ABŞ xəritə tərtib etdi: Rusiyanın 200 hərbi obyekti...

ABŞ Ukrayna ordusunun ATACMS raketləri ilə hücum edə biləcəyi 200-ə yaxın Rusiya hərbi obyektinin xəritəsini tərtib edib. Sozcu.az xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” yazıb. Nəşrin məlumatına görə, növbəti hücum Rostov vilayətindəki obyektlər ola bilər: “Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu regionunda yerləşən bir neçə hərbi aerodromu vurmağa cəhd edə bilər”.

Türkiyədə ağır qəza: 30 yaralı

Türkiyənin Afyonkarahisar vilayətində zəncirvari qəza baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu evakuator və minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 30 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Afyonkarahisardakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəkidə 21 yaşlı gənc dəm qazından öldü

21 yaşlı gəncin huşsuz bədəni yaxınları tərəfindən vanna otağında aşkarlanıb. Sozcu.az xəbər verir ki, Şəki şəhəri Mehdi Hüseynzadə küçəsi ev 40 ünvanında yaşayan 21 yaşlı şəhər sakini Süleyman Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında aşkarlanıb. Ailə üzvləri onun hamamdan çıxmadığını görüncə narahat olub və vanna otağına baxış keçirib. Dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edilib. Həkimlər ilkin tibbi müayinədən sonra Süleyman Mustafayevin dəm qazından boğularaq həyatını itirdiyini bildiriblər. Ölüm hadisəsinin daha dəqiq təfərrüatlarını bilmək məqsədi ilə 21 yaşlı gəncin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Tramp bu qadını nazir təyin edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimimdən sonra kənd təsərrüfatı katibi postuna Bruk Rollinsi gətirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında bildirib. Xanım Rollins yeni hökumətdə kənd təsərrüfatı, qida, ərzaq təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, həmçinin, ərzaq ticarəti məsələlərinə cavabdeh olacaq. Bruk Rollins Trampın ilk prezidentliyi dövründə Daxili Siyasət Şurasına rəhbərlik edib.

Ukraynanın dəhşətli zərbəsi: rus general, 18 zabit, 500 əsgər... - Təcili

Ukrayna Silahlı Qüvvələri Britaniya istehsalı olan “Storm Shadow” (Fırtına kölgəsi) uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə endirdiyi ilk zərbə ilə bağlı sensasion iddia yayılıb. Sozcu.az xəbər verir ki, “Global Defense Corp” portalı Britaniya raketləri ilə Ukrayna ordusunun Kursk vilayətinin Marino kəndində yüksək rütbəli komandirlərin də olduğu yeraltı komanda məntəqəsini darmadağın etdiyini bildirib. İddiaya görə, bu hücum nəticəsində rusiyalı general-leytenant Valeri Solodçuk, Rusiya ordusunun 18 zabiti, həmçinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya gələn Şimali Koreyanın 500 əsgəri ölüb. Bundan əlavə, 33 rus, iki koreyalı əsgər, bir qadın tərcüməçi yaralanıb.

Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq-Şirvan) leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1990–2006-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Tramp NATO baş katibi ilə görüşdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla NATO Baş katibi Mark Rutte arasında görüş baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, onlar Alyansın qarşısında duran bir sıra qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Baş katib, eyni zamanda, konqresmen Mayk Uolts və prezidentin milli təhlükəsizlik komandasının üzvləri ilə də görüşüb. Xatırladaq ki, D.Trampın qərarı ilə Mayk Uolts prezidentin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.

Türkiyədə güclü yağış: Uçuşlar ləğv olundu

Türkiyəyə yağan leysan yağışları və güclü külək nəqliyyatın işində çətinlik yaradıb. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bildirilib ki, pis hava şəraiti ilə əlaqədar İstanbul, Ankara və Antalyada hava nəqliyyatında fasilələr yaranıb. Türk Hava Yolları İstanbul hava limanından gələn və gedən 38 reysi ləğv edib. Dəniz nəqliyyatı xidmətləri də işini dayandırıb.

İtkin düşən 10 nəfər tapıldı

Noyabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paşinyandan delimitasiya ilə bağlı yeni açıqlama: COP29-dan sonra...

Növbəti görüşdə Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib. Baş nazir qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək. “Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən hesab edirəm ki, ən azı,  COP29-dan sonra bu proseslərin davam edəcəyi anlayışı var”, - deyə baş nazir bildirib. Qeyd edək ki, İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. İlk delimitasiya Tavuş bölgəsində təxminən 6 km ərazidə aparıldı.

Neftçalada baş verən qəzada bir ailənin 5 üzvü xəsarət aldı

Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib. 2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub. Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

“Bizi ot kimi biçirlər” - Rusiya əsgərləri

Rusiya Silahlı Qüvvələrinin 394-cü motoatıcı polkunun 2-ci batalyonunun əsgərləri cəbhədə ağır şəraitdə olduqlarını bildirərək kömək üçün müraciət ediblər. Sozcu.az xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb. Əsgərlərin sözlərinə görə, onlar dəstək və düzgün planlaşdırma olmadan döyüşə göndərilir. Batalyon ağır itkilər verir: əsgərlər “ot kimi biçilir”, pilotsuz uçuş aparatlarının davamlı hücumları isə heç bir fasilə imkanı tanımır. Hərbiçilər təminatın tamamilə çatışmadığını, yaralıların döyüş meydanında köməksiz buraxıldığını vurğulayırlar. Evakuasiya və tibbi yardımın olmaması vəziyyəti daha da ağırlaşdırır. İddia olunur ki, komandirlər təhlükəsiz mövqelərdə qalaraq “Geri addım atmayın!” əmrləri verməyə davam edir və əsgərləri ölümə məhkum edirlər./Müsavat

70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub. Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

İlk səfərini Türkiyəyə edəcək

NATO-nun baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. O, vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərlə görüşəcək. Baş katib Türkiyənin müdafiə sənayesinin nümayəndələri ilə də görüşəcək və "Türk Aerokosmik Sənayesi" şirkətinə baş çəkəcək.

Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq - Starmer

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya daxil olarsa, həbs olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin Ofisi məlumat yayıb. “Böyük Britaniya hər zaman milli və beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, - ofisdən verilən açıqlamada bildirilib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib. Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb. Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Zelenskiyə yeni silahlar vəd olunur: ABŞ "Patriot" sistemlərini gücləndirə bilər

Ukrayna ABŞ ilə qitələrarası ballistik raketləri (ICBM) zərərsizləşdirməyə qadir olan müasir silahların təmin olunması məsələsini müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirələr həm də "Patriot" zenit-raket komplekslərinin modernləşdirilməsi üzərində fokuslanır. Mənbələrin sözlərinə görə, bu, Ukraynanın müdafiə imkanlarını daha da gücləndirəcək və Rusiyanın müharibədə tətbiq edə biləcəyi yeni təhlükələrə qarşı effektiv cavab olacaq. Hər iki tərəf arasında bu istiqamətdə əməkdaşlıq detalları və mümkün vaxt qrafiki hələ açıqlanmayıb.

Qazaxın 4 kəndində yeni sərhəd zastavaları tikiləcək

Qazaxın işğaldan azad olunan 4 kəndində gələn il yeni zastavalar tikiləcək. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Xeyrimli kəndində müvəqqəti zastava qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar tikiləcək".

Sabah da tam iş günüdür

Nazirlər Kabinetinin iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Sozcu.az xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədi ilə 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilmişdi. 13 noyabr iş günü 23 noyabr şənbə günü ilə əvəz edildiyindən sabah iş günü hesab olunur. 

Avropa nüvə təhlükəsi ilə üz-üzədir - Ukraynadan AÇIQLAMA

Son bir neçə gündür Rusiyanın Ukrayna paytaxtına kütləvi raket zərbələri gözləntisinə görə diplomatik korpusların əməkdaşları təhlükəsizlik səbəbindən sığınacaqlara göndərilir. Ötən gün səhərdən etibarən isə ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın ciddi hava hücumu ilə bağlı diplomatik korpusa xəbərdarlıq edib. Ehtiyat tədbiri olaraq, səfirliyin bağlanacağını bildiriblər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.  Günün ikinci yarısından etibarən isə digər səfirliklər, eyni zamanda Azərbaycanın Ukraynadakı diplomatik korpusu da çağırış edib. Qeyd edilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. Ukrayna Xarici İşlər Nazirliyi Kiyevdəki bir neçə səfirliyin bağlanmasını “əlavə məlumat axını” adlandırıb. "Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə də əvvəlki min gündə olduğu kimi reaksiya verməsi düzgün olardı", - açıqlamada bildirilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bəyan edib ki, Ukrayna şəhərlərinə “xüsusilə kütləvi” raket və bomba hücumları ilə bağlı sosial şəbəkələrdə və Baş Kəşfiyyat İdarəsinin adından messencerlərdə yayılan xəbərlər saxtadır. Ukraynalı politoloq Oleq Starikov Modern.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın yeni silahlardan istifadə edəcəyi xəbəri müharibə üçün "soyuq effekt" yaratmaq üçün ola bilər: “RS-26 "Rubej" raketinin istifadəsi ilə bağlı sual hələ də müəmmalıdır. Əgər bu raket həqiqətən də bizim üçün təhlükə yaradırsa, bizim daha güclü müdafiə sistemlərinə ehtiyacım var. Daha güclü sistemlər üçün amerikalılara müraciət etməmiz lazım gələ bilər. Orta mənzilli raketlərə qarşı durmaq üçün bizə "THAAD" kimi sistemlər lazımdır ki, bundan amerikalılar bu yaxınlarda İsraili müdafiə etmək üçün istifadə edirdilər. Əgər Rusiya bu silahdan istifadə edərsə, bizim daha çox imkana sahib olmağımız lazımdır.  Bilmək lazımdır ki, RS-26 “Rubej” raketi yaxşı işlənmiş Rusiya layihəsidir və sınaqdan uğurla keçib. Rusiyanın qiymətləndirmələrinə görə, hələ 2018-ci ildə yerləşdirilməyə hazır olub. Bununla belə, Kremlin təhlükəli silahları yerləşdirilməsi Avropanın yarısının Rusiyanın nüvə təhlükəsi altına düşməsi deməkdir. Belə bir məqamda müttəfiqlərin, eyni zamanda Ukraynanın üzərinə böyük vəzifə düşür. Bu təhlükəni aradan qaldırmaq üçün birlikdə işləmək lazım gələcək".

Bu evlərin sənədləşdirilməsi mümkün deyil

“Bu gün Bakı və Abşeron ərazisində yüzlərlə ev yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Bu səbəbdən də həmin evləri sənədləşdirmək mümkün deyil. Məlum olduğu kimi, artıq həmin hava xətləri yeraltı kabellərlə əvəzlənir. Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Deməli, yüksəkgərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir". Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib. O qeyd edib ki, gələcəkdə Bakı və Abşeron ərzisində yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsiə mümkündür: "Bundan sonra sözügedən elektrik xətlərinin altında yerləşən evlərin sahibləri mənzillərinin sənəd problemini həll edə bilərlər. Düzdür, tikililərin olduğu ərazilərdə bu əvəzlənməi bir qədər çətin işdir. Amma buna gedilməlidir. Çünki nə qədər ki yüksək gərginlikli xətlər var, onun altındakı tikililərin sənədləşdirilməsi mümkün deyil".

1003-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1003-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 728 300 hərbçi, 9 399 ədəd tank, 19 156 ədəd zirehli döyüş maşını, 20 736 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 777 ədəd avtomobil texnikası, 19 260 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.