Aliment almaq üçün məqsədli boşanırlar - Fazil Mustafa

Təəssüf ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil. Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Bu, olduqca ciddi sosial problemdir.

Sozcu.az xəbər verir ki, Milli Məclisin bugün keçirilən plenar iclasında bunu  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi deputat Fazil Mustafa bildirib.

Deputat bildirib ki, boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir.

Bu kimi hallarda məhkəmələrin daha obyektiv və hərtərəfli araşdırma aparması vacibdir. Ailənin dağılmasının səbəbləri düzgün qiymətləndirilməli, aliment məsələsində ədalət prinsipi əsas götürülməlidir. Çünki ailə münaqişələrində səbəbkarın müəyyənləşdirilməsi hər zaman asan olmur və maddi maraq faktoru bəzən prosesə təsir göstərə bilir”.

F. Mustafa onu da qeyd edib ki, Rusiya ərazisində yaşayan azərbaycanlılarla bağlı son dövrlər müxtəlif narahatedici hallar müşahidə olunur.

“ Azərbaycan vətəndaşları müxtəlif ittihamlarla həbs edilir, hüquqlarının müdafiəsi çətinləşir. Bəzi hallarda ailə üzvlərindən bir qismi ölkəni tərk etməyə məcbur olur, digərləri isə hüquqi problemlərlə üzləşir. Onların hüquqlarının qorunması, hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində daha sistemli tədbirlərin görülməsi vacibdir. Həmçinin ölkəyə giriş-çıxış məsələlərində yaranan çətinliklərin aradan qaldırılması da diqqət mərkəzində olmalıdır”.

O, əlilliyin verilməsində də problemlərin olduğunu bildirib:

“Biləsuvar rayonundan bir vətəndaşla bağlı müraciət olmuşdu. Şəxs uşaqlıqdan səhhətində ciddi problem yaşayır, danışa bilmir və öz hüquqlarını müdafiə etmək imkanına malik deyil. Lakin ona birinci qrup əlillik təyin olunması üçün ruhi xəstəxanada yatmaq tövsiyə edilib. Halbuki məsələ psixi xəstəliklə bağlı deyil. Belə hallarda vətəndaşın vəziyyətinin düzgün qiymətləndirilməsi və artıq prosedur tələblərlə üzləşdirilməməsi son dərəcə vacibdir” – deputat sonda qeyd edib.

Share on Facebook