Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyulan uşaqlarla bağlı məlumat yayıb.
Sozcu.az xəbər verir ki, Komitə azyaşlılarla bağlı araşdırmalara başladığını bildirib.
Məlumatda bildirilir ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb və uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb.
"Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.
Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - məlumatda bildirilir.