Azərbaycanda zəlzələ oldu

Ağdaşda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, yerli vaxtla saat 15:10-da Xəzər dənizində 45 km dərinlikdə maqnitudası 3.3 olan zəlzələ qeydə alınıb.

Azərbaycanda ZƏLZƏLƏLƏR qaçılmazdır: 4-6 bal gücündə... - ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, martın 4-də Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Bu haqda AFAD-ın yaydığı məlumatda deyilir ki, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss edilib. Göründüyü kimi, Türkiyədə zəlzələ kabusu bitmək bilmir. Görəsən, bu zəlzələ növbəti güclü zəlzələnin xəbərçisi ola bilərmi? Qeyd etmək yerinə düşər ki, artıq bir ildən çoxdur ki, xarici və yerli seysmoloqlar İstanbulda dağıdıcı zəlzələnin olacağı ilə bağlı proqnozlar verirlər. Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a danışıb: “Bundan əvvəl də demişdim, 2024-cü ildə zəlzələlər davamlı olacaq. Çünki biz o dövriliyi yaşayırıq. Bu il nəinki Azərbaycanda, dünya miqyasında güclü zəlzələlərin baş verməsi qaçılmazdır. Qazaxıstanda insanları təşvişə salan zəlzələ baş verdi, eləcə də Çanaqqalada, İranda baş verən zəlzələləri göstərmək olar. Bunlar mən dediyim məqamların göstəricisidir. 2024-cü il seysmik cəhətdən super bir il kimi yaddaşlarda qalacaq. Ümumiyyətlə, Türkiyə bir neçə tektonik blokun toqquşma nöqtəsində yerləşir. Plitələrin toqquşma nöqtəsi bir yana, burada bir neçə tektonik qırılmalar, faylar mövcuddur. Təbii ki, onların yerlərinin dəyişməsi, toqquşması zəlzələ yaranmasına bir təkandır. Çanaqqalada baş verən zəlzələ İstanbulda da hiss olundu. Zəlzələnin dəqiq yerini, gücünü, müddətini demək mümkün deyil. Müəyyən seysmik hadisələrin təhlili nəticəsində bəzi nüansları irəli sürmək mümkündür. Türkiyə, Azərbaycanda Xəzər dənizindən tutmuş, Türkmənistana qədər nəhəng tektonik blokdur, bu ölkələr o nəhəng tektonik blokun üzərində yerləşir. Bu meqablokun daxilində müxtəlif tektonik plitələr mövcuddur. Onların hərəkəti daha da intensivləşir, ələlxüsus da 2024-cü ildə. Ola bilməz ki, qonşu ölkələrdə aktivlik olsun, Azərbaycanda sabit durum hökm sürsün. Bu, fizika qanununa ziddir. Təbii ki, Azərbaycanda da hiss olunan (4-6 maqnitudalı) zəlzələ qaçılmazdır”. Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyədə, xüsusilə də İstanbulda zəlzələnin olması labüddür: “Bu, bilinən sahələrdir. Çünki ora seysmoloji baxımdan dünyanın ən aktiv zonalarından biridir. Amma əvvəldən qısamüddətli zəlzələləri demək olmur. Orada güclü zəlzələ olacaq, yoxsa hissə-hissə olacaq, bunu da demək çox çətin məsələdir. Bunu demək üçün böyük tədqiqatların aparılması gərəkdir. Ümumiyyətlə, zəlzələni tədqiqatla da tapmaq imkansızdır. Düzünü desəm, İstanbulla bağlı çoxdandır ki, bəd proqnozlar verilir. Ən güclü zəlzələnin də İstanbulda olacağını gözləyirdik. Amma elm bu sahə qarşısında həddən artıq acizdir. Ümumilikdə Türkiyənin yerləşdiyi ərazi zəlzələ zonası sayılır. Xarici elmi jurnallarda, tədqiqatçıların məqalələrində xüsusi olaraq vurğulanır, xırda təkanların əhəmiyyəti ondan ibarətdir ki, bu yerin daxili enerjisini çıxarmaqda müəyyən rol oynaya bilir. Bununla da böyük sarsıdıcı zəlzələlərdən sığortalanmaq mümkün olur. Fikrimcə, bu məntiqlidir. Azərbaycan ərazisində ən çox zəlzələ Şamaxıda olub. Orada dörd zəlzələ olub ki, onların arasında müddət çox uzun olub. 1092 və 1667, gördüyünüz kimi fərq çoxdur. Yaxud 5-ci əsrdə ən güclü zəlzələlərdən biri Naxçıvanda olub. Aradakı məsafələr, zaman etibarilə sanki yığılmış enerji qəfil zəlzələyə səbəb olur. Amma hissə-hissə enerji çıxanda zəlzələ də güclü olmur. Bakıda da hər gün xeyli sayda zəif təkanlar olur, amma güclü zəlzələ çoxdandır ki baş verimir”. Yeri gəlmişkən, Ankara Universiteti, Kocaeli Universiteti və Əskişəhər Texniki Universiteti birgə tədqiqat çərçivəsində Kayapa ilə Yenişehir arasındakı 25 nöqtədə seysmik ölçülər aparıb. Araşdırma nəticəsində Türkiyənin Bursa şəhərində əvvəllər xəritələrdə yer almayan, Kayapadan Yenişehirə qədər uzanan 95 kilometr uzunluğunda aktiv fay xətti aşkar edilib. Yeni kəşf edilən fay 7,3 bal gücündə zəlzələ yarada bilər. Mümkün zəlzələnin maqnitudasını hesablamaq üçün bölgədəki qırılma xəttinin gərginliyi və onun yaratdığı zəlzələlər araşdırılıb. Bursadakı tarixi zəlzələ qeydlərinə görə, son üç dağıdıcı zəlzələ 19 aprel 1850, 28 fevral 1855 və 11 aprel 1855-ci ildə baş verib. 1855-ci ildə baş verən zəlzələlərin mənbəyinin Kayapa-Yenişehir fayının qərb hissəsində olduğu bildirilib. Kayapa-Yenişehir fayının (KYF) Yenişehir hissəsində isə 1400-cü ildə baş verən zəlzələdən bu yana 624 ildir heç bir qırılma olmayıb. Fay xəttində qırılmanın olmaması da zəlzələ ehtimalını gücləndirir. Məlumata görə, KYF-nin 1855-ci il zəlzələlərində qırılmış qərb hissəsi bu gün 6,5-6,8 bal gücündə zəlzələlər törətmək gücündədir. 1855-ci il zəlzələlərində qırılmadığı təxmin edilən KYF-nin şərq hissəsi isə bu gün 6,9-7,3 bal gücündə zəlzələlər yarada bilər.

Türkiyə müharibəyə HAZIRDIR: Ordu bu tarixdə əməliyyatlara başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib. “Sərhədimiz daxilində və xaricində maneələrə baxmayaraq, terrorla mübarizəni qətiyyətlə davam etdiririk. İraq sərhədlərimizlə bağlı məsələni bu yay həll etmiş olacağıq" - o deyib. Sozcu.az xəbər verir ki, Ərdoğanın açıqlaması Yunanıstanda geniş rezonans doğurub. Yunanıstanın "Proto Thema" nəşri Türkiyənin yay aylarında əməliyyatlara başlayacağını yazıb: "Ərdoğan Şimali İraqda hərbi əməliyyat keçirəcəyini açıqladı. Bu, hərbi əməliyyatların şiddətlənməsinin xəbərçisidir. Ərdoğan Türkiyənin İraqda PKK terrorçularını mühasirəyə alacağını və problemin, nəhayət, bu yay həll olunacağını açıq şəkildə ifadə etdi". In.gr nəşri isə Türkiyənin müharibəyə hazır olduğunu xüsusilə vurğulayıb.

3 qonşumuzda eyni gündə güclü zəlzələ - Nə baş verir?

Ötən gün səhər saatlarında Qazaxıstan və Qırğızıstan sərhədində baş verən və əhalinin ciddi təşvişinə səbəb olan 5,4 bal gücündə zəlzələnin ardınca Türkiyədə də yeraltı təkanlar qeydə alındı. Gün ərzində qardaş ölkədə 5 zəlzələ oldu ki, bunun da ən güclüsü axsam saat 21:39-da (yerli vaxtla) Çanaqqalada (4,9 bal) baş verdi. Bu gün səhər saatlarında isə cənub qonşumuz İran 5,5 bal gücündə zəlzələ ilə silkələnib. Bir sutka ərzində Azərbaycanın qonşu ölkələrində baş verən zəlzələlər isə narahatlıq yaradıb. Məsələ ilə bağlı Axar.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hər gün Azərbaycanda da hiss edilməyəcək dərəcədə tərpənişlər, zəlzələlər, tektonik yellənmələr olur. “Narahat olmağa heç bir əsas yoxdur, bizim üçün xüsusi bir gücdə, dağıntılara səbəb olacaq zəlzələ gözlənilmir. Eyni gündə ölkəmizə yaxın ərazilərdə zəlzələlərin olması da təsadüfdür. “Burada olursa, bizdə də olacaq, dalğa bizə də gəlir” kimi iddialar, düşüncələr əsassızdır”, -Q.Yetirmişli bildirib.

Rus gəmisi dronlar tərəfindən məhv edildi - Video

Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, bu, Ukrayna Baş Kəşfiyyat İdarəsinin həyata keçiridiyi əməliyyat olub. Gəmiyə dəniz dronlarının hücum etdiyi bildirilir.

Şəkidə səhvən sirkə turşusu içən şəxs öldü

Şəkidə kişi sirkə turşusu içərək ölüb. Sozcu.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Füzuli Məhərrəmov yaşadığı mənzildə həyat yoldaşı tərəfindən ölü aşkarlanıb. Bildirilib ki, Füzuli Məhərrəmov həmin gün sərxoş vəziyyətdə səhvən sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.

İtlərin parçaladığı uşağın vəziyyəti necədir? - AÇIQLAMA

Ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dünən onun vəziyyətinin  ağır olduğu bildirilirdi.  Azyaşlının anası Fatma Şahbazova  hadisə ilə bağlı danışarkən qeyd edib ki, dostları ilə həyətdə oynadığı vaxt üç it oğluna hücum edib. O bildirib ki, it övladının bütün bədənini parçalayıb. Modern.az azyaşlının bugünkü vəziyyətini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb.  Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd uşağın hazırkı vəziyyəti ilə bağlı saytımıza bunları deyib:  “İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Reanimasiyada müalicəsi davam etdirilir”. 

Ermənistandakı əsir əsgərimiz geri qaytarılır - Onu nə gözləyir?

Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib.  Ermənistanın bu qərarını hərbi ekspert Ədalət Verdiyev “Yeni Sabah”a şərh edib. Bildirib ki, bu məsələdə aşkar şəkildə saxtakarlıq olub: “Ruslan Pənahov azaraq Ermənistan ərazisinə keçib. Qarşı tərəf ilk anlarda əsgərimizi diversant kimi təqdim etməyə çalışsa da, bu öz təsdiqini tapmadı. Mövzu barədə 29 fevralda verdiyim müsahibədə bu məsələni ağ saplarla qara parçanın tikilməsi kimi dəyərləndirdim. Ortada açıq-aşkar saxtakarlıq var idi. Artıq əsgərimizin Azərbaycana qaytarılması üçün şərait yaranıb. Ermənistan tərəfi ən qısa müddətdə Ruslan Pənahovu geri qaytarmalıdır”. Ekspert prosesin həddən artıq uzadıldığını da vurğulayıb: “Nəzərə alınmalıdır ki, biz daha əvvəl 2 nəfər hərbçimizin qarşılığında 32 nəfər hərbi əsiri Ermənistana eyni anda təhvil verdik. Belə olan halda, Ruslan Pənahovun bizə təhvil verilməsi prosesinin bu qədər ləngiməsi uzun müddət oldu. Hər bir halda əsgərimiz geri qaytarılıb, müəyyən prosedurlar həyata keçirildikdən sonra hərbi xidmətini davam etdirəcək”.

Hazırlıq gedir: Bu ərazilər Azərbaycana təhvil verilir – Abrahamyan

“İki döyüşçümüzü polis bölməsinə aparanda dedilər ki, fəaliyyətiniz qanunsuzdur, sizə vaxt veririk, kəndi tərk edin və bir daha geri qayıtmayın”. Globalinfo.az xəbər verir ki, bunu Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Hrant Ter-Abrahamyan “Hraparak”a açıqlamasında deyib. O, Yuxarı Əskipara daxil olmaqla bir sıra kəndlərin Azərbaycana verilməsi üçün hazırlıq görüldüyünü bildirib: “Bizə dedilər ki, fəaliyyətiniz qanunsuzdur, o ərazilərdən çıxmaq üçün sizə vaxt veririk. Bizim orada fəaliyyət göstərmək üçün vilayət rəhbərliyi ilə müqaviləmiz var. Lakin Bakı İrəvana orada yerləşdiyimizə görə irad bildirib. Həmin vaxtdan sonra bölgədə bizi narahat etməyə başladılar. Nikol Paşinyan ciddi şəkildə həmin kəndləri Azərbaycana vermək üçün hazırlıq görür. Bizə qarşı münasibət də bunun bir parçasıdır. Mən əminəm ki, bu məsələ artıq Bakı və İrəvan arasında razılaşdırılıb”. H.Abramyan vurğulayıb ki, polislər birlik üzvlərinə həmin ərazilərin Ermənistana məxsus olmadığını deyiblər: “Digər üzvlərimiz Avetis Avetisyan və Henrik Mkrtçyan Voskepara (Yuxarı Əskipara – red.) daxil olmaq istəyəndə saxlanılıblar. Polis onlara deyib ki, həmin kəndlərə girməsinlər, çünki o ərazilər Ermənistanın deyil. Necə yəni Ermənistanın deyil? Hətta onlar bizimkiləri qorxutmağa çalışıblar. Bu, həmin ərazilərin Azərbaycana veriləcəyinin daha bir sübutudur”.

Bakıda 9-cu sinif şagirdi vəfat etdi

Bakıda 9-cu sinif şagirdi vəfat edib.  Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Natiq Məhərrəmov 24 saylı tam orta məktəbin şagirdidir.  Natiq Məhərrəmovun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. 

BDU-nun hüquq fakültəsinin tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.  Bu barədə Sozcu.az-a BDU-dan məlumat verilib.  Qeyd edək ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, Universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub. 

DƏHŞƏT! Şir 14 yaşlı qıza hücum etdi

Ruisyanın Saratov şəhərində şir 14 yaşlı qıza hücum edib.  Bakupost.az xəbər verir ki, şəhərdə müəssisələrdən birinin ərazisində saxlanılan şir 14 yaşlı qıza hücum edib və üzünü tutan yeniyetmənin hər iki əlini yaralayıb.  Xəsart alan qız xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırılmaya başlanılıb. Əyalət prokurorluğu təhlükəsizlik tədbirlərinin pozulması və hadisənin bütün detallarını araşdırır. Vəhşi heyvanın saxlanması ilə bağlı qanunvericiliyin tələblərinin poulub-pozulmadığı aydınlaşdırılacaq.

Gəncədə nə baş verir? – Yüksək vəzifəli şəxslər...

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində korrupsiya faktları ilə əlaqədar güc orqanlarının əməliyyatı başlayıb. Bu barədə bəzi qeyri-rəsmi mənbələr bildiriblər. Günün ikinci yarısında Baş Prokurorluq KİV-i yoxlanılmış məlumatları dərc etməyə çağırıb. Eyni zamanda, Gəncə əməliyyatı barədə məlumat təkzib edilməyib. “Turan” İnformasiya Agentliyi isə bildirib ki, qeyri-rəsmi məlumatlara görə, güc qurumları ölkənin ikinci böyük şəhərinin İcra Hakimiyyətinin ən azı iki yüksək vəzifəli məmurunu saxlayıblar.

“İldə bir-iki dəfə müayinə olunuram” - Ramiz Mehdiyev

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır: “Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

Rusiyada dəmiryolu körpüsü partladılıb

Rusiyada dəmiryolu körpüsündə partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb. Hadisə Samara vilayətində qeydə alınıb. Naməlum şəxslər bu gün səhər saatlarında dəmiryolunin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib. Moskvadan hərəkət edən üç sərnişin və bir elektrik qatarının hərəkəti dayandırılıb. Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və istehkamçılar çalışır. Ölən və yaralananlar barədə məlumat yoxdur. Yolda hərəkətin nə vaxt bərpa olunacağı bildirilmir.

NATO-nun genişmiqyaslı təlimi keçirilir

Bu gün Şimali Atlantika Alyansının (NATO) "Skandinaviyalıların cavabı 24" (“Nordic Response 24”) adlı genişmiqyaslı hərbi təlimləri başlayır. Sozcu.az xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçiriləcək. Təlim martın 15-dək davam edəcək. Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur. “Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.

Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB - FOTO

09:22 Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb. ---------- 07:57 Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb. Əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. 

Rusiya Ukraynada daha 1150 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1150 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 417 950 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 21 zirehli döyüş maşını, 22 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı, İsrailə aparıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb. Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

Azərbaycanın taleyinin əzablarına qatlaşan qadın : HELENA HOFFMANN

Helena Hoffman haqqında danışarkən nəvəsi Nilgün Saryal onu Alman doğulub, türk kimi ölən qadın adlandırmışdı. Həyat hekayəsi Almaniyadan başlayıb Azərbaycan, İran və Türkiyədə davam edib. Sıxıntılar, qorxu, cəlbedici məqamlarla dolu bu yaşam sovet zülmləri ilə üz-üzə qalan bir Azərbaycan insanını simvolizə edirdi. Sevgilisi ilə qorxmadan xalqlar həbsxanasına qədər gəldi, buraların hər an ölümlə qaynayan mənzərəsi onu geriyə yox, öz sevgilisi İsmayıl Saryalın alın yazısının parçasına çevirdi. Alman zadəganlığının və aristokratyasının özünəməxsus dəyərlərini özündə canlandıran Helana adınıda, dininidə, dilinidə dəyişərək özünəməxus və kültürlü Azərbaycan türkü bir qadına çevrildi. Onu dəyişən səbəblərin başında Azərbaycan türklərinin səmimiyyəti, sayğıdəyərliliyi, təmiz sevgiləri, müsəlman olaraq başqa kültürlərə qarşı nifrət dolu hisslərdən uzaq olması idi. O fərd olaraq İsmayıl Saryalın vurğunu idi, Azərbaycana gəlişi isə onu Azərbaycan, türk vurğununa çevirdi.     Helena Hoffmann Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri Mir İsmayıl Seyidzadənin Almaniyada oxuyarkən tanış olub, evləndiyi alman bir xanımdır. Mir İsmayıl Seyidzadə Azərbaycan Cümhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xalası Minaxanımın oğludur.     Helena Hoffmann 9 may 1900-cu ildə Obornikdə doğulub. Mir İsmayıl Seyidzadə yazmış olduğu “Bakı Rüzgarı” kitabında onunla tanışlığı, sevgi həyatı, Azərbaycana gəlişləri, burada onların başına gələnlər və sovet rejimindən xilas olmaqları haqqında maraqlı məlumatlar verib. Mir İsmayıl Seyidzadə Türkiyədə soyad qanuna uyğun olaraq “Saryal” soyadını götürüb. O Türkiyədə mühacirətdə olarkən İsmayıl Saryal adı ilə tanınıb. Saryal Gəncə yaxınlığında bir dağın adı idi. Yurda, onun təbiətinə bağlılıq rəmzi olaraq bu dağın adını soyadı götürmüşdülər. Helena Hoffmann isə Azərbaycana gəldikdən sonra ona Leyla adını vermişdilər. Soyadı isə Seyidzadə olmuşdu. Türkiyədə isə o Leyla Saryal adı ilə tanınırdı. Bütün bu adlar onların yaşamları boyu rəsmi adları olmuşdu. “Bakı Rüzgarı” kitabında isə İsmayıl Saryal özünü Oğuz adı ilə, Helenanı isə ilk dövrlər Helena, sonra isə Alya adı ilə təqdim etmişdi. Bütün bunlar o dönəm üçün gizlilik məqsədi daşıyırdı.     “Bakı Rüzgarı” kitabında İsmayıl Saryal Helena ilə tanışlığı ilə bağlı yazır : Gəzintilərinin birində Elzanı görmək məqsədi ilə Hospisə getdi. Elza onu sevinclə qarşıladı. Söhbət əsnasında Elza bir təklifdə bulundu :     Mən sabah günortadan sonra, bir dostumun doğum gününə dəvətliyəm. İstəyirsiniz, sizdə mənimlə gələ bilərsiniz. Məktəbdən bəri tanışlıq etdiyim Helena yaxşı bir qızdı, görəcəksiniz.     Oğuzun cavabını almadan, tez dostuna zəng etdi, Oğuzunda onunla birlikdə gələcəyini bildirdi.     Ertəsi gün Helenanın doğum günü masası başında toplanan qonaqlar arasında Oğuzda var idi. Qıraq olması səbəbi ilə, bütün qonaqlar kimi, evin xanımı onada xidmət etməkdə idi. Burada Oğuz Helenanın anası və biricik qardaşı ilə tanışdı. Ataları bir neçə il öncə rəhmətə getmişdi.     Yaxın küçədə yaşayan Helena Oğuzun xoşuna gəlmişdi. Onun axtardığı xüsusiyyətlər Helenada var idi: ortaboy, girdəsifət, gülərüz, dizlərinə çatan şabalıdı rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz onunla dostluq eləmək fikrinə düşdü. Helenanın xüsusi piano dərsi aldığını, həftənin iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün dərsə gedəndə onun qarşısına çıxıb soruşdu :     Gedəcəyiniz yerəcən sizinlə yol yoldaşı olmağıma icazə verərsinizmi ?     Görüş Helenanı həm çaşdırmış, həmdə sevindirmişdi. Yanaşı addımladılar. Getdiyi yer uzaq deyilmiş, söhbətləri uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə gəzişib Helenanın çıxmasını gözlədi və onu evlərinəcən ötürdü.     Bu cür başlayan dostluq get-gedə möykəmləndi. Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif etdi, ancaq qızın anası bu məsələni oğlanın təhsilini bitirənəcən təxirə salmasını məsləhət gördü.    Oğuz təhsilini başa vurdu. Gənclər evlənmək barədə öz aralarında qərar qəbul etdilər. Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi :    Həyatımızı birləşdirmək istəyirik, - dedi, - vahid vücud kimi eyni yolla gedəcək, sevincimizi-kədərimizi bölüşəcəyik. Səni səndən yaxşı tanıyıram. Sənə tamam inanıram. İrəlidə nələrlə rastlaşacağımız barədə indidən düşünmək tezdir. Azərbaycan mənə yad görünə bilər, amma alışaram. Nə qədər ki, sən yanımda olacaqsan, heç nə məni qorxuda bilməz.     Oğuz Helenanın dediklərindən razı qalmışdı. Onu qucaqlayıb öpməkdən özünü saxlaya bilmədi və dedi :     Sənə hər dəfə Azərbaycandan danışanda tünd rənglər qatırdım. Sözlərindən belə başa düşdüm ki, yaranan mənzərə heç də səni qorxutmayıb. İndi həmin mənzərəyə çəhrayı və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi. Əcnəbi olanda hörmət daha artır. Ora getsək, əyləncəmiz əskik olmayacaq, həftələrlə davam edən gəzintilərdə iştirak eləyəcək, çoxlu dostlar qazanacaq, onlarla yaxşı vaxtlar keçirəcəyik. Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan söz açırlar. Bunun müvəqqəti olduğuna inanıram. Əlbəttə, belə bir vəziyyət uzun sürməyəcək.     Helena bir neçə gün ərzində anasından razılıq aldı. Amma anası Azərbaycana getmələri barədə eşitmək belə istəmirdi. Amma axırda ailəsi onun Azərbaycana getməsinə razılaşdılar. Onlar çətinlikə Berlindəki Sovet səfirliyindən Azərbaycana gəlmək üçün icazə kağızı ala bildilər. İndi onları min kilometrlərlə yol gözləyirdi.     Berlinin Postdamer Bahnof vağzalından başlayan yolculuq Riqa, Moskva, Gəncəyə qədər davam etdi. Artıq O Gəncədə idi. Almaniyadan Mirismayıl Seyidzadələr ailəsinə alman gəlin gətirmişdi. İlk 3 gün qonaqlar evdə aşıb-daşırdı. Əhval-ruhiyəsi düzəlmiş Helena öz ərinə dedi :     Belə ziyarətçi axınını nə görmüş, nədə eşitmişəm. Həyətdə, otaqlarda adamlarla dolmuşdu. İri samovar onlara güclə çatırdı. Sənə bir həqiqəti deyəcəyəm, amma incimə. Gələn qadınlar arasında bir gözəlinə də rast gəlmədim. Hamısı kök, sifətlərində yara izləri, qısa boylu, əyri ayaqlı idilər. Elə hey mənə baxır, nəsə danışırdılar. Məndə öz aləmimə qapılmşıdım.     Həyat yoldaşının bu cür danışması Oğuzun kefini açdı. Ucadan gülüb dilləndi :     Azərbaycan gözəl qızları ilə öyünür. Sən gördüyün qoca arvadlara baxma, onların işi peşəsi qapı-qapı gəzib, dedi-qodu eləməkdi. Qızlarımız evdən bayıra az çıxırlar. Hələ vaxtımız var. Gözəl, zərif qızlarımızıda görərsən.     Gəncəni gəzdikdən sonra onlar evə döndülər. Onları Oğuzun bacısı qarşıladı. Helenada şəhəri bəyənib, bəyənmədiyini soruşdu. Aldığı cavab belə oldu :     Oğuzun ruhunu oxşayan Gəncənin bağı-bağçası, dağı, meşəsi və adamlarıdır. Burda onun xatirələri qalıb. Oğuzu sevən bağını-bağçasını, dağını, meşəsini və xatirələrinidə sevər.     Helena xanım Gəncəyə gəldikdən sonra ona Leyla adını verirlər. Həmçinin həyat yoldaşının soyadı Seyidzadə soyadını qəbul edir. O Azərbaycanda Leyla Seyidzadə kimi tanınacaqdı. Ad dəyişikliyi ilə bağlı həyat yoldaşı İsmayıl bəy “Bakı Rüzgarı” kitabında işarə edir. Xatirədə ad gizli qalsın deyə Leyla yox, Alya qeyd edilib. İsmayıl bəy xatirələrində bir çox adları öz adları ilə yox, şərti ad altında qeyd etdiyindən Leyla xamında adını belə qeyd etmişdi.     Artıq Leyla Seyidzadə adı ilə tanınan Helena yoldaşı İsmayıl bəy ilə Gəncədə qaldıqdan bir müddət sonra Bakıya köçürlər və beləliklə onların ağır və keşməkeşli həyatı başlayır.     Leyla və həyat yoldaşı Bakıda olarkən Gizli Müsvatın rəhbəri Dadaş Həsənzadə və onun ailəsi ilə yaxın münasibətlərə malik idilər. Dadaş Həsənzadə və İsmayıl bəy gənclik dostları idilər. Bakıya döndükdən sonra bu münasibətləri yenə də saxlayırdılar. Amma sonradan Dadaş Həsənzadə Gizli Müsavat işinə görə həbsxanaya salınır və onun ailəsi ilə sadəcə Leylaxanımgil maraqlanırdı. O həbsxanada olarkən Leyla və Dadaş Həsənzadənin bacısı (Pəri Həsənzadə, C.N) ziyarətə getmişdilər. Bu o zaman çox təhlükəli bir addım idi. Amma Leyla xanım etmişdi. İsmayıl bəy “Bakı rüzgarı” kitabında həmin hadisə ilə bağlı qeyd edir :     Hazırladığı tortu Dadaşın böyük bacısıyla ürəklərini qorxu bürümüş halda ÇEKA-ya apardılar. Girdikləri yeganə pəncərəli və içində boğanaq hava olan gözləmə otağı tünlük idi. Dustaqları bir-bir gələnlərin qarşısına gətirirdilər, səssiz ağlayıb-sızlamaqdan başqa heç nə eşidilmirdi. Hərbi geyimli ÇEKA əməkdaşları kimsənin üzünə baxmadan ora-bura qaçırdılar. Ağlayıb-sızıldayanlara öyrəşmişdilər. İki silahlı əsgər künclərdə keşik çəkirdi.     Dadaşın gətirilmə növbəsi çatmışdı. Bir əməkdaş Alyanın(Leyla, C.N) çiyələkli tortuna süngü sancıb yoxladı. Dəlik-deşik olunmuş tortu Dadaşa vermək fikrindən daşındılar. Alya onu bir tərəfə qoydu. Dadaş digər dustaqlar kimi iki əsgərin arasında gətirildi. Bacısı göz yaşlarını saxlaya bilmədi, əllərilə üzünü örtüb ağlamağa başladı. Dadaş isə əhvalının yaxşı olduğunu göstərməyə çalışırdı. Hətta zarafat eləməyə çalışdı, bir gözünü yumub dedi :     Baxın Alya xanım, gözümün biri yatıb dincəlir, o birisə keşik çəkir oyaqdı.     Bu sözlərdə şübhələnən əsgərlərdən biri dilləndi :     Yerli özünə gəl. Burda eyhamla danışmaq qadağandır. Əsgərlər dərhal da Dadaşı geri apardılar. Qadınlar oradan kədər içində çıxdılar. Alya ərinə şad xəbər apara bilmədi.     Əfsanəvi, Sovet rejiminin sındıra bilmədiyi Dadaş Həsənzadə həbsdə olarkən Leyla Seyidzadəyə onunla görüşmək qismət olmuşdu. Bu faktın özüdə böyük tarixi əhəmiyyətə malik məlumatdır.     Leyla xanım həyat yoldaşı İsmayıl ilə birlikdə sovet ÇEKA-sının izləmələrindən və təqiblərindən özlərini qorumaq üçün tək yolu Azərbaycandan çıxmaqda görürdülər. İran yolu ilə ayrı-ayrılıqda onlar müxtəlif yollarla Azərbaycanı tərk edirlər. İrana keçməklə orada bir müddət qaldıqdan sonra Türkiyəyə mühacirət edirlər. Artıq onların sonuna qədər vətən seçəcəkləri sonuncu dayanacaq Türkiyə idi. Son dayanacaq Türkiyədə onun soyadı da dəyişərək Leyla Saryal adı ilə tanınır. Getdikləri yerlərdə çətinliklər və əzablar həmişə onları izləyib.     Leyla xanımın Türkiyə həyatıda çox maraqlıdır. Türkiyədə onun ən yaxın dostları Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadə və Əziz Alpoutun xanımı Aytən xanım idi. Türkiyədə onun Azərbaycan sevgisinə yeni bir sevgidə əlavə olunmuşdu, bu Türkiyə və Atatürk sevgisi idi.      Belə bir möhtəşəm qadın idi Helena Hoffmann, Leyla Seyidzadə, Leyla Saryal.     Yazını onun şəxsiyyətini bizə anlatmaqda yardımçı olan Nilgün xanım Saryalın sözləri ilə bitirmək istəyirəm :     “ Nənəm çox varlı bir ailənin, çox yaxşı təhsil almış, 4 dil bilən, 4 yaşından başlayraq piano və şan dərsləri almış tək qız idi.     3 yaşında atasını itirmişdi. Varlı bir dost ailənin oğlu ilə beşik kəsdirmişdilər. Amma 18 yaşında Azərbaycan türkünə aşiq oldu. Ailəsini razı salmaq üçün müyyən zaman lazım oldu. 7 dayını qəbul etdirmək üçün çaba göstərmişdi.     1924-cü ildə ürəyinin izində, Azərbaycana getdi. Berlinin lüks məhəlləsindəki böyük evdən, Bakıdakı 1 otağa....     Stalin dönminə qədər pis-yaxşı idarə etdilər.     Bir qızı oldu... 1 yaşında öldü...     Stalin dönəminin zülmü başlamışdı... Bakının küçələrində anasını, atasını öldürdükləri və ya sürdükləri kimsəsiz uşaqlar, pərişan halda qaçır, gecələri küçələrdə dalan maşınlarda enən Çeka polisləri binalara dalıb, insanları tutub aparırdı. Dədəmin dostlarını güllələdilər...     9 aylıq hamiləykən, babamı univeristetdə dərs verdiyi tələbələrdən ikisi Çeka-ya xəbərlədi. Babam, atamın doğulduğu gecə İrana qaçdı.     Qucağında 1 həftəlik atamla, Xəzər dənizi vasitəsi ilə oda İrana qaçdı.1 ilə yaxın İranda yaşadılar. 1 il sonra öncə dəvə, sonra at üstündə Türkiyəyə qaçdılar...     Gənc Türkiyə Cümhuriyyətinə, özgürlüyə, bağımsızlığa, ümidə....     Sərhəddə türk əsgəri, dağda qaçaqlara aid olduğunu düşündükləri bir çadırı açıb, içində yatan bir gənc, sarışın gözəl qadın, bir uşaq tapanda heyrətlənib qaldı. Ondan sonrası həmişə gözəl keçdi həyatımız, Atatürk və türk milləti sayəsində. “Varlığını buna borclusun” həmişə dedi mənə.     Yeriməyə başladığım gündən, məktəbə başladığım günə qədər, hər səhər Anıtqəbirin ilk ziyarətçiləri olduq ikimiz. Çıxarkən xatirələrini, Atatürkü və cümhuriyyətin ilk illərini danışdı. Enərkən danışdı, bıkmadan, usanmadan hər gün.     Əsgərlər “Nilgün gəlmiş” deyə gülərək qarşıladı. Evim kimi gəlirdi Anıtqəbir...    Atamın evi..    Son illərini daha çox danışırdı...    Hər danışdıqca sonda deyərdi:     Əsla ağlama arxamdan, mən çox gözəl bir həyat yaşadım. Babala bir-birimizi çox sevdik. Çox xoşbəxt yaşadıq. Çox rəngli həyat yaşadım, onunla evləndiyim üçün. Almaniyada qalsam, yada 2-ci dünya müharibəsində bir bomba ilə öləcəkdim, yada həyatda qalsam da tək həyat yaşayacaqdım. Mənim həyatım bir film kimi həyacanlı keçdi. Yaxşı ki, Atatürk və qurduğu Türkiyə Cümhuriyyəti vardı. O sayədə varıq. Vətənini sev. Heç bir zaman pes etmə, hər şey düzələr.     Anama gümüş çərçivəli balaca bir Atatürk rəsmi vermişdi, divarıma asmışdıq.Səhərlər qalxanda, yuyunub geyindikdə sonra, öncə and içdirirdi qarşısında, daha məktəbə başlamamışdım :     Türküm, doğruyum, çalışqanam....      Arxamdan sakın ağlama, sevin ki, nənən çox rəngli və xoşbəxt bir həyat yaşadı. 1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli – Azərbaycan Cümhuriyyətinin Tələbələri (Tarixi arayış, bəlgələr, yaşamlar), Bakı, 2016. 2. İsmail Saryal – “Bakü Rüzgarı”, Ankara 1998. 3. Fotolar və bir çox şəxsi məlumatlar İsmayıl Saryalın və Helena Hoffmanın nəvəsi Nilgün Saryalın şəxsi arxivindəndir. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Zaurların, kamillərin, baboşların ümidinə qalanlar…

“Azərbaycanda ziyalı yoxdur”, “Kimi dinləyək, kimə baxaq?”, “Nəyi oxuyaq?” formatında tükənməz sualların elə bir o qədər də cavabı var. Əlbəttə, bu və bu kimi sualların hər birinin həqiqət payı da yox deyil. Bu cür suallar verən hər kəsin qarşısına alternativ qoymaq olmursa, yaxşısı susmaqdır. Fəqət, elə suala sualla da cavab vermək olar. Bəs xalq son dəfə hansı ziyalını dinləyib, eşidib? Kimə baxıb? Nəyi oxuyub? Etiraf edək ki, bu məsələlərin kökündə şablonlaşmış sosial şəbəkə söhbətləri də dayanır. Hər məlumatı artıq sosial dünyadan alan adamların qarşısına ziyalı mövqeyi qoymaq, ciddi fikir söyləmək o qədər də asan məsələ deyil. Nəzərə alsaq ki, xüsusi ilə də “sosial şəbəkə xalqı” artıq ziyalının mövqeyinə həm də “bu da iki kitab oxuyub, özünü ağıllı sayır” janrında ironiyalar edir. Məhz bu yerə boş səbəblərdən gəlib çıxılmayıb. Çünki xalq özü də Elçin Lənbəranskilərin çağırışına, Kamil Zeynallıların yaxşı oğlanlılığına, Baboşların, Bayramların, jeton qarşılığında soyunan, oynayan həyadankəm gənc qızların hay-küyünə baxır. Özü də səbəbsiz, əsassız yerə. Məsələn, Baboşu söyür, Bayramdan zəhləsi gedir, amma adını “əyləncə” qoyub baxır. Fərqində deyil ki, bütün bunlar onun şəxsiyyət kimi formalaşmasına necə təsir edir. Bütün bunları həm də onlara təqdim elədilər. Özü də təkcə sosial şəbəkələrlə yox, elə televiziyalarla. Mavi ekranlardan Zaur Baxışəliyevlər, Xoşqədəm Hidayətqızılar insanların ən məhrəm məsələlərini açıb tökdülər. Ekspert qismində dəvət olunan “alimlər”, “professorlar” da gəlin-qayınana davalarına uzun-uzun anlatmaqla məşğul oldular. Dedilər, bu gəlin evdən çıxanda uşağı da özüylə götürübmü? Qərar verdilər ki, filan hadisədə qayınana “əfi ilanlıq” edib. Üstəlik, müvəqqəti pafos qəhrəmanları - Rəşid Mahmudovlar da “Ayə, lotusanmı, ayə? Sana dedim, kənt qızı al, kənt çolpası yeiynən” janrında ziyalı çıxışları etdi, xalqı danladı. Sözsüz, bu prosesdə, məsələn, internet saytların da rolu danılmazdır. Alovu bir az da onlar yellədi. Ən adi xəbərləri ən uyğunsuz başlıqlarla təqdim edib, oxucunu baxşəliyevlərin izləyicisinə çevirdilər. İnternetdə kiçik bir axtarış edən zaman 80-ların, 90-cı illərin əvvəllərində ən azı televiziya verilişlərinə baxırsan, görürsən ki, şairə, yazıçıya, alimə hansı yerlər verilib, tribunalar kimin əlindədir, xalqa sözünü kim deyir. Bəs hanı onlar? Hara getdilər? Onları kim uzaqlaşdırdı? İndi gözünü açıb tiktoker görən uşağa sabah hansı ziyalını, alimi tanıda biləcəksən? Ona necə deyəcəksən ki, ziyalı filankəsdir, sənətkar bu deyil, odur? Heç cür. Proses nəzarət altından çoxdan çıxıb. İndi isə qalır həll yollarını tapmaq. Sözsüz ki, bu məsələlər üç-beş nəfərin emosional deyinməyi ilə də düzəlməyəcək. Görünür, bu prosesdə günahkar həm də hamıdır. Belə bir məqamda Azərbaycan ziyalısı isə mirzəcəlilliyi davam etdirməyə bilməz. Xalq da xalq olub özünü düzəltməli, ən pis halda daxili senzura ilə bayağılığı boykot etməli, özündə dirilik tapıb, səviyyə tələb etməyi bacarmalıdır. Yoxsa, “axırımız necə olacaq” sualının cavabı “onu axıra qalan biləcək” olacaq.(axar) Orxan Saffari

Türkiyə Ordusunun yeni gücü – "Çakır"

Türkiyədə Bayraktar Akıncı Hücum Pilotsuz Uçuş Aparatı milli istehsalı olan “Çakır” naviqasiya pilotsuz uçan raketi ilə həyata keçirdiyi sınaq atəşində dənizdəki hədəfi 100 kilometr uzaqdan dəqiqliklə vurub. Sozcu.az CNN Türk-ə istinadən xəbər verir ki, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə Türkiyə Silahlı Qüvvələri üçün yeni güc mövqeyidir. “Çakır” stasionar və fırlanan qanadlı təyyarələrdən, hücum pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz dəniz nəqliyyat vasitələrindən, taktiki təkərli quru maşınlarından və yerüstü platformalardan buraxıla bilər. 150 kilometrdən çox diapazona malik “Çakır”ın hədəfləri arasında; Sahilə yaxın yerüstü hədəflər, quru və yerüstü hədəflər, strateji quru hədəfləri, ərazi hədəfləri və mağaralar var. Yerli və milli KTJ-1750 turbo-reaktiv mühərrikə sahib olan “Çakır” dizaynının gətirdiyi çeviklik sayəsində missiyanın planlaşdırılması zamanı müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilər. Qeyd edək ki, “Çakır” hava hücumundan müdafiə sistemləri ilə çətin aşkarlanmaq qabiliyyəti ilə də diqqət çəkir.

"Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin" - həkimdən SOS çağırış

"Bilərək ki, rentgen şüaları zərərlidir "ürəyim rahat olsun deyə apardım" deyən valideynlər çoxdur. Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin". Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr həkim Aytən İsmayılzadə deyib. Pediatr rentgen şüalarının sağlamlığa çox zərərli olduğunu vurğulayıb: "Rentgen müayinəsi ultrasəs deyil ki, hər istədiyinizdə edəsiniz. Rentgen şüaları da radioaktiv şüalardır.  Necə ki, o, hamilə üçün çox ehtiyatla, dölü şüalanmadan qoruyan xüsusi önlüklə aparılır, eləcə də körpələri də maksimum bu şüalardan qorumağa çalışmalıyıq. Çünki uşaq orqanizmi böyüyən orqanizmdir. Burada hələ hüceyrələrin bölünərək çoxalması davam edir.  Belə hüceyrələr radiasiyaya daha həssas olur. Məsələn, sümük iliyi. Burada həmişə qan hüceyrələri yaranır.  Şüa xəstəliyi zamanı ( orqanizmin yüksək doz radioaktiv şüalanmaya məruz qalması) sümük iliyi  zədələnir. Rentgen şüalarının dozası  müayinəyə görə seçilir. Yəni nəyə baxılacaqsa ona uyğun seçilir, amma biz bilmirik ki, uşaq üçün nə dərəcədə düzgün icra edilir". Pediatr qeyd edib ki, köhnə rentgen aparatlarında şüalanma daha çox olur: "Şüalanma xərçəng riskini artırır. Ona görə də nə vaxt vacibdirsə onda etməliyik. Ətraf mühitdən də şüa alırıq. Amma artığı bizə lazımdırmı? Və ya ehtiyac olmadıqca niyə edək? Bəlkə bu gün öskürən uşaq iki gün sonra yıxıldı bir yeri sındı, rentgen müayinə vacib oldu. Hətta travmatoloji problemlərdə təkrarı rentgen müayinələri lazım olur.  Ona görə də konkret olaraq zərərli bildiyimiz hər şeydən maksimum uzaq olmalıyıq". Aytən İsmayılzadə rentgen müayinəsi ilə bağlı tövsiyələrini də bildirib:  "- Həkimə əlinizdə döş qəfəsinin rentgen müayinəsi ilə gəlməyin. - Həkim müayinə etmədən birbaşa rentgenə yönlədirirsə onu dəyişin. - Evdə müalicə ala biləcək uşağı xəstəxanaya yatırmayın. Orda rentgen müayinə mütləq ki olunacaq. - Yad cisim udan uşağı dərhal rentgen etdirməyin. Sabahı gözləyirik. Ən azından hələ də mədədə ya bağırsaqda olduğunu bilmək uçun vaxt qazanırıq. - Burun axıntısı olduğu zaman adenoidə görə rentgen etmirik, çünki nəticə yalançı pozitiv ola bilər. - Uşağın bud - çanaq müayinəsini 6 aya kimi USM ilə müayinə etmək varkən ertələyib rentgenə saxlamayın. - Bir yerində sınıq-çıxıq şübhəniz olduğunda travmatoloqa getmədən rentgen çəkdirməyin".

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Martın 2-si saat 00:40 radələrində Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Bu barədə Sozcu.az-a Xaçmaz rayon prokurorluğundan məlumat verilib.  Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın 1-i saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.