Martda 16 gün iş olmayacaq

Mart ayında 16 gün iş olmayacaq. Sozcu.az xəbər verir ki, qeyri-iş günlərinə 8 Mart - Qadınlar Günü, Novruz bayramı, şənbə və bazar günləri daxildir. Belə ki, 8 Mart - Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq. Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən, ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq. Martın ayında bayramlardan əlavə, şənbə və bazar günləri də daxil olmaqla, ümumilikdə 16 gün iş olmayacaq.

Uşaqlar arasında virus: nazirlikdən reaksiya

Hər il olduğu kimi, bu ildə mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. Sozcu.az xəbər verir ki, bunu APA-ya Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib. Onun sözlərinə görə, əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəkdir: “Virus infeksiyaları hava damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə, gigiyenik qaydalara riayət edilməlidir, insanların kütləvi toplandığı yerlərdən uşaqlar uzaq tutulmalıdır. Evdə xəstə uşaq varsa digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”.

Sumqayıtda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən ailənin vəziyyəti məlum olub. Sozcu.az xəbər verir ki , bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı bildirib ki, 05.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub. “Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar”,- deyə o əlavə edib. Qeyd edək ki, Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

Məktəblərdə 5 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayacaq. Sozcu.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Tətildən sonrakı ilk dərs günü 1 fevral 2025-cü il tarixidir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hava kəskin soyudu: Yağış və qar gəlir...

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az a bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Sozcu.az xəbər verir ki, Xidmətdən bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. “Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, - o deyib.

Almaniyada dəhşətli şaxtalar: Onlarla reys təxirə salındı

Son günlər Almaniyada havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yolların buz bağlaması avtomobil qəzalarının baş verməsinə və aeroportlarda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub. Sozcu.az xəbər verir ki, Frankfurt hava limanında uçuş-eniş zolaqlarının təmizlənməsi və görmə məsafəsinin zəif olması ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Bazar günü üçün planlaşdırılan 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib. Münhen aeroportunda bir neçə reys təxirə salınıb. Uçuş-enmə zolaqlarının təmizlənməsi işləri davam etdirilir. Hava şəraiti Ştutqart hava limanının da fəaliyyətinə təsir edib. İndiyədək bu aeroportda yeddi uçuş təxirə salınıb. Temperaturun aşağı düşməsi Berlin Brandenburq aeroportunda 30 uçuşa təsir göstərib. Təkcə şənbə günü 17 aviareys ləğv edilib. Hava şəraiti ilə əlaqədar ölkənin bir sıra əyalətlərində ciddi qəzalar baş verib. Yolların buz bağlaması nəticəsində cümə günü Türingiya əyalətində 17 qəza olub. Meteoroloqlar temperaturun bazar ertəsindən etibarən yüksələcəyini proqnozlaşdırırlar.

Ukrayna ordusu Kurskda genişmiqyaslı hücuma KEÇİB

Yanvavarın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində cəbhənin bir neçə sektorunda genişmiqyaslı hücuma keçib. Ruslar üçün bu əməliyyat tamamilə gözlənilməz olub. Sozcu.az xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb. “Kursk bölgəsindəki ruslar çox narahatdırlar, çünki onlar bir neçə istiqamətdə hücuma məruz qalıblar və bu, onlar üçün gözlənilməz olub”, - xəbərdə deyilir. Hücum əməliyyatını Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermak da təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin yanvarın 5-də səhər saatlarında Kursk vilayətində başlayan hücumunu təsdiq edib. Ukrayna KİV-i bildiri ki, Rusiya artilleriyası hücumun qarşısnı ala bilmir. Qeyd olunur ki, Sudjanski rayonundan Berdin-Bolşoye Soldatskoye istiqamətində zirehli texnikadan istifadə etməklə hücum aparılır. Ukrayna Silahlı Qüvvələrinin hücumu fonunda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Evkurov təcili olaraq Kursk vilayətinə gəlib.

Qəzzada ölən fələstinlilərin sayı 46 minə çatır

Qəzzada son sutkada 88 fələstinli ölüb, 208 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 45 805, yaralananların sayı 109 064 nəfərə çatıb. Xatırladaq ki, ötən il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və İCAO-nun 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək. Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir. Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır. Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qroznıda "Pantsir" sisteminin hücumuna məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstanın Aktau şəhəri istiqamətində uçmağa məcbur olan təyyarə aldığı zədə səbəbindən Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Darende rayonunda 4 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Zəlzələ yerin 10,43 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yayılmayıb.

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Fikrət İsmayılov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

48 yaşlı narkokuryer TUTULDU

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ. Hüseynzadə saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, ondan 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib. Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın təhlilinə başlayıblar. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) məlumatları təhlil edirlər. Mütəxəssislər qara qutulardan məlumatların çıxarılması və təhlili üzərində işləyirlər, bunlarda pilotların söhbətlərinin yazıları və qəza anına qədər bütün uçuş zamanı təyyarənin vəziyyəti haqqında məlumatlar var. CENIPA baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmağı planlaşdırır. Braziliyada edilən təhlillərin nəticələri Qazaxıstanın məsuliyyətində olan istintaqın yekun hesabatına daxil ediləcək.

Bu ərazilərdə 9 dərəcə şaxta oldu

Yanvarın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda isə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1046-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 794 760 hərbçi, 9 679 ədəd tank, 20 093 ədəd zirehli döyüş maşını, 21 578 ədəd artilleriya sistemi, 1 257 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 32 843 ədəd avtomobil texnikası, 21 356 ədəd PUA, 3006 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Yeni araşdırma: spirtli içkilər 7 növ xərçəng yaradır

ABŞ-ın baş cərrahı Vivek Murti alkoqolun sağlamlığa zərərli təsirləri ilə bağlı yeni araşdırmaların nəticələrini açıqlayaraq, alkoqolun yeddi növ xərçənglə əlaqəli olduğunu bildirib. O, alkoqollu içkilərin etiketlərində xərçəng riski ilə bağlı xəbərdarlıqların siqaret qutularında olduğu kimi göstərilməsini təklif edib. Bu barədə Sozcu.az xarici mediaya istinadla xəbər verir. Murti qeyd edib ki, ABŞ-da hər il 100 min xərçəng halı və 20 min ölüm alkoqol istifadəsi ilə əlaqələndirilir. Bundan əlavə, alkoqol 13 500 ölümcül yol-nəqliyyat hadisəsinə də səbəb olur. Onun sözlərinə görə, alkoqol tütün və piylənmədən sonra xərçəngin qarşısı alına bilən üçüncü əsas səbəbdir. Murti, amerikalıların əksəriyyətinin alkoqolun sağlamlıq üçün bu qədər ciddi risklər yaratdığından xəbərsiz olduğunu vurğulayıb və məlumatlandırma tədbirlərinin artırılmasının vacibliyini qeyd edib.

Azərbaycan təyyarəsinin qara qutuları Braziliyadadır - Araşdırmalar BAŞLAYIB

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan və Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) QSC-nin "Embraer 190" təyyarəsinin qara qutuları Braziliyaya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb. Məlumata görə, ekspertlər artıq qeydiyyat qurğularından alınan məlumatları tədqiq etməyə başlayıblar. Proses Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən həyata keçirilir. Texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları qara qutulardan çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək. Qazaxıstan, Rusiya və Azərbaycandan olan nümayəndələr də Braziliyadadır. Nəşrin məlumatına görə, CENIPA mütəxəssisləri tədqiq olunan vəziyyəti simulyasiya etmək və nəticə çıxarmaq üçün kompüter texnologiyasından istifadə edəcəklər. Onlar yekun təhqiqat hesabatına daxil ediləcək ki, bu hesabatın dərci Qazaxıstanın üzərinə düşür.

Rusiyanın 2024-cü ildəki itkiləri açıqlandı

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun 2024-cü il ərzində itkisi haqda məlumat yayıb. Sozcu.az xəbər verir ki, Rusiya qoşunlarının 2024-cü ildə 430 790 əsgər itirdiyi bildirilib. Qeyd edilib ki, bu, canlı qüvvədə bərpa olunmayan və sanitar itkilərdir. Rusiyanın texnika itkisi isə aşağıdakı kimidir: - 3.689 tank; - 8.956 zirehli döyüş maşını; - 13.050 artilleriya sistemi; - 313 MLRS və 407 HHM sistemi; - 21.345 avtomobil.

Açıq-saçıq geyindiyi üçün bacısını küçədə öldürdü

Türkiyədə qardaş bacısını açıq-saçıq geyimə görə öldürüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə İstanbul şəhərinin Bahçelievlər adlanan ərazisində qeydə alınıb. Küçədə 23 yaşlı F.F. ilə 27 yaşlı bacısı T.F. arasında açıq-saçıq geyim üstündə mübahisə yaranıb. Bu zaman qardaş bacısına bıçaqla bir neçə dəfə xəsarət yetirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları yaralı qadını xəstəxanaya aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, T.F. orada ölüb. Cinayəti törədən qardaş isə saxlanılaraq, həbs olunub.

Berbok Suriyadan Rusiyanı "qovmasını" istədi

Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat yerləşdirilib. Berbok Dəməşqə gözlənilməz səfəri zamanı deyib: “Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb”. O, bunun Ərəb Respublikasının suverenliyinə hörmət olduğunu vurğulayıb. Bundan əlavə, XİN rəhbəri ölkənin yeni rəhbərliyini qadınların və etnik azlıqların nümayəndələrinin maraqlarını nəzərə almalı olan inklüziv hökumət formalaşdırmağa çağırıb. Qeyd edək ki, Almaniya və Fransa XİN başçıları Annalena Berbok və Jan-Noel Barro Suriyaya birgə səfərə gediblər.

Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- Rəsmi AÇIQLAMA

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətirilməsi ilə bağlı xəbərlər paylaşılıb. Həmin kartların müəllimlər üçün hansı üstünlükləri olacaq? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsilin İnkişafı Fondu ilə əlaqə saxlayıb. Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova qeyd edib ki, tələbə plus layihəsi çərçivəsində artıq 20 ali təhsil müəssisəsinin 170 min tələbəsinə kartlar verilib: “Buraya həm Bakıda, həm də regionlarda yerləşən ali təhsil müəssisələri daxildir. İlk mərhələdə yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri bu layihəyə qoşulub. Artıq nazirliyin tabeliyində olmayan universitetlər və özəl ali məktəblərlə də müqavilələr imzalanır. Bundan əlavə, növbəti mərhələdə kolleclərdə və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün də “Tələbə Plus” kartlarının verilməsi planlaşdırılır. Bu, təxminən 70 min tələbəni əhatə edəcək. Proses yekunlaşdıqdan sonra növbəti ildən etibarən “Təhsil Kartı” layihəsinə start verilməsi planlaşdırılır. Lakin layihə çərçivəsində görüləcək işlər hələ çoxdur. Hazırda “Təhsil Kartı” müzakirə mərhələsindədir. Layihə təsdiqlənsə də, onunla bağlı konkret addımlar hələ atılmayıb. 2025-ci ildən etibarən “Təhsil Kartı”nın icrasına başlanılacağı gözlənilir,” – deyə qeyd edilib.

Rusiyaya gedənlərin DİQQƏTİNƏ - Bu sənədlər tələb olunacaq

30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar. Sozcu.az xəbər verir ki, müvafiq qaydalar hökumətin qərarı ilə təsbit edilib. Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək. Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.