Hökumənin vəfatına görə verilmiş pul oğurlandı

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Sozcu.az xəbər verir ki, bu barədə Ölkə.az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Share on Facebook