Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib. Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanunda tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması öz əksini tapıb.
Qeyd edilənləri nəzərə alanda, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bəs görəsən bu dəyişiklik tütün məmulatlarının qiymətinə təsir göstərəcəkmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu dəyişiklik qiymətlərin bahalaşmasına gətirib çıxacaq:
“Onsuz da tütün və alkoqol məmulatlarını satmaq üçün lisenziya şərti var idi. Bu ona gətirib çıxaracaq ki, xırda ticarət məntəqələrində artıq tütün və spirtli içki məhsulları satıla bilməyəcək. Hazırda məlum olduğu kimi, qəzet köşklərində belə istənilən siqaret satılır. Yəqin ki, onlar yığışdırılacaq. Təkcə böyük ticarət şəbəkələri bu lisenziyanı ala biləcək. Bu da təbii ki, qiymətlərin bahalaşmasına səbəb olacaq. Ancaq bu qiymət artımı ilə həll olunacaq məsələ deyil. Əksinə, elə bir şərait yaranar ki, xarici ölkələrdən gətirilən siqaret və spirtli içkilərin bazarda sayı arta bilər”.
Ekpsertin fikrincə, qanunda edilən dəyişiklik bazarda kustar üsulla hazırlanmış spirtli içkilərin artması ilə nəticələnə bilər:
“Belə dəyişiklər zamanı qonşu ölkələrdəki eyni məhsulla bağlı qiymət göstəriciləri mütləq nəzərə alınır. Qonşu ölkələrdə qiymətlər aşağı olacaqsa, xaricdən ixracın qarşısını almaq mümkün olmayacaq. Alkaqollu içkilərdə isə vəziyyət daha pis ola bilər. Çünki belə olan təqdirdə kustar üsulla hazırlanan içkilərin sayı bazarda arta bilər. Bu isə insan sağlamlığına daha pis təsir edir. Rusiyada bununla bağlı mənfi nümunənin şahidi olmuşuq. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Əks effektlər mütləq nəzərə alınmalıdır”.