müharibənin səhifəsini aşıra bilər. Bunu o, bir dəfə "HIMARS"larla edib. Bu, çox vacib olub", - Zelenski xatırladıb və Ukraynanın ilk "ATACMS" raketlərini bu payızda ala biləcəyinə ümid etdiyini ifadə edib. O, vurğulayıb ki, Rusiyanın başqa ölkələrə hücum etməsinə imkan verməyəcək yeganə nəsnə qələbədir. Onun sözlərinə görə, Rusiyanın növbəti hədəfləri Baltikyanı ölkələr və Polşa ola bilər. Zelenskinin fikrincə, Putinin məqsədi təcavüz tətbiq etməklə Sovet İttifaqını geri qaytarmaqdır. Bəzi beynəlxalq siyasətçiləri tərəfindən sülh danışıqlarına və Moskva ilə güzəştlərə nail olunmasına edilən çağırışları şərh edərkən Zelenski bəyan edib ki, Rusiyanın özü güzəştə getməyə hazır deyil. O, Rusiya təcavüzündən əzab çəkən digər ölkələri misal çəkib. "Siz Putin tərəfindən başqa məsələlər üzrə, Gürcüstanla, Moldova ilə bağlı güzəşt görmüsünüzmü?" - Ukrayna prezidenti əsaslı sual edib. Zelenski həmçinin hərbi qiyamdan sonra "Vaqner qrupu" özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojinin ölümünü xatırladıb və qeyd edib ki, ona verilən vədlər və təhlükəsizlik zəmanətlərinə rəğmən o, qətlə yetirilib. "Siz kiminləsə güzəştə və ya dialoqa getmək istəsəniz, bunu yalançı ilə edə bilməzsiniz", - Zelenski qeyd edib. "Putin bizim ölkənizi büsbütün qəsb etmək, bütün ailələri, evləri məhv etmək istəyir...O, anlayır ki, Ukrayna heç vaxt geri çəkilməyəcək, öz torpaqlarından getməyəcək. Biz bunu heç vaxt etməyəcəyik. Bax buna görə də o, hesab edir ki, bizi məhv etməlidir", - Ukrayna prezidenti əlavə edib.

ABŞ: "Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq"

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma "prezident seçkiləri"nin nəticələrini tanımırıq”, - Miller qeyd edib.

Vəhşilik: Ermənilər itə partlayıcı bağlayıb təxribata əl atdı - Foto

Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bu barədə  Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk", - MN-in məlumatında deyilir.

İYİ Partiyanın deputatı: "Rus sülhməramlıları Qarabağı tərk etməlidir"

“İYİ Partiya bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyir”. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin İYİ Partiyasının deputatı, professor Mehmet Akalın Demokrat.az-a müsahibəsində deyib. Türkiyəli millət vəkili ilə sözügedən müsahibəni təqdim edirik: – Mehmet bəy, İYİ Partiya gələn il keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır? Hədəfləriniz nələrdir? – İYİ Partiya Türkiyədə iqtidar olmaq üçün qurulan siyasi partiyadır. İqtidara gəlmək və seçkiləri qazanmaq üçün əlimizdən nə gəlsə, edəcəyik. Bu mənada, qarşıdakı bələdiyyə seçkiləri üçün də bütün təşkilatlarımız parlament və prezident seçkilərindən sonra yenidən meydanlara qayıdaraq çalışmalar həyata keçirirlər. Partiya sədrimiz Meral Akşener də çalışmaları yaxından izləyir. Bələdiyyə sədrliyi üçün namizədlər də artıq yavaş-yavaş ortaya çıxmağa başlayır. Partiyamız 81 vilayət, 922 rayon və bütün bələdiyyələrdə öz namizədi ilə seçkiyə girərək, türk millətinin etimadını qazanacaq. Nəticə etibarilə, bütün Türkiyə üzrə iddialıyıq. – Maraqlıdır, İYİ Partiya nə üçün bələdiyyə seçkilərinə təkbaşına girməyə qərar verdi?  – İYİ Partiya Türkiyəni idarə etmək, iqtidara gəlmək arzusu olan partiyadır. Əslində, siyasi partiyaların qurulma səbəbi də məhz budur. Təbii ki, partiyamız bələdiyyə seçkilərinə təkbaşına girməklə bağlı da qərar verə bilər. Biz İYİ Partiya olaraq heç bir zaman tək adam təfəkkürü ilə qərar verməmişik. Partiyamızın səlahiyyətli orqanları seçicilərimizin düşüncələrini dinləyərək qərarlar verir. Həmçinin, biz heç bir siyasi partiyanın “ehtiyat oyunçusu” və ya “dəyənəyi” olmadığımızı deyirik. Ona görə də Türkiyəni idarəetmə hədəfi olan bir partiyanın bələdiyyə seçkilərinə də təkbaşına girmək qərarı olduqca normaldır. Biz həm də seçiciləri ittifaqlara məcbur etməyin doğru olmadığını düşünürük. Üstəlik, hansısa ittifaq olmadan bütün siyasi partiyaların bərabər rəqabət içərisində namizədi ilə mübarizə aparmasını istəyirik. Çünki biz ittifaq olaraq seçkiyə girmə inancımızı itirmişik. Eyni zamanda, bu vəziyyətin seçicilər üçün daha doğru olacağını proqnozlaşdırırıq. Öncəki bələdiyyə seçkilərində İYİ Partiya 20-22 rayonda bələdiyyə qazandı. Amma ittifaq olaraq İstanbul və Ankara olmaqla bir çox böyük şəhərlərdə qalib gəldik. Lakin mütəmadi olaraq bunu davam etdirmək doğru deyil. Onda siyasi hədəflərinizdən və arzularınızdan imtina etmiş olursunuz. Əlbəttə ki, İYİ Partiyanı digər partiyalara seçki qazandırmaq üçün qurmamışıq. Biz özümüz iddialı partiyayıq. Xüsusilə, son seçkidən sonra qazanılan bələdiyyə sədrləri ittifaq deyil, Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədri kimi çalışırlar. Biz də bunun fərqindəyik. Ona görə də hər kəsin göbəyini özünün kəsməyini istəyirik. – Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının son zamanlardakı təxribat xarakterli addımları ilə bağlı nə düşünürsünüz? – Bildiyimiz kimi, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli Bəyanatına əsasən, 5 il müddətinə müvəqqəti olaraq Qarabağa yerləşdirilib. Onların müddəti isə 2025-ci ildə başa çatır. Sülhməramlıların daha 5 il bölgədə qalması üçün isə Rusiyaya təxribatlar lazımdır. Çünki həm bölgədəki insanlara, həm də beynəlxalq ictimaiyyətə demək istəyirlər ki, rus sülhməramlıları buradan çıxarsa, regionda şiddətli müharibə olar və Qarabağdakı ermənilər zərər görər. Onlar bu istiqamətdə təbliğat aparırlar. Sadəcə Ermənistanda hərbi bazası olan Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti bəhanə edərək Xocalı və Xankəndi kimi strateji bölgələrə hərbçilərini yerləşdirib. Kreml  bölgədə ona ehtiyac olduğunu, Rusiyasız sülhün mümkün olmayacağını, Qafqaz və Xəzər dənizi ətrafının təhlükəsizliyinin onun məsuliyyətində olduğunu göstərməyə çalışır. Çarlıq və Sovet dönəmindən qalan bu hamilik anlayışı Rusiya Prezidenti Vladimir Putin tərəfindən də hələ davam etdirilir. Son günlərdə artan təxribatlar, xüsusilə Azərbaycanın Laçın yolunun girişinə nəzarət-buraxılış məntəqəsi qurması ilə daha da alovlanıb. Azərbaycan Rusiyanın təxribatlarına qarşı çox diqqətli olmalıdır. Xüsusilə, beynəlxalq ictimaiyyətə doğru məlumat verilməsi və xarici nümayəndələrin bölgəyə gəlməsi cəhətdən fəaliyyətlər davam etdirilməlidir. – Dediyimiz kimi, sülhməramlıların müddəti 2025-ci ildə başa çatacaq. Sizcə, rus sülhməramlıları 2025-ci ildə və ya daha əvvəl göndərilməlidir? – Bölgədəki sülhün, sabitliyin və təhlükəsizliyin sadəcə özünün vasitəsilə təmin olunacağını düşünən Rusiyanın buradan uzun müddət çıxmamaq niyətində olmadığı anlaşılır. Onların bölgədəki fəaliyyətlərinə baxanda da bunu açıq şəkildə görmək mümkündür. Rəsmi Moskva Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək və Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəsin davam etməsi üçün özünün bölgədə olmasının lazım olduğunu düşünür. Hətta rus sülhməramlılarının 2025-ci ildən sonra da bu strateji bölgədən çıxmaq niyətinin olmadığı görünür. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, rəsmi Bakı üçün “Qarabağ problemi” adlı bir məsələ qalmayıb. Çünki Qarabağda məskunlaşan mülki ermənilər Azərbaycan vətəndaşıdır. Onlar da Azərbaycan vətəndaşları ilə eyni haqlara sahibdirlər. Lakin hansısa başqa bir düşüncəyə və yaxud da “status”a fürsət verilməyəcək. Azərbaycan dövləti bölgədə təhlükəsizliyi təmin edəcək gücə və iradəyə sahibdir. Bunun üçün də bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq. – Hazırda Azərbaycanın tarixi şəhəri olan Xankəndidəki separatçı erməni rejim təxribata əl ataraq, Azərbaycanın humanitar yardımlarından imtina edir və göndərdiyimiz yardımları qəbul etmir. Buna baxmayaraq, Xankəndidə guya “humanitar böhran” olduğunu iddia edirlər. Necə “böhran” var ki, Azərbaycanın 40 tonluq yardımı qəbul edilmir? Ümumiyyətlə, son baş verənlərlə bağlı İYİ Partiyanın mövqeyi necədir? – Xankəndidə yaşayan separtaçı ermənilər təxribatlarına davam edirlər. Onlar beynəlxalq aləmə Azərbaycanın “humanitar böhran” yaratdığını iddia edirlər. Lakin bunun belə olmadığını tərəfsiz beynəlxalq təşkilatlar və dövlətlər bilir. Mətbuatda çıxan xəbərlər də reallığı dəstəkləyir. Azərbaycan hakimiyyəti Xankəndidəki vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün hər cür yardımı etməyə hazırdır. Rəsmi Bakı bu istiqamətdə hərəkətə keçsə də, özlərini “məzlum” kimi təqdim edən ermənilər Azərbaycan əleyhinə təbliğat aparmağa davam etdilər. Biz İYİ Partiya olaraq Azərbaycanın yaxşı niyyətini görürük və qardaş ölkəmizi dəstəkləyirik. – Bəs, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana açıq şəkildə dəstək olmasını və həddini aşaraq Azərbaycanı təhdid etməyini necə dəyərləndirirsiniz? – Fransa orada yaşayan erməni diasporuna görə, dövlət siyasətini tərəfsiz və qərəzsiz aparmır. Rəsmi Paris hadisələrin ən başından bəri Ermənistan dövlətinə və erməni terroruna dəstək verir. Bu, bütün dünya ictimaiyyəti tərəfindən də bilinir. Ona görə də Fransanın Ermənistanı dəstəkləməsi və açıq şəkildə Azərbaycana qarşı olması çox da təəccüblü bir hal deyil. Azərbaycan isə Türkiyə dövlətinin və xalqının dəstəyindən əmindir. Qardaş ölkəmiz haqlı olduğu mübarizəsində sonuna qədər gedəcək. Biz buna heç şübhə etmədən inanırıq. İYİ Partiya olaraq bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyirik. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini və yekun sülh müqaviləsinin imzalanması mövqeyindən çıxış edirik. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində bir millət, iki dövlət anlayışı ilə hərəkət edirik.

Cəbhədə son durum: 580 rus hərbçisi səhərə sağ çıxmadı

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 580 hərbçisini itirib.  Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 269 210 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 6 tank, 12 zirehli döyüş maşını, 28 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Çinarlı qəsəbəsində avtoqəza nəticəsində dağılmış "Əməkçi qadın" heykəli yenisi ilə əvəzləndi

Şəmkir rayon Çinarlı qəsəbəsinin girişində, Gəncə-Şəmkir yolunun üstündə körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli və alt hissəsi yeni görkəmdə restavrasiya olunub. Bu heykəl Çinarlı qəsəbəsinin simvollarından biridir(həmçinin kifayət qədər tarixi var idi) və qəsəbənin girişində özünəməxsus gözəllik verir. 2022-ci ilin may ayında yüksək sürətlə avtomobilin çırpılması nəticəsində heykəl dağılaraq parça-parça olmuşdu. Dağılmış heykəlin bərpası ilə bağlı Çinarlı qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyətinin başcısı Rəşad Tağıyev ilə səyyar görüşdə bu məsələni birbaşa onun diqqətinə çatdırmışdılar. "Əməkçi qadın" heykəli artıq yeni görkəmdə yerinə qoyulub. Heykəlin heykəltaraşı Savalan Hüseynovdur. Sözcü.az

İsmayıl bəy Qaspıralının vəfatından 109 il ötür

1914-cü ilin bu günündə fikir və düşüncələrimizə işıq gətirmiş İsmayıl bəy Qaspralı əbədiyyətə qovuşmuşdur. Yaşamının son 30 ilində çoxlu sayda düşüncə, əməl və məfkurə adamları onun yandırdığı ocağın başına toplaşdı və o adamlar hər biri o ocaqdan bir köz götürdü, öz yurduna, məmləkətinə apardı. Bu gün bizlər üçün bir işıq mənbəyi, yanan ocaq varsa bu Qaspıralı mirasıdır. Vəfat etdiyi zaman Sadri Maqsudi Arsal onun haqqında yazırdı:  " İsmayıl bəyin vəfatı ilə hiss etdiyim ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq istəyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. Qaspıralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir nöqtədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə onun işləridir». Böyük aydınlatıcını hörmət, sayğı və sevgi ilə anırıq ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Aİ Monitorinq Missiyası Azərbaycanla sərhəddə patrul xidmətini gücləndirdi

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyası X sosial şəbəkəsində paylaşım edib. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.

Bakıda əsgər intihara cəhd edib

Bakıda əsgər intihara cəhd edib. Sozcu.az xəbər verir ki, Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri, 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhmən oğlu xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib. Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.

Füzulidə düşmən təxribatının qarşısı alındı

Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır". Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib. "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.