Qadın borclarına görə uşağını satdı

Dağıstanda qadın borc əvəzi uşağını moskvalı qadına satıb. Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, 2019-cu ildə dünyaya gətirdiyi uşağı Moskvadan olan qadına verib və sənədlərdə də ana kimi həmin qadının adı gedir. Özü hamilə qala bilməyən qadın 15 uşağı övladlığa götürüb. O, sənədlərin saxtalaşdırılması ilə məşğul olub və bu yolla yeni doğulan uşaqları bioloji valideynlərindən alıb. İşin üstü dağıstanlı qadının hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı açılıb. O, uşağını borca görə satdığını deyib. Uşaqları alan qadın insan alveri ittihamı ilə tutulub, istintaq gedir.

Rusiyaya işləyən casus politoloq haradadır?

Xarici ölkəyə casusluqda ittiham olunaraq, ötən ilin oktyabrın 20-də Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, ictimaiyyətdə politoloq kimi tanınan Nəzakət Məmmədovanın həbs müddəti fevralda başa çatırdı. Buna baxmayaraq, fevralın 20-də onun haqda heç bir məlumat yayılmadı. Səbail Rayon Məhkəməsinin hakim-spikeri Rəna Qafarova Axar.az-a açıqlamasında bildirib ki, N.Məmmədova haqqında oktyabrın 20-də mediada yayıldığı kimi, 4 aylıq deyil, bir aylıq həbs qətimkan tədbiri seçilib. “Noyabr ayının 19-da isə istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb”, - R.Qafarova bildirib. Qeyd edək ki, Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.

"Nikosayağı"nın SON SÖZÜ: "Allah onsuz da mənim cəzamı verib..."

Xəbər verdiyimiz kimi, "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Nicat Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm oxunmazdan əvvəl “Nikosayağı”ya son söz verilib. "Özümü hadisə ilə bağlı tam təqsirli bilirəm. Allah onsuz da mənim cəzamı verib. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəyəm. Bundan sonra veriləcək hər bir cəzaya da hazıram. Rəhmətə gedən də mənim öz doğma qardaşımdan ayırmadığım adam idi. Allah rəhmət eləsin. Ailəsindən də bir daha dönə-dönə üzr istəyirəm”, - o deyib.

“Nikosayağı” apellyasiya şikayəti verəcək? - Atasından AÇIQLAMA

"Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az-a açıqlamasında məhkəmənin oğlu ilə bağlı ədalətli qərar verdiyini deyib: "Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib. Bu qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək. Nicat məhkəmənin qərarı əsasında cəzasını çəkəcək". Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Ukraynadan Rusiyaya daha 1160 tabut göndərildi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1160 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 421 430 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 17 tank, 51 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Məhkəmə “Nikosayağı” barədə qərar verdi - Məhbəsə göndərildi

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

Nigeriyada silahlı şəxslər 100-dən çox qadını qaçırıblar

Nigeriyanın şimal-şərqində "Boko Haram" qruplaşmasının silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb. Sozcu.az xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadən məlumat yayıb. Onun sözlərinə görə, terrorçular 117 qadını əsir aparıblar. Bir gün əvvəl "Agence France-Presse" 47 qadın oğurlandığını bildirmişdi. Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir. Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə baş verib, həmin vaxt silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qız oğurlanıb.

ABŞ ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olaraq qalacaq

Administrasiyanın yanacaq üçün yeni ixrac müqavilələrinin təsdiqini dayandırmaq qərarına baxmayaraq, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qazın (MTQ) dünyanın ən böyük ixracatçısı olaraq qalacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Cennifer Qrənholm Vaşinqtonda “Axios” portalının bərpa olunan enerji mənbələrinə keçidlə bağlı təşkil etdiyi konfransda çıxış edərkən deyib. “Proses çox düşünülmüş olmalıdır, çünki biz dünyada ən böyük MTQ ixracatçısıyıq və araşdırmalar nə göstərməsindən asılı olmayaraq belə qalacaq. Artıq bağlanmış müqavilələrə baxmayaraq, biz dünyanın ən böyük ixracatçısıyıq”, – o vurğulayıb. 65 yaşlı nazirin sözlərinə görə, ABŞ “2030-cu ilə qədər ixracı iki dəfə artıracağıq”. Nazir bildirib ki, bu, “artıq təsdiqlənmiş müqavilələr və artıq tikilən terminallar hesabına” gerçəkləşdiriləcək. Qranholm qeyd edib ki, avropalı müttəfiqlər qazıntı yanacaqlarından tədricən uzaq siyasət yürütsələr də, ABŞ-dən MTQ almağa davam etmək istərdilər. Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden ölkədən MTQ ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurlarının dayandırılması barədə göstəriş vermişdi. “Reuters”ə görə, bu addım yeni MTQ istehsalı müəssisələrinin tikintisi ilə bağlı investisiya qərarlarının qəbulunun gecikməsinə səbəb ola bilər.

Şabranda avtomobil aşıb, yaralananlar var

Gəndob-Yalama avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 2106" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə Xaçmaz rayon sakini, Polad Qasımov və Salyan sakini Tural Zeynallı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hazırda fakt araşdırılır.

Ukrayna ordusu əks-hücuma keçə bilər - General

Ukrayna ordusu bu il əks-hücum əməliyyatı həyata keçirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk bildirib. "Təşəbbüsü ələ keçirmək üçün hər şey edilir. Bizim bu il vəzifəmiz cəbhə xəttini sabitləşdirmək, düşməni mümkün qədər məhv etmək, bərpaya ehtiyacı olan bölmələri yenidən toplamaq, zərbə qüvvəsi yaratmaq və əks-zərbə əməliyyatlarını həyata keçirməkdir", - quru qoşunları komandiri deyib. Onun sözlərinə görə, ruslar indi Rusiyadakı prezident seçkilərinə qədər mümkün qədər çox ərazi zəbt etmək üçün hər şeyi edirlər.

Qriqoryan Putinə söz atdı: Hamı ilə pisdir!

Qərbdən heç bir məcburiyyət yoxdur, Ermənistandan heç kim Rusiya ilə münasibətləri korlamayıb. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya açıqlamasında deyib. “Bizi tez-tez Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olmaqda ittiham edirlər. Bəs gəlin vəziyyətə daha geniş baxaq və anlamağa çalışaq ki, Rusiya başqa ölkələrlə münasibətlərini korlamayıbmı? Baxsaq, görərik ki, Ermənistan kimi nümunələr çoxdur. Rusiya təkcə bizimlə pis davranmır. Əgər bir adamın çoxları ilə pis münasibəti varsa, bu, çoxluğun deyil, həmin adamın problemidir. Biz görürük ki, Rusiyanın hamı ilə münasibətləri heç də hamar deyil”, - o bildirib. Ermənistanın Qərbə doğru hərəkət etməkdə ittiham olunmasına toxunan Qriqoryan vurğulayıb: “Hazırda Qərb üçün katalizator Ukraynadakı müharibədir. Bu müharibə nəticəsində NATO bloku genişləndi. AB Ukraynadakı müharibədən sonra birləşdi, ABŞ-ın hərbi sənayesi də bu müharibə sayəsində çox intensiv inkişaf edir. NATO ən güclü strukturdur. İndi özümüzə sual verə bilərik: biz Qərbi daha da gücləndiririk, yoxsa bu müharibəni aparmaq qərarına gələn insanlar? Bu kontekstdə biz qərbyönlüləri Ermənistandan kənarda (Rusiyanı nəzərdə tutur – red.) axtarmalıyıq”.

Novruzun qorxunc tərəfi - Diqqətsizlik əyləncəni faciəyə çevirə bilər

Hər il qeyd etdiyimiz və kökü əsrlərə bağlı olan Novruz bayramı özündə bir çox adət-ənənəni ehtiva edir. Bu ənənələrdən biri də bayram ərəfəsində keçirilən çərşənbə mərasimləridir. Bu mərasimlərdə tonqal qalanır, uşaqlı-böyüklü hər kəs odun ətrafına toplanır, hamı əylənir və sevinir. Ancaq kiçik bir diqqətsizlik bu əyləncəni faciəyə çevirməyə bəs edir. Bu səbəbdən bir çox adətləri həyata keçirərkən diqqətli olmaq bizi həyati təhlükələrdən qoruya bilər.  Məsələ barədə “Yeni Sabah”a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bir sıra vacib məqamlara toxunub: “Novruz bayramının gəlişi ilə əlaqədar yanğın təhlükəsizliyi məsələləri gündəmdədir. Bayramla bağlı keçirilən müxtəlif mərasimlərdə bir sıra qaydalara riayət etmək lazımdır. Ən vacib olan məsələlərdən biri bayram tonqalı yandırılan zaman düzgün yerin seçilməsidir. Belə ki, bu yer elektrik naqillərinin, ağacların, otların, avtomobillərin, ev və digər yanan materiallardan kənar ərazidə seçilməlidir. Bayram tonqalı yandırılanda mütləq ətrafda çəllək və ya qablarda su saxlanılmalıdır. Bu, yanğın riski olduğu anda müdaxiləni asanlaşdırır. Bərk materiallardan baş vermiş yanğınlar A sinifinə aid edilir. Belə hadisələrə isə su ilə müdaxilə edib, yanğını söndürmək mümkündür”.  Ekspert bildirib ki, bayram tonqalının hündür olmamasında fayda var: “Hündür taxtalardan ibarət tonqal qalamaq tövsiyə olunmur. Normal hündürlük, 1-1,5 metrdən çox hesablanmır. Buna səbəb isə hündür tonqalın yanğın təhlükəsinin daha çox olmasıdır. Bundan əlavə bayram tonqalı sönənə qədər ona nəzarət olunmalıdır, üstünə su və torpaq vurulmalıdır ki, tamamilə söndürülsün. Azyaşlıların nəzarətsiz formada tonqalın ətrafında toplaşması çox ciddi təhlükə yaradır. Ona görə də azyaşlılar mütləq böyüklərin nəzarəti altında həmin ərazidə olmalıdır. Tonqalın üzərindən atlanmaq isə ən təhlükəli məqamdır. Bu zaman insanın geyimi alışa, müxtəlif bədən xəsarətləri ala bilər. Küləkli havada bayram tonqalı alışdırmaq məqsədəuyğun hesab edilmir. Belə olduqda qığılcımların ətrafa yayılması, yanğına səbəb olma ehtimalı çox böyükdür. Bu məqama da xüsusi diqqət edilməlidir”.  O.Musayev bayram şamları ilə bağlı tövsiyələr də verib: “Ev şəraitində yanan şamlarla əlaqədar da yanğınlar baş verə bilir. Buna görə də, şamlar da nəzarətsiz şəkildə saxlanılmamalı, ərimə zamanı diqqət etmək lazımdır. Şamlara nəzarət edilmədikdə, ərimə zamanı bu məhsul yanğın hadisəsinin başlanmasına gətirib çıxara bilər”.

Bu xəstəxananın binası söküləcək

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. Sozcu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib.

İtaliya da bu regiona ordu göndərir

İtaliya qanunvericiləri ölkənin Qırmızı dənizdəki yük gəmilərini husilərin hücumlarından qorumaq üçün AB-nin dəniz missiyasında iştirakını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. İtaliya XİN rəhbəri Antonio Tayani isə qeyd edib ki, missiyanın vəzifəsi özünümüdafiədir: “Yəni missiyanın vəzifəsi ticarət gəmilərinə birbaşa hücumları zərərsizləşdirmək və gəmiləri ələ keçirmək cəhdlərini dəf etməkdir. Eyni zamanda, missiyaya hücum zamanı hərbi gücdən də istifadə edilə bilər”.

Ostin: Müharibə ABŞ iqtisadiyyatını gücləndirdi

Ukraynadakı müharibə ABŞ-ın hərbi-sənaye kompleksini gücləndirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye kompleksinin istehsal gücünün genişləndirilməsinin zəruriliyini göstərib: “Kiyevə kömək etmək üçün göndərdiyimiz silahlar Amerikada Texasdan Ohayoya və Arizonaya kimi ölkənin hər yerində amerikalı işçilər tərəfindən hazırlanır”.

5 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı

Sumqayıtda itkin düşən 56 yaşlı Akif Cəfərovun meyiti tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə qohumları məlumat verib. Bildirilib ki, A.Cəfərovun meyiti Samur-Abşeron kanalının kənarından tapılıb. Qeyd edək ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün öncə Yaşıldərə yaşayış massivindən çıxaraq itkin düşmüşdü. Faktla bağlı araşdırma aparılır.

Şəkidə inək sahibini öldürdü

Şəkidə iribuynuzlu heyvan sahibini öldürüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Şirinbulaq kəndində baş verib. Martın 2-i kənd sakini 70 yaşlı Fikrət İsmayılova yaşadığı ünvanda təsərrüfat işləri aparan zaman onu ailəsinə məxsus inək vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. F. İsmayılov aldığı müxtəlif dərəcəli xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə alıb. Həkimlərin səyinə baxmayaraq, F. İsmayılov ötən gün xəstəxanada dünyasını dəyişib.

İranda sərhəd zastavası komandiri öldürüldü

İranın Cənubi Xorasan əyalətinin Nəhbəndan sərhəd bölgəsində Çekab zastavasının komandiri güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, narkotik maddə qaçaqmalçıları ilə silahlı qarşıdurma zamanı baş leytenant Sərhəng Müəzzin öldürülüb, başqa bir zabit və əsgər isə yaralanıb.

Rusiyanın itkiləri 420 mini ÖTDÜ

Ukrayna müharibənin 742-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 420 270 hərbçi, 6 678 ədəd tank, 12 728 ədəd zirehli döyüş maşını, 10 308 ədəd artilleriya sistemi, 1008 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 701 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 479 ədəd avtomobil texnikası, 7 921 ədəd PUA, 1 918 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 642 xüsusi avadanlıq itirib.

"Putinin oxşarı onunla birgə Valdayda yaşayır...-Əsil Putini yalnız böyük oğlu tanıyır...”-Qordon

Həm Dmitri Qordon, həm də Mark Feyqin əmindirlər ki, Putinin internetdə iddia edildiyi kimi çox deyil, cəmi bir dublyoru var... Təcavüzkar ölkənin başçısı Putinin oxşarı var, amma o, ictimai tədbirlərdə diktatoru əvəz etmir. Sozcu.az “TSN”-ə istinadla  xəbər verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi və bloqçu Mark Feyqin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində ifadə edib. “Razıyam ki, operativ qeyri-ictimai dublyorlar var. Onlar Putinin yanındadırlar, onun üçün tez bir növ təhlükəsiz məkan yaratmaq üçün lazımdırlar. Çünki birinə qarşı sui-qəsd cəhdi ola bilər, bu halda digəri qalacaq. Hər şeyi qarışdırmaq üçün: oxşarlar olanda kimi öldürmək seçimi yaranır. Onlar (Putinin ətrafı – red.) paranoya şəklində təhlükə hiss edirlər”, – Feyqin deyir. Hüquq müdafiəçisi hesab edir ki, Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün dublyorlara ehtiyacı yoxdur, çünki bu, çox təhlükəlidir. "Çünki Putini müxtəlif ekspertlər, kəşfiyyat icmaları, fizioqnomiyadan anlayan insanlar izləyir. Ona görə də bir mütəxəssisin belə əvəzləməni görməməsi çox çətindir. Başqasın təmsil etmək üçün səsin tembrindən tutmuş  gözlərin forması və s. qədər minlərlə parametr mövcuddur. Əlbəttə ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrar etmək mümkündür. Amma düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Bu hələ də mümkün olsaydı, biz bu barədə sonradan, hər şey bitəndən sonra biləcəyik.  Məsələn, Mariupolda Putinin əvəzinə çıxış edənin dublyor olması təsdiqlənərsə, mən çox təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar göstərir ki, dublyorlar var, lakin bunlar operativ dublyorlardır və Putini açıq şəkildə əvəz etmir. Öz növbəsində Dmitri Qordon qeyd edib ki, onun məlumatına görə, Putinin faktiki ailəsi ilə (yəni onun məşuqəsi Alina Kabaeva və onların övladları ilə) yanaşı, diktatorun oxşarı da Valdayda yaşayır. "Yeganə dublyor. Çoxlu plastik əməliyyat etdirmiş adamdır. O, əslində Putinin yanında yaşayır, onu müşahidə edır, onunla ünsiyyət qurur, bəzi vərdişləri götürür. Onları ayırd etmək demək olar ki, mümkün deyil. Deyirlər ki, yalnız böyük oğlu İvan əsil Putini fərqləndirir”, - deyə Qordon diqqətə çatdırıb.

Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 mart tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Sozcu.az xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb. Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır. İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

Xalqxeber.Az xəbər portalı 12 yaşında

Bu gün Xalqxeber.Az xəbər saytının 12 yaşı tamam olur. Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Xalqxeber.Az günün 24 saatı işləyir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur. Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb. Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.  "Sozcu.az" xəbər portalının kollektivi adından həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

“Mina xəritələri Xankəndidədir, götürsünlər” – Paşinyanın adamından qeyri-ciddi açıqlama

“Azərbaycan sərhədlərimizi keçəndə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduq, amma heç bir müsbət cavab almadıq”. Sozcu.az erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim “Mülki Müqavilə” partiyasını parlamentdə təmsil edən deputat Qaqik Melkonyan deyib. O, diqqətə çatdırıb ki, sərhəd pozulduqda buna adekvat cavab vermək KTMT-nin məsuliyyətinə daxil olsa da, onlar bunu etməyib. “Düşmən bizim sərhədlərimizi keçəndə KTMT ilə əlaqə saxladıq, lakin heç bir müsbət cavab almadıq. Qazaxıstanda çevriliş olanda isə KTMT qrup yaradıb qiyamı yatırdı, çünki bu, Rusiyanın iradəsi idi. Amma sərhədlərimizdə eskalasiya olanda Rusiya reaksiyasız qaldı. Aİ müşahidəçiləri gələndə dedilər ki, qoy, bizimkilər də gəlsin”, – deyə Melkonyan bildirib. Erməni deputat KTMT-dən çıxmaq məsələsində səbirli olmağı məsləhət görüb: “Biz bəzən çox irəli gedirik, səbirli olun, hər şeyin öz vaxtı var”. Azərbaycan tərəfinin niyə erməni əsirlərini qaytarmadığını soruşduqda deputat belə cavab verib: “Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzurdan imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”. Bakının Ermənistandan minalanmış xəritələri verməsi tələbinə Melkonyan yekəxanalıqla cavab verib: “Azərbaycan Qarabağı ermənisizləşdirib, mina xəritələri isə Xankəndidə qalıb, gedib götürsünlər”.

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək” - atası DANIŞDI

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək, bu vətənə öz borcunu qaytaracaq”. Sozcu.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahovun atası Eldəniz Pənahov bildirib. “Mən ilk öncə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Mənim övladım əsir düşmüşdü. Şükürlər olsun, öz torpağına, öz vətəninə sağ-salamat qayıtdı. Oğlumun əsirlikdən xilas olmasında zəhmət çəkən hər kəsə dərin minnətdaram” – E.Pənahov əlavə edib. Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.