Putin Priqojini nümayişkəranə şəkildə öldürdü

Rusdilli məkanda “çox hərəkətli” oyun olduqca populyardır. Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maykl Naki deyib. Onun fikrincə, hər bir hadisə ən inanılmaz versiyaların yığını ilə müşayiət olunur: “Dronların Kremlə nə vaxt uçduğunu xatırlayırsınızmı? Orada müxtəlif fərziyyələr vardı. Deyirdilər ki, bu FTX-nin işidir. Ancaq bu, bir dəfə də olsun təsdiqlənmədi. Hesab edirəm ki, bunların Ukrayna PUA-ları olduğu indi hamıya aydındır. Bəs Priqojinin üsyanını xatırlayırsınız? Hansı ki, yalnız tənbəllər bunu səhnəcik adlandırmadılar. Düzdür, bu tamaşanın məqsədinin nə olduğunu heç kim izah edə bilmədi. Düşünürəm ki, indi də onun səhnələşdirildiyinə inanan az insan var”. Nuki bildirib ki, hazırda da vəziyyət eynidir: “Priqojinin həqiqətən öldüyünü və heç bir hiyləgər planlarının olmadığını əminliklə deyə bilərəm. Putin Priqojini nümayişkəranə şəkildə öldürdü”.

Priqojinin təyyarəsində ölənlərdən biri ermənidir

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub. Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib. Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Bayden Priqojinin ölümündən danışdı: Putinin əli var

ABŞ prezidenti Co Bayden Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğramasına münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb. "Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm", - Bayden deyib. O, qəzada Rusiya Prezidenti Vladimir Putinin əli ola biləcəyinə işarə edib. “Rusiyada Putinin arxasında olmadığı çox hadisə yoxdur. Amma hadisənin arxa planını bilmək üçün kifayət qədər məlumatım yoxdur”, - deyə ABŞ Prezidenti qeyd edib. “Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” biznes-jetinin sərnişinləri və ekipaj üzvlərinin tam siyahısını dərc edib. Ölənlər arasında "Vaqner"in təsisçisi Yevgeni Priqojin və komandiri Yevgeni Utkin də var. "Flightradar24"ün məlumatına görə, RA-02795 quyruq nömrəli təyyarə, "Embraer Legacy 600" müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. "Vaqner" təyyarəni 2020-ci ilin sentyabrında alıb.

Priqojin niyə Afrikaya yerləşəndən sonra öldürüldü?

Priqojin öldürüldü. Putinin bağışlamayacağı bəlli idi, lakin niyə “Vaqner”in qiyamından dərhal sonra yox, indi?! Sozcu.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. Onun fikrincə, “Vaqner”in rəhbəri Afrikadan Moskvaya gəlib və oradan Peterburqa qayıdarkən vurulub: “Qruplaşmanın bütün “komandanlığı” onunla birlikdə olub. Beləliklə, Priqojin və yaxın ətrafı sıradan çıxarıldı. Lakin “Vaqner” qalır və qiyam zamanı Ukraynadan çıxdıqdan sonra Afrikada aktivləşib. Görünür, qiyamdan sonra toxunulmayan Priqojinin missiyası da qruplaşmanın Afrikadakı fəaliyyətini gücləndirmək olub. Hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Rusiyanın planlarına risklər də vəd edirdi. Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlana bilər”.

"Ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm xəbərlər daxil olmaqdadır..."

"Bizə çox çətindir, Rusiya özündən sonra minlərlə mina və sıx minalanmış sahələr qoyub gedir..." "Ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm xəbərlər daxil olmaqdadır..." Zelenski Ukraynanın hücumu barədə sadə olmayan suala birbaşa cavab verib Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukrayna Silahlı Qüvvələri hər gün bir neçə istiqamətdə irəliyə gedir.  Moderator.az xəbər verir ki, bu barədə o, Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə brifinqdə məlumat verib. Tədbirdə iştirak edən jurnalist sual edib: "Ukraynanın soyuqlar düşənədək hücumunu sürətləndirməyə dəyməzmi?" Vladimir Zelenski bəyan edib ki, Ukrayna qarşısında ağır vəzifə dayanır. Ukraynalı döyüşçülər ərazilərimizin rusiyalılardan imkan daxilində tez bir zamanda azad etmək üzərində işləyir. "Əkshücuma gəldikdə, nəticələrə baxacağıq. Mən xalqımıza, müdafiə Qüvvələrimizə və Ukrayna Silahlı Qüvvələrinə inanıram. Bacardığımız qədər çalışırıq, imkan daxilində tez bir zamanda şəhər və kəndlərimizi azad etmək üzərində işləyirik. Çətin vəzifədir", - o, deyib. "Bizə çox çətindir, minlərlə minalar var, çox sıx minalanma mövcuddur. Bu, Rusiyanın özündən sonra qoyub getdikləridir. Mənə hər gün hərbçilərin etdiyi məruzələrdə başlıca meyl bizim daima irəliyə getməyimizdən ibarətdir. Bəli, biz az-az irəliləyirik, lakin bununla yanaşı istiqamətimiz doğrudur", - Ukraynanın dövlət başçısı vurğulayıb. Son zamanlar Qərbin aparıcı mediası müntəzəm olaraq Ukrayna Silahlı Qüvvələrin "asta" hücumu barədə materiallar dərc edir.  Onlar bir qayda olaraq "anonim Qərb məmurlarına", "Ağ evin adının açıqlanmadığı nümayəndələrinə", "hökumətə yaxın adamlara" istinad edir. Bu materiallarda Ukrayna Silahlı Qüvvələrinin hücumunun "ləngiməsindən", "düzgün olmayan taktikasından", hətta "iflasa uğramasından" bəhs edilir. Bununla yanaşı, ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm olaraq xəbərlər daxil olur.  Məsələn, dünən bəlli olub ki, Ukrayna qoşunları Zalorojye vilayətində Melitopol istiqamətində Rabotino kəndinə daxil olub. Ötən həftə Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Urojaynoye kəndini azad edib. USQ Baş Qərargahının bu günkü məlumatında deyilir ki, Ukrayna qoşunları Baxmut və Melitopol istiqamətlərində "hücum əməliyyatlarını davam etdirir". Ukraynada müharibə - bunları bilmək vacibdir İyunun əvvəlində Vladimir Zelenski təsdiq edib ki, Ukraynanın əkshücumu başlanıb. Döyüşçülərimiz ölkənin cənubu və şərqində uğurlar əldə edib. Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Sallivan qeyd edib ki, ukraynalı döyüşçülər öz ərazilərini "metodiki, sistemli şəkildə" azad edir. Qeyd etmək lazımdır ki, bir sıra Qərb dövlətləri, o cümlədən ABŞ Ukraynaya tələb olunanadək dəstək göstərməyi vəd edib.

Qəza yerində Priqojinin cəsədi müəyyən edildi

Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq müəyyən etmək mümkün olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın olan “Tsarqrad” informasiya resursu məlumat yayıb.  Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir. Lakin hələlik bu məlumatlar Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib./Oxu.az

Yevgeni Priqojin və Dmitri Utkinin təyyarə qəzasında öldüyü təsdiqlənib

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar. Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub. Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb. “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Priqojin öldürüldü? - Təyyarəsinin vurulduğu bildirilir

Bir az əvvəl Yevgeni Priqojinə məxsus "Embraer Legacy" təyyarəsi qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli özünün Feysbuk səhifəsində yazıb.  "Tver vilayəti ərazisində yerə çırpılaraq yanan təyyarədə 7 sərnişin və 3 ekipaj üzvü ölüb. Sərnişinlərin siyahısında Y. Priqojinin adının olduğunu yazan Şahin Cəfərli, "Vaqner"ə yaxın "Telegram" kanalı təyyarənin raketlə vurulduğunu təsdiq etdiyini də qeyd edib. 

"Mənim özümün nə qədər problemim var, onu deyərdim. Oğlum işsizdir, iş tapa bilmirəm" - Rasim Balayev

"Mən deputat, nazir deyiləm. Mənim özümün nə qədər problemim var, onu deyərdim. Oğlum işsizdir, iş tapa bilmirəm. Bunu deyərdim, həllini də tapardı. Ayıbdır, deyə bilməzdim". Sozcu.az xəbər verir ki,  bu sözləri Xalq artisti Rasim Balayev "Bizim müsahibimiz" layihəsində deyib.  "Nəvəm neçə vaxt işsiz qaldı, iş tapa bilmirdi. Axırda özü baş vurdu və işə götürüldü. Mən ona görə kiməsə ağız açmadım. Kino problemlərini danışdım, kino dərdini dedim".

Rusiyanın “Mi-8” helikopterinin heyəti Ukraynaya təslim oldu - FOTO

Rusiyanın ordusunun “Mi-8” döyüş helikopteri Ukraynaya uçub və burada helikopterin heyəti Ukrayna Silahlı Qüvvələrinə təslim olub. Bu barədə jurnalist Yuri Butusov xəbər verir. Onun sözlərinə görə, “naviqasiya xətaları” ilə bağlı xəbərlər Rusiyanın növbəti yalanıdır, çünki helikopter Poltava aerodromuna uçubsa, deməli, o, cəbhə xəttindən təxminən 300 km aralıdan qalxıb və yalnız bilərəkdən yerə enə bilərdi. Bundan başqa, aşağı hündürlükdə və aşağı sürətlə uçan heyət yerdəki bütün oriyentirləri yaxşı görüb, ona görə də 300 km “səhv etmək” mümkün deyil. Daha sonra jurnalist Ukrayna ordusunun rəhbərliyindəki mənbələrə istinadən vurğulayıb ki, helikopter zədələnməyib və həqiqətən də, onun avadanlığının ətraflı öyrənilməsi üçün aviabazalardan birinə uçub. “Hazırda heyətlə iş aparılır. Hər şey yaxşıdır. Əlavə xəbərlər veriləcək”, - Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya helikopterinin Ukraynaya enməsi ilə bağlı məlumatı təsdiqləyib.         Həmçinin bildirilib ki, bu, BKİ-nin altı aydan çox davam edən xüsusi əməliyyatı idi. “Mi-8” Xarkov vilayətinə eniş edib. Təyyarədə pilotla birlikdə helikopterin, əslində, haraya uçduğunu bilməyən iki heyət üzvü olub.

“Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz...”

“Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə  bilərlər. Bütün dünyada belədir...” “İndiyədək Qarabağ iqtisadi rayonununun bir hissəsində yaşayan ermənilərlə bağlı Azərbaycanın atdığı addımlar beynəlxalq normalar çərçivəsində olub. Erməniləri Rusiya “sülhməramlı”larının kontrolu altında olan ərazilərdən kimsə qovub çıxarmaq istəmir”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı aşağıdakı sualımıza cavabında söyləyib: “Qərbi Azərbaycanda doğulub boya-başa çatmış bir Azərbaycan türkü, həm də ermənişünas alim olaraq ermənilərin dili ilə yanaşı,  haykların etnopsixoloji xarakterinə, sosial, ictimai-siyasi dilinə də yaxşı bələdsiniz. Sizcə, ictimai-siyasi, sosial baxımdan haylarla necə dil tapmaq lazımdır?  44 günlük savaşdan keçən son 3 ilə yaxın dövrdə həm Qarabağdakı, həm də Qərbi Azərbaycandakı haylarla doğru dil tapmaq üçün Azərbaycan dövləti olaraq atdığımız addımlar arasında yanlışı olan varmı?”  “Sadəcə olaraq burada yaşayan ermənilərdən Azərbaycan qanunlarına tabe olmaq tələb olunur. Tabe olmayanlara da seçənək tanınır: onlar çıxıb gedə  bilərlər. Bütün dünyada belədir. Hansısa etnik qrupa müəyyən haqlar vermək də həmin ölkənin haqqıdır. Bir qrup etnik erməniyə görə Azərbaycan öz dövlət quruluşunu dəyişdirə bilməz. Ermənilər ya Azərbaycana inteqrasiya etməli, ya da çıxıb getməlidirlər. Bu qədər sadə bir həqiqəti ermənilər çox yaxşı başa düşürlər, amma nəyəsə nail olmaq üçün diplomatik manipulyasiya edirlər. Lakin düşünürəm ki, bu durum belə davam edə bilməz”,- açıqlamasının davamında ermənişünas alim belə deyib.

“Azərpoçt” bələdiyyə hesabları ilə bağlı məsələyə münasibət bildirdi

Sozcu.az saytında yayımlanan: Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL - başlıqlı xəbərə,  “Azərpoçt” MMC münasibət bildirib.  Həmin münasibəti olduğu kimi təqdim edirik:  Astara Poçt Filialının bağlanması və həmin regionda yerləşən bələdiyyələrin hesablarının statusu ilə bağlı bildirək ki, sözügedən filialın ləğv edilməsinə baxmayaraq, həmin filialda olan heç bir bələdiyyənin hesabı bağlanmayıb, hamısı aktiv saxlanılıb. Həmin hesablar hazırda Lənkəran Regional Poçt Filialına köçürülür. Bununla yanaşı, köhnə hesablar da aktiv saxlanılır ki, bələdiyyələrin ödəniş prosesində hansısa problem yaranmasın. Bu hesabların aktiv olduğunu, hətta əməliyyatların aparıldığını da “Azərpoçt”un daxili izləmə sistemində görmək mümkündür. Həmçinin yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və onlar tamamilə ödənişsiz şəkildə təqdim olunub Bir daha xatırladırıq ki, “Azərpoçt”un regionlaşma və optimallaşma prosesləri ilə əlaqədar bütün addımlar müvafiq qaydalar və tələblər əsasında aparılır. Media nümayəndələrini “Azərpoçt” MMC-nin nüfuzunu əsassız şəkildə zədələyə biləcək məlumatları yaymamağa dəvət edirik.

Erməniəsilli şəxs Azərbaycan dilində danışdı: "Hər şey qəşəngdir"

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin “Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində “qəşəng” deyərək cavab verib.

Bakı-Quba yolunda AĞIR QƏZA: Türkiyə vətəndaşı öldü

Bakı-Quba yolunda ağır qəza baş verib.  Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba, ödənişli magistral yolunun 82 km-də baş verib.  Belə ki, 1965-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Maliki Ejder Yıldırım idarə etdiyi “Mitsubishi L200” minik markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və sürücü hadisə yerində ölüb.  Faktla bağlı Siyəzən RPŞ-da cinayət işi başlanılıb. 

Ukrayna ikinci müdafiə xəttinə yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Novoprokopovka və Novodanilovka istiqamətində irəliləyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Baş Qərargahı məlumat yayıb. Hazırda mövqelərdə möhkəmlənmə işləri aparılır. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu isə Ukrayna Silahlı Qüvvələrinin tədricən Rusiyanın ikinci müdafiə xəttinə yaxınlaşdığını bildirib.

Azərbaycanın bu əraziləri zəlzələyə həssasdır! - Açıqlama

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib. Maraqlıdır, Azərbaycanda hansı istiqamətlər zəlzələ ilə bağlı risk zonası hesab edilə bilər? Yeni zəlzələnin ehtimalı varmı? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev Azərbaycanda zəlzələlərin olmasını normal hal kimi dəyərləndirib. Ekspert risk zonası hesab edilən ərzilərin adlarını da çəkib: “Cavan dağəmələgəlmə zonalarında, Talış dağlarında zəlzələlərin olması labüddür. Azərbaycanın ərazisi başdan-ayağa zəlzələ zonasında yerləşir. Orta və aşağı ballı zəlzələlər Azərbaycan ərazisində olub, olur və olacaq. 4 baldan aşağı olan zəlzələlər seysmoloji cihazlarla qeydə alına bilər. Belə zəlzələrdə isə dağıntılar olmur, ümumiyyətlə dağıntı olmadığı halda zəlzələnin qorxusu yoxdur. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintilərə mövcud seysmoloji xəritə əsasında icazə verməlidir. Yaponiyada 9 ballıq zəlzələdə heç bir dağıntı olmur, insanlar narahatlıq keçirmir. Nə üçün 5 ballıq zəlzələdən qorxmalıyıq? Əksər hallarda keyfiyyətsiz, ucuz tikinti məhsullarından istifadə edib ev, obyekt və s. tikirlər, sonra həmin tikili başlarına uçanda zəlzələni səbəbkar çıxarırlar. Bizdəki məsuliyyətsizlik problemlər yarada bilər, zəlzələlər yox. Biz dünyanın 3 ən aktiv dağəmələgəlmə prosesi olan zonada yaşayırıq. Burada zəlzələnin olması planetin qanunauyğuluğudur. Baş verə biləcək zəlzələnin zamanı, gücü haqqında isə dəqiq, elmi fikir demək olmaz, bu, mümkün deyil”. Mütəxəssisin sözlərinə görə, tikinti qaydalarına düzgün əməl edilsə, zəlzələ qorxusu da aradan qalxmış olar: “Azərbaycanda cavan dağlıq ərazilərdə zəlzələlərin olması normaldır və gözləniləndir. Yaxşı haldır ki, son zəlzələ 5 bal gücündə olub. Bu, yerin daxilindəki gərginliyinin hissə-hissə üzə çıxma faktıdır. Böyük maqnitudalı, yüksək ballı zəlzələnin olacağı ilə bağlı qorxuya düşmək lazım deyil. Sadəcə olaraq, tikinti sənayesində 8-9 ballıq zəlzələyə davamlı tikililər ərsəyə gətirmək lazımdır, çünki Azərbaycan risk zonasındadır”.

Hindistanda körpü uçdu: 17 nəfər öldü

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib. “İndiyədək 17 nəfərin meyiti tapılıb, itkin düşənlər var”, - polis əməkdaşı bildirib. İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.

Krım körpüləri dağılıb, Rusiya bu yola... - Britaniya

Çonqar və Geniçeskdəki körpülərə güclü zərbələrdən sonra ruslar Krımda öz logistikaları üçün yalnız bir uzun marşruta bel bağlamaq məcburiyyətində qalıblar. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. Bildirilib ki, indi ruslar Ukraynanın cənubunun Krımla sərhədində ponton keçidlər inşa edir: “Avqustun ortalarında Ukraynanın Çonqar və Geniçesk körpülərinə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiyanın ağır texnika və sursatlarının böyük yükünə tab gətirə bilsin. Krımda dar yerlər yaranıb. Bu o deməkdir ki, Rusiya Armyanskdan keçən uzun yola arxalanır. Bu da Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır”.

De Brüyne komanda yoldaşlarına platin "iPhone" hədiyyə etdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne bütün komanda yoldaşlarına hədiyyələr alıb. Sozcu.az xəbər verir ki, bu barədə ESPN- məlumat yayıb. Belçikalı futbolçu "Mançester Siti"nin oyunçularına platin "iPhone" markalı telefonları hədiyyə edib. Qeyd olunur ki, De Brüyne bu yolla komandanı ötən mövsüm İngiltərə Kubokunu, Premyer Liqanı və Çempionlar Liqası titulunu qazanmaqları münasibəti ilə təbrik edib. İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Kevin De Brüyne 32 oyuna çıxıb, 7 qol vurub və 16 qolun ötürməsini verib. Onun "Mançester Siti" ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

İnfarkt və insult keçirən insanlar üçün FAYDALI İÇKİLƏR

Adətən həkimlər ürək problemi olan insanlara yalnız yaşıl çaydan istifadə etməyi tövsiyə edirlər. Sozcu.az lent.az-a istinadən bildirir ki, bununla belə, kardioloq Vitali Toropovun sözlərinə görə, yapon alimlərinin araşdırması göstərib ki, digər kofeinli içkilər insult və ya infarkt keçirmiş insanların ölüm riskini xeyli azaldır. Tədqiqatçılar 40-79 yaş arası, demək olar ki, 46 min insanın sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Qeyd olunur ki, subyektlərin 60%-i qadınlardır. Ekspertlər iştirakçıları üç qrupa bölmək qərarına gəliblər: "insult keçirənlər", "infarkt keçirənlər" və "nə infarkt keçirməyənlər, nə də insult keçirənlər". Toropovun sözlərinə görə, alimlər insanların yaşıl çay və kofe istehlakı ilə bağlı vərdişlərini araşdırıb və belə nəticəyə gəliblər ki, bu içkilər yuxarıda qeyd olunan damar patologiyalarından əziyyət çəkən xəstələr üçün faydalı ola bilər. Onları içmək insult və ya infarkt keçirmiş insanların daha uzun ömür sürmə şansını artırdı. Ürək böhranı keçirmiş hər kəs, müntəzəm olaraq qəhvə içməyən insanlarla müqayisədə gündə bir fincan qəhvə içməklə ölüm riskini təxminən 22% azaltmaq şansına malikdir. Tədqiqatçılar həmçinin aşkar ediblər ki, əvvəllər heç vaxt infarkt və ya insult keçirməyən üçüncü qrup iştirakçıları həftədə bir fincandan çox qəhvə içsələr, ölüm riskini 14% azalda bilər.

Cəlilabadda zəlzələ nəticəsində dağıntı olub?

Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb. Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb. Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Ukrayna Donetksi vurur: Ard-arda partlayışlar

Hazırda Ukrayna ordusu Donetskin mərkəzini atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, şəhərin mərkəzində 3 güclü partlayış eşidilib. Bildirilib ki, partlayışlar rasında cəmi 1 dəqiqə fərq var. Donetskin “meri” Aleksey Kulemzin şəhərin kütləvi şəkildə atəşə tutulduğunu təsdiq edib.

Mirziyayev Füzuliyə getdi, Prezident qarşıladı

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 23-də Füzuli rayonuna gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şövkət Mirziyayevi və xanımı Ziraatxan Mirziyayevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Bakıda temperatur iqlim normasından yuxarı olub

Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub. Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3,3 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.