Zaman Kiyev və müttəfiqlərinin tərəfindədir - Britaniya XİN rəhbəri

Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir. Sozcu.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. “Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib. Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir: “Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-nin hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.

Ukrayna və Almaniya təhlükəsizlik sazişi bağlayacaq

Ukrayna və Almaniya Münxen Təhlükəsizlik Konfransında ikitərəfli təhlükəsizlik zəmanətləri haqqında saziş bağlaya bilərlər. Sozcu.az-ın FAZ nəşrinə istinadən verdiyi məlumata görə, sənəd fevralın 16-da imzalana bilər. Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina bəyan edib ki, artıq saziş layihəsi hazırlanıb.

Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ERTƏLƏNDİ

“SpaceX” ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib. Sozcu.az xəbər verir ki, bu barədə DHA yazıb. Bildirilib ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq. Xatırladaq ki, ötən gün “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı. Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.

Kənan MM Tiktokdan qazandığı pulu açıqladı

Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) Tiktok platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb. Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan sənətçi bir il ərzində "Tiktok"dan 108 min manat gəlir əldə etdiyini deyib: "Bir gün mənə vergidən məktub gəldi ki, vergi borcun var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki. Sənin Tiktoka görə vergi borcun var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. Tiktokda gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə Tiktokda 108 min manat mənə pul gəlib". O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib: "Sual versəniz ki, o pul hanı? Yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də mən "Tiktok"a qazanc yeri kimi baxmıram. Ordan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz. Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, burdan gəlirdi, ordan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə kişi yalan danışmaz. Vergi borcunun nə qədər olduğu isə deməyəcəyəm, bu dövlət sirridir. Amma borcu ödədim".

“Fənərbağça”dan səfərdə inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib. Axar.az xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər. Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək. Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.

Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski

Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".

Qürbətdə yanan çıraq

Şair təbiətindəki qeyri adilik ondan ibarətdir ki, o gördüklərinə hər insan kimi baxmır. Baxdığı hər şeydə mütləq bir gözəllik, mücərrədlik axtarır və axtardığı gözəlliyi kəşf etdiyi zaman bütün duyğu orqanlarındakı kövrəkliyin hisslərinə qapılaraq sözlərin sehrinə düşür. Loru dildə desək, tilsimlənir və tilsimin gücü onu sözlərin rəngli dünyasına götürür. Bu da yaşanan çox şeyləri onun ruhunda poetik bir çalarda əks etdirməyə başlayır. Şair qələmindən süzülən söz, əslində insan ruhundakı insanlığın tərcümanıdir. Bəlkə də elə buna görədir ki, tarix boyu şairləri seçilmişlər olaraq görmüşlər. Axı mütləq sandığımız gözəllik qarşısında ilk səcdə edən də şair təbiətli insanlar olub. Ruhunun böyüklüyünü bir bədənə sığdırmayan insanlar kiçik bir sözün işığına tutlaraq ikinci bir dünyaya yol açır və söz dünyasında yüzlərcə insan ruhuna çıraq olurlar. Bu gün poeziya dünyasında "HƏSRƏTDƏN VÜSALA" adlı kitabıyla oxucu marağı qazanan şairə, Səidə Rəhimlini də həmin, o böyük ruhlu insanlar cərgəsində göstərən dərin mənalı şeirləridir. Səidə xanımın ədəbi aləmdəki səsini duymaq üçün onun "VERMƏYİN" adlı şeirinə diqqətinizi çəkmək istəyirəm. Verməyin Odlar, alovlar içində yanıram Yanıram bir içim su üçün Bütün ələmlərimin, zülümlərimin Üstünə su çiləmək istəyirəm. Sərinlik suyu Verməyin bu suyu mənə! Qoyun yanım, qoyun yanım Yanmaq -yanmaq istəyirəm, Sönmək üçün. Uçurumlar içindəyəm Əl uzadıb, dil çıxardıb Yalvarıram Kömək üçün Əl uzadıb, əl tutmayın! Yıxılıram qalxnaq üçün Tufanlar qoynundayam Dənizin amansız dalğaları Dqşlara çırpır məni Haray salıb çırpınıram Əl atmağa, əl tutmağa Budaq istəyirəm, çöp istəyirəm Ümid çöpü Verməyin bu çöpü mənə! Boğuimaq istəyirəm Dəri  sular altına çökmək istəyirəm Vatan görüb rəhm etməyin Ağlamaq istəyirəm xısın-xısın Hönkür-hönkür, zarın-zarın Sonradan talehə gülmək üçün Ölmək-ölmək istəyirəm Yenidən dübyaya gəlmək üçün. Su həyatdır! "Bir içim su istəyirəm və o suyu mənə verməyin", deyən şairənin şeirində özünüdərk o qədər əhatəli şəkildə təsvir olunur ki, o həyatı olduğu kimi, ağrı- əzabıyla yaşamağın nə qədər mənalı olduğunu, yaşamın dadını çıxarmanın və yaşam uğuruna çəkilən cəfanın  şirinliyini açıqlayır. Şeirin ən böyük mücərrədliyi həyatı gerçəkliyin içərisində olan mütləq gözəllikdir ki, həmin gözəllik qarşısında cismani deyil, mənəvi bir yaşama can atan Səidə xanım, bu şeirdə həm də mənəvi aclığını doyurmağa çalışır. Şair qələminin qüdrəti də məhz onun mənəvi gücündən asılıdır. B Vahabzadənin dili ilə desək: "Şam əgər yanmırsa yaşamır demək. Onun da mənası yanmağındadır." Hansı ki, dünyanın ən dahi söz sərrafı M. Fizuli də öz məşhur qəzəlində  eyni hissi aşılayır. Bütün varlığında İlahi bir qüdrət duaraq: "Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm bəlayi-eşqdən etmə cüda məni. Az eyləmə inayətini əhli dərddən, Yəni çox bəlalara qıl mübtəla məni." Deyən şair, M. Fizuli EŞQ üçün Rəbbinnə yalvardığı kimi, S.Rəhimli də həmin EŞQin son dərəcə gözəlliyini duyur və o gözəllik üçün özünə cəfa diləyir. Bəli, eşqin gücü bütün qaranlıgları əritməyə, bütün cəfaları səngiməyə, bütün susuzluqları yatırmağa və bütün külləri közərdib alovlandırmağa qadirdir. Adilikdən ucalığa gedən yoldur özünüdərk. S.Rəhimli bu yolu öz kiçik dünyasından, öz gəncliyinin baharından ta bu günə kimi mətincə addımlayır. Mən ona bu yolda yüzlərcə, minlərcə, milyonlarca insanın ruhuna işıq olmağı arzulayıram. Şeirin müxtəlif janrlarında qələmini məharətlə tanıdan şairə vətəndən uzaq, soyuq bir qürbət ölkəsində yaşamasına baxmayaraq, öz xalqının tarixi ilə sıx bağlı olan aşıq şeirinə və folklor janrına da maraq çəkir. Xalqımızın yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatında, onun bütün həyat tərzini, adət-ənənlərini, mənəviyyatını yaşadan əsəs qaynağı olan bayatılardır ki, S.Rəhimlinin “Həsrətdən vüsala” adlı kitabı şeirlər toplusu olmala yanaşı, həm də  şifahi xalq ədəbiyyatının folklor zənginliyi olan bayatılarıyla da zəngindir. Axı ibrətamiz fikirləri yığcam və bitkin ifadələrlə əks etdirmək də xüsusi bir ustalıq tələb edir. Bu bayatılarda sanki öz mübariz xalqının mübarizliyini yaşayaraq ədəbi dünyayla əbədiyyət arasında mətincə addımlayan bir yolçudur Səidə Rəhimli. Son olaraq məni S. Rəhimlinin ədəbi dünyasının geniş və rəngarəngliyinə götürən şeirlərindən bir neçəsini oxucuların nəzərinə buraxıram. Əmnəm ki, onun sözünün işığına tapınanlar çox olacaq. Öz milli hisslərini bayraq kimi bəşəri hisslərlə paralel yüksəklikdə tutan şairə ömrünün yarısından çoxunu qürbətdə yaşasa da, doğulduğu, böyüdüyü məmləkətin tarixiylə eyni yaşda addımlayan şairlər sırasındadır. Yaradıcılığını daha əlvan şeirlərlə bəzəməktə olan şairəyə yeni- yeni nailiyyətlər və sənət uğurları diləyirəm. R.Aslan.      Ana dilim Babalardan qalıb bizə, Mənim doğma ana dilim. Yaraşıqdır ömrümüzə, Mənim doğma ana dilim! Qərinələr süzüb gələn, Keçmişimi çözüb gələn, Zərbələrə dözüb gələn, Mənim doğma ana dilim! Nələr dedi, nələr yazdı, Düşmən ona quyu qazdı, Hər nə desəm, yenə azdı, Mənim doğma ana dilim! Ömrümüzün baharıdır, Həm varlığı həm varıdır, Xalqımızın vüqarıdır, Mənim doğma ana dilim! Daim yanar, odum, közüm, İşıq saçan nurlu gözüm Mənim mayam, mənim özüm Mənim doğma ana dilim! Ay ata! Sığal çəkdim, baxışımla oxşadım, Daşdan baxan gözlərini, ay ata! Mən doyunca ağlamadım, bil, səni, Boşalmaz ki, heç ürəyim, vay ata. Sızlar yerin ürəyimin başında, Əksin damar hər damla göz yaşımda, Qəlbim dolu, giley edım qarşında, Uşaq sanım mən özümü, qoy ata! Sən şəfəqsən xatirəmdə, yadımda, Bır məşəl tək hey alovlan odumda, Rəhimliyəm, yaşadıram adımda, Daim varsan, varlığını duy ata! Gülüşündən güllər açdı Güldün, gülüşünü çəkdim içimə, Qəlbimdə çiçəklər, güllər açıldı, Qondu gözlərindən gözlərimə nur, Sənə nəqmə deyən dillər açıldı. Arı şanısıdır bal süzən dilin, Düzəlir sığaldan hər buruq telim, Toxundun əlinlə, titrədi əlim, Heç kəsi qucmayan qollar açıldı. Bu eşqin yolunda çəkmişəm zülüm, Ayırsa bizi, tək,  ayırar ölüm, Dedin -" Getməliyəm, uzaqdır yolum", Gözümdən yaş axdı, sellər açıldı. Mən aşiq elə bağlı, Al kəmər belə bağlı, Bülbül qəfəsdə susar Avazı gülə bağlı. Əzizinəm gül yaşa, Həm danış, həm gül yaşa! Həyatda yaşamağın Mənasını bil, yaşa! Mən aşiq baxar ağlar, Yandırar yaxar ağlar, Tək məzar, qərib ölkə Hər gələn baxar ağlar. Əzizinəm, el ağlar, Oba köçər, el ağlar, Eşqimin bağçasında Bülbül susar, gül ağlar. Mən aşiq çənə baxma, Dumana, çənə baxma. Ürək cavandır hələ Saçdakı dənə baxma. Könlüm sözsüz ağlayır, Dağım düzsüz ağlayır, Mənim gözlərim dolur, Sazım gözsüz ağlayır. Bülbül ahın qınama Gül-çiçək solan yerdə. İlan zəhəri nədir? Acı dil olan yerdə. Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı, Qəlbim qərib yolçudur Səadət bağlı qapı. Əzizim dindir, mənəm, Gəl sorma kimdir, mənəm. Elə incitmisən ki, Ömürlük dindirmərəm. Bu gəzən, dağlı gəzən, Sinəsi dağlı gəzən. Var, dövlət gəzən gördüm Görmədim ağlı gəzən. Xınalar, ay xınalar, Xına yaxar sonalar, Qızlara kömək olun! Yaxın gəlin analar! Ay nənəm, şirin nənəm, Dünyası dərin nənəm. Şimşək kimi alovlu, Bulaq tək səri  nənəm. Mən aşiq aya gəlməz, Dənizlər çaya gəlməz, Azərbaycan elində Gözəllər saya gəlməz. Ay Bakım, gözəl Bakım, Tarixin əzəl Bakım, Gözəlliyin naminə Yazaram qəzəl Bakım! Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı. Qəlbim qərib yolçudur, Səadət bağlı qapı.

Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib ÖLDÜ

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. "Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində  keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb.

DƏHŞƏT: Ana və qızı dəm qazından ÖLDÜLƏR

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər. Sozcu.az xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər. (Qafqazinfo)

"TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!” - Həkim etiraz etdi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev xəstəxanalarda reaktivlərin olmadığını iddia edir. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında ona daxil olan müraciət əsasında paylaşım edib. “Xəstə gedib analiz verməyə, reaktiv yoxdur deyib başqa klinikaya göndəriş veriblər, ikinci klinika da deyib ki, reaktiv qurtarıb. Axırda xəstə məcbur qalıb gedib özəl klinikada analiz verib. TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!”, - paylaşımda deyilir. Daha sonra TƏBİB əməkdaşının ona müraciəti əsasında fikirlərinə aydınlıq gətirib və videomüraciətlə məsələni izah edib.   “Xəstə Respublika Endokrinoloji dispanserinə müraciət edib. Orada ona “insulinəbənzər boy faktoru” analizi lazım olub. Ona reaktivin qurtardığını bildiriblər. Xəstəyə 6 nömrəli uşaq xəstəxanasına göndəriş veriblər. Ordan 7 nömrəli uşaq poliklinikasına. Orda da reaktivin bitdiyi deyilib. Xəstə məcbur qalıb özəl klinikada analiz verməyə”, - radioloq danışıb. Həkim belə problemlərin çox olduğunu bildirib: “Niyə reaktiv yoxdur? Həftələrlə reaktivlər yoxdur. Xəstə nə qədər gözləməlidir? Pasiyentin hər ay öz əmək haqqından və işlədiyi müəssisənin büdcəsindən vəsait tutulur bu müayinələr üçün. Niyə təmin etmirsiz? Qurtarıb, təmin edin vaxtlı-vaxtında!”

Finlandiya Rusiya ilə sərhədləri açmaqdan İMTİNA ETDİ

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki vəziyyəti “çox ciddi və həyəcanverici” hesab edir, ona görə də sərhəd-keçid məntəqələrinin açılması mümkün deyil. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin başçısı Petteri Orpo Yle telekanalının efirində bildirib. "Anladığımız qədər, şərq sərhədinin arxasında məqsədi qeyri-qanuni olaraq Finlandiyaya gəlmək olan insanlar var" – Orpo deyib. Onun fikrincə, söhbət yüzlərlə yox, minlərlə insandan gedir. “Aydındır ki, biz sərhədlərin bağlanmasını ləğv edə bilmərik, lakin eyni zamanda, onun bağlanmasına baxmayaraq, qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə tədbirləri hazırlamaq lazımdır”. Sərhəd məhdudiyyətləri fevralın 11-də ləğv edilməli idi. Bundan əvvəl “İlta-Sanomat” qəzeti yazıb ki, Helsinki fevralın 11-dən Rusiya ilə sərhəd-keçid məntəqələrini açmamaq qərarına gəlib. Nəşrin mənbələrinə görə, Finlandiya hakimiyyəti sərhəd keçidlərinin hətta qısamüddətli istismarını istisna etmək üçün tədbirlər görmək niyyətindədir. Finlandiyanın şərq sərhədindəki keçid məntəqəsinin ilk bağlanması 2023-cü il noyabrın ortalarında baş verib. Helsinki bu qərarı “Moskvanın Yaxın Şərq və afrikalı miqrantların sərhədi keçməsinə yardım etməsi” ilə əsaslandırıb. Noyabrın 30-dan dekabrın 14-dək Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələri bağlanıb.

Bakıda külək əsəcək, rayonlarda yağıntı olacaq - XƏBƏRDARLIQ

Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Türkiyə ordusunun hərbçisi şəhid oldu

PKK terrorçuları İraqın şimalında Türkiyə hərbçilərinə hücum ediblər, ölən və yaralanan var. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İraqın şimalındakı əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb. Yaralılarımız dərhal xəstəxanaya çatdırılıblar və müalicələrinə başlanılıb.

İran Ermənistanın Araz çayını zəhərləməsinə göz yumur - Video

“Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”. “Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib. Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir. Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib: “Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. Narahatlığa əsas yoxdur”. Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir. Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi. Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib. Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:

Arayik seçkilərdə səs vermək istəyir - Müraciət edib

Arayik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib. Sozcu.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, Qarabağdan qovulmuş separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və gələcəkdə ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini bildirir. Xatırladırıq ki, bu barədə TV Musavat rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir. Qeyd olunur ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonıa danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib. Mötəbər qaynağımız bildirir ki, Arayik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Arayikin arzusu var.

Orduya həyəcan siqnalı verildi, döyüş texnikası atəş mövqelərinə çıxarıldı - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

Gəncədə oğul 72 yaşlı atasını baltaladı

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur. O, hadisəni törətdikdən sonra qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə 27 yaşlı şəxs güllələndi: qardaşlar saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sumqayıtda oğul anasını öldürdü

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəşəngül Fərhad qızı Qəhrəmanovanın kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

40 yaşlı qadın dəm qazından öldü

Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb. 1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Manatın məzənnəsi ilə bağlı proqnoz açıqlandı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Blumberq" Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə Sozcu.az-a UNEC-dən məlumat verilib. UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezerv ehtiyatının artaraq, 11 milyard 613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.

Mingəçevirdə inzibati bina yandı

Mingəçevirdə inzibati binada yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 1750 m² olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları 750 m² sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ordunu gücləndirib Qarabağı geri qaytarsaq… – Erməni deputat

“Tarixi ədalətdən danışaraq bütün qonşularımıza qarşı ərazi iddiası irəli sürməyimiz nə dərəcədə məntiqlidir?” Sozcu.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib. Deputat bildirib ki, 3 milyonluq Ermənistanın bu kimi addımları doğru deyil: “Müstəqillik Bəyannaməsi və Ermənistanın Konstitusiyanın dəyişdirilməsi məsələsində ilk növbədə özümüzlə müzakirə aparmalı, vəziyyəti dərk etməliyik. Bir anlıq özümüzə kənardan baxaq, Azərbaycan, İran, Türkiyə, Gürcüstanla qonşuluq münasibətlərimizi indiki kimi davam etdirməyimiz nə dərəcədə xeyrimizədir? Gələcək nəsilləri Qarabağı geri qaytarmaq arzusu ilə böyütməməliyik. Tutaq ki, bu baş verdi, sonra nə olacaq? Azərbaycan güclənəcək və beynəlxalq mexanizmə uyğun öz ərazilərini yenidən geri alacaq. Nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsi Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımayıb”.

Təqaüd verməmək üçün əlaçıları imtahandan kəsirlər - Açıqlama

"Əlaçı təqaüdü alan tələbələrin qiymətini kəsərək onları əlaçılıqdan salmaq universitetlərə sərf edir. Bu zaman onlar büdcəyə qənaət etmiş olurlar". Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bəzi ali təhsil müəssisələrində semestr imtahanları zamanı əlaçı təqaüdü alan tələbələrin qiymətlərinin kəsildiyi haqda xəbərləri şərh edərkən bildirib. O qeyd edib ki, universitet tələbələrə əlaçı təqaüdü verməyəndə həmin vəsait büdcədə qalır: "Təbii ki, bu,universitetə sərf edir”. Ekspert hesab edir ki, universitetlərdə təhsil alan tələbələrin müəyyən hissəsi öz hüquq və haqlarını tələb etməkdən çəkinirlər: “Əgər doğurdan da imtahan sessiyası zamanı tələbənin biliyi düzgün qiymətləndirilməyibsə, müəllim haqsızlıq edib onun qiymətini kəsibsə, o, buna öz etirazını bildirməlidir. İlk olaraq məsələ ilə bağlı təhsil aldığı universitetin rektoruna müraciət etməlidir. Rektor tərəfindən tələbənin müraciətinə baxılmasa, birbaşa Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə üz tutulmalıdır. Agentlikdən də bir cavab çıxmasa, tələbə daha yuxarı qurumlara üz tutub sona kimi öz haqqını tələb etməli, məsələ ilə bağlı ədalətli qərarın verilməsinə nail olmalıdır. Tələbələr heç kimdəm, heç nədən çəkinməməlidir. Əgər tələbə gecə-gündüz əziyyət çəkib imtahanlara hazırlaşıb və imtahanda yüksək nəticə göstərdiyi halda ona aşağı qiymət yazılıbsa, o, mütləq bu ədalətsizliyə öz etirazını bildirməlidir. Heç bir müəllimin bilikli, savadlı, imtahanlarda yüksək nəticə göstərən tələbəyə məqsədli şəkildə aşağı qiymət yazmağa haqqı yoxdur”.