Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq - Starmer

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya daxil olarsa, həbs olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin Ofisi məlumat yayıb. “Böyük Britaniya hər zaman milli və beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, - ofisdən verilən açıqlamada bildirilib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib. Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb. Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Zelenskiyə yeni silahlar vəd olunur: ABŞ "Patriot" sistemlərini gücləndirə bilər

Ukrayna ABŞ ilə qitələrarası ballistik raketləri (ICBM) zərərsizləşdirməyə qadir olan müasir silahların təmin olunması məsələsini müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirələr həm də "Patriot" zenit-raket komplekslərinin modernləşdirilməsi üzərində fokuslanır. Mənbələrin sözlərinə görə, bu, Ukraynanın müdafiə imkanlarını daha da gücləndirəcək və Rusiyanın müharibədə tətbiq edə biləcəyi yeni təhlükələrə qarşı effektiv cavab olacaq. Hər iki tərəf arasında bu istiqamətdə əməkdaşlıq detalları və mümkün vaxt qrafiki hələ açıqlanmayıb.

Qazaxın 4 kəndində yeni sərhəd zastavaları tikiləcək

Qazaxın işğaldan azad olunan 4 kəndində gələn il yeni zastavalar tikiləcək. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Xeyrimli kəndində müvəqqəti zastava qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar tikiləcək".

Sabah da tam iş günüdür

Nazirlər Kabinetinin iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Sozcu.az xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədi ilə 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilmişdi. 13 noyabr iş günü 23 noyabr şənbə günü ilə əvəz edildiyindən sabah iş günü hesab olunur. 

Avropa nüvə təhlükəsi ilə üz-üzədir - Ukraynadan AÇIQLAMA

Son bir neçə gündür Rusiyanın Ukrayna paytaxtına kütləvi raket zərbələri gözləntisinə görə diplomatik korpusların əməkdaşları təhlükəsizlik səbəbindən sığınacaqlara göndərilir. Ötən gün səhərdən etibarən isə ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın ciddi hava hücumu ilə bağlı diplomatik korpusa xəbərdarlıq edib. Ehtiyat tədbiri olaraq, səfirliyin bağlanacağını bildiriblər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.  Günün ikinci yarısından etibarən isə digər səfirliklər, eyni zamanda Azərbaycanın Ukraynadakı diplomatik korpusu da çağırış edib. Qeyd edilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. Ukrayna Xarici İşlər Nazirliyi Kiyevdəki bir neçə səfirliyin bağlanmasını “əlavə məlumat axını” adlandırıb. "Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə də əvvəlki min gündə olduğu kimi reaksiya verməsi düzgün olardı", - açıqlamada bildirilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bəyan edib ki, Ukrayna şəhərlərinə “xüsusilə kütləvi” raket və bomba hücumları ilə bağlı sosial şəbəkələrdə və Baş Kəşfiyyat İdarəsinin adından messencerlərdə yayılan xəbərlər saxtadır. Ukraynalı politoloq Oleq Starikov Modern.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın yeni silahlardan istifadə edəcəyi xəbəri müharibə üçün "soyuq effekt" yaratmaq üçün ola bilər: “RS-26 "Rubej" raketinin istifadəsi ilə bağlı sual hələ də müəmmalıdır. Əgər bu raket həqiqətən də bizim üçün təhlükə yaradırsa, bizim daha güclü müdafiə sistemlərinə ehtiyacım var. Daha güclü sistemlər üçün amerikalılara müraciət etməmiz lazım gələ bilər. Orta mənzilli raketlərə qarşı durmaq üçün bizə "THAAD" kimi sistemlər lazımdır ki, bundan amerikalılar bu yaxınlarda İsraili müdafiə etmək üçün istifadə edirdilər. Əgər Rusiya bu silahdan istifadə edərsə, bizim daha çox imkana sahib olmağımız lazımdır.  Bilmək lazımdır ki, RS-26 “Rubej” raketi yaxşı işlənmiş Rusiya layihəsidir və sınaqdan uğurla keçib. Rusiyanın qiymətləndirmələrinə görə, hələ 2018-ci ildə yerləşdirilməyə hazır olub. Bununla belə, Kremlin təhlükəli silahları yerləşdirilməsi Avropanın yarısının Rusiyanın nüvə təhlükəsi altına düşməsi deməkdir. Belə bir məqamda müttəfiqlərin, eyni zamanda Ukraynanın üzərinə böyük vəzifə düşür. Bu təhlükəni aradan qaldırmaq üçün birlikdə işləmək lazım gələcək".

Bu evlərin sənədləşdirilməsi mümkün deyil

“Bu gün Bakı və Abşeron ərazisində yüzlərlə ev yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Bu səbəbdən də həmin evləri sənədləşdirmək mümkün deyil. Məlum olduğu kimi, artıq həmin hava xətləri yeraltı kabellərlə əvəzlənir. Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Deməli, yüksəkgərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir". Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib. O qeyd edib ki, gələcəkdə Bakı və Abşeron ərzisində yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsiə mümkündür: "Bundan sonra sözügedən elektrik xətlərinin altında yerləşən evlərin sahibləri mənzillərinin sənəd problemini həll edə bilərlər. Düzdür, tikililərin olduğu ərazilərdə bu əvəzlənməi bir qədər çətin işdir. Amma buna gedilməlidir. Çünki nə qədər ki yüksək gərginlikli xətlər var, onun altındakı tikililərin sənədləşdirilməsi mümkün deyil".

1003-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1003-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 728 300 hərbçi, 9 399 ədəd tank, 19 156 ədəd zirehli döyüş maşını, 20 736 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 777 ədəd avtomobil texnikası, 19 260 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Özündən 8 yaş böyük arvadını bıçaqladı

Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüseynovanı bıçaqlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Bitkoindən növbəti rekord: 99 min dolları ötdü

Bitkoin kriptovalyutasının qiyməti 99 min dollardan yuxarı qalxaraq öz tarixi rekordunu yeniləyib. Sozcu.az xəbər verir ki, Bakı vaxtı ilə 07:17-də “Binance” platformasında bitkoinin dəyəri 99,136 min dollara, 07:33-də isə 98,598 min dollara çatıb. Kriptovalyutanın bahalaşmasına səbəb kimi ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir.

Gəncədə ər və arvad bıçaqlandı, biri öldü

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Ulduz Elburus qızı Hüseynova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Şəxsi münasibətlər zəminində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiya "dəhşət" saça bilməz: bir raket 50 milyon dollaradır

Rusiya Dneprə qitələrarası ballistik raketlə zərbə vurdu, lakin rusların belə silahları çox az olduğu üçün bunun tez-tez təkrarlanması mümkün deyil. Sozcu.az xəbər veri ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib. “Düşünmürəm ki, Rusiya “dəhşət” saçacaq. Ona görə ki, Rusiyada raket yüzlərlədir, qitələrarası ballistik raket isə onlarladır. Ballistik raketin birinin qiyməti 50 milyon dollar civarındadır”, - deyə o bildirib.

Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...

Bu gün yeni bir Rusiya raketi atıldı. Bütün xüsusiyyətləri – sürət və yüksəklik baxımından – qitələrarası ballistik raketlərə uyğun gəlir. Hazırda ekspertiza prosesi davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski təcili müraciətində deyib. "Bu gün başdanxarab qonşumuz bir daha göstərdi ki, o, əslində kimdir. O, insan ləyaqətinə, azadlığa və ümumilikdə insanların həyatına necə hörmətsizlik etdiyini nümayiş etdirdi. Eyni zamanda, necə qorxduğunu da sübut etdi. O qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və dünya boyu silah axtarır: gah İranda, gah da Şimali Koreyada... Aydındır ki, Putin Ukraynanı poliqon kimi istifadə edir. O, normal həyatın onun yaxınlığında mövcudluğundan, insanların sadəcə ləyaqətli yaşamasından və ölkənin müstəqil olmaq haqqına sahib olmasından qorxur”. Qeyd edək ki, bu gün səhər tezdən Rusiya qitəlararası ballistik raketlərlə Dneprə ağır zərbələr endirib.

Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Siyahim Dəmirovun atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əlizamin Dəmirov Beyləqan rayonunda dünyasını dəyişib. Uzunsürən xəstəlik səbəbindən həyatını itirən Ə.Dəmirov rayondakı “Cərciz Peyğəmbər” ziyarətgahında torpağa tapşırılıb. Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci ilin oktyabrın 29-u Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Cərciz Peyğəmbər” ziyarətgahında dəfn edilib. Ölümündən sonra “Qarabağ” ordeni və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!

Cənubi Qafqazda sülh bu gün həmişəkindən daha yaxındır. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisindəki çıxışı zamanı bildirib. O, Ermənistan və Azərbaycanı bu tarixi fürsəti əldən verməməyə çağırıb. “Biz Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq problemlərin həlli üçün birgə səylər göstəririk. Biz Ermənistanın sülh və sabitlik seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq”. Fidan xatırladıb ki, uzun fasilədən sonra tərəflər ilk dəfə İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçirib. “Oktyabr ayında İstanbulda keçirilən 3+3 platforması görüşündə bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqaza sülh və sabitliyin gəlişi ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı fəaliyyət və inkişaf üçün şərait yaranacaq”, - deyə nazir fikrini yekunlaşdırıb.

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Co Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək planları barədə Konqresi məlumatlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda qeyd edilib ki, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl Kiyevə dəstək üçün son addım olacaq. Bildirilib ki, 4,65 milyard dollarlıq borc Kiyevin apreldə Konqresin təsdiqlədiyi 60 milyard dollarlıq əlavə maliyyə paketi çərçivəsində aldığı ümumi 9 milyard dollar borcun bir hissəsidir. ABŞ Senatı Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməni müzakirə etməkdən imtina edib. Rədd edilən qətnamənin müəllifi ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya və Ukraynaya münasibətdə mövqeyini dəfələrlə tənqid edən Kentukki ştatından olan respublikaçı Rend Poldur. O, həmçinin Kiyevə yardımın kəsilməsini müdafiə edib. 61 senator qətnamənin əleyhinə, 37 senator isə lehinə olub.

Azərbaycanda iki qurum LƏĞV EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Azərbaycan Dövlət Tərcümə Mərkəzi" publik hüquqi şəxs ləğv edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görsün; 2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. bu Sərəncamın 1-ci hissəsi və 2.1-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycanlı qadın Türkiyədə güllələndi

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib. Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib.

Ermənistan daha 78 ədəd ATAGS alır

Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” (IDRW) məlumat yayıb. “Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ATAGS bölməsi üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələni qeyd edir”, - deyə bildirilib. Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?

Toy xidmətlərinin xərcləri çoxsaylı amillərdən asılı olaraq dəyişir və hər bir toy üçün fərqli ola bilər. Bu xərclər toyun məkanı, təşkilatçılığı, qonaq sayı, xidmətlərin növü və digər faktorlara görə müəyyən edilir. Toy hazırlıqları cütlüyün tələblərinə və büdcəsinə uyğun olaraq sadə və ya lüks ola bilər. Hər bir toy təşkilatının özünəməxsus elementləri olduğu üçün xərclər bəzən gözləniləndən daha yüksək və ya aşağı ola bilər. Atalar "Toy xərci ilə ev almaq olmaz" deyiblər. Amma indiki toylara çəkilən xərclə həm ev, həm də maşın almaq olar. Bəs toy xidmətlərinin xərcləri nə qədərdir? Toyda bəylə gəlin toylarında unudulmaz xatirələr yaşamaq üçün hər şeyin ən yaxşısın istəyirlər. Belə ki, əksər cütlüklər toy etmək üçün iri şadlıq saraylarına üz tuturlar. Toy çəkilişləri minimum 400 manatdan başlayıb, video çəkilişlər isə 600-1500 manat arası dəyişir. Regionlarda toy çəkilişi paytaxtdan 2 dəfə bahadır. O, bunun səbəbini yol xərcləri ilə bağlayır. Həmçinin videoqraf deyir ki, bölgələrdə toy daha tez başlayır, bu da çox iş deməkdir. Dekorlara gəldikdə isə qiymətlər 170 manatdan başlayaq artır. Əksər şadlıq saraylarında bu kimi xidmətlər ümumi toy sahibinə təklif edilir. Minimum düzəliş 500 manatdan başlayaraq 10 min manata kimi artır. Dekorasiyanın içində masaüstü güllər, bəy-gəlin stolu, arxa fonlar, foyedə foto zonalar, ağır tüstülər və fişənglər olur. Bəzən isə bu kimi paketlərə maşınlar da əlavə edilir. Bu xidmətlərin qiyməti seçilən şirkətin prestijinə, toyun keçirildiyi yerin mövqeyinə və digər faktorlarla bağlı olaraq dəyişə bilər. Beləliklə, hər bir cütlük toylarının büdcəsini nəzərə alaraq xidmətləri seçir və uyğun qiymət təklifi ilə müqavilə bağlayır.musavat.com)

Rusiyanın itkiləri 727 mini ötdü

Ukrayna müharibənin 1002-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 727 250 hərbçi, 9 398 ədəd tank, 19 143 ədəd zirehli döyüş maşını, 20 731 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1003 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 745 ədəd avtomobil texnikası, 19 259 ədəd PUA, 2 756 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 674 xüsusi avadanlıq itirib.

Şəkidə maşın aşdı - Ölən var

Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə noyabrın 20-də Şəki rayonunun Qudula kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov bu gün gecə saatlarında xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”

Maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrıldığını bildirib. O qeyd edib ki, qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır: "Böyük zərər əmələ gəlir". Nazir əlavə edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır və yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. "Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir". Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əsas müzakirə olunmalı nüans kommunal sahələrin effektiv idarə edilməməsidir: “Əlbəttə, büdcə müzakirələrində kommunal xidmətlərin ziyanla işləməsi ilə bağlı açıqlamalar belə bir fikir yaradır ki, yaxın zamanlarda qiymət artımı ilə bağlı qərarlar ola bilər. Amma nədənsə hər dəfə oxşar məsələlər müzakirəyə çıxarılanda həmin kommunal sahənin effektiv idarə edilməsi yox, məhz borc məsələsi, yaxud qeyri-rentabelli fəaliyyət önə çıxarılır. Lakin heç vaxt müzakirə olunmur ki, bu sahə niyə qeyri-rentabellidir?" Ekspertin fikrincə, bununla bağlı ciddi araşdırmalara ehtiyac var:  “Məncə, kommunal xidmətlərin qeyri-rentabelli fəaliyyətinin əsas səbəbi izafi xərclərdir. Təmir məsələsi və s. kifayət qədər şişirdilir və nəticə etibarı ilə rentabellilik aşağı düşür. Ona görə də, bu sahədə yeni yanaşmaya ehtiyac var. Yəni məsələnin kökünə enmək lazımdır. Ümumiyyətlə, audit araşdırması aparılmalıdır ki, Azərbaycanda niyə məhz kommunal xidmətlər, qiymətlərin aşağı olmasına baxmayaraq, ziyanla işləyir. Bu məsələdə səmərəli araşdırma ilə nəticələr əldə edilməzsə, təəssüf ki, qiymət artımı qaçılmaz olacaq”.

Azərbaycan hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!