Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir.
İş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda DTX-nin müstəntiqi tərəfindən verilmiş vəsatət əsaslı hesab edilib. Qərara əsasən Z.Niftəliyevin həbsdə saxlama müddəti 35 gün uzadılıb.
Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
İttihama görə, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.(Qafqazinfo)