Bakıda bərbəri evindən çağıran şəxs ona dəhşət yaşatdı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeronda tanışını bıçaqlamaqda təqsirləndirilən F.Əhmədovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İttihama görə, hadisə 6 avqust 2022-ci il tarixində, saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, F.Əhmədov tanışı, bərbər E.Əliyevlə mübahisə edib. Mübahisəyə səbəb E.Əliyevin təqsirləndirilən şəxsin həyat yoldaşına söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışmağı, habelə zərərçəkmiş şəxsin onun arvadına qarşı etdiyi hərəkət olub. O, bunlara görə E.Əliyevi cəzalandırmaq qərarına gəlib. Təqsirləndirilən şəxs zərərçəkmişi saçını kəsdirmək istədiyi bəhanəsi ilə evindən çağırıb, binanın qarşısında görüşüb. Daha sonra F.Əhmədov üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 zərbə endirib. Hadisədən sonra F.Əhmədov saxlanılıb.

XİN Ermənistana cavab verdi: HAZIRIQ!

Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. "Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - XİN-in açıqlamasında vurğulanıb.

Qarabağ müharibəsi veteranlarının sayı neçə nəfərdi? - STATİSTİKA

Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarının sayı, onların gəzdirdiyi “Veteran vəsiqəsi” və bu imtiyaza görə aldıqları Prezident təqaüdü hər zaman müzakirə mövzusu olub.  Modern.az saytı bununla bağlı Dövlət Statistika Komitəsindən rəsmi məlumat əldə edib. Komitənin rəsmi statistikasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179.840 nəfər təşkil edib. “Veteran vəsiqəsi”nə malik Qarabağ müharibəsi iştirakçılarının hər birinə hazırda ayda 80 manat Prezident təqaüdü verilir. 

“Fransa regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”

“Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur. Mən, Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir. BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir. BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır. Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu açıq-aşkar işğal və anneksiyadır. Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur. Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır. Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır”.

“Öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi yolverilməzdir”

“Media azadlığının, ifadə azadlığının vəziyyəti bir toplumun və dövlətin demokratiya barometridir. Həqiqəti yazmaq, gerçəkləri araşdırmaq, qaranlıqlara işıq tutmaq jurnalistin peşə borcudur. Bütün mərhumiyyətlərə baxmayaraq öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi, hüquq adı altında komediyalar yaradılaraq təməl hüquqların məhdudlaşdırılması yolverilməzdir”. Sozcu.az xəbər verir ki, bunu media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli (Əhmədoğlu) özünün sosial şəbəkə hesabında “Abzas Media”nın rəhbər şəxslərinin saxlanılmasını şərh edərkən yazıb. “Sevinc Vaqifqızının bu gecə terroristlərə rəva görülməyən bir biçimdə təyyarədən birbaşa polis idarəsinə aparılması normal toplum tərəfindən qəbuledilməz davranışdır və hüquqa qarşı ən böyük sayğısızlıqdır. Jurnalist tərifləri yox, cəmiyyəti narahat edən, onun inkişafına mane olan, onu düşündürən, inkişaf etdirən məsələlərdən yazanda jurnalist olur. Yaşadığımız toplumda korrupsiya olmasa hazırda 7 rayonun İcra hakimiyyətinin başçısı, keçmiş nazir, məsul vəzifəli şəxslərin heç biri məhkəmə qaydasında suçlu bulunaraq həbsdə olmazdı. Korrupsiya olmasa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, yüzlərlə ştat yaradılmazdı. Korrupsiya olmasa Azərbaycan Prezidentinin 4 aprel 2022-ci ildə imzaladığı Sərəncamla  Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilməz, Nazirlər Kabinetinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncamı imzalanmazdı. Sevinc xanım məhz bu sənədlərdə təsbit edilən problemlərə hüquq mühafizə orqanlarının daha sürətli çıxışına dəstək verən, korrupsiya ehtimalı olan məsələləri araşdıran jurnalistlərdəndir. Onun sərbəst fəaliyyətinə dəstək olmaq lazımdır, onu məhdudlaşdırmaq yox!” Qeyd edək ki, noyabrın 21-də gecə saatlarında xarici səfərdən qayıdan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı hava limanında saxlanılıb. Onun mənzilində axtarış aparıldığı bildirilir. Xatırladaq ki, ötən gün – noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb. O saxlanıldıqdan sonra əvvəlcə “Abzas Media”nın ofisində, daha sonra isə Ü. Həsənlinin mənzilində axtarış aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürüldüyü bildirilir. Vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıblar. “AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.

Qarabağ qazisi Babək Həsənov Türkiyədə vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin sədri Babək Həsənov dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə yaxınları məlumat yayıblar. Onun müalicə almaq məqsədilə getdiyi Türkiyədə dünyasını dəyişdiyi bildirilir.

Zelenski: "5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”

“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ona sui-qəsd təşkil etməsi iddiasından bəhs edərkən deyib. “Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVID kimi asan oldu”, - V.Zelenski vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Çin birlikdə Rusiyanın Ukrayna ərazisindən çıxmasına dair çağırış etməyənədək bu ölkə hücumlarını davam etdirəcək. Ukrayna Prezidenti əlavə edib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin, Kreml bu şəraitdən istifadə edib, Balkanlarda problem yaratmağa çalışacaq”.

Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Ötəb gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiq edib. Əməliyyat zamanı saxlanılan olduğu bildirilir.

Rusiyanın itkiləri 320 minə yaxınlaşır

Ukrayna müharibənin 636-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 319 820 hərbçi, 5439 ədəd tank, 10174 ədəd zirehli döyüş maşını, 7752 ədəd artilleriya sistemi, 899 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 588 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 134 ədəd avtomobil texnikası, 5771 ədəd PUA, 1564 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1098 xüsusi avadanlıq itirib.

Fələstində ölənlərin sayı 13,3 mini ötdü

İsrailin Qəzza zolağına zərbələr endirdiyi vaxtdan indiyədək ölənlərin sayı 13,3 mini ötüb. Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti bildirib. Qeyd olunur ki, İsrailin zərbələri nəticəsində 31 mindən çox insan yaralanıb.

Bayden və Szinpin növbəti görüş barədə razılaşdılar

ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin San-Fransiskodakı sammitdə yenidən görüşmək barədə razılığa gəliblər, lakin vaxt təyin edilməyib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Qeyd edək ki, rəsmilər arasında danışıqlar ötən həftə Kaliforniya ştatının San-Fransisko şəhərində keçirilən APEC forumu çərçivəsində baş tutmuşdu.

"Gürcü xalqı belə qərara gəldi ki, onlar Rusiyanın çəkmələri altında yaşamaq, kiminsə malı olmaq istəmir"

“Məhz qızılgül inqilabının 20 illiyi ərəfəsində sizə demək istəyirəm ki, Gürcüstanın çox böyük dəyişikliklərə ehtiyacı var”. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmədə distant dinləmə zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasından müsbət cavabı hökumət deyil, xalq alıb. “Gürcüstan Rusiyanın əyalətinə çevrilib. Sizə demək istəyirəm ki, bu, ümidsiz vəziyyət deyil, biz bunu bacardıq – statusla bağlı Avropa Komissiyasından müsbət tövsiyə aldıq və hökumət yox, biz bunu bacardıq. Gürcü xalqı belə qərara gəldi ki, onlar Rusiyanın çəkmələri altında yaşamaq, kiminsə malı olmaq istəmir. Təbii ki, biz öz gücümüzə inanmalıyıq.”, – deyə Saakaşvili əlavə edib.

Şahid kimi məhkəməyə gətirildi, “yaddaşım itib” dedi

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilənlərdən biri - Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsi davam edir. Bakı Hərbi Məhkəməsində keçirilən iclasda şahid qismində Əlövsət Orucov ifadə verib. Ə.Orucov tikinti və təmir işlərini həyata keçirən iki şirkətin rəhbəri olub. Şahidin dediyinə görə, nazirliyin Mənzil İstismar İdarəsi ilə müxtəlif vaxtlarda müqavilələr bağlayıb.  Nazirliyin əsas şərti isə köçürülən vəsaitin bir hissəsinin “otkat” şəklində geri qaytarılması olub: “Mən Fikrət Mirzəyevlə danışıq aparmamışam. Bütün danışıqlar Mənzil İstismar idarəsinin əsaslı təmir şöbəsinin rəisi Rəhim Laçınovla olub. Müqavilənin şərtinə uyğun olaraq köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq nazirliyə qaytarılırdı”. Şahid keçirdiyi koronavirus xəstəliyinə görə yaddaşının itdiyini, buna görə işlə bağlı detalları xatırlaya bilmədiyini bildirib: “Bu işlə bağlı ikin istintaqın ortalarında koronavirusa yoluxdum. Xəstəliyi ağır keçirdim. Yaddaşım itib. Hələ də nə iy hiss edirəm, nə yadımda nə isə qalır”. Məhkəmə prokurorun vəsatəti ilə şahidin əvvəlki ifadəsini elan edib. Ə.Orucov istintaq dövründə geniş ifadə verib. O, deyib ki, 2014-2019-cu illərdə Müdafiə Nazirliyi ilə müqavilələr imzalayıb. 2014-cü ildə Əsaslı Tikinti şöbəsinin rəisi Əlizadə Babayev olub.  Müqaviləyə əsasən şahidin şirkətlərinə 1 milyon 384 min manat köçürülüb. Həmin vəsaitin isə 117 min manatı “otkat” kimi nazirliyə qaytarılıb. 2016-cı ildən isə Fikrət Mirzəyev Mənzil İstismar idarəsinin rəisi təyin edilib. Onun dövründə şahidin şirkətləri ilə 7 milyon 41 min manatlıq müqavilələr imzalanıb. Həmin pulun isə 1 milyon 72 min manatı Müdafiə Nazirliyinə qaytarılıb”. Proses dekabrın 4-də davam etdiriləcək. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.  İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

"Rusiya insanlığa qarşı, hərbi və təcavüz cinayətləri törədir"

"Putinlə danışıqlar mümkün deyil, çünki onu yalnız Ukraynanı, Ukrayna millətini, Qərb demokratiyalarını necə məhv etmək maraqlandırır..." Estoniya Putinin təcavüzkar cinayətləri üzrə xüsusi tribunalın yaradılmasını tələb edir Rusiya ukraynalı əsirlərə işgəncə verməklə və uşaqları oğurlamaqla insanlığa qarşı cinayətlər törədir. Ona görə də Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı xüsusi beynəlxalq tribunal təşkil edilməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxkna Ukraynanın "24tc.ua" nəşrinə eksklüziv müsahibəsində bəyan edib. "Biz 20 min deportasiya olunan uşaqlardan danışırıq, onlar düşərgələrdə yerləşdirilir, onların beyinləri yuyulur, mentaliteti təhrif edilərək Ukraynaya qarşı istifadə edilir. Bunlar insanlığa qarşı cinayətlərdir. Bunlar hərbi cinayətlər və təcavüz cinayətləridir. Ona görə də biz bütün ukraynalı məhbuslar və uşaqların öz evlərinə dönməsi uğrunda mübarizə aparmalıyıq", - nazir deyib. Onun sözlərinə görə, ədalət məhkəməsinin qurulması vacibdir. Ona görə də o, Putinin təcavüzkar cinayətləri üzrə xüsusi beynəlxalq tribunalın təşkil edilməli olduğuna təkid edir. "Bizim gələcəkdə işimiz çoxdur, lakin biz Rusiya ilə hər-hansı sazişlər bağlanılması mənasında danışıqlara başlaya bilmərik, çünki Putin saziş imzalanmasında maraqlı deyil. Onu yalnız Ukraynanı, Ukrayna millətini, habelə Qərb demokratiyalarını necə məhv etmək maraqlandırır. Bununla biz razılaşa bilmərik", - Tsaxkna deyib. Jurnalistlər xatırladıb ki, Maltada Sülh sammitinin gedişində Kanada Ukrayna uşaqlarının qaytarılmasına dəstək üçün beynəlxalq koalisiyanın yaradılmasını təklif edib. Tsaxkna təsdiq edib ki, Estoniya üçün prioritet məsələlərdən biri Ukraynanın həddi-buluğa çatmayan oğurlanmış vətəndaşlarının məsələsidir. "Biz həmçinin BMT Baş Assambleyasında Ukrayna, habelə ABŞ və Belçika ilə birlikdə bunun gerçək problem olduğunu bəyan etmək üçün paralel tədbirin keçirilməsinin təşəbbüskarı olmuşuq.  Biz istənilən format və təşkilatlardan istifadə etməklə birlikdə işləyə bilərik, Estoniya bu təşəbbüsə qoşulacaqdır", - Estoniya XİN rəhbəri bəyan edib. Tribunal hərbi və xüsusilə ağır mülki cinayətlərə baxan fövqəladə məhkəmədir. Müntəzəm tribunallar və əsaslı səbəblər üzrə toplanan tribuballar var.  Məsələn, İkinci dünya savaşından sonra Beynəlxalq Hərbi Tribunal bir aydan bir qədər çox müddətdə fəaliyyət göstərib.

Ermənistan yeni müharibəyə başlamaq qərarı versə... - Prezident

Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”. Prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar.

“Belə mülahizələr Rusiyanın Azərbaycandakı hərbi mövcudluğuna bəraət məqsədi güdür...”

“Qarabağa Rusiyanın yox, Qərbin sülhməramlıları gəlsəydi, 100 ilə də çıxara bilməzdik”  ...” kimi açıqlamalar verənlər öncə Rusiya hərbi birləşmələrinin suveren ərazimizdən çıxarılmasına nail olsunlar... Onda biz deyəcəyik ki, bəli, belə danışanlar haqlıdır...” Son vaxtlar bəzi şərhçilər iddia edir ki, guya 2020-ci ilin 44 günlük savaşının sonunda Qarabağa Rusiyanın yox, Avropanın sülhməramlıları gəlsəydi, biz Yuxarı Qarabağı yurisdiksiyamıza qaytarmağa nail olmaz və həmin qüvvələri 100 il bundan sonra da ərazimizdən çıxarmağa nail olmazdıq.... Deyəsən, belə şərh verənlər bilərəkdən, ya bilməyərəkdən unudurlar ki, 200 ildən çox bundan öncə Azərbaycan torpaqlarına emənilərin kütləvi köçünü təşkil edən, 100 il öncə onlara Qarabağ torpağımızda muxtariyyət verdirən, 35 il öncə isə həmin ermənilər vasitəsi ilə ərazimizdə separatçı hərəkatı qızışdıraraq, orada separatçı-terrorçu rejim quraraq sonda torpaqlarımızın 20 faizinin 30 illik işğalına nail olan məhz həmin imperiya olub... Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib. “Bilirsiz, əvvəla, siyasətdə hər hansı bir prosesə, olaya “olardı”- “olmazdı” baxışı realist yanaşma deyil. Biz bilmirik, Qərbin, yaxud hansısa beynəlxalq təşkilatın birləşmələri sühməramlı adı altında Qarabağda yerləşdirilsəydi, nə baş verərdi. Bu baxımdan hesab edirəm ki, bütün bu ehtimallar kimlərinsə fantaziyasıdır...  Biz hələlik bir şeyi bilirik ki, Azərbaycan Qarabağın dağlıq hissəsinə hərbi nəzarəti özünə qaytarsa da, Rusiya hərbi kontingentinin oradan çıxmaq fikri yoxdur. Və Putin səviyyəsində həmin kontingentin 2025-ci ilədək Azərbaycan ərazisində qalacağı bildirildi. İndi isə hətta 2030-cu il söhbəti ortalığa atılıb. Rusiya əslində Qarabağın dağlıq hissəsinə hərbi müdaxilə edib. Bunun gerçək adı hərbi müdaxilədir. Çünki “sülhməramlı kontingent” formulu uydurma bir şeydir. 10 noyabr bəyanatının özü də üzərinə imzalar atılmış qeyri-hüquqi bir kağız parçasıdır. Hər hansı ölkə ərazisinə digər dövlətin hərbi birləşməsi bu şəkildə qanuni formada yeridilə bilməz...”  Analitik hesab edir ki, hazırda faktiki Azərbaycan ərazisində Silahlı Qüvvələri olan Rusiya Qarabağın dağlıq hissəsindəki hərbi mövcudluğunu maksimal dərəcədə uzatmaq niyyətindədir. “Bəs əgər indi Azərbaycan özünün Yuxarı Qarabağdakı ərazisinə nəzarəti qaytarıbsa, Rusiya Silahlı Qüvvələri orada niyə qalıb?.. Bir ölkənin ərazisində xarici dövlətin Silahlı Qüvvələri yerləşirsə, həmin ölkənin öz ərazisinə nəzarətini, tam suverenliyini bərpa etməsi haqda danışmaq doğru deyil... Məlum məsələdir ki, Rusiya Qarabağda məskən salmaq istəyir. Yaxşı, deyək ki, 2020-ci ilin noyabrında Kreml doğrudan da sülhməramlılıq məqsədi ilə əraziyə qoşun yeritmişdi. Bəs onda indi niyə Rusiya hərbi birləşmələri Azərbaycan torpağından çıxmır, axı artıq orada erməni əhali də, demək olar ki, yoxdur. Və bildiyimə görə, Qarabağdakı ermənilərin çox hissəsi, ümumiyyətlə, heç Ermənistana da yox, Rusiyaya və digər ölkələrə üz tutublar...  O halda “Qarabağa Rusiyanın yox, Qərbin sülhməramlıları gəlsəydi, 100 ilə də çıxara bilməzdik”  ...” kimi açıqlamalar verənlər öncə Rusiya hərbi birləşmələrinin suveren ərazimizdən çıxarılmasına nail olsunlar. Rusiya qoşunları çıxsın, onda biz deyəcəyik ki, bəli, belə danışanlar haqlıdır.  Çıxacaqmı Qarabağdan Rusiya qoşunları? Bilmirəm... Mən şəxsən düşünürəm ki, Moskva öz hərbçilərini maksimal dərəcədə Azərbaycan ərazisində saxlamağa çalışacaq. Amma bunun əksi olan düşüncəyə, yəni “Rusiya “sülhməramlı”larının yerinə Avropa, yaxud Amerikanın qoşunları olsaydı, 100 ilə də çıxara bilməzdik” düşüncəsinə gəldikdə, bunu da dəqiq deyə bilmərəm. Bəlkə də... Lakin reallıqda belə bir fakt olmayıb. Və bu fakt olmadığı halda həmin ətrafda bu cür mülahizələr yürütmək Rusiyanın Azərbaycan ərazisində hərbi kontingentinin mövcudluğuna bəraət məqsədi daşıyır. Odur ki, bir daha deyirəm, bu tip bəyanatlar verənlər öncə Rusiya qoşunlarını Azərbaycan ərazisindən çıxarsınlar, sonra biz də deyək ki, hə, onlar düz deyirmiş”,- deyə siyasi təhlükəsizlik üzrə ekspert diqqətə çatdırıb.

Mərkəzdə evləri sökürlər: Sakinlərdən 100 min manat kəsilir

“Anladığım qədəri ilə Nərimanov rayonunda sökülən binalar dövlət ehtiyacı üçün deyil. Bunlar, sadəcə, köhnə binaların yenilənməsi üçün həyata keçirilən kommersiya layihəsidir”.  Bu sözləri Yenisabah.az-la söhbətində iqtisadçı ekspert Natiq Cəfərli deyib. Müsahibimiz paytaxtın Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan söküntü işləri çərçivəsində yenidən gündəmə gələn kompensasiya məbləğlərindən söz açıb.  Xatırladaq ki, sözügedən ərazidə yaşayan bina sakinləri bildirib ki, bir otağa 120 min kompensasiya verilir. Sakinlərin sözlərinə görə, evin hər kvadratına 4 min manat düşür və 3 otağa 280 min verilməli olduğu təqdirdə onlara 175 min təklif olunub.  N.Cəfərli isə söyləyib ki, burada artıq kommersiya müəssisəsi tərəfindən qiymətin diktə edilməsi mümkün deyil:  “Çünki ümumi razılıq olmadan insanların mülkiyyətinə toxunmaq olmaz. Dünyada bununla bağlı qəbul olunmuş qaydalar var. Azərbaycan qanunlarına görə də dövlət ehtiyacına görə söküntülər beynəlxalq və yerli əhəmiyyətli yol və enerji infrastrukturu, təhlükəsizliklə bağlı məsələlər, eləcə sərhədyanı zonalara aiddir. Burada dövlət razılaşdırılmış qaydada qiymət təyin edir. Hətta orada belə vətəndaş dövlətin təklif etdiyi qiymətlə razılaşmadığı təqdirdə 200 gün ərzində məhkəməyə müraciət edə bilər”. Onun sözlərinə görə, bu gün Azərbaycanda çox qəribə bir tendensiya yaranıb ki, kommersiya şirkətləri söküntü apararkən özləri qiymət təyin edirlər:  “Bunlar doğru yanaşma deyil. Doğru yanaşma belə olmalıdır ki, bina sakinləri öz səlahiyyətlərini təqdim etmək və danışıqlar aparmaq üçün qrup təyin etməlidir. O qrup da kommersiya müəssisəsi ilə anlaşmalıdır və yaxud da ayrı-ayrı sakinlərin hər biri ilə anlaşma müqavilələri imzalanmalıdır. Yəni burada kommersiya şirkətinin qiymət diktə etməsi mümkün deyil və qanun da buna icazə vermir”.  “Mülkiyyət toxunulmazlığı qaydaları”na görə məni razı salmayana qədər mənzilimdən çıxmaya bilərəm. Bizdə isə çox təəssüf ki, 5-10 nəfər sakini razı salırlar, digərləri razı olmayanda isə gəlib qazı, işığı, suyu kəsirlər, kommunikasiya xidməti üçün problem yaradırlar. Bu, kommersiya şirkətlərinin səlahiyyətləri xaricindədir. Ona görə də sakinlər hər zaman bu məsələdə haqlıdır və kommersiya şirkətləri tərəfindən mülkiyyətçiləri razı sala biləcək formullar tapılmalıdır”, - deyə, o əlavə edib.  Mütəxəssis aydınlaşdırıb ki, əgər kimsə qiymətlərlə razı deyilsə və həmin yerdə bina tikiləcəksə, bu sakinlərə eyni yerdən bina verilməlidir və bina hazır olana qədər həmin rayonun kirayə qiymətlərinə uyğun olaraq aylıq kirayə pulu ödənilməlidir:  “Məntiq bunu deyir. Biz Ankara, İstanbul və İzmirdə renovasiya proqramları görmüşük. Hətta, yeri gəlmişkən, analoji qanunlar Moskvada da olub. Yəni burada diktə etməklə yox, vətəndaşları razı salmaqla belə müqavilələr bağlanır. Lakin bizdə bu qiymətləri isə dövlət yox, kommersiya müəssisələri təklif edir. Dövlətin bu işlərə qarışacağı yoxdur, qanun buna icazə vermir. Dövlətin buradakı işi, sadəcə, həmin yerin yenidən qurulması üçün müvafiq icra strukturu tərəfindən verdiyi icazədir. Lakin kommersiya müəssisələrinin vətəndaşa diktə etməyə də icazəsi yoxdur”.  “Azərbaycan Respublikasının qanunvericiliyində, hətta Avropa İnsan Haqları Məhkəməsində mülkiyyətlə bağlı əmsal qərarlar var ki, Azərbaycanla əlaqədar da belə qərarlar mövcuddur. Bu qərarları əsas gətirərək, vətəndaş razı salınana qədər kommersiya müəssisəsi vətəndaşlarla danışıqlar aparıb ümumi məbləğə və məcraya gəlməlidir. Qısası, qiymətin burada diktə olunmasına heç qanunlar da yol vermir”, - o, fikirlərini tamamlayıb.

Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə-Kilid” əməliyyatında şəhid verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Şəhid olan hərbçinin adı və vəzifəsi hələ ki açıqlanmayıb.

Sənədsiz evlərlə bağlı yeni problem - “Bir yol var”

“Bir çox ekspertlər sənədsiz torpaq sahələrində tikilən evlərə kommunal xidmətlərin göstərilməsinin qadağan olması ilə bağlı proqnozlar vermişdilər ki, bu qanundan sonra ev qiymətlərində kəskin azalma müşahidə olunacaq”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.  O, cari ilin oktyabr ayının 1-dən etibarən sənədsiz evlərlə bağlı yaranmış məlum qanundan sonra ev qiymətlərinin son durumu və yeni qanunun yarada biləcəyi problemlər haqqında söz açıb.  Xatırladaq ki, oktyabr ayının 1-dən Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra düzəlişlər edilib. Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan və s. obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır.  Mütəxəssis aydınlaşdırıb ki, cəmiyyətimiz bu aktı hələlik tam bilmir: “Sadəcə, az sayda vətəndaşlar bunu bilirlər. Mən proqnoz vermişdim ki, hansı ərazidə bu kimi evlərin və torpaqların sayı çoxdursa, bu amil orada daha çox özünü büruzə verə bilər. Lakin digər ərazilərdə bunun özünü büruzə verməsini bir o qədər proqnoz etmirdim”.  E. Azadov aydınlaşdırıb ki, Azərbaycandakı bəzi kənd və qəsəbə ərazilərində yerləşən torpaqların təyinatı kənd təsərrüfatı torpaqlarına aiddir: “Vətəndaşlar, adətən, ata-babasından onlara miras qalmış torpaqlarda fərdi evləri tikirlər. Ümumiyyətlə, Azərbaycanda kənd yerlərində mülkiyyəti təsdiq edən sənəd olmur. Mən problemi köklü şəkildə məhz burada görürəm. Bu gün ölkə vətəndaşlarının 40%-ə qədər kənd yerlərində yaşayır ki, bu da böyük bir rəqəmdir”.  “Bundan sonra bunların problemi hansı formada büruzə verəcək, bilinmir. Əgər hökumət buna göz yumsa, onda artıq diskriminasiya yaranacaq. İnsanların bəziləri deyəcək ki, bu qanun kənd yerlərində tətbiq olunsa da, bir çox yerlərdə tətbiq olunmur. Bunu da zaman göstərəcək. Lakin Bakıətrafı ərazilərdə elə yerlər də var ki, orada bələdiyyə torpaqlarının sayı, eləcə də orada məskunlaşma çoxdur, torpaqların çoxu satılıb. Təbii ki, bu kimi ərazilərdə vətəndaşlarımız öz evlərini tikib qurtara, köçə və yaşaya bilməyəcəklər”, – deyə əlavə edib.  Ekspert diqqətə çatıdırb ki, son 3 il ərzində evlərin qiyməti 30%-ə qədər bahalaşıb: “Ona görə də vətəndaş artıq gedib mənzil və yaxud sənədli ev ala bilmir. Məcburdur ki, şəhərətrafı bir ərazidə torpaq alsın, vəsaiti çatdıqca, evini tikib bitirsin və oraya köçüb yaşasın. Vətəndaşların qanunsuz torpaqlarda evlər tikməsinin səbəbi budur. Bələdiyyə torpaqları da dövlət tərəfindən verilmiş ilkin sənəddir ki, bunun da davamı olmalıdır. Bununla bağlı son illər müəyyən məhdudiyyətlər yaranıb. Bu torpaqların hamısının təyinatı isə yaşayış məntəqəsindən çox kənd təsərrüfatı təyinatlıdır”.  Onun sözlərinə görə, belə olan halda vətəndaş da torpağın üstündə tikdiyi evi qanunlaşdıra bilmir: “İndiki səviyyədə başlanğıc üçün o, həmin torpağa çıxarış alsa belə, qanunla həmin torpaqda ev tikə bilməz. Çünki bu torpağın təyinatı yaşayış təyinatlı deyil. Fikrimcə, zamanla buna müəyyən amnistiya verilməlidir, çünki bu kateqoriyadan olan insanlar həddindən artıq çoxdur. Yaxud da ki, hökumət müəyyən bir zaman verməlidir ki, bu qanun 2024-cü ilin yanvarın 1-dən tətbiq olunacaq. Yəni kimin əyər-əskikliyi varsa, gedib evini tikib bitirsin”.  Həmsöhbətimiz onu da vurğulayıb ki, vətəndaşlar sadaladığı məcburiyyətlərə görə bu yola əl atıb həyət evləri tikib, yaşayıb, məskunlaşır, eləcə də aidiyyəti qurumlardan oraya kommunikasiya xətləri çəkirdilər: “Çəkəndən sonra isə məhkəməyə müraciət edirdilər ki, bu torpaqda 3-5 ildir yaşayır və bunun qanuniləşməsini hökumət digər yolla tanısın və qanunlaşdırsın. Vətəndaşlarımız məcburi bu yola əl atırdılar. İndi bunun qarşısını almaq üçün hökumət başqa bir yol açıb ki, sənədləri olmayan vətəndaşlar bundan sui-istifadə etməsin. Yaxşı, vətəndaş bundan sui-istifadə edə bilmir, amma başqa əngəllərlə üzləşir. Onlar yenə də məhkəmə yolu ilə müraciət edib çalışacaqlar ki, bunu həll etsinlər. Kimin ki evi natamamdırsa, onlar evini tikib məhkəməyə müraciət edəcək ki, evi çoxdan tikib və bu qanun o vaxtı yox idi. Qısası, bu barədəki işlər məhkəmələrdə çoxalacaq”, - deyə o, fikirlərini tamamlayıb. 

Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından bu ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. Sozcu.az “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Qeyd olunub ki, Belarus Kollektiv Təhlükəsizlik Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. O qeyd edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.

“Abzas Media”nın rəhbəri saxlanılıb

“Abzas Media”nın direktoru Ülvi Həsənlini bu gün səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə redaksiya məlumat yayıb. Bildirilib ki, müstəntiq jurnalistin vəkili Zibeyda Sadigova ilə əlaqə saxlayıb, onu idarəyə dəvət edib. Hələlik rəsmi qurumlar saxlanılmanın səbəbini açıqlamayıblar.

Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNDİ

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü başlayıb.

Sahil Babayev etirazçı qaziyə zəng etdi: “Videonu sil...

İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Həsən Mehdiyevin ayağını amputasiya etdirmək üçün xalqdan yardım istəməsi və aidiyyatı qurumları tənqid etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə və hökumətin tənqidinə səbəb olub. Həsən Mehdiyevin hər iki ayağı dizinə qədər  amputasiya olunub. Özünün deydiyinə görə, indi ayağının birində çürümə getdiyi üçün dizdən yuxarı hissə də kəsilməlidir. Onun sözlərinə görə, cərrahiyyə əməliyyatını İsraildən olan həkimlər edəcək. Həsən Mehdiyev deyib ki, onun əhəmiyyatı üçün  23 min manat çatmır və ona görə bu vəsaiti xalqdan toplamaq qərarına gəlib. Gununsesi.info-ya açıqlamasında Həsən Mehdiyev bildirib ki, xalqa müraciətinin ictimailəşməsindən sonra  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ona zəng edib: “Nazir mənə şəxsən telefon açdı. Bildirdi ki, məlum video müraciətimi sosial şəbəkələrdən silərəmsə, o mənə kömək edəcək. Ancaq mən ona “inciməyin, siləsi deyiləm, bu günə qədər bütün müraciətlərimə laqeyid qalmısınız” dedim”.

Klaar: Zəngəzur dəhlizi İrəvanın nəzarətində olmalıdır

Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. O qeyd edib: “Birincisi, bir neçə ay əvvəl (təqribən may ayında) Moskvada Prezident Əliyev baş nazir Paşinyan və prezident Putinin iştirakı ilə keçirdiyi görüşdə çox aydın şəkildə bildirdi ki, yolun “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Bəli, ounu "dəhliz" adlandırarkən, bildiyiniz kimi, biz Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri nəzərdə tutaraq “nəqliyyat dəhlizləri” deyirik. Beləliklə, açıq-aydın nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, yaxud dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu, tamamilə yeganə məntiqi tənzimləmədir. Məsələn, belə olan halda Azərbaycan öz vətəndaşları və yüklərinin Ermənistan ərazisindən keçərkən təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”.