MN-in “İstirahət evi”nin sabiq rəisinin məhkəməsində şahidlər dindirildi

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Yeganə Əbdülvahabova bildirib ki, işə düzəlmək üçün ondan 1500 manat istənilib, amma hamısını verməyə imkanları olmayıb: “Qardaşım min manatı rəis müavini Muraz Həsənova (hazırda “İstirahət evi”nin rəisi vəzifəsini icra edən-red.) verib”.

Şahid bildirb ki, İlham Haqverdiyev ondan pul istəməyib:

“Qəbuldan sonra rəislə görüşdüm. İlham Haqverdiyev işə qəbulla bağlı ödənişin tələb olunmasının qanunsuz olduğunu, belə halla qarşılaşdıqda ona məlumat verməyimi istədi”.

Şahidin ibtidai istontaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu bildirilib. Onun ilkin ifadəsi elan olunub.

Şahidə bildirilib ki, bilə-bilə yalan ifadə versə, məsuliyyətə cəlb oluna bilinər.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

İfadədə qeyd edilib ki, işə qəbuil üçün qardaşı Muraz Həsənova pul verib. O da pulu İlham Haqverdiyevə çatdırıb.

Eyni zamanda, şahid əlavə edib ki, qardaşınıın verdiyi min manat onlara geri ödənilib.

Daha sonra Müdafiə Nazirliyinin “İstirahət ev”nin Arxa Təminat Xidmətinin müdiri Seyran Əhmədov ifadə verib.

O bildirib ki, İlham Haqverdiyev iclasda bir neçə vakant yerin olduğunu bildirib. O, da bununla bağlı müavin Muraz Həsənova yaxınlaşıb və işə qəbula görə xahiş edib: “Bacım oğlunu işə düzəltmək üçün Muraz Həsənova dedim. Bildirdi ki, 2500 manatla işi həll etmək olar. Razılaşdıq. Əmr veriləndən sonra pulu elə Muraz Həsənovun xidməti otağında ona verdik. Pulun kimə çatacağını bilmirdim”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə iıə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib.

Sonra şahid Etibar Xanvəliyev ifadə verib. O da işə qəbul üçün Muraz Həsənova 2500 manat verdiklərini deyib: “Pulun sonrakı taleyi ilə bağlı məlumatım yoxdur. İlham Haqverdiyevi əmrim çıxandan sonra görmüşəm”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib.

Şahid məhkəmədəki ifadəni əsas götürülməsini istəyib.

Məhkəmə martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Share on Facebook