Bakıdakı dəhşətli yanğınla bağlı 3 vəzifəli şəxs saxlanıldı

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib. İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi - Təcili

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısı baş tutmayıb. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi. Sozcu.az xəbər verir ki, federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib. Publika.az-ın məlumatına görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.

İsraildən şok: Xəstəxanalar boşaldılır, minlərlə yaralı...

İsrail-Livan sərhədində gərginliyin artması fonunda İsrail Səhiyyə Nazirliyi ölkənin xəstəxanalarına minlərlə yaralının qəbuluna hazırlaşmağı tapşırıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb. Məlumata görə, bütün xəstəxanalar Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tovdan müvafiq göstərişlər aldıqdan sonra 24 saat ərzində zəruri hallarda təcili iş rejiminə keçməyə hazırlaşmalıdır: “Xəstəxanalar tibb işçilərinin və xəstələrin qorunan ərazilərə köçürülməsinə, yüngül simptomları olan bütün xəstələrin dərhal evə buraxılmasına və çoxlu sayda yaralının müalicəsinə hazır olmalıdır. Nahariya və Safad şəhərlərindəki böyük xəstəxanalar lazımi avadanlıq, dərman və ərzaq almaq imkanı olmadan tam təcrid olunmuş vəziyyətdə işləməyə, çoxlu sayda yaralını qəbul etməyə hazır olmalıdır”. “Kan” bildirib ki, Səhiyyə Nazirliyi tibb işçiləri arasında itkilərlə bağlı ssenarilər üzərində də işləyir və bununla əlaqədar olaraq xaricdən həkimlərin çağırılmasının mümkünlüyü nəzərdən keçirilir. Artıq 7 minə yaxın yəhudi həkim yardım göstərmək üçün könüllü olaraq İsrailə gəlməyə hazır olduğunu bildirib.

İranda polis bölməsinə hücum edildi: ölən var

Yanvarın 9-dan 10-a keçən gecə Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin yaxınlığında yerləşən Bideld polis bölməsinə silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, avtomat silahlar və minaatandan edilən hücum nəticəsində Əmirhüseyn Hüseynabadi adlı polis öldürülüb. Hücumun kimlər tərəfindən edildiyi və təfərrüat barədə məlumat verilməyib.

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı ÇAĞIRIŞ

2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Sozcu.az-ın məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyi əhaliyə çağırış ünvanlayıb. Nazirlik qeyd edib ki, yaranmış epidemioloji vəziyyətin təhlilinə əsasən, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir. İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.

Almaniyadan Ermənistana TƏKLİF: Rusiya sərhədçilərini ölkədən çıxarın!

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib. Mənbə qeyd edib ki, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. "Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, hakimiyyəti öz dövlət aparatınж Rusiyaya dost olan şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır", - açıqlamada belə deyilir. TASS-ın iddiasına görə, bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir.

Pensiyalar artırıldı - Əlavələr bu tarixdə ödəniləcək

Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək: "Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir". Sədr vurğulayıb ki, bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını ala bilər. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Mirzoyan sərhəddəki Aİ missiyasından DANIŞDI

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasını Azərbaycanla sərhəddə təhlükəsizlik və sabitliyin mühüm amili adlandırıb. Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İrəvanda olan yunanıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bu barədə danışıb. "Bununla belə, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək üçün çox uzun yol var. Tərəflər hazırda bir sıra konkret proqramları və tədbirləri müzakirə edirlər", - o bildirib.

Şahramanyan "artsax"ın ləğvi haqda qərarı ləğv edib... Surətini Paşinyana yollayıb…-“Hraparak”

"Şahramanyanın "artsax" barədəki davranışları Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisində qondardığı separatçı-terrorçu rejim barədəki gerçək siyasətinin kiçik miqyaslı proyeksiyasıdır..." “Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan və hakim rejimin digər nümayəndələrinin təhdidlərinə baxmayaraq, artsax respublikasının son prezidenti Samvel Şahramanyan artsaxın ləğvi haqqında fərmanı ləğv etmək qərarına imza atıb. Bunu yalnız bir neçə nəfər bilir”. Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazıb. “Qərar dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistanın baş naziri Nikol Paşinyana göndərilib”,- deyə daha sonra erməni qəzeti bildirir. Nəşrin yazdığına görə, Şahramanyan sentyabrın 28-də “artsax”ın ləğvi haqda “fərman”ı “artsax xalqının fiziki təhlükəsizliyini və həyati maraqlarını təmin etmək naminə verib. Fərmanın faktiki mətni dərc olunmayıb, yalnız bu barədə əvvəlcə rus, sonra erməni dilində məlumatlar yayılıb. Və o, prezidentliyin saytında deyil, o günlərdə Stepanakertdən(Xankəndi-S.L.) rəsmi xəbərlər üçün yeganə platforma olan artsax informasiya qərargahının “Facebook” səhifəsində dərc edilib”- Ermənistan saytı belə yazır. “Artsaxın boşaldılmasından sonra Ermənistanın hökumət dairələri bu qərarı mütəmadi olaraq səsləndirir və bütün məsuliyyət yükünü Şahramanyanın çiyninə qoymağa çalışır, onun bir fərmanla bütöv bir dövləti ləğv etdiyini bəyan edərək, artsaxın təslim olmasının günahını və xalqın qəzəbini ona yönləndirməyə çalışırdılar… Samvel Şahramanyan lüzumsuz spekulyasiyalara yol verməmək üçün imzaladığı qərarı ləğv etmək üçün yeni qərar qəbul edib, lakin onlar Ermənistan hakimiyyətinin təhdid və fərziyyələrini nəzərə alaraq, bunu ictimaiyyətə açıqlamaq fikrində deyillər….Mənbəmiz bildirdi ki, Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib…”- erməni nəşri belə yazır. Nəşr bildirir ki, separatçı-terrorçu rejimin müxalifət təmsilçisi Metakse Akopyan “prezident”in fərmanının ləğvi ilə bağlı qərar qəbul etdiyini istisna etmir... P.S. Şahramanyanın "artsax" barədəki davranışları Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisində qondardığı separatçı-terrorçu rejim barədəki gerçək siyasətinin kiçik miqyaslı proyeksiyasıdır...

Britaniyadan Putinə: Ukraynaya uzun illər...

Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. “Müttəfiqlərimizlə birlikdə Putinə aydın şəkildə bildirmək istəyirik ki, onun “gözlə-gör” siyasəti işə yaramayacaq. Biz 2024, 2025, 2026-cı illərdə Ukraynanı dəstəkləməyə, onlara bu dəstəyi verməyə hazırıq, çünki bu, bizim nəsil üçün əsas problemdir”, - deyə Kemeron bildirib. Kemeron əlavə edib ki, Qərb koalisiyasına daxil olan ölkələrin ümumi ÜDM-i Rusiyanı 25 dəfə üstələyir.

Azərbaycanda generalın qardaşı oğlu həbs edildi

İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev həbs edilib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, Elvin Babayevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Qeyd edək ki, Elvin Babayev Azərbaycan Ordusunun general-mayoru Münasib Babayevin qardaşı oğludur.

Asryan sərhədimizə gəldi: orduda nə baş verir?

Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri (iki zabitin güllələnərək öldürülməsini – red.) komandanlıqla müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb. Qeyd edək ki, bu gün Göyçə bölgəsində, Basarkeçər rayonundakı mövqelərdə (2-ci Korpusun məsuliyyət zonasına daxildir) iki ölümcül insident baş verib. Belə ki, yanvarın 9-da saat 06:20-də döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Həmin gün saat 11:30-da isə baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən aşkar edilib.

Bakıda özəl klinikada ölüm... - Rəsmi

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda vurğulanıb.

Rusiya Gürcüstanın düşmənidir - Zurabişvili

Əsrlər boyu belə bir təəssürat olub ki, Gürcüstanın bir düşməni var və bu Rusiyadır. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili yerli KİV-ə müsahibəsində deyib. Onun sözlrinə görə, bəziləri bunu bu gün də anlamır. "Ola bilsin ki, bəziləri bunu anlamır, bəziləri anlamaq istəmir, bəzilərinə isə bu sərf edir. Lakin bu fakt hər şeydə görünür", - o deyib.

“Mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?”

“İki gün öncə “Azparking” MMC-nin fəaliyyətini haqlı tənqid etmişdim”. Sozcu.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında məlumat yayıb. Eskpert bildirib ki, “Yeni Müsavat” qəzetinin əməkdaşları sualları qurumun təsisçisi olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucova ünvanlayıblar: “Cavabdan da aydın olur ki, AYNA və “Azparking” MMC-nin rəhbərliyi bu işin fəsləfəsini, məğzini bilmirlər, hətta qanuniliyi şübhəli olan fəaliyyətlə məşğuldurlar. Tural müəllim deyir ki, sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər. Amma “Azparking” şirkətdir, MMC-dir, təsisçisi dövlət quruçu olan kommersiya təşkilatıdır, kommersiya təşkilatının əsas qayəsi pul qazanmaq olduğu üçün onlar cərimələyən qurum ola bilməz, hətta elə bir qərar varsa, qanunsuzdur, ləğv edilməlidir. Tural Orucovun sözlərinə görə, yığılan vəsaitin xərc qaydaları var, həmin qaydalarda deyilir ki, Nazirliyə daxil olan vəsaitin 50%-dək, Agentliyə daxil olan vəsaitin isə 30%-dək hissəsi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclənir”. Cəfərli qeyd edib ki, bu halda AYNA və qurum cərimələrin yazılmasında maraqlıdırlar: “Bu rəzalətdir, belə çıxır ki, AYNA və onun təsis etdiyi kommersiya qurumu cərimələrin yazılmasında maraqlıdırlar, kommersiya qurumuna belə maraq yaratmaq olmaz, bir daha – kommersiya qurumunun məqsədi gəlir götürməkdir, gəlirini cərimə ilə təmin edirsə, aşırı maraq yaranır, bu qeyri-qanunidir. Bunu da qoydum kənara – mən parklanma üçün pul ödəyirəm ki, şəhərin infrastrukturuna xərclənsin, bu vergi növüdür, xaricdə bu vergini Bələdiyyələrə ödəyirsən, onlar da seçilmişlər olduğu üçün seçənlərin marağına görə davranıb, xərclərini elə planlayırlar. Yaxşı, mən MMC işçisinin gəlirlərinin artması üçün niyə pul verməliyəm ki?! Əgər onların marağı cərimələrin çox olmasıdırsa, deməli işlərini də cərimələrin qarşısını alacaq şəkildə deyil də, daha çox qayda pozuntusunun olmasına görə quracaqlar – mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?! Mən Böyük Şəhər Bələdiyyəsi, seçilmiş şəhər hökuməti istəyirəm, pulu da onlara sevə-sevə ödəməyə hazıram, təyinedilmişlərin maaş və gəlirlərinin artması üçün ödəniş etmək istəmirəm!”

Rauf Nağıyev klinikada nələr edib? - Şikayət

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 2015-ci ildə vəzifəyə təyin olunandan sonra burada uzun illər çalışan peşəkar və savadlı şəxsləri işdən çıxarıb yerinə öz qohumlarını və yaxın ətrafını işə götürdü. O, vəzifəyə gətirdiyi şöbə və bölmə müdirləri ilə birlikdə burada korrupsiya şəbəkəsi quraraq həkim və orta tibb işçilərindən aylıq haqq toplayırdı. R.Nağıyev işdən çıxarılsa da, onun yaxın ətrafı hələ də burada çalışır. Bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı ərazi bölməsinin sürücüsü Kərim Rəşidzadə Axar.az-a ünvanladığı şikayət məktubunda bildirib. “R.Nağıyev islahatlar adı ilə “103”ün bölmələrində dispetçer xidmətini ləğv etdirib “Vahid dispetçer mərkəzi” yaratdı. Lakin bölmələrdə həkimləri dispetçer əvəzi işlədirdi. Nəticədə təcili yardımın operativliyi xeyli aşağı düşdü və təcili yardım avtomobilləri saatlarla gecikirdi”, - şikayətçi bildirib. Onun sözlərinə görə, R.Nağıyev COVİD-19 pandemiyasının Azərbaycanda yayıldığı dövrdə əslində pulsuz olan analizlərin verilməsi üçün 100 manat, virusa yoluxan xəstəni Yeni Klinikaya göndərmək üçün 5000 manat, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya hospitalizasiya üçün isə 3000 manat pul tələb edirdi: “Təbii ki, belə korrupsiya halları TƏBİB-in və hüquq-mühafizə orqanlarının nəzərindən yayınmadı. O zaman Nağıyevin işdən çıxarılması barədə qərar verilsə də, hospitalın bəzi əməkdaşlarını həbs etdirərək özünü xilas etdi. Bundan sonra R.Nağıyev daha da irəli gedərək birbaşa COVİD-ə yoluxmuş xəstə ilə işləyən həkimlərin və təcili yardım xidmətinin əməkdaşlarının artan əmək haqlarını mənimsədi. Sonradan həmin həkimlərə və tibb işçilərinə saathesabı ilə maaşlarının verilməsi haqda qərar verdi. O zaman bu qərardan narazı qalan Təcili Tibbi Yardım Stansiyasının 9 və 7 saylı ərazi bölmələrinin əməkdaşları işə çıxamaqdan imtina edərək tətil etdilər. Lakin R.Nağıyev yalan vədlər verməklə işçiləri sakitləşdirsə də yenə də haqqımızı ala bilmədik”. Şikayətçi yaxın zamanda məhkəməyə müraciət edəcəyini bildirib. TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Rauf Nağıyev artıq işdən çıxdığı üçün bu barədə açıqlama vermək səlahiyyətləri yoxdur: "Rauf Nağıyev artıq işdən çıxıb, bu barədə yalnız məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etmək doğru olardı".

Bakının Baş Planı sənədsiz ev problemini həll edəcəkmi?

Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməsi prosesini gündəmə gətirib. Sozcu.az xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, Baş Planın təsdiq edilməsinin sənədsiz evlərə çıxarış verilməsinə ciddi təsiri olmayacaq. "Ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar hissələrində yerləşir. Sənədsiz evlərə çıxarış verilməsi üçün qanunda müvafiq dəyişikliklər aparılmalıdır. Hökumət artıq bununla bağlı ilk addımlar atır", - o vurğulayıb. Ekspert qeyd edib ki, paytaxın mərkəzi hissəsinə yaxın sənədsiz evlərin çoxu Keşlə, NZS, Xutor qəsəbələrində və az sayda Yasamal rayonu ərazisindədir. "Belə yerlərdəki sənədsiz evlərə gələcəkdə baxış keçiriləcək. Yaşayış təyinatlı torpaqlardırsa, statusu olduğu kimi qalacaq. Torpaqların təyinatı başqadırsa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinə uyğun olaraq həmin torpaqların təyinatı dəyişdirilməlidir. Qanunla beş ildən bir torpaqların təyinatına baxılmalıdır. Bu qanunda nəzərdə tutulsa da, ancaq baxılmır. Bakının Baş Planının təsdiq edilməsindən sonra artıq buna əsas yaranıb", - deyə o, əlavə edib. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova bildirmişdi ki, sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb. Bildirilib ki, AFFA “Qalatasaray” və “Fənərbaxça” arasındakı keçiriləcək matçın Bakıda oynanılması üçün Azərbaycan Futbol Federasiyasına müraciət edib. TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırsa da, bu təkliflə bağlı iştirakçı klublarla müzakirə aparılacaq. Qeyd edək ki, Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.Qafqazinfo

Vətən müharibəsi qazilərinin kredit borcları silinəcək

Banklar bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev bildirib. O xatırladıb ki, son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. "Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək", - deyə Z.Nuriyev əlavə edib.

Azərbaycanda FACİƏ: 4 uşaq diri-diri yandı

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.  Sozcu.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub. Qeyd olunur ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub: "Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir. Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq". 

Azərbaycan - Ermənistan sərhədində insident: Əsgər zabiti güllələdi

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri zabiti gülləyib.  Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vardenis (Basarkeçər) şəhərində baş verib.  Qəzet yazır ki, əsgər xidməti silahı ilə poçt şöbəsində zabiti gülləyərək qətlə yetirib. Nəşrin mənbəsi iddia edir ki, hadisə korpus komandiri Qaregin Poqosyan evdə olarkən baş verib. Bildirilib ki, korpus komandiri tabeliyində olanlarla düzgün münasibətdə olub zabitlərlə əsgərlər arasında yaranmış mübahisəni həll etməyə çalışmadığına görə silahlı insident qeydə alınıb. Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hadisə ilə bağlı açıqlama vermək istəməyib. Nazirlikdən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma gedir və yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək. 

Azərbaycanda 1-ci sinif şagirdi qızılcadan öldü

Azərbaycanda daha bir uşaq qızılcadan vəfat edib.  Sozcu.az-ın məlumatına görə, hadisə Bakıda baş verib.  Qızılcadan vəfat edən 2015-ci il təvəllüdlü Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub. Qeyd edək ki, Azərbayanda son aylarda uşaqlar arasında qızılcadan 10-a yaxın uşaq həyatını itirib. Bundan əvvəl Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşları qızılcaya yoluxub. Yanvarın 5-də Məmişov Yusifin vəziyyəti ağırlaşıb, ertəsi gün ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib. Yanvarın 4-də isə Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. TƏBİB-dən bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib. yenisabah

Roma Papasından Bakı və İrəvana çağırış

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sülhə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib. Roma Papası Azərbaycan və Ermənistanı sülhə nail olmağa səsləyib. O, həmçinin Cənubi Qafqazdakı durumdan narahatlığını bildirib. Fransisk dini abidələrə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

Tofiq Yaqublu məhkəmə qarşısına ÇIXARILIR

Milli Şura üzvü Tofiq Yaqublu sabah məhkəmə qarşısına çıxarılacaq. Sozcu.az-ın məlumatına görə, bu barədə vəkil Aqil Layic bildirib. Tofiq Yaqublunun ev dustaqlığı məsələsinə sabah - 9 yanvar 2024-cü il tarixində saat 14:30-da Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatında baxılacaq”, - vəkil deyib.