Paşinyandan Putini qəzəbləndirəcək SÖZLƏR

Ermənistan Rusiya hərbi bazalarını öz ərazisində saxlamağa davam etməkdə heç bir üstünlük görmür. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib. "Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirməli olduğumuz qərara gətirdi və biz indi bunu etməyə çalışırıq", - Paşinyan bildirib. O nəşrə müsahibəsində qeyd edib ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün İrəvan yeni tərəfdaşlar axtarır. Qəzet xatırladıb ki, bir neçə gün əvvəl Ermənistan Fransadan müasir hava hücumundan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıb.

Zelenski hədələdi: Rusiyaya cavab zərbəsi endirəcəyik

Ukrayna qarşıdan gələn qışda Rusiyanın enerji obyektlərinə mümkün hücumlarına cavab verəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zzelenski Teleqram kanalında yazıb. O bildirib ki, gündəlik müşavirədə texnikanın gəlməsi, cəbhədən məlumatlar və Rusiya son zərbələrinin nəticələri ilə bağlı məruzələr alıb: “Biz enerji infrastrukturuna terror hücumlarına hazırlaşırıq. Bu il nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik. Düşmən bunu yaxşı bilir. Əvvəlcə donanmanı Krımdan çıxardılar, indi isə öz təyyarələrini sərhədlərimizdən daha uzağa aparırlar”.

Paşinyan: Qarabağ erməniləri ilə bağlı sabah qərar veriləcək - Təcili

“Qarabağdan olan məcburi miqrantlara müvəqqəti müdafiə statusu veriləcək”. Sozcu.az erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Baş nazir parlamentdə bildirib ki, bu, Qarabağdan olan ermənilərin qaçqın statusunu qeydə almağa, Ermənistan vətəndaşlığına sonrakı qəbul məsələsini həll etməyə və hüquqlarını qorumağa imkan verəcək. Qərar Nazirlər Kabinetinin sabahkı iclasında təsdiqlənəcək Bildirilib ki, bu məsələ uzun müddətdir müzakirə olunur. “Məcburi köçkünlərin təcili yardıma ehtiyacı var. Həmçinin dövlət proqramlarını köçənlərin maraqlarına uyğunlaşdırmaq lazımdır”-baş nazir bildirib. P.S.Qeyd edək ki, Paşinyanın “məcburi köçkün” adlandırdığı erməniləri Azərbaycan Qarabağdan nəinki köçməyə məcbur etməyib, hətta onların vətəndaşlıq alaraq rahat yaşaması üçün əlindən gələni edib.

Ya Zəfər Günü, ya da ilin sonunda... - azadlığa onlar da buraxılacaq

Əfv Komissiyasının üzvündən yayılan xəbərlərə reaksiya; hüquq müdafiəçisi: “Prezidentin əfv sərəncamı imzalaması həm də dünyaya bir mesaj olardı...” Azərbaycan xalqı Zəfər Gününün 3-cü ildönümünü qeyd etməyə hazırlaşır. Qarabağa nəzarətin ələ alınması sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverinliyimizin tam təmin olunması builki Zəfər Günü ab-havasını daha fərqli edəcək. 8 Noyabr Zəfər Günü ilə bağlı böyük əfv sərəncamının imzalanıb-imzalanmayacağı da maraq doğurur. Yada salaq ki, Heydər Əliyevin 100 illiyi ilə bağlı may ayında artıq 500 nəfəri əhatə edən çox böyük əfv sərəncamı icra olunub. Daha bir iddiaya görə isə bu ilin sonu - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində mərhum prezident Heydər Əliyevin 100 illiyi münasibətilə əfv sərəncamı imzalanacaq. Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, İlham Əliyev tərəfindən imzalanacaq əfv sərəncamı təxminən 1500 məhkuma şamil olunacaq. Bu isə son illərin ən böyük əfv sərəncamı deməkdir. Azadlığa çıxacaq şəxslər arasında mərhum prezident Heydər Əliyevin komandasında olmuş bəzi məhbusların da olacağı deyilir. Məlumata görə, artıq əfvə düşəcək şəxslərin bəziləri ilə bağlı cəzaçəkmə müəssisəsindən Əfv Komissiyasına müvafiq sənədlər daxil olub. Əfv Komissiyasının üzvü Rəşad Məcid “Yeni Müsavat”a dedi ki, bu il əfv sərəncamının veriləcəyini gözləmir: “Əfv Komissiyası adətən yanvar ayından iclaslara başlayır. Daxil olan müraciətlər əfv sektorunda araşdırılır və uyğun gələn müraciətlər Əfv Komissiyasına təqdim olunur. Komissiyanın iclaslarında hər bir müraciət müzakirəyə çıxarılır. Bu il əfv sərəncamı imzalanıb. Çox güman ki, komissiya yenə də yanvar ayından iclaslara başlayacaq. Onu da qeyd edim ki, əfv sərəncamı Prezidentin müstəsna hüququdur. Müraciət daxil olan məhbuslar barədə cəzaçəkmə müəssisələrindən rəylərin alınması və digər sənədlərin toplanması isə adi prosedur qaydadır”. Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, hüquq müdafiəçisi Xəzər Teyyublu qalib Azərbaycanın hazırda belə bir sərəncama çox ehtiyacının olduğunu qeyd etdi: “Bu çox aktual bir məsələdir. Konkret olaraq, bu, insan hüquq və azadlıqları məsələsidir. 8 Noyabr Azərbaycan tarixi üçün çox böyük Zəfər Günüdür. Biz də eşitmişik ki, həmin tarixlə əlaqədar, yaxud da ilin sonunda əfv sərəncamı verilə bilər. Amma təbii ki, bu, ölkə başçısının müstəsna səlahiyyətidir. Ölkəmiz artıq qələbə mühitini yaşayır. Azərbaycanda siyasi marağı olan dövlətlər də etiraf edirlər ki, Qarabağ məsələsi bitib, bu konflikt yekunlaşıb. Sadəcə, sülh müqaviləsi qalıb və bu məsələ də yəqin ki, həllini tapacaq. Qalib ölkə kimi də təbii ki, bir barış mühitinə ehtiyac var. Onun üçün də əfv sərəncamı verilsə, çox yaxşı olardı. Siyasi məhbuslar daxil, digər məhbuslar da var ki, azad edilsələr çox müsbət olardı. Hətta mən gözləyirəm ki, "Qızıl amnistiya" verilsin. O zaman nəinki 1500, daha çox şəxsin bu amnistiyaya düşmə şansı var. Ölkəmiz artıq quruculuq mərhələsinə daxil olur. Bəzi məhbuslar var ki, azadlıqda olsalar, töhfələri bu proseslərdə çox ola bilər. Bu il Azərbaycan üçün çox tarixi bir ildir. Belə bir ildə də bu sərəncam verilsə, hamımız üçün çox sevindirici olardı. Əfv Komissiyası öz siyahılarını hazırlayacaq. Amma əfv etmək Prezidentin, əvvəldə dediyim kimi, müstəsna səlahiyyətlərindən biridir. Hər zaman da belə humanist addımların şahidi olmuşuq. Bu il də ümid edirəm ki, olacağıq". Hüquq müdafiəçisi sentyabrın 19-dakı antiterror tədbirlərimizdən sonra xaricdən ölkəmizə yönəlik təzyiqlərin, qəbul edilən qətnamələrin fonunda da əfv sərəncamının verilməsini olduqca vacib sayır: “Prezidentin əfv sərəncamını imzalaması həm də dünyaya bir mesaj olardı. Azərbaycan tolerant ölkədir və burada çoxmillətli xalqlar yaşayır. Əfv sərəncamı və ya amnistiya bu millətlərə də aid ediləcək. Dünya da bunu görəcək və mütləq bu məsələ müsbət qarşılanacaq. Qarşıdan hüquq müdafiə təşkilatlarının, siyasi partiyaların, medianın fəaliyyətinə xüsusi önəm verilən mərhələ gəlir ki, Azərbaycan bu mərhələdən uğurla keçməlidir. Ermənilər basılıb, amma bilirsiniz ki, hər zaman güclü lobbiləri olub. Fransa artıq ikitərəfli şəkildə Ermənistanla silah satışı məsələsində saziş imzalayıb. Buna cavab olaraq, Avropa dünyası ilə münasibətlərimizi daim yaxın etməliyik. Oradan bizə yönəlik daim ikili mövqelər gəlir, qətnamələr qəbul olunur. Biz də çalışmalıyıq ki, insan haqları və digər məsələlərdə onların əlinə fürsət verməyək. Bu addımı atan xaricdəkiləri fakt qarşısında qoymalıyıq. Biz əfv etməklə onların bəyanatlarını içi boş edəcəyik. Tarixə düşəcək amnistiyanın verilməsi, sadəcə, cəmiyyət tərəfindən alqışlanacaq”.(musavat.com)

“Ey İsrail, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin heç bir borcu yoxdur" - Ərdoğan

"Qərb HƏMAS-ı terror təşkilatı kimi görür". Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə İsrailə dəstək verməyə məcbur deyil: “Ey İsrail, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin heç bir borcu yoxdur. HƏMAS terror təşkilatı deyil, öz torpağını və vətəndaşını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”. Türkiyə lideri vurğulayıb İsrailin Baş naziri Benyamin Netanyahunun əlini cəmi bir dəfə sıxıb: “Netanyahu adlı şəxsin əlini cəmi bir dəfə sıxmışam. Bizim niyyətimiz yaxşı idi, lakin xoş niyyətimizdən sui-istifadə etdilər”. Türkiyə Prezidenti, həmçinin İsrailə planlaşdırdığı səfərini ləğv etdiyini açıqlayıb.

Hakan Fidandan ŞOK: Daha böyük müharibə başlaya bilər - SON DƏQİQƏ

"Bölgəmiz sözün əsl mənasında dönüş nöqtəsindədir. Biz ya indiki konyukturadan daha böyük müharibəyə, ya da daha böyük sülhə gedəcəyik". Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərin paytaxtı Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə keçirilən birgə mətbuat konfransında deyib. "Görüşdüyüm bütün həmsöhbətlərim açıq şəkildə deməsələr də, bu müşahidəni bölüşürlər. Biz hər iki tərəfə və qeyri-regional aktorlara sağlam düşüncəni təbliğ edərkən, bəziləri yanğını alovlandırır" - H. Fidan bildirib. Türkiyəli nazir vurğulayıb ki, əgər hazırkı böhranın coğrafi olaraq yayılmasının qarşısı alınmasa, bütün dünyanı daha pis günlər gözləyir: "Fələstin məsələsinin ədalətli siyasi həlli olmadan bölgəmizdə daimi sülh və sabitliyin bərqərar olması mümkün olmayacaq. Həmişə dediyimiz kimi, həll yolu tapmağın yeganə üsulu 67 sərhədə əsaslanan, paytaxtı Şərqi Qüds olan coğrafi bütövlüyünə malik müstəqil və suveren Fələstin dövlətini reallaşdırmaqdır".

Simonyandan Rusiyaya: “Bizə söz deyəndə iki dəfə düşünün!”

“Bizə söz deyəndə 2 dəfə düşünsünlər”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan dünən Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notası təqdim edilməsi barədə məsələyə bu sözlərlə reaksiya verib. O qeyd edib ki, Ermənistan tərəfi həmişə layiqli ritorikaya riayət etdiyi üçün bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı. “Erməni tərəfi heç vaxt özünü qeyri-mədəni tərəfdaş kimi aparmayıb”, - deyə Simonyan iddia edib. Bu zaman yerli jurnalistlər ona Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı “katibə” adlandırmasını xatırladıblar. Ermənistan parlamentinin spikeri bunda təhqiredici heç nə olmadığını, onun çıxışının Zaxarovanın konkret bəyanatından sonra baş verdiyini söyləyib. “Mən onların məsləhətçilərinin kim olduğunu bilmirəm, lakin onların planı əks nəticə verdi. Ona görə də növbəti dəfə iki dəfə düşünsünlər”, - deyə Alen Simonyan əlavə edib.

10 yaşlı Nərminlə bağlı qan donduran faktlar ÜZƏ ÇIXDI - Nərmin atasından NƏ İSTƏMİŞDİ?

Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyeva bütün Azərbaycan cəmiyyətində narahatlıq yaradıb. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hökmə görə İlkin Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. News24.az xəbər verir ki, hazırda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirən İlkin Süleymanovun cinayət işi üzrə Apellyasiya prosesi davam edir. Apellyasiya prosesinin getdiyi bir vəziyyətdə İlkin Süleymanovun qardaşı Adil Süleymanov Referans.az-a cinayət işində baş vermiş və hərkəsdən gizli bir çox məqamları danışıb. Adil Süleymanov bildirib ki, həmin cinayətdə əsas müəmmalı məqamlardan biri təcrübə məqsədi ilə yandırılan qoyunun videosudur: “Cinayət işində bildirilir ki, Nərmin Quliyeva yandığı zaman belinin torpaqda olan hissəsi yandığı üçün kömürləşmiş şəkildə olub, amma təcrübə məqsədi ilə yandırılan qoyunun torpaqda olan hissəsinin yanmadığı çəkilən videolarda açıq-aydın görünür. Bütün bunlar olduğu halda niyə hələ də ittiham aktında yandırılan qoyunun bel hissəsinin kömürləşdiyi bildirilir? Hadisə baş verdiyi gün, yəni Nərmin Quliyevanın yandırıldığı gün hadisə bizim evdən 30 metr irəlidə baş verib. İlkin hadisəni gördükdən sonra videoya çəkməyə başlayıb. Həmin videoda İlkin danışır və öz ağzıilə deyir ki, cəsədə yaxın durmayın, ayaq izləri pozulmasın”. Adil Süleymanov bildirib ki, ən müəmmalı hadisə isə Nərminin itkin düşdüyü gün anası uşağın müəlliməsinə zəng vurub onun xəstə olduğunu deyib və bu gün dərsdən tez buraxmasını xahiş edib. Nərmin dərsdən çıxdıqdan sonra isə atası Nərmini qardaşı Lətifgilə göndərib ki, gedib oradan onun gödəkçəsini gətirsin: “Əgər Nərmin xəstə idisə, xəstə uşağı niyə əmisigilə qədər yola vurub göndərirdi? Ən əsası isə budur ki, atası həmin gün axşam elə həmin qardaşıgilə ciyər axşamına gedəcəkdi. Nərmini göndərdikdən bir qədər sonra atası narahat olur və Nərminin böyük bacısını Nərminin arxasıyca göndərir ki, gedib Nərmindən xəbər gətirsin. Lakin Nərminin bacısı yolda gedərkən tanımadığı bir maşın onun yanında dayanıb və ona avtomobilə minməyini istəyiblər. Bacısı gedib Nərminin əmisigildə olmadığını görüb və bunu atasına da deyib. Amma atası isə rahat bir şəkildə deyib ki, yəqin ki nənəsigildədir. Bir atanın bu qədər rahat olmağı normaldır?” Bundan əlavə DNT analizlərində belə saxtakarlıq var. Çünki Nərmin Quliyevanın qan qrupu dördüncü qrupdur. Amma tapılan meyitin qan qrupu isə yanvar ayının 24-də çıxan sənədə əsasən 2-ci qrup olub. Bu ən dəhşətli faktlardan biridir. Adil Süleymanov əlavə edib ki, məhkəmə prosesi başa çatdıqdan sonra hansı ki, artıq İlkinə 18 il verildi. Bundan sonra məhkəmə elan etdi ki, 20 gün müddətində Apellyasiya müraciəti qəbul olunur. Biz müraciət etdik, amma Nərminin atası Şərif Quliyev 2 ay 5 gün keçəndən sonra müraciət etdi və onun müraciəti qeydə alındı. Hansı səbəbə görə bu qədər zaman keçdikdən sonra onun şikayətini qeydə aldılar? Şərif Quliyev bu zamana qədər şikayətçi olmamışdı, lakin son proseslərdən sonra, hansi ki biz Apellyasiya şikayəti verdik. Bundan sonra onlar bizim kəndə yaydılar ki, əgər onlar şikayət edibsə, biz də Apellyasiyaya şikayət edəcəyik və İlkinə ömürlük həbs verəcəklər. Artıq Apellyasiya məhkəmisinə də ümidimiz qalmayıb. Ümid edirik ki, bir gün ədalət öz yerini tapacaq - deyə İlkin Süleymanov qeyd edib.

Balasanyan təslim oldu

Qarabağdan Ermənistana qaçan terrorçu Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, Balasanyan mərkəzi polis idarəsinə gedib, özünü təqdim edib və üzərindəki 16 ədəd 9 mm çaplı patronla doldurulmuş 2 ədəd darağı olan “Makarov” tipli tapançanı təhvil verib. İstintaq komitəsindən bildirilib ki, Ermənistan qanunvericiliyinə uyğun olaraq məsələ ilə bağlı cinayət işi başlanıb. Silahların qanuni olub-olmaması araşdırılır.

Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil

Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərməlidir. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində deyib. "Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib - əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir", - o deyib. H.Hacıyev Ermənistan tərəfinin Azərbaycanın guya "Zəngəzuru tutmağı planlaşdırdığı" barədə təxribatçı açıqlamalarını təkzib edib.

Türkiyə kəşfiyyatı PKK-nın "rəhbər şəxsi"ni məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk əyalətində daha bir əməliyyat keçirib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində “Rozerin Şemzinan” kod adlı Sariye Atilla məhv edilib. Onun PKK terror təşkilatının “rəhbər şəxs”lərindən biri olduğu, Hakurk əyalətindən məsul olduğu bildirilir.

Ruslar bu bölgədə 2400 əsgər itirdi

Ruslar Donetsk vilayətinin Avdeyevka bölgəsinə hücum taktikasını dəyişiblər. Sozcu.az Axar.az-a istinadən verir ki, bu barədə Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupun bildirib. O qeyd edib ki, ruslar artıq hücumların sayını azaldıblar. Eyni zamanda, rus hərbçilər ora onlarla hava bombası atmağa başlayıblar. “Cəmi iki gecədə düşmən Avdeyevka ərazisinə 40 idarə olunan bomba atıb. Amma hazırda hücumların sayı bir qədər azalıb. Oktyabrın 22-si ilə müqayisə etsək, hətta hücum sayı iki dəfə azalıb”, – Ştupun söyləyib. Onun sözlərinə görə, Rusiyanın taktikası qəribə bir şey deyil, çünki son beş gün ərzində rus ordusu Tavriya əməliyyat zonasında 2400-ə yaxın itki verib. Eyni zamanda, Ukrayna əsgərləri rusların 150 zirehli texnikasını, o cümlədən 54 tankını məhv edib.

Paşinyan Qarabağla bağlı tapşırıq verdi: “Əsas silahı işə salın!”

“Artsax” itirilsə də, Ermənistan yeni müharibənin astanasında olsa da, Paşinyan üçün əsas məsələ hakimiyyətin saxlanılmasıdır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazıb. “Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının kollegiya iclasında komanda yoldaşlarına deyib ki, indi ruslar hakimiyyəti ondan almaq istəyir, ona görə də hakimiyyəti qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Beləliklə, Paşinyan komanda yoldaşlarına əsas silahı işə salmağı tapşırıb; yəni erməni ictimaiyyətini parçalamaq və nifaq salmaq. O, nəyin bahasına olursa-olsun, “artsax” rəhbərliyinin nüfuzdan düşməsinə nail olmaq istəyir. Əsas hədəf “artsax” lideri Samvel Şahramanyandır. Hər şey edilməlidir ki, narazılıq oxları Şahramanyana tərəf yönəlsin. Lakin Paşinyan bununla da məhdudlaşmaq istəmir. O, erməni cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsini dərinləşdirməyi tapşırıb”, – “Joxovurd” qeyd edib.

Kəşfiyyat məlumatı sızdı: İran yaxın saatlarda hücum edəcək - DƏHŞƏTLİ müharibə başlayır

İran yaxın saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək. Bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur. “Bu qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçirib. Lakin indi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”, - CNN yazır. Adının açıqlanmadığı ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir. Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək. Beynəlxalq mütəxəssislər hesab edirlər ki, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir. (Publika.az)

Nəvələrini küçəyə atan nənə DANIŞDI: Anası tüfeyli həyat tərzi keçirir...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyulan uşaqlarla bağlı məlumat yayıb.  Sozcu.az xəbər verir ki, Komitə azyaşlılarla bağlı araşdırmalara başladığını bildirib.  Məlumatda bildirilir ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb və uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb.  "Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.  Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - məlumatda bildirilir. 

Rusiyanın itkiləri 297 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 609-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 296 310 hərbçi, 5112 ədəd tank, 9697 ədəd zirehli döyüş maşını, 7125 ədəd artilleriya sistemi, 833 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 554 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9474 ədəd avtomobil texnikası, 5372 ədəd PUA, 1538 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1007 xüsusi avadanlıq itirib.

Bakıda dönərdən halı pisləşən 20 məktəbli xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir. Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir. *** Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, həmin təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı...

Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “X” sosial şəbəkəsində qeyd edib. Saakaşvili Zəngəzur dəhlizi məsələsinin fərqli şəkildə icra edilə biləcəyini deyib: “Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, Ermənistanda hakimiyyət çevrilişi etmək, müzakirə edilən dəhlizə öz sərhədçilərini yerləşdirmək istəyir. Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi. Sözügedən yolla bağlı razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan da eynisini edə bilər. Ermənistan burada çox qazanmış olar. Həmçinin əsas beynəlxalq marşrutlara çıxış, mühüm nəqliyyat və logistika məsələləri də həllini tapacaq. Beləliklə hər iki tərəf ehtimal münaqişədən qaçmış olacaq”.

Fransa sistemləri ilə bunu edə bilərik - Babayan

Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçıların İrəvana qaça bilmiş keçmiş nümayəndəsi Samvel Babayan deyib. O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur: “2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın “Thales” şirkəti nəzərdə tutulur – red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”. O iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb: “Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya - red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”. O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb. Qeyd edək ki, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin “Mistral” verəcək.

Göyçayda örüş sahəsində insan qalıqları tapıldı

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakla bağlı araşdırma aparılır.

Əsgərov ekstrasensə külli miqdarda pulu niyə verib?

Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Yekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aparılan araşdırma zamanı məlum olub ki, Yekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georgiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib. Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu Fəridin vasitəsi ilə ekstrasens Yekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda Fəridin həyat yoldaşı Bilqeyis də Cəlalın xanımı Anastasiya Georgiyevnanı ekstrasenslə tanış edib. "Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb. Həmin vaxt Yekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib. Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq "20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam" deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Yekaterinanın mənzilində ona verib. Bundan sonra o, yanvar ayını gözləyib, lakin Yekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Yekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da "Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Yekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib. Cəlal və həyat yoldaşı, onların ailə dostu Fərid və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər. Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Yekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır. O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb.

BQXK Ermənistanda saxlanılan əsirlərimizə baş çəkdi

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər. Bu barədə Sozcu.az-a BQXK-ın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Qəzzada ölənlərin sayı artdı

İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 5700-ü ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. “Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 5791 nəfərə çatıb. Onlardan 2360-ı uşaq, 1292-i qadındır. Daha 16 297 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

Separatçıların başçıları ailələri ilə DANIŞDILAR

Oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - İlahə Hüseynova qeyd edib. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.