Boşanan şəxslərə xəbərdarlıq – Qanunda dəyişiklik edilib

Boşanma sonrası ortaya çıxan ciddi problemlərdən biri də uşaq faktoru ilə bağlıdır. Bir çox hallarda tərəflərdən biri, digərinə uşaqları vaxtı-vaxtında göstərməkdən boyun qaçırır. Bu isə tərəflər arasında alimentin gecikməsi və digər mübahisələrin yaranması ilə nəticələnir.  Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ailə mübahisələləri ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib: “2024-cü ilin 20 dekabr tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarına əsasən, artıq ailə mübahisələrinə baxılan zaman bir sıra dəyişikliklər həyata keçirilib. Nikahın pozulması zamanı mütləq şəkildə təkcə nikahın polzulması və aliment mübahisəsinə baxılmayacaq.  Burada eyni zamanda tərəflərin birgə nikahdan olan övladlarının ayrı yaşayan valideynlərinin həmin övladlarla ünsiyyət məsələsi də həll olunur. Həmçinin əvvəllər çıxarılmış məhkəmə qərarından sonra, uşağı saxlayan valideyn hər dəfə ölkə üzrə yaşayış minimumu dəyişdikdə yenidən alimentin artırılması ilə bağlı iddia ərizəsi verə bilirdisə, artıq buna ehtiyac qalmır. Sadəcə 1 ərizə verməklə, xüsusi icraat qaydasında alimentin artırılmasına nail olunacaq”.  Hüquqşünas qeyd edib ki, uşaqlarla ünsiyyət qaydaları da artıq yeni dəyişikliklərə uyğun formada tənzimlənir: “Uşaqla ünsiyyət məsələsinə gəldikdə isə, Ailə Məcəlləsinin tələblərinə görə tərəflərin hər ikisinin uşaqla ünsiyyət hüququ olduğuna görə onlar mütləq şəkildə bir-birinə maneçilik törətməməlidir. Nikahın pozulması zamanı tərəflərin ərizəsi əsasında uşaqla ünsiyyət qaydaları da müəyyən edilə bilər. Burada vacib olan məqamlar ondan ibarətdir ki, tərəflər öz aliment öhdəliklərini yerinə yetirdiyini sübut etməlidirlər. Yaxud gələcəkdə uşağın əxlaqına və tərbiyəsinə zidd davranışların olmayacağını bildirməlidirlər”.

Bu hərbçilərin ordudan tərxisi başladı

Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a məlumatlı mənbələrdən bildirilib. Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliyi təsdiqləyib. Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

Küləkli hava: gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək. Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

Rusiyada olan bütün azərbaycanlılar həbs olunsun! - Şok çağırış

Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təklif olunub. Sozcu.az xəbər verir ki, belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. O, Bakıda Rus Evinin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını təklif edib. “Birincisi, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik”, - deyə o bildirib.(musavat.com)

Tramp ÜST rəhbərinin amerikalı olmasını istəyir - Reuters

ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar planını nəzərdən keçirir. Planın əsas məqamlarından biri ÜST-nın sədri postuna amerikalının təyin edilməsidir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters agentliyinə plan və Tramp administrasiyasının təklif sənədi ilə əlaqəli iki mənbə məlumat verib. Qeyd olunur ki, ÜST-də islahatlar planı ABŞ prezidentinin 20 yanvarda andiçmə mərasimindən əvvəl onun müşavirlərinə verilib. Sənəddə ABŞ-ın təşkilatdan çıxması, eləcə də ÜST ilə qarşılıqlı fəaliyyətə “köklü yeni yanaşma”nın qəbulu ilə bağlı tövsiyələr yer alıb.

Sertifikatı ləğv edilmiş həkimlərin - Tam siyahısı

Lisenziyası ləğv edilmiş plastik cərrahların tam siyahısı məlum olub. Sozcu.az  xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin imzaladığı əmrlə aşağıdakı şəxslərin lisenziyası ləğv olunub: Ağamirova Könül Əlifirid qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818 Əliyeva Şövkət Tofiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889 Həmidova (Heydərova) Sevinc Abisalam qızı – sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407 Kərimova Bəhicə Rafiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491 Quliyeva Rəna Ədalət qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988 Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967 Salmanlı Elnarə Eldar qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603 Qeyd edək ki, adıçəkilən şəxslərin hamısı 2022-ci ildən sonra lisenziya alıbmış. Hazırda məsələ ilə bağlı prokurorluqda araşdırma davam edir.

Bu ölkə də Rus Evini bağlayır

Fransa Parisdəki Rus Evinin fəaliyyətini dayandırmaq üçün addımlar atır. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib. Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub: “İndi Rus Evinin hesablarını dondurmaqla işini tamamilə dayandrımağa cəhdlər edilir. Rus Evinin burada ikitərəfli razılaşma əsasında qanuni fəaliyyət göstərdiyini nəzərə alsaq, bu məsələyə dair Fransa ilə kompleks danışıqlar aparılır”. Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – Rus Evinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bununla, Azərbaycan tərəfinin ölkəmizdə Rus Evinin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.

Britaniya rus diplomatın akkreditasiyasını ləğv etdi

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkədəki Rusiya diplomatının akkreditasiyasını ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bu qərar 2024-cü ilin noyabrında Rusiyanın Böyük Britaniya diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edilib. "Biz Rusiya səfiri Andrey Kelini yüksək səviyyəli Britaniya rəsmisi ilə görüşmək üçün dəvət etdik ki, Rusiya diplomatının akkreditasiyasını ləğv edək", - XİN-dən bildirilib.

Azərbaycanda qızıl bahalaşır – Qiymətlər necə dəyişəcək?

Son günlər dünya bazarlarında qızılın qiymətində davamlı artım müşahidə edilir. Bu bahalaşma təkcə beynəlxalq maliyyə bazarlarını deyil, həm də yerli bazarlardakı qiymətləri dəyişməyə məcbur edəcək. Azərbaycanda da qızılın dəyərinin yüksəlməsi həm xammal, həm də hazır zərgərlik məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək. Bəs zinət əşyaları almaq istəyənləri hansı yeniliklər gözləyir? Qiymətlər necə dəyişəcək? İqtisadçı Xalid Kərimli dünya bazarındakı son proqnozları Yenisabah.az-a açıqlamasında belə dəyərləndirib: “Təbii ki, dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Bu bahalaşma həm təmiz qızıl, həm də zərgərlik məmulatlarının qiymətində artımla nəticələnəcək. Qızılın dəyərinin qalxması təkcə yerli bazarlara deyil, bütün qlobal iqtisadi proseslərə təsir etdiyindən, bu tendensiya Azərbaycanın qızıl bazarında da özünü göstərəcək”. Maliyyə analitiki qeyd edib ki, sözügedən bahalaşma tədricən baş verəcək: “Əvvəlki qiymətlərlə qızıl ehtiyatı toplamış zərgərlər müəyyən müddət ərzində bu malları nisbətən ucuz qiymətə təklif edə bilsələr də, yeni gətirilən məhsullara artıq dünya bazarlarındakı qiymət artımı təsir edəcək. Bu isə o deməkdir ki, qızıl zərgərlik məhsullarının, o cümlədən, zinət əşyalarının dəyəri əhəmiyyətli dərəcədə yüksələcək”. Ekspert onu da vurğulayıb ki, bütün ölkələrdən idxal olunan qızıl mallarında bahalaşma gözləniləndir: “Qızılın qiymətindəki dəyişikliklər ölkənin idxal etdiyi məhsullardan asılı olmadan bazara təsir göstərir. Çünki əsas amil xammal – qızılın dəyəridir. Qızılın qlobal bazarlarda qiymətinin artması onunla bağlı olan bütün sektorlarda qiymət artımına gətirib çıxarır. Nəticədə, həm yerli istehsal olunan, həm də xaricdən idxal edilən zərgərlik məmulatlarının qiymətində ümumi bahalaşma müşahidə olunacaq”.

Azərbaycanda məktəbdə qan töküldü

Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M.H. ilə sinif yoldaşı Q.H. arasındakı mübahisə davaya çevrilib. Q.H. M.H.-yə bıçaqla xəsarətlər yetirib. Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra M.H. Göyçay Rayon Xəstəxanasına aparılıb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

Vardanyanın cinayət işi: Məhkəmənin baxış iclası başladı

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində başlayan prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan müdafiəçi və vəkillə təmin olunub.

Kolleclərdə “Müəllimlik” ixtisası ləğv edilir

Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək. Sozcu.az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq. "Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", - deyə nazir qeyd edib. O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

Egey dənizində 2 saatda 7 güclü zəlzələ oldu

Bu gün Egey dənizində 2 saat ərzində 7 zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, Egey dənizində yerli vaxtla saat 04:41-də 4,1; 05:02-də 4,1; 05:24-də 4,4; 05:45-də 4,4; 05:54-də 4,6; 06:23-də 4,6; 06:36-da 4,5 bal gücündə ardıcıl zəlzələlər olub. Zəlzələlərin yerin 7 km dərinliyində meydana gəldiyi bildirilib. Qeyd edək ki, Egey dənizində artıq bir neçə gündür ard-arda zəlzələlər baş verir. Yunanıstanın bölgədə yerləşən Santorini adasının yerli sakinləri ərazini tərk etməyə başlayıb.

Şahnaz Bəylərqızı saxlanıldı

Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb. Sozcu.az-ın xəbərinə görə, onun Bakıdakı mənzilində axtarış aparılıb.

Zelenskidən səfərbərliklə bağlı YENİ QƏRAR

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – fevralın 8-dən mayın 9-dək uzadılması haqqında qanun imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ali Radanın saytı məlumat yayıb. Yanvarın 15-də parlament hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasına səs verib.

Pensiyalar artımla nə vaxtdan veriləcək? - Rəsmi CAVAB

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən məlumat verilib. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.

Azərbaycanda 700 min nəfərin maaşı ARTACAQ

Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir. Bunun 400 min nəfəri dövlət, 300 min nəfəri isə özəl sektorun payına düşür. Sozcu.az xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib. Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

Gömrükdə nə baş verir? – Tələbələrin də təqaüdü verilmir

Dövlət Gömrük  Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilməsi ilə bərabər Dövlət Gömrük Akademiyasının tələbələrinin də təqaüdləri verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib. Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib. “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”, – deyə tələbələr bildirib.

Prezident naziri vəzifədən azad etdi

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Digər sərəncamla Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Paşinyan "artsax" bayraqlarını dirəyindən kəsdirir

Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından Qarabağda ləğv edilmiş separatçı "artsax" rejiminin "bayrağı" götürülüb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib. Metal bayraq dirəyi kəsilib, "bayrağ"ın özü isə götürülüb. Şəhər sakinləri bunun ilk olmadığını, daha əvvəl də sözügedən əski parçalarının yığışdırıldığını bildiriblər. Şəhər meriyası bu barədə göstərişin verildiyini təsdiqləyib: "Bəli, biz bunu etdik. Əmri kimin verdiyini soruşmağa gəlincə, bunu özünüz təxmin etməlisiniz. Əmr yuxarıdan verilib". Eçmiədzin sakini Armen Aleksanyan bildirib ki, Paşinyan rejimi hesab edir ki, "artsax bayrağı" Ermənistanda olmamalıdır.

Rusiyadakı azərbaycanlıların nəzərinə: deportasiya oluna...

Rusiyada bu gündən miqrantlarla bağlı qaydalar sərtləşdirilir. Sozcu.az-ın məlumatına görə, bu gündən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib. Müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna edilib. Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq. Qaydalar bütün miqrantlara, o cümlədən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına da aiddir.

"Qara qutu"dan Rusiya çıxdı - Moskva kompensasiya ÖDƏMƏLİDİR

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib. Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Beləliklə, təyyarəmizin Rusiya tərəfindən vurulduğu artıq rəsmi olaraq təsdiqlənib. Rəsmi Bakı Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir. Modern.az-ın məlumatına görə, kompensasiya məsələsi Beynəlxaq Mülki Aviasiya qaydalarında öz əksini tapıb. Qeyd edək ki, fakt təsdiqini taparsa, həmin ölkə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödəməlidir. Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki aviareyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün xüsusi beynəlxalq valyutadan istifadə edilir. "Special Drawing right" (xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Qəza nəticəsində ölən hər sərnişinə görə məsuliyyət daşıyan ölkə tərəfindən 250000 (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə görə 1 SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250 Azərbaycan manatıdır. Hadisə baş verdiyi ərazi (Rusiya Federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rubl (250000 SDR), yəni 326662 ABŞ dolları edir. Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə və dəymiş maddi zərərə görə AZAL-a ödənilməlidir. 250000 SDR məbləğ maksimal kompensasiya məbləğidir. Monreal konvensiyasına görə, minimal kompensasiya məbləği 150000 SDR-dir.

Şəhid anası vəfat etdi

Şəhid Tuncay Əlizadənin anası Rəna Əliyeva vəfat edib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.