Azərbaycanda qohum qohumu güllələdi

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.

Sürücülərin NƏZƏRİNƏ: Buna görə də pul ödəyəcəksiniz

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Sozcu.az-ın məlumatına görə, bunun bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb. Qərara əsasən, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qeyd edək ki, qərar gələn ilin fevralın 1-dən qüvvəyə minəcək.

Hərbi xidmətdən "Neqodnu" adı ilə yayınanlara VACİB XƏBƏR - Qərar DƏYİŞDİ

Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur. Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq. Bəs qəbul olunan yeni qərarların hədəfi nədir? Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a deyib ki, yeni dəyişikliklər hərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq: “Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbul olunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədar olan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 ilə qaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbi xidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdik ki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlı çıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha da müasir və güclü ordu yetişdirməyi hədəfləyir”. Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyini deyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılması belə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlarda kifayət qədər həbslər olub: “Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəli gəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdır və s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial Müdafiə Nazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzləri var. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”. Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isə Referans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var: “Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsində hərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununla da sona çatacaq. Heç kim nəinsə müqavilində hərbi xidmətdən yayına bilməyəcək. Heç kim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hər hansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çox çətin və müşqül bir məsələ olacaq”.

Azərbaycanda qayınanaların ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq

Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq faktları müşahidə edilir. Sozcu.az “Report”a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək. Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir: “Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi. O, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində həmin hissənin çıxarılmasının təklif olunduğunu söyləyib.

Dehlidən şok: İrəvana qanadlı və ballistik raketlər verir

Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən “Indian Defence Research Wing” portalı məlumat yayıb. Xüsusilə Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır. “Pralay” raketinin uçuş məsafəsi 150-500 km, "BrahMos" raketi isə 290 km-ə qədərdir. Qeyd edək ki, Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib, 2022-ci ildə “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək. Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir. Ən sonuncu məlumata görə isə, Hindistan Ermənistana “Akaş” kompleksi də (600 milyon dollar dəyərində saziş çərçivəsində) tədarük etmək niyyətindədir.axar)

MSK Fuad Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyevin məsələsi müzakirə olunub. Müzakirələrdən sonra Fuad Əliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.

SEPAH Londonda bu qətli 200 min dollara sifariş edib

SEPAH-ın Britaniyada fəaliyyət göstərən İrana müxalif jurnalistlərlə bağlı terror planı ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilib ki, SEPAH Londonda yerləşən “İran İnternational” televiziya kanalının əməkdaşları - Sima Sabit və Fərdad Dərruxzadın öldürülməsi üçün killerə 200 min dollar pul ayırıb. Terror planının arxasında SEPAH-ın yüksək rütbəli komandirlərindən olan Məhəmmədrza Ənsarinin olduğu qeyd edilib. Ənsarinin planlaşdırdığı əməliyyyata SEPAH-a bağlı və Bəşər Əsəd ailəsinə yaxın Məhəmməd Əbdülrəzzaq Kənfani başçılıq edib. Qeyd edilib ki, terrorun həyata keçirilməsi 2016-cı ildə SEPAH-la əməkdaşlığa cəlb olunan, sonralar Qərb ölkələrindən birinin kəşfiyyat xidməti tərəfindən ələ keçirilən şəxsə tapşırılıb. Bununla yanaşı, dekabrın 20-də Britaniya məhkəməsi çeçen əsilli Avstriya vətəndaşı Məhəmməd Hüseyn Dutayevə qarşı ittiham irəli sürüb. Məhkəmə onu bundan əvvəl ofisi Londonda yerləşən İrana müxalif “İran İnternational” televiziya kanalına terror əməliyyatı həyata keçirməyə cəhddə günahlandırıb. Dutayev cari ilin fevral ayında adıçəkilən televiziya kanalının binasından fotolar çəkdiyi, məlumatlar topladığı vaxt Britaniya polisi tərəfindən həbs edilib.

Şahramanyan “artsax”ın buraxılması barədə “fərman”ın ləğvi haqda “fərman” verdi?..

Azərbaycan Respublikasının suveren(!) ərazisində 32 il Rusiyanın himayəsi altında yaradılmış və fəaliyyət göstərmiş qondarma separatçı-terrorçu rejimin buraxılması haqqında bu il sentyabrın 28-də sonuncu “prezident” Samvel Şahramanyanın imzaladığı “fərman”ı qüvvədən salmaq haqqında “fərman” var.  Sozcu.az xəbər verir ki, bu iddia ilə “artsax” ictimai xadimi sayılan və son 3 il ərzində Xankəndində fəallığı ilə seçilmiş Tiqran Petorsyan öz “Facebook” səhifəsində irəli sürüb. “Bu gün səhər mən Samvel Şahramanyanla görüşmək məqsədi ilə onu artsaxın ləğvi ilə bağlı “NH-657-N”saylı fərmanını ilin sonunadək qüvvədən düşmüş hesab etməyə çağırmaq məqsədi ilə artsaxın nümayəndəliyinə getdim. Təəssüflər olsun ki, Şahramanyan məni qəbul etməyi lazım bilmədi və xahişi başqa adamlar vasitəsilə çatdırmalı oldum. Məndə olan məlumata görə, artıq belə bir fərman var, sadəcə dərc olunmayıb və belə fərmanlar dərc olunduğu andan qüvvəyə minir. Bu günlərdə ləğv fərmanını dərc etmək üçün əlimizdən gələni edəcəyik. Şahramanyana gəlincə, onu deyim ki, o, milli təhlükəsizlik xidmətinin direktoru olanda həmin  Bako Saakyan və digərlərinin əleyhinə danışanları izləməklə, çirkab toplamaqla məşğul idi və o vaxt türk agentləri artsaxa səfər edirdilər. axırda nə baş verdiyini hamımız bilirik. Bundan əlavə, onun hakimiyyəti dövründə artsax dağıdıldı, onun düzgün idarə etməməsi nəticəsində bizdə də benzin partlayışından yüzlərlə qurban oldu, bunun əsas günahkarı və məsuliyyəti Şahramanyanın özüdür... Və bundan sonra biz onun getməsini zəruri hesab edirik. Bizimlə görüşməyi qəbul etmirsə, getsin-...” -Petrosyan belə yazıb. “Unutmayaq ki, dəfələrlə sorosizmlə əlaqədə olmaqda ittiham olunan T.Petrosyan dəfələrlə yumşaq desək, yanlış açıqlamalar verib və buna da inanmağa tələsməyək”. Bunu isə  “artsax”lı fəalın  iddiasını şərh edən rusiyapərəst “İravunk” nəşri yazıb.moderator)

İlham Əliyev Xocalının Dağdağan kəndində oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub. Sozcu.az bildirir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Türkiyədə oğul atasını öldürüb sobada yandırdı - VİDEO

Türkiyənin Çankırı şəhərində dəhşətli qətl hadisəsi baş verib.  BAKU.WS İHA-ya istinadən xəbər verir ki, İsmayıl Dəmirçi adlı şəxs atası Həsən Dəmirçi ilə naməlum səbəbdən mübahisə edib. Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib. Dava zamanı İsmayıl Dəmirçi atası Həsən Dəmirçini öldürüb. Həsən Dəmirçidən xəbər ala bilməyən yaxınları polisə məlumat veriblər. Atanın yanmış cəsədini polis əməkdaşları sobada tapıblar. Polis atasını qətlə yeriən şəxsi həbs edib.

“Heç vaxt sülh olmayacaq, müharibə yenidən başlayacaq!”

Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edir. “Ermənistan hökuməti sülh müqaviləsini elə hazırlayır ki, 20-25 ildən sonra nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, lakin bu sülh yox, müharibədir, sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürsən. 100 il əvvəl olmuş hadisələrə görə bu gün də Türkiyə ilə münasibətlər qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”, - o iddia edib. Babayan Azərbaycanı dolayısı ilə hədələməyə cəhd göstərib. Bildirib ki, Qarabağda ermənilərə “muxtariyyət” verilməsə, heç vaxt sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edin. Qeyd edək ki, Babayan Paşinyana yaxınlığı ilə seçilir. Erməni baş nazir ondan separatçıları parçalamaq, ümumiyyətlə, qondarma “artsax” ideyasını nəzarətə götürmək üçün istifadə edir. İstisna deyil ki, Babayanın Paşinyan hökumətini tənqid edən bu çıxışı məhz separatçılar arasında özünü “Qarabağda erməni gələcəyini düşünən” şəxs kimi göstərmək məqsədi daşıyır.

Rusiyanın itkiləri 350 mni ÖTDÜ

Ukrayna müharibənin 666-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 350 270 hərbçi, 5 828 ədəd tank, 10 825 ədəd zirehli döyüş maşını, 8 226 ədəd artilleriya sistemi, 932 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 611 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 919 ədəd avtomobil texnikası, 6342 ədəd PUA, 1 613 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 208 xüsusi avadanlıq itirib.

İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu ": Elmi konfransın materialları kitab şəklində cap olunub

Sabah Azərbaycan İlahiyyat İnstitutunda "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" kitabının təqdimat mərasimi keçiriləcək.  Sherg.az xəbər verir ki, tədbir İnstitutun Akt Zalında saat 15:00-da baş tutacaq.  Məlumat üçün bildirək ki, "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" adlı elmi toplu 3 iyul 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Türk Ocağı İctimai Birliyinin birgə keçirdiyi "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi konfransın materialları əsasında hazırlanıb. Azərbaycan Cümhuriyyətinin iki dəfə baş naziri olan istiqlal fədaisi Nəsib bəy Yusifbəylinin (1881-1920) anadan olmasının 140 illiyinə həsr olunan elmi konfransda müxtəlif ali məktəblərin alimləri və müstəqil araşdırıcıların məruzələri dinlənilib. Kitabda da həmin məruzələr çap olunub. Toplunun elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlıdır. Ön sözün müəllifi isə ilahiyyat üzrə fəlsəfə doktoru, dossent, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur. Müəllif ön sözdə vurğulayıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinləri üzərinə ciddi məsuliyyət yükü düşən görkəmli dövlət xadimlərimiz arasında Nəsib bəy Yusifbəylinin xüsusi yeri var: "Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuş Nəsib bəy Yusifbəyli vəzifə tutduğu dövrlərdə milli şüurun formalaşması, xalqın maarifləndirilməsi yolunda əvəzsiz xidmətlər göstərib. Oxucuların diqqətinə təqdim olunan toplu görkəmli dövlət və ictimai-siyasi xadimin həyat və fəaliyyətinin tədqiq olunmamış tərəflərini qismən də olsa işıqlandıracaq".  Topluda Türk Ocaqları başqanı, professor Mehmet Özün, İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayramın Nəsib bəy Yusifbəyli barədə maraqlı çıxışları, tarixçi-alim Firdovsiyyə Əhmədovanın "İstiqlal tarixində yazılan Nəsib bəy ömrü", professor Nəsiman Yaqublunun "Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti", Yusifbəyli ocağının varisi Rəfat Cuvarlının ""Nəsib bəy Yusifbəylinin həyat yolu", o cümlədən digər tarixçi alimlərin, araşdırmaçıların dəyərli elmi məqalələri əks olunub. Kitabda vurğulanıb ki, Nəsib bəy Yusifbəyli tutduğu bütün vəzifələrdə öz işlərinin öhdəsindən səmiyyətlə, məsuliyyətlə gəlməyə çalışıb və bu uğurda şəhadətə ucalıb.

Paşinyandan Putinə SƏRT CAVAB: “Qırmızı xətti keçdi”

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. N.Paşinyan Putinin iddialarına cavab olaraq Moskva rəsmilərinin müharibədən sonra hər regiona səfərində sərhəddə gərginlik yaşandığını bildirib: “Vladimir Putinin Qarabağdan Rusiyanın deyil, Ermənistanın imtina etdiyinə dair bəyanatı 9 noyabr sənədi ilə ziddiyyət təşkil edir. Bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə ayrı, Rusiya ilə ayrı hüquqi bazamız var. 2021-ci ildə sərhəddə gərginlik yaşananda hər ikisinə müraciət etdik, lakin cavab almadıq. O zaman mən istefa verdim, parlament buraxıldı, seçki tarixi müəyyənləşdirildi. Həmin günlərdə Rusiyanın xarici işlər naziri Ermənistana səfər etdi, buradan Bakıya keçdi, daha sonra Moskvaya qayıtdı. Bir neçə gün sonra isə Zod istiqamətində gərginlik yaşandı. Çalışılırdı ki, İrəvan hakimiyyəti qarşıdurmaya fərqli reaksiya versin və təyin edilən seçkilər ləğv olunsun. Lakin bu istəkləri baş tutmadı. Onlar Ermənistan Respublikasının ləğvini istəyirdilər. Həmçinin daha sonra Qarabağda həyata keçirilən hərbi əməliyyatlara da rus sülhməramlıları reaksiya vermədi”. Nikol Paşinyan sonra bildirib: “2022-ci ilin oktyabrında biz Alma-Ata Bəyannaməsinə (1991-ci ildə qəbul edilib-red.) uyğun olaraq Azərbaycanla sülhə hazır olduğumuzu bildirdik. Bu, Ermənistan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etməyin yeganə yolu idi. KTMT deyirdi, müşahidəçilər gəlsin, biz qəbul edirdik, sonra rədd cavabı verilirdi. Ermənistan bu təşkilatın üzvüdür. Bizim ərazi bütövlüyümüz KTMT və Rusiya üçün qırmızı xətdir. Deyirik ki, bu xətt pozulub, deyirlər, yox, pozulmayıb. Bu kağız, bu qələm, çəkin o xətti,  görək haradan keçir. Cavab veririk ki, bizim fikrimizlə razı deyilsinizsə, siz çəkin, biz də haradan keçdiyini anlayaq. Deyirlər, yox, biz edə bilmərik. Bu o deməkdir ki, Ermənistanda onların heç bir qırmızı xətti yoxdur”.

Güneyli Nobel mükafatçısı məhkəməyə getməkdən imtina etdi

Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus və Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi bu gün keçirilməsi planlaşdırılan məhkəməyə getməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə onun adına olan sosial media kanalı məlumat yayıb. "İnqilab Məhkəməsi ölkənin gənclərinin qətliamı barədə qərarlar çıxardığı, məhkəmə hakimləri isə təhlükəsizlik mərkəzlərinin və hakimiyyətin sifarişlərini yerinə yetirdikləri üçün etibarsızdırlar", - məlumatda qeyd olunub. Qeyd edək ki, bu, hüquq müdafiəçisinin həbsxanadakı fəaliyyətləri ilə əlaqədar ona qarşı əlavə cinayət işlərinə görə keçirilən üçüncü məhkəmədir. Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

SEPAH-ın hərbi maşınına hücum edildi: ölənlər var

Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın hərbi avtomobili yol kənarında quraşdırılan mina ilə partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində bir SEPAH üzvü həlak olub, biri isə yaralanıb. Hücumun məsuliyyətini bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması öz üzərinə götürüb.

Şirvanda 10 yaşlı məktəblini maşın vurdu

Şirvanda 10 yaşlı məktəblinin avtomobil vuraraq ağır yaralayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2013-cü il təvəllüdlü məktəbli məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub. Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

“Onların qarşımıza yeni bir oyunla çıxacağı istisna edilmir...”

Paşinyan Qarabağ separatçılarını Ermənistan dövlətçiliyinin altına qoyulmuş dinamit  hesab edir...” “İlin sonunda tamamilə ortadan qaldırılması nəzərdə tutulan qondarma qurumun “prezident aparatı”, “parlamenti”, “höküməti” və başqa qurumları artıq olmayacaq. Demək,  bu səhifə bağlanacaq. Amma onların yeni bir “oyunla” qarşımıza çıxacağı istisna edilmir” Ermənişünas alim Qafar Çaxmaqlı moderator.az-a açıqlamasında  3 ay öncə Qarabağda gorbagor(!) edilmiş separatçı-terrorçu rejimin İrəvana sığına bilmiş tör-töküntülərinin  hazırkı fəaliyyəti haqda danışarkən belə deyib. Şərhçinin fikirlərindən belə çıxır ki, hansısa beynəlxalq güclər separatçı-terrorçu rejimin Ermənistanda öz fəaliyətini davam etdirməsində maraqlıdır. “2024-cü il yanvarın 1-ə az qalıb. İndi Ermənistanda  Dağlıq Qarabağın separatçı qurumunun sonuncu rəhbəri Samvel Şahramanyanın sentyabrın 28-də separatçı qurumun bütün institutlarının ləğvi ilə bağlı imzaladığı sənəd daha çox müzakirə edilir.  İddia edənlər var ki, Şahramanyan bu sənədi basqı və təzyiq altında imzalayıb, Azərbaycan qarşısında müəyyən “öhdəliyi” olub və ona görə də azadlıqdadır, o biri “liderlər” kimi Bakı həbsxanalarında deyil. Şahramanyan deyilən bu şəxsin imzaladığı sənədlə bağlı  o fikir də səsləndirilir ki, İrəvana gələndən sonra o həmin sənəddən imtina edib, belə bir imza atmadığını deyib  və hətta Qarabağ erməniləri ilə görüşlərinin birində  Qarabağda olan separatçı institutların fəaliyyətini davam etdirdiyini bildirib. Və Azərbaycanın bu bölgəsi ilə bağlı Ermənistanda fəaliyyət göstərən 150  ictimai, siyasi, qeyri- hökümət və digər  təşkilatlarının dekabrın 9-da keçirilən toplantısında Qarabağa geri dönüşün təşkili haqda bəyanatın altına imza atıb”.  Həmin görüşdə qəbul olunan bəyanatda deyilir ki, Qarabağın səhifəsi hələ bağlanmayıb və Ermənistana gələn əhalinin beynəlxalq  haqları qalmaqdadır və onların geri dönüşü üçün təhlükəsizlik mexanizmləri yaradılmalıdır və onlar beynəlxalq güvənlik alaraq yenidən Qarabağa qayıtmalıdırlar”- deyə şərhçi bildirib.  “Ermənilərin guya  Azərbaycanın əhalini zorla  köç etdirməsi barədə fikirlərinin yalan olduğu hər an ortaya çıxır. Hamı bilir ki, onlara heç bir təzyiq edilməmişdir və özləri könüllü şəkildə Ermənistanın yolunu tutmuşlar.  Azərbaycan buna manemi olmalıydı?     Separatçı təşkilatların yarıgizli-yarıaçıq 9 dekabr görüşündən sonra  Ermənistan hakimiyyətin münasibətini  təhlil etsək, bu nəticəyə gələ bilərik ki,   Paşinyan və onun komandası Qarabağ separatçılarının  bu şəkildə  Ermənistanda fəaliyyətini məqbul hesab etmir və bunu Ermənistanın gələcəyinə təhlükə sayır, Ermənistan dövlətçiliyinin altına qoyulmuş iç dinamit  hesab edir”-  Qafar Çaxmaqlı açıqlamasının davamında belə deyib.    Azərbaycan rəhbərinin dəfələrlə vurğuladığı Ermənistanda revanşizmin qalması anlamında  bu, müəyyən əsaslar yaradır və  təşkilatların bir araya gəlib bəyanatlar verməsi Ermənistan – Azərbaycan sülh danışıqlarına mane olur. Paşinyan da əlavə başağrısı istəmir.  Bəziləri Qarabağ separatçılarının təşkilatlarının Ermənistandan çıxarılması və hansısa neytral ölkədə fəaliyyət göstərməsini təklif edirlər. Bütün bunlar göstərir ki, Qarabağ ermənilərinin bu şəkildə Ermənistanda qalması gələcəkdə ciddi və gərgin siyasi situasiya yarada bilər. İlin sonunda tamamilə ortadan qaldırılması nəzərdə tutulan qondarma qurumun “prezident aparatı”, “parlamenti”, “höküməti” və başqa qurumları artıq olmayacaq. Demək,  bu səhifə bağlanacaq. Amma onların yeni bir “oyunla” qarşımıza çıxacağı istisna edilmir”- deyə ermənişünas alim diqqətə çatdırıb.

Müğənnilərə ev bağışlayanlar niyə şəhid ailələrinə bu xeyirxahlığı göstərmir?

“Mən ev və maşınların telekanallarda kimlərə hədiyyə olunduğunu bilmirəm, amma, qoy, olunsun. Çünki elə sənətkarlarımız var ki, onlar sözün əsl mənasında, sənətkardır. Ehtiyacı olanlar ev də vermək olar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. O, şou-biznes nümayəndələrinin bəzilərinə canlı efir zamanı maşın və mənzil hədiyyə edilməsinə münasibət bildirib. Sosial şəbəkələrdə istifadəçiləri bu kampaniyanın ehtiyacı olan insanlar, daha dəqiq desək, şəhid və qazi ailələri üçün tətbiq edilməli olduğunu bildirirlər. R. Kərimoğlu da eyni fikri bölüşüb: “Əslində, bunlar insanların səviyyə və əxlaq məsələsi ilə bağlıdır. Bəlkə də elə bir şey yoxdur və sadəcə müğənnilər şou yaradırlar. Lakin mən kifayət qədər iş adamı tanıyıram ki, istər birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə maddi-mənəvi dəstəklərini göstərib. Elə iş adamları var ki, bu qəbildən olan şəxslərə, hətta 10-15 ev də verib”. Onun sözlərinə görə, belə hallar olub, sadəcə olaraq, həmin şəxslər bunu mətbuata təqdim etmək istəməyiblər: “Amma bəzi xəbərlər bu haqda mətbuatda gedib. İndiyə qədər dövlət haradasa 14.500 şəhid ailəsi, müharibə əlili və onlara bərabər tutulan şəxslərə pulsuz ev verib. Lakin onların sayı daha çoxdur, növbədə olanlar var. Eləsi də var ki, hazırda mənzil növbəsinə dura bilmir. Doğrudur, Sosial Müdafiə Nazirliyi ehtiyacı olanlara dəstək olur, amma, məncə, bu, yenə də azdır. Arzu edərdim ki, şou-biznes adamlarına ev verənlər o evlərdən birini də şəhid və qazi ailəsinə versinlər. Nəinki şəhid ailəsi, Qarabağ əlili və qazilər, elə vətəndaşlarımız da var ki, onlar bir tikə çörəyə möhtacdır, evi yoxdur, amma onlara verilmir deyə, ala bilmirlər. Fəxrlə danışdığımız Qarabağ müharibəsinin qəhrəman oğlanlarıdır onlar. Onların dəstəyə ciddi ehtiyacı var. Tövsiyə edərdik ki, bu tədbirləri şou-biznes əhlindən çox şəhid ailələrə, qazilərə və veteranlara yönəltsinlər. O cümlədən də sənətdə tər-tökmüş, əziyyət çəkmiş və can qoymuş sənətçilərimizə də dəstək olsunlar”.

Arif Hacılının oğlu azadlığa buraxıldı

Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb. Bu barədə Arif Hacılı özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, oğlu Orxan Hacılı bu gün azadlığa çıxıb.

Türkiyənin vitse-prezidenti Bakıya GƏLİR

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Sozcu.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

BMT Baş katibi Azərbaycana GƏLƏCƏK

COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Sozcu.az xəbər verir ki, bunu “Report”a müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Onun sözlərinə görə, bunun BMT üçün də çox böyük əhəmiyyəti var. “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”, - o deyib. Onun sözlərinə görə, Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləməsi gərginliyin azalmasının əlamətidir. “İqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəkdən davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm (gülür). Mən bunu səbirsizliklə gözləyirəm.

Əsirlikdən azad olunmuş əsgərlərin problemləri var: “Harasına əl vurursa, ağrıyır”

Dekabrın 7-də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbiri kimi saxlanılan hərbçilərin azad edilməsi barədə razılıq əldə olundu. Dekabrın 13-də isə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində hərbi qulluqçuların qarşılıqlı şəkildə dəyişdirilməsi prosesi həyata keçirildi. Nəticədə Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbi qulluqçuları - Hüseyn Axundov və Aqşin Bəbirov ölkəmizə təhvil veridli. Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü. Məlum məsələdir ki, hərbçilərimiz əsirlikdə olanda müxtəlif işgəncələr görüb. Bəs indi onların sağlıq durumu necədir? Modern.az saytı bununla əlaqədar hərbçilərimizin valideynləri ilə əlaqə saxlayıb. Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun sağlıq durumunun yaxşı olduğunu bildirib: "Maşallah hələ ki Hüseynin sağlamlıq vəziyyəti normaldır. Hökumət özü onun müayinə və müalicəsilə maraqlanır. Müayinələr davam edir. Proses tam yekunlaşdıqdan sonra dəqiq nəsə demək mümükün olacaq".  Aqşin Bəbirovun anası Dürdanə Bəbirova isə oğlunun psixoloji durumunun normal olmadığını söyləyib: "Oğlumu dövlət qurumları müalicə edəcək. Göndəriblər ki, get, kompüter tomoqrafiyası çəkdir, sənədini gətir. Aqşinin qabırğaları, ayaqları ağrıyır. Ümumiyyətlə, harasına əl vurursa, ağrıyır. KT-dən sonra dəqiq durumunun nə olduğu bilinəcək. Amma halı normal deyil. Sağlamlığı sıfırdır".

DSX-nin hərbi qulluqçusu vəfat etdi

Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib. Sozcu.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.