Trampın prezidentliyə namizədliyi təsdiqləndi - Conson

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi təsdiqlənib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib. “Mən hamılıqla Trampın tərəfdarıyam", - Conson qeyd edib.

"İş yerləri yox, əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir"

Əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir. Sozcu.az xəbər verir ki, bunu paralamentin bu gün keçrilən iclasında deputat Tahir Kərimli deyib. Deputat qeyd edib ki məmurlar və deputatlar insanlardan qaçır: "Özümü də bura qatıram. Hökumət üzvlərimiz, deputatlarımız gedirik insanlarla görüşlər keçiririk, onları qəbul edirik və tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq. Hər birimizin içində pisliklə, zalımlıqla bərabər, yaxşılıq, mərhəmət hissi də var. Qorxuruq ki, qabağımızda o camaat  ki, var - cavanları xaricə qaçıb, özləri zəzlil vəziyyətində. Əhalinin 80 faizi ancaq nənəsinin, babasının pensiyalarını gözləyir, iş yerləri yoxdur, xəstəsini müalicə etdirə bilmir, qızını ərə verə bilmir, oğlunu evləndirə bilmir, yaxşı iş tapmır. Onların ağrısını ürəyimizdən keçirək. Bir çoxlarımız, valideynlərimiz, ailələrimiz vaxtilə bu şəraitdə yaşamışıq. Biz özümüzü qoruyuruq, bəs xalqımız? İstəyirəm ki, bu məsələlər sürətlə həll olunsun. Şəhid ailələri, qazilərimiz və veteranlarımız üçün ayrıca komitə yaratmaq lazımdır ki, onların dərdi-səri ilə məşğul olsun." -deyə deputat vurğulayıb.

İrəvandan Kremli qəzəbləndirəcək daha bir AÇIQLAMA: Borclu deyilik...

"Heç bir razılaşma və ya bəyanatla Ermənistan heç bir dövlətə ekstraterritorial dəhliz verməyə borclu deyil". Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib. "Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin yola nəzarət etməsinə gəlincə, mətni oxuyun. Fransa ilə əməkdaşlığımız davam edəcək və burada qeyri-qanuni heç bir şey yoxdur. İstənilən dövlətin öz ordusunu istədiyi kimi silahlandırmaq hüququ var", - deyə Yeqoyan söyləyib.

Bəzi dövlətlərin Ermənistanı silahlandırması… - DTX rəisi

Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb. ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.

Qeydiyyatsız evlər sənədləşdirilir - Bu evlər sökülə bilər

"Hazırda Bakı və ətrafında mövcud olan və təxminən sayı 500 minə yaxın olan fərdi yaşayış evlərinin qeydiyyat sənədi yoxdur. Onların qeydiyyatının aparılması hökumətin özünə də vacibdir. Çünki büdcəyə vergi və digər xidmətlərdən maliyyə gələcək. Həmçinin, bu, bir neçə sektora, o cümlədən bank sektoruna da ciddi təsir edəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. Ekspert bildirib ki, bu məsələ ilə bağlı Prezident illər öncə rayon icra hakimiyyətlərinə müəyyən tapşırıqlar verib: "Yerlərdə olan evlərin araşdırılması, onların mövcud vəziyyəti, kommunikasiya xətlərinə yaxın ərazidə tikilməsi və s. bağlı sənəd təqdim olunmalı idi. Məsələ ilə bağlı tək rayon icra hakimiyyətləri deyil, Əmlak Məsələləri Dövlət Xidməti, bələdiyyələr, həmçinin hökumətin bəzi qurumları, Arxitektura və Şəhərsalma Komitəsi də daxil olmaqla araşdırmalara başlayıb. Məndə olan məlumata görə, hətta qeydiyyatı olmayan evlərin bir-bir inventerlaşdırılması aparılıb. Harada hansı ev yerləşib, vəziyyəti necədir bununla bağlı müvafiq işlər başa çatdırılıb və sənəd ümumilikdə Nazirlər Kabinetinə təqdim edilib”. Ekspert hazırda bu sənədin hökumətdə müzakirə mərhələsində olduğunu vurğulayıb: "Orada da ən çox müzakirə yaradan məsələ kommunikasiya xətlərinin üzərində yerləşən fərdi yaşayış evləri ilə bağlı olub. Bu sosial məsələdir, məhz bu üzdən hökumət məsələyə ehtiyatla yanaşır. Nəyə görə? Bəzi evlər var ki, doğrudan da sökülməlidir. Həmin evlər insanların sağlamlığına ciddi təsir göstərən və təhlükəli olan zonalarda yerləşir. Yüksək gərginlikli elektrik xətlərinin altında, yüksək təzyiqli qaz kəmərlərinin altında yer, yüksək təzyiqli su xətlərinin üstündə və neft müqaviləsinin ərazisində olan torpaqlarda yerləşən evlərdə insanların yaşaması belə onların sağlamlığına ziyan vurur. Hökumət bununla bağlı məsələdə ehtiyyatla davranır. Yaşayış məntəqələri olan torpaqlarda tikilən evlər isə sənədləşəcək”. Ramil Qasımzadə hətta bəzi evlərin kənd təsərrüfatlı təyinatı olan torpaqlarında tikildiyini diqqətə çatdırıb: "Artıq bununla bağlı işlər yekunlaşıb. Əsas məsələ kommunikasiya xətlərinin üzərində olan evlərlə bağlıdır. Orada hökumət araşdırma aparır ki, hansı xətləri qəsəbədən yan keçirmək, hansı xətlərin yerini dəyişmək olar və yaxud da çıxılmaz vəziyyət olarsa kompensasiya ödənilməsi yolu ilə həmin evlərin sökülməsi məsələsi gündəmə gələ bilər. Prosesin yubanmasının əsas səbəblərindən biri dunur”. Əmlak ekspertinin fikirincə, oktyabr ayının 1-dən etibarən Nazirlər Kabinetinin verdiyi sərəncam da məhz gələcəkdə qanunsuz tikilinin qarşısını almaq və belə tikililərin olmaması üçün qəbul edilib.

Anasını öldürən yeniyetmənin məhkəməsi: 192 bıçaq zərbəsi...

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib. Görüntüdə Z.Mansurov anasının qətlini əvvəlcədən planlaşdırdığını bildirib: "Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şişlə zərbələr endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun yataq otağına keçdim, üstü yarıya qədər örtülü, üzüaşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O, yatağından qalxıb məni kənara itələyib bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən ona zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən zərbələr endirdim. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. Bu vaxt o halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt onun boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində idi. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb. Daha sonra bacılarımı çağırıb dedim ki öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər". Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib. Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atası və polislərin qorxusundan siliblər. Prokuror Rauf Malışov isə qeyd edib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var. Zərərçəkmiş şəxsin vəkili Hikmət Xəlilov hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib: "Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyib. Bu iş ağırlaşdırıcı məqamlar var ki, həmin məqamlar araşdırılmayıb. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur". Müşavirədən sonra vəsatət təmin olunub, iş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib. Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı müəyyən şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Z.Mansurov cinayəti törədən zaman məktəbli olub.

Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib. Sozcu.az xəbər verir ki, bu, müəllifin sayca 22-ci kitabıdır. 44 günlük müharibədən sonra regionda çox ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən, müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi çox aktualdır. Təqdim edilən kitab Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri, Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər və Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr başlıqlı mövzuları əhatə edir. Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabıb mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub -Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır. Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektívlərini təhlil edir. PS: Kitabın çapında dəstək verən şəxslərə təşəkkürümü bildirirəm. Məhz onların sayəsində kitab nəşr edildi. Dizayn üçün dostum Rovshan Abbas -a minnətdaram.

Təhdid dili ilə danışmaq qəbuledilməzdir - XİN-dən Borelə CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə cavab verib. Sozcu.az-ın məlumatına görə, XİN-in Borrellin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərhində deyilir ki, 13 noyabr 2023-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır.

Nəcməddin Sadıkovun yaxın adamının həbs müddəti uzadıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir. İş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. Səbail Rayon Məhkəməsində keçirilən iclasda DTX-nin müstəntiqi tərəfindən verilmiş vəsatət əsaslı hesab edilib. Qərara əsasən Z.Niftəliyevin həbsdə saxlama müddəti 35 gün uzadılıb. Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. İttihama görə, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.(Qafqazinfo) 

Rus əsgərləri mövqelərini atıb qaçırlar

Rusiyanın Bryansk vilayətinin Suzemski rayonunun Kommuna kəndi yaxınlığında avtomat tüfənglə təchiz edilmiş 6 Tuva əsgəri öz mövqelərindən qaçıblar. Sozcu.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 13-də günorta saatlarında baş verib. Bir neçə saat sonra tapılan əsgərlərin taleyi məlum deyil.

Rusiyanın itkiləri 313 MİNİ ötdü

Ukrayna müharibənin 629-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 313 470 hərbçi, 5362 ədəd tank, 10086 ədəd zirehli döyüş maşını, 7589 ədəd artilleriya sistemi, 882 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 580 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9973 ədəd avtomobil texnikası, 5649 ədəd PUA, 1561 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1081 xüsusi avadanlıq itirib.

İrəvan təsdiqlədi: Nikol bu iclasa getməyəcək

Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək. Sozcu.az xəbər verir ki, Paşinyan bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. “Paşinyan görüşdə iştirak edə bilməyəcəyini deyib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib”, - baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib.

“HƏMAS Qəzzaya nəzarəti itirib” - İsrailin müdafiə naziri Qalant

“HƏMAS Qəzzaya nəzarəti itirib”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib. “Terrorçular cənuba qaçır. Mülki şəxslər HƏMAS bazalarını talayırlar. İsrail qoşunları planlara uyğun olaraq irəliləyir və tapşırıqları dəqiq şəkildə yerinə yetirir”, – deyə Qalant qeyd edib.

İsrail hərbçiləri HƏMAS-ın parlament binasını ələ keçirdi - Təcili

İsrail Müdafiə Ordusunun hərbçiləri HƏMAS-ın “qanunverici şurasının” binasına daxil olub. Hadisənin görüntüləri İsrail KİV-də yayılıb.

"TikTok" qadağan edilir

Nepal "TikTok" sosial şəbəkəsinə qadağa qoyacaq. Sozcu.az xəbər verir ki, hökumət proqrama qadağa qoymağa hazırlaşır. Rəsmilər bildirir ki, "Tiktok" ölkədə ictimai harmoniyanı pozur. Yerli medianın məlumatına görə, Nepalda son dörd il ərzində "TikTok" ilə bağlı 1600-dən çox kibercinayət hadisəsi qeydə alınıb.

Artıq nə qatil, nə quldur, nə dar ağacı, nə Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmışdı - Mehmet Altunbay

O dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu vaxt onun 6 yaşı var idi. Və kommunist imperializminin zülmləri yaddaşına yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir olmuşdu. Onun qəlbi kommunist imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi. 1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi deyə İrana məcburi eniş edildi. Məhəmməd Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə qovuşa bildi. Ancaq “qırmızı” imperializmə qarşı olan kini də özü ilə bərabərində aparmışdı.           Mehmet Altunbay  《Hərfləri öyrənməyə başladığım zaman böyüklərim Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər. Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyasının ölkəmizi işğal etmək istədiyi söhbətləri hələ də qulaqlarımda eşidilir. “Leninin əsgərləri gəlir” sözləri eşidilməyə başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq. Biz uşaqlar, anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə dağlarda ac-susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi. Dağlarda bir həftə ac-susuz qaldıqdan sonra şəhərə qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlilədikcə cəsədlərin sayı artırdı. Və elə bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün olmadı. Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm! Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm. Şəhərin türk kişilərinin cəsədləri ilə dolu olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər bizi bir zirzəmiyə saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim. Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın yanına düzüb gözümüzün qabağında güllələdilər. Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardınca aclıq və xəstəlik yayılmağa başladı. O sırada kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik. Kommunist rejimi deyiləndə yadımda bu zülmlər və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan qadınları gözüyaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə və cinayətlərinə dözmək demək idi. 1929-cu ilin oktyabr ayında Azərbaycan türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı Ordunun tankları altında can verdilər. Kommunist imperializmin zülmlərinə dözdüyümüz kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük. Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə olan bu kini belə aşkarlaya bilirdi. Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zamanı təyyarənin yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox idi. Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə kommunizm və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim deyildi... Bir az da Azərbaycan Cümhuriyyətinin quruluşundan əvvəlki zamanı və milli hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm. 1914-cü il dünya müharibəsinin sonunda Rusiya Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş ümidi yaranmışdı. Ancaq o zaman da köhnə çarlığı yenidən diriltməyə çalışan Denikin ordusu ilə birlikdə Moskva silahları ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi... Nuru və Mürsəl paşanın komandanlığı altında olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı. Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi. Ölkənin hər yerində türkiyəli qardaşlarını qarşılamaq üçün şənliklər qurulurdu. Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi. Böyük vətənpərvər və qəhrəman olan 2 türk komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri azəri-türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi. Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində Azərbaycan əsarətdən xilas olaraq 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün idi. Bu, Azərbaycan türklərinin 100 ildi axan gözyaşının quruduğu gün idi. Bu, Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu, üçrəngli və ay-ulduzlu Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi. Bu, 5 min Anadolu igidinin Azərbaycanın istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi. Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və müqqədəs günlər idi. Azərbaycanın şanlı tarixi və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər. 28 May 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti qısa zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm maddi, həm də iqtisadi yardımını əskik etmirdi. Öz torpağımızda öz millətimizə dayanaraq milli hökumətimizi qurmuşduq. Sonunda məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı, nə Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmışdı. Azərbaycan xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi. Həmin vaxt ölkənin kəndlisinə də, şəhərlisinə də, cavan və qocasına da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu. Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım. Beləliklə, Azərbaycan türkləri olaraq biz həm Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki, kommunistlərin iddiası belə idi: millətlərin daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər davamlı olaraq özlərinin sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə əhəmiyyət verən insanlar olaraq tanıdaraq millətləri aldatmaq məqsədi güdürdülər. Həqiqətdə isə kommunistlər qədər dostluğa, sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi. Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq tanıdır və bu işdə uğur da qazanırdılar. Bəli, kommunistlərin təlqin və yalanlarına inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə xidmət edirdi. Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində idik. Fikrimcə, dünyanın hürr məmləkətlərində kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir. Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı. Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar hökumətin dəstək və yardımını ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər. Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanlar artıq kommunizmlə mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər. Əlavə olaraq onu da demək istəyirəm ki, kommunist rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ biləcək bütün üsyanlar əvvəlcədən hesablanmışdı. Kommunizmə qarşı baş qaldıracaq üsyanlara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar arasına belə yerləşdirilən kommunist casuslar rejim əleyhinə danışılan ən kiçik sözü belə xəbər verirdi. İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarının aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində ayaqda qalmaqda idi. Bundan əlavə olaraq kommunist rejim dünya ilə bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı. Bu yolla kommunist rejimdə yaşayan insanlar zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək imkanından məhrum edilirdi. Görünən odur ki, kommunist sistemə keçdikdən sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil. Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir. Kommunizmin nə olduğunu və kommunist rejimin hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərlər kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna qarşılıq olaraq milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi aparılmalıdır. Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti qorumalı olduqlarını da anlamırlar. Buna görə də onlara davamlı olaraq xəbərdarlıq edilməlidir. Kommunizmlə aparılan fikir mübarizəsində üstün durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil. Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail olacaqlar. Azərbaycan türkləri kommunizmə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi. Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş çıxarmaq üçün davamlı olaraq əks-təbliğatlar aparmalıyıq. 》 Xatirəni toplayan: Rəfiq Qorqud Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nigar Musazadə & Dilarə Begili Təqdim etdi: Ceyhun Nəbi

Zelenski Mustafa Cəmilova Ukrayna Qəhrəmanı adı verdi - Fotolar

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının lideri Mustafa Cəmilovu (Qırımoğlu) təltif edib. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında yazıb. O, "Ukrayna Qəhrəmanı" adına layiq görülüb “Güclü, layiqli, cəsur insan. Millətlərin azadlığını müdafiə etməyə həsr olunmuş bir həyat”, - Zelenski yazıb. Ukrayna Prezidenti Mustafa Cəmilovu 80 illik yubileyi münasibətilə təbrik edib, Ukraynanın və Krım tatar xalqının azadlığını qoruduğuna görə ona təşəkkür edib.  "Ömrümün sonuna çox yaxınam, amma bu yer üzündə daha bir arzum var - vətənimə qayıdıb öz torpağımda dəfn olunmaq", - Krım Tatar lideri mükafatı alarkən deyib. Mustafa Cəmilov Krım tatar milli hərəkatının lideri, Krım tatar xalqı Məclisinin sədri ( 1991-2013-cü illərdə), Ali Radanın deputatıdır. Siyasi baxışlarına görə o, 15 ildən çox SSRİ həbsxanalarında və düşərgələrində yatıb, buna etiraz olaraq 303 gün aclıq aksiyası keçirib.

Ermənilər Ordumuzun tutduğu terrorçular üçün hərəkətə keçir

Ermənistan Qarabağda Azərbaycan ordusu tərəfindən saxlanılan terrorçu muzdlular üçün hərəkətə keçməyə hazırlaşır. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, 44 günlük müharibədə ölkəmizə qarşı terror törədən, daha sonra saxlanılan iki Livan vətəndaşı erməni üçün diaspora müraciət edilib. Livan erməniləri Maral Nacaryan və Vigen Euljekyanın 2020-ci ildə döyüşlər zamanı Laçında ələ keçirildiyi bildirilir. V.Euljekyanın həyat yoldaşı ərinin “azadlığı” üçün müəyyən addımlar atıldığını, lakin təfərrüatları açıqlamayacağını deyib. İddia edilir ki, bu iki erməni müharibədən bir müddət öncə Livandan Şuşaya köçüb və burada çalışmağa başlayıb. Qısa müddət sonra isə separatçılar tərəfdən döyüşlərə qatılıb. Qeyd edək ki, bu, ermənilərin Qarabağın işğalda olduğu müddətdə buraya qanunsuz köç həyata keçirməsi və 44 günlük müharibədə muzdlu döyüşçülərdən istifadə etməsinin növbəti sübutudur.

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?

Son günlər Azərbaycanın müxtəlif ərazilərində ard-arda əhali tərəfindən hiss edilən zəlzələlər baş verir. Belə ki, noyabrın 11-də İsmayıllı rayonu ərazisində bir neçə saat fasilə ilə 3,0 və 2,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır ki, cəmi iki gün sonra, noyabrın 13-də İsmayıllıda 3,0 bal gücündə daha bir zəlzələ baş verib. Ardıcıl təkanların qeydə alınması cəmiyyətdə panikanın yaranmasına səbəb olub. Xüsusilə də, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ölkəmizdə də yeraltı təkanlarla bağlı həyəcanın birə-beş artmasına səbəb olub. Bəs Azərbaycanda daha güclü təkanlar gözlənilirmi? Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bizim.media-ya açıqlamasında bildirib ki, zəlzələ hər gün baş verir, sadəcə onlardan bir neçəsi 3,0 bal gücündə və yuxarı olduqda hiss olunur:  “Amma bu da seysmogen bölgə üçün normal haldır. Tarixən Azərbaycanda çox güclü zəlzələlər baş verib. Buna Şamaxı, Gəncə, Ağsu, Göyçayda baş verən zəlzələləri misal göstərə bilərik. Belə ki, bu ərazilərdə vaxtilə 8-9 bal gücündə zəlzələlər olub. Hətta Göygöl məhz güclü zəlzələ nəticəsində yaranıb. Lakin yaxın günlərdə heç bir bölgədə dağıdıcı zəlzələ baş verməsi gözlənilmir. 4-6, hətta 7 bal gücündəki zəlzələ qorxuducu deyil”.  

CHP-nin yeni sədri Azərbaycana gəlir

Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özəl ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Donat Özələ deyib. CHP sədri ilə bağlı silsilə məqalələr dərc etdiyini bildirən müəllif yazır ki, bu məqalələrdən sonra partiya sədri ona zəng edib. D.Özəl qeyd edib ki, partiya sədri əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb. “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib. Onun sözlərinə görə, illərdir CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb. Müəllif xatırladır ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz ŞKTC və Azərbaycana etməsi ənənə halını alıb. “İndi də CHP sədri “bu səhvlər tamamilə bizdən qaynaqlanan xətalardır” deyib. CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb. “Hazırlıqlara başladıq”, - partiya sədri bildirib. Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çevikköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham edib. Noyabrın 5-də Türkiyənin Cumhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayında Manisadan olan millət vəkili Özgür Özəl yeni sədr seçilib. Seçkilərin ikinci turunda partiya sədri Kamal Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb. CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.

Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq. Sozcu.az Report-a istinadən xəbər verir ki, abidə Xocalı şəhərində qoyulacaq. Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları həyata keçirilir. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Yol polisi birinci qrup əlilə bir gündə iki dəfə cərimə yazdı - Şikayət - FOTO

Ordubad rayonu, Kələki kənd sakini, birinci qrup əlil Qafqaz Hüseynov Dövlət Yol Polisi əməkdaşları tərəfindən bir gündə iki dəfə qanunsuz olaraq cərimələnib. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. Q.Hüseynovun sözlərinə görə, avtomobili özünün idarə etməsinə fiziki imkanı yoxdur: "Birinci qrup əliləm. Avtomobili dost-tanış pul yağıb alıb ki, harasa gedəndə əlil arabası ilə gedə bilim. Maşın elə düzəldilib ki, əlil arabası salona yerləşir. Özüm anadangəlmə əlil olduğum üçün maşını sürə bilmirəm. Ona görə də arada harasa getmək lazım olanda həmkəndlim Səmədi çağırıram ki, gəl, maşını sür gedək. Yəni avtomobil ancaq mən içində olanda hərəkət edir. Səmədin də sürücülük vəsiqəsi var. Ona görə də ona etibarnamə verməyə ehtiyac görməmişəm". Q.Hüseynov deyir ki, DYP əməkdaşları "Sürücülük hüququ olmadan avtomobil idarə etmək" maddəsi ilə ona bir gündə iki dəfə cərimə yazıblar: "Cərimələrdən birinin məbləği 300, digərininki isə 100 manatdır. Düşünürlər ki, maşın mənim adınadır, başqa adama etibarnamə verməmişəm deyə, yəqin özüm sürürəm. Ancaq mən hər dəfə maşın hərəkətdə olanda onun içində oluramsa, Səmədə etibarnamə verib-verməməyin nə mənası var? Üstəlik Azərbaycanda üztanıma kamerası yoxdur ki, bunlar kameradan baxıb maşını sürənin kim olduğunu təyin etsinlər. Bu halı ancaq və ancaq DYP işçisi aşkar edə bilər. Amma buna baxmayaraq, mənə bir gündə iki dəfə cərimə yazıblar. Bu, tamamilə qanunsuzdur".

Samvel Şahramanyanla bağlı SON DƏQİQƏ məlumatı

Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyası qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyanı dindirməyə çağırıb. Sozcu.az xəbər verir ki, musavat.com-un erməni mətbuatına istinadən xəbərinə görə, dindirmə barədə məktub Ermənistandakı “Artsax” nümayəndəliyinə göndərilib. Məlumata görə, komissiya Şahramanyanın cavabını gözləyir.

Rusiya MN məlumat yaydı, dərhal sildi: Nə baş verir? - Təcili

Rusiya Müdafiə Nazirliyinin Dneprdəki qoşunların mövqeyi ilə bağlı yaydığı məlumat dərhal silinib. Sozcu.az glbalinfo.az-a istinadən xəbər verir ki, məlumatda buradakı qrupun komandanlığının qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarı verdiyi vurğulanıb. Sözügedən məlumatın RİA Novosti və TASS İnformasiya Agentliyinin veb səhifələri və sosial şəbəkə hesablarından dərhal silinməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarətində olan Dnepr çayının sol sahilində bəzi ərazilərə nəzarəti ələ keçirdiyi iddia edilir. Rusiyanın məhz bu istiqamətdə yeni hücuma hazırlaşdığı deyilir.