Ali Məhkəmədən qərar: Ər-arvadın əmlakının bölünməsi...

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq müvafiq qərar qəbul edilib. Bu barədə Sozcu.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, Plenumun iclasında mülki və ailə qanunvericiliyinin tətbiqi üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə aparılmış ümumiləşdirmənin nəticələri, habelə beynəlxlaq təcrübə nəzərə alınmaqla Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən hazırlanmış “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq, müvafiq qərar qəbul edilib.

Şabranda doğuş zamanı ana və körpəsi öldü

Şabranda doğuş zamanı ana və körpəsi ölüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

"Rusiya və İsrailin silah satışı azalıb..."

"Rusiya tarixdə ilk dəfə olaraq silah ixracında ikinci yeri Fransaya verib..." "2019-2023-cü illərdə Avropaya silah tədarükü iki dəfə artıb..." Son beş ildə Rusiyanın silah satışı 53 faiz aşağı düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Stoqholm Beynəlxalq müharibə problemlərinin araşdırılması İnstitutunun məruzəsində deyilir. Qeyd edək ki, söhbət müdafiə ixracından deyil, konkret olaraq silah ixracından gedir. Burada təyyarələr, gəmilər, tanklar və digər zirehli texnika, zenit sistemləri və artilleriya (digər ölkələrdən modellərin modernləşdirilməsi üzrə sifarişlər daxil olmaqla) nəzərə alınır. Rusiya tarixdə ilk dəfə olaraq dünya silah ixracında ikinci yeri Fransaya verib, bu ölkə "Rafal" qırıcılarının ixracı hesabına reytinqdə irəliyə gedib. Onlar Amerika qırıcıları kimi o qədər də nüfuzlu hesab edilmir, lakin ərəb dünyası və Asiyada onları hindlilər, səudiyyəlilər, Əmirliklər, Misir və s. əldə edir.  Avropada "Rafal" qırıcılarını yanız xorvatlar və yunanlar alır, Avropa İttifaqının digər ölkələri "F-16s" və "F-35bs"-ə üstünlük verir. Silah ixracı həcminə görə dördüncü yerdə Çin, daha sonra Almaniya, İtaliya, Britaniya, İspaniya, İsrail və Cənubi Koreya qərarlaşıb. Rusiya 2019-cu ildə 31 ölkəyə silah ixrac edib, 2023-cü ildə belə ölkələrin sayı 12 rəqəm azalıb. Məruzəyə görə, Rusiya hesabat dövründə 78 döyüş təyyarəsi, 5 böyük döyüş gəmisi, 16 "yer-hava" sinfindən olan raket sistemləri, 464 tank və 8 vahid digər texnika ixrac edib. Rusiya silahının ən iri idxalçıları son beşillikdə Hindistan olub, bu ölkənin payına bu ixracın 34 faizi düşüb, daha sonra Çin (21 %) və Misir (7, 5 %) gəlir. Bütün bunlar Avropanın silahlandırılması fonunda baş verir. Bu qitəyə silah tədarükü 2019-2023-cü ilkərdə təxminən iki dəfə, 94 faiz artıb. Avropanın payına dünya silah ixracının təxminən üçdə bir hissəsi düşür. Bu regiona əsas silah tərarükçüsü ABŞ-dır, bu ölkə Avropa ölkələri tərəfindən alınan "müdafiə" silahlarının 55 faizini tədarük edir. Təəccüblü deyil ki, ABŞ-da silah ixracı 17 faiz, ümudünya silah bazarında onun payı 34 faizdən 42 faizə yüksəlib. 2019-2023-cü illərdə ABŞ  107 ölkəyə müharibənin aparılma vasitələrini tədarük edib. Bu, Amerika Hərbi-Sənaye Kompleksi üçün rekord rəqəmdir. Fransa silah ixracını 47 faiz artırıb. Parisin ən böyük alıcıları Hindistandır, bu ölkənin payına Fransa silah ixracının 30 faizi düşür. Fransa döyüş təyyarələrinin Qətər və Misirə tədarükü əhəmiyyətli tövhəsini verir. İsrail dünyanın 10 ən böyük silah ixracatçılarına daxildir, hərçənd, 2019-2023-cü illərdə müdafiə satışı aşağı düşüb. İsrail 18 döyüş təyyarəsi, 30 "yer-torpaq" sinfindən olan raket sistemləri, 19 tank, 45 vahid digər zirehli texnika, 95 artilleriya sistemi ixrac edib. İsraildən əsas silah sistemlərinin alıcıları Filippin, Mərakeş və Britaniyadır. Bu dövrdə Ukrayna Avropada ən böyük, dünyada dördüncü silah idxal edən ölkəyə çevrilib.  Bu silahların əhəmiyyətli hissəsi Kiyevı 2022-ci il fevralında Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlanandan sonra Kiyevə göndərilib. Son beş ildə müharibənin aparılma vasitələrinin dünyada ən böyük alıcısı Hindistan olub.

"Biz sizi yoxsulluqdan, kasıbçılıqdan və qorxudan azad etmək üçün gəlirik..."

"Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru Rusiya ərazisinə daxil olub..." Rusiya ərazisi PUA-ların kütləvi hücumuna məruz qalıb Martın 12-nə keçən gecə Rusiyada silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiənin uğurlu işi barədə bəyanatlara rəğmən, dronlar Oryol və Nijeqorod vilayətlərində neft bazalarına düşüb. Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri məlumat yayıb. Belə ki, Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin məlumat verib ki, Kstov sənaye zonasında yanacaq-energetika kompleksinə dronlarla hücum edilib, neft emalı üzrə qurğuların birində yanğın baş verib. "Hazırda hadisə yerində xüsusi xidmətlər işləyir, neft emalı üzrə qurğuların  birində yanğının lokallaşdırılması üçün bütün zəruri qüvvə və vasitələr işə salınıb", - o, deyib. İlkin məlumatlara görə, zərərçəkən olmayıb, operativ qərargah yaradılıb. Yanğının söndürülməsinə yanğın qatarı cəlb edilib. Orlov vilayətinin qubernatoru Andrey Klıçkov PUA-nın neft bazasına düşməsi barədə məlumat verib, neft məhsulları olan çən alışaraq yanıb. "Dostlar, Oryola PUA hücumu baş verib. Yanacaq-energetika kompleksi hücuma məruz qalıb. Hadisə yerində yanğının lokallaşdırılması üçün xüsusi xidmətlər işləyir. Zərərçəkən olmayıb", - o, "Teleqram-kanal"ında yazıb. Şəhər meri Yiri Paraxin əlavə edib ki, neft bazası ilə iki qonşu çoxmərtəbəli yaşayış binasından 17 nəfər təxliyə edilib.  PUA-nın düşməsi nəticəsində neft saxlanılan çənlərin birində yanğın baş verib, 60-dan çox yanğınsöndürən, "dörd hündür mexanizm" və yanğın qatarı yanğının söndürülməsinə cəlb olunub, region hökumətinin mətbuat xidməti məlumat verib. Səhər tezdən Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində sakinlər yük avtomobilləri və tanklarda bir neçə silahlı qruplar müşahidə edib, atəş səsləri eşidilib. Bu arada isə "Rusiyaya azadlıq" Legionu rusiyalılara müraciət dərc edib: "Biz öldürmək, yer üzündən silmək, məhv etmək və cəzalandırmaq üçün gəlmirik. Biz sizi yoxsulluqdan, kasıbçılıqdan və qorxudan azad etmək üçün gəlirik. Biz sizi hakimiyyəti zəbt etmiş terror təşkilatının diktaturasından xilas etmək üçün gəlirik". Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taborunun Rusiya ərazisinə daxil olmasını şərh edib. "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru Rusiya ərazisində müstəqil bölmələr kimi fəaliyyər göstərir, çünki Rusiya vətəndaşlarından ibarətdir. Onlar nəticə etibarilə öz evlərindədir", - Yusov qeyd edib. O, təsdiq edib ki, ehtimal ki, hazırda bu bölmələrin Rusiya ərazisində birgə əməliyyatları həyata keçirilir. "Rusiyaya azadlıq" legionunun xüsusi əməliyyatı və Rusiyada Rus Könüllülər Korpusu Bu gün səhər bəlli olub ki, "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru birgə əməliyyat çərçivəsində Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olub. Məlumat verilir ki, onlar Belqorod vilayətinin  Lozovaya Rudka sərhəd yaşayış məntəqəsini nəzarərə götürüb, Kursk vilayətinin Tetkino məntəqəsində döyüşlər davam edir. "Rusiyaya azadlıq" legionu bəyan edib ki, onlar "seçkilərə gedir", Sibir taboru isə rusiyalıları "seçkiləri görməzdən gəlməyə" çağırış edib.

Qohum evliliklərinə qadağa qanunsuz nikahlara yol açacaq

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracaq”. Sozcu.az xəbər verir ki, bu barədə Xəzər Universitetinin müəllimi, hüquqşünas Akif Əlizadə qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib. “Tibbi müayinədən keçən cütlüklərdə mövcud olan və genetik ötürülə biləcək xəstəliklər haqqında risklər ciddi dəyərləndirilmədir. Əgər tibbi müayinədə gələcək övladların sağlamlığı üçün təhlükəli məqamlar aşkarlanarsa, həmin şəxslərin nikahına qadağa qoyula bilər. Birbaşa qohum evliliklərinə ümumi qadağa qoyulsa, problemlərə, narazılıqlara səbəb ola bilər”.

DTX: “Telegram”da dezinformasiya yayan şagird istintaqa cəlb olunub

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Dölət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir. Sənəddə qeyd olunur: Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib. Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.

NATO-nun 300 min əsgəri bu ölkəyə girməyə hazırdır

NATO 300 min əsgəri Polşaya göndərilmək üçün yüksək səviyyədə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Polşa Baş Qərargah rəisinin müavini Karol Dımanovski deyib. “Əvvəllər NATO-nun qalxanı olmaq üçün 40 min əsgər hazırlaşdırılırdısa, hazırda 300 min əsgər yüksək hazırlıq vəziyyətindədir. Bu əsgərlər ölkəyə müharibə başlayandan sonra deyil, ondan əvvəl gələcəklər”, - Dımanovski bildirib.

Müsavat Partiyası son həbslərlə bağlı bəyanat verdi

Müsavat Partiyası Azərbaycanda repressiyaların növbəti dalğası ilə bağlı bəyanat qəbul edib. Sənəddə deyilir: Azərbaycan hakimiyyəti ölkədə repressiyaların növbəti dalğasına rəvac verib.  Martın 6-dan başlayaraq Toplum TV-nin və bir neçə ictimai təşkilatın ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 9-da Toplum TV-nin təsisçilərindən biri Ələsgər Məmmədli və ictimai fəal Ruslan İzzətlinin barəsində  4 ay həbs-qətimkan tədbiri seçilib. Toplum TV-nin ofisinin möhürlənməsinin ardınca, həmin internet televiziyasının Yotube kanalının ələ keçirilərək bağlanması iş üzrə irəli sürülən qaçaqmalçılıq ittihamının bəhanə olduğunu, əslində söz azadlığının hədəfə alındığını bir daha sübut edir.  Müsavat Partiyası Azərbaycan hakimiyyətindən müstəqil media orqanlarına qarşı basqıların dayandırılmasını, jurnalistlərin və şərlənərək tutulan siyasi fəalların, dərhal azadlığa buraxılmasını tələb edir.

Azərbaycanda qohum evliliyi qadağan edilə bilər

“Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”. Sozcu.az “Report”a istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib. Onun sözlərinə görə, burada xala uşaqları, əmi uşaqları və s. daxildir: “Çoxluq bunun tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir”.

Prezidentlər Füzulidə açılış etdilər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Sozcu.az xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

"4 kəndin Azərbaycana verilməsindən söhbət gedə bilməz" - Paşinyan

"Tavuş bölgəsində hansısa kəndin Azərbaycana verilməsindən söhbət belə getməyib və gedə də bilməz". Sozcu.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın Tavuşun dörd kəndinin verilməsi ilə bağlı tələblərinə toxunaraq bildirib. “Tavuş bölgəsində heç bir kəndin verilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda aydın oldu ki, Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”, - Paşinyan qeyd edib. Paşinyan qeyd edib ki, Alma-Ata Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas götürülüb: "Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd təkcə Alma-Ata bəyannaməsi ilə deyil, həm də 6 oktyabr 2022-ci ildə Praqada əldə edilən razılaşmalarla təsdiqlənib. Alma-Ata Bəyannaməsi Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin sərhədləri və ərazi bütövlüyünü tanımalarıı üçün əsas oldu. Ona görə də bu müqavilələrə əsasən, Sovetlər İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd əsas götürülür. Bu inzibati sərhədin o tayında olan ərazi şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır". Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təsdiq. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanın olan Ermənistandır, Ermənistanın olmayan Ermənistanın deyil”. Qeyd edək ki, söhbət Qazax rayonunun Baganis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərindən gedir.

Suallarımıza cavab verilməsə, Ermənistan KTMT-ni tərk edəcək - Paşinyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. Paşinyan İrəvanın KTMT-də iştirakının “dondurulması”nı şərh edərək deyib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır: “Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışması ilə bağlı verilən suala cavabında deyib ki, son dialoq yeni il bayramından əvvəl baş tutub.

Delimitasiya buradan başlaya bilər - Paşinyan məkanı açıqladı

İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında bildirib. “Belə fikirlər var ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya ara varianta keçmək, yaxud ən çətin sahələrdən başlamaq lazımdır və s. İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər. Qərarlar qəbul edərkən reallıqların və vəziyyətin hərtərəfli təhlilindən çıxış etməli və Ermənistan ətrafında mövcud təhlükəsizlik çağırışlarının idarə olunması məntiqini, vəziyyətin sabitliyini təmin etmək üçün tələb və ehtiyacları rəhbər tutmalıyıq”. Azərbaycanla torpaq sahələrinin dəyişdirilməsi imkanlarına gəlincə, Paşinyan bildirib ki, belə imkanlar azdır: “Bu, təhrifə və ya əlavə risklərə səbəb ola bilər”. Baş nazir sözünə davam edib: Yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Əmin olmalıyıq ki, Ermənistandakı bütün kommunikasiyalar Ermənistan ərazisindən keçsin ki, problemimiz olmasın. Yaxın vaxtlarda problemlərlə yerində tanış olmaq üçün Tavuş rayonuna gedəcəyəm. Hazırda həll yollarımız yoxdur, amma hesab edirəm ki, bu ümumi prosesi məhz bu məntiqlə idarə etməliyik”.

Prokurorluq onların əməllərini araşdırır - Məsələ ciddiləşir

Xəbər verdiyimiz kimi,  ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.  Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.  Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq.  Yenisabah.az bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib. Sözügedən TV-lərdən birinin məsul əməkdaşı saytımıza açıqlamasında deyib ki, məsələyə artıq hüquq-mühafizə orqanları da müdaxilə edib. Onun sözlərinə görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb.   Mənbə deyib ki, prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.yenisabah)

Hindistan bölünən döyüş başlığı olan ilk ballistik raketini sınaqdan keçirib

Hindistanın Baş naziri Narendra Modi bölünən döyüş başlığı olan “Agni-V” ballistik raketinin ilk uçuş sınaqlarının keçirildiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib. “Biz yerli istehsal olan “Agni-V” raketinin ilk uçuş sınağına görə Müdafiə Tədqiqat və İnkişaf Təşkilatımızın alimləri ilə fəxr edirik”, – Modi qeyd edib.

Tanınmış Amerika yazıçısı Qəzzadakı insanlıq faciəsini müşahidə etdikdən sonra xanımı ilə birgə Ramazanın ilk günündə İslamı qəbul etdi...-VİDEO

Tanınmış amerikalı fəal, yazıçı və keçmiş pastor Şaun Kinq və həyat yoldaşı İslamı qəbul etdiklərini elan ediblər. Moderator.az-ın "TRTWORLD"a  istinadla verdiyi xəbərdə deyilir ki, bu maraqlı olay mübarək Ramazan ayının ilk günü, bazar ertəsi baş verib. Kinq sosial şəbəkədə həyat yoldaşı ilə birlikdə məsciddə imamın arxasındakı şəhadəti (şəhadət) oxuduğu bir video-çarx yerləşdirib. O, paylaşıma necə müsəlman olduğunu izah etdiyi videonu əlavə edib. King öz yazısında yazıb: “Həyat yoldaşımla mən yenicə axşam namazından evə qayıtmışıq. Texas ştatının Dallas bölgəsindəki məscidimizdə Ramazan ayı üçün şəhadət oxuduq. Bizim üçün heç vaxt unutmayacağımız gözəl, güclü və mənalı bir gün oldu”. 44 yaşlı amerikalı camaat qarşısında çıxış edərkən fələstinlilərin  milli keffiyə geyimini geyinib və Ramazan ayının ilk günündə İslamı qəbul etmək qərarını son altı ay ərzində Qəzzada gördükləri "iztirab, ağrı və travma" ilə əlaqələndirib.

Çində kömür mədənində baş vermiş qəzada 5 nəfər ölüb

Çinin şimalındakı Şansi əyalətindəki kömür mədənində baş vermiş qəza beş nəfərin ölümünə səbəb olub, daha iki nəfər isə itkin düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, olay bazar ertəsi Pekin vaxtı ilə saat 22:45-də (Bakı vaxtı ilə 18:45) Çjunyan qəzasında vaqe olub. Televiziyanın məlumatına görə, kömür bunkerində çökmə baş verib. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər. Faktla bağlı araşdırma aparılır.

KİV: "Oskar" mərasimini 20 milyona yaxın insan izləyib - REKORD

96-cı Amerika Kino Akademiyası Mükafatları - "Oskar" mərasiminin yayımını son dörd ildə rekord sayda - 19 milyon 500 min insan izləyib. Sozcu.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb. Bu il mərasim Şərqi Sahil vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 11 mart 03:00), yəni əvvəlki illərdən bir saat tez başlayıb. Veriliş ABC telekanalı tərəfindən yayımlanıb. 2021-ci ildə mərasimə baxış ən aşağı səviyyədə olub. Həmin vaxt mükafatın təqdimat mərasimini 10 milyon 400 min insan izləyib. "Variety" bunu COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirir. 2022-ci ildə tamaşaçıların sayı 16 milyona 600 minə, 2023-cü ildə isə 18 milyon 800 minə yüksəlib.

Gürcüstnın baş naziri azərbaycanlı səfirlə strateji layihələri müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib. Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və yaxın dostluq münasibətləri, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. "Ölkələr arasında iqtisadi, nəqliyyat və enerji tərəfdaşlığının inkişaf perspektivlərinə də diqqət yetirilib. Eləcə də mühüm strateji layihələr müzakirə olunub. Söhbət zamanı regional vəziyyətə toxunulub, sülh və sabitliyin vacibliyi vurğulanıb",- deyə səfirliyin məlumatında bildirilib.apa

Rusiyanın üç regionu dron hücumuna uğrayıb, neft anbarı yanır

Rusiyanın üç regionuna dron hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Oryol, Kursk və Belqorod regionlarının qubernatorları teleqramda bildiriblər. Qeyd olunub ki, martın 12-də Rusiyanın Oryol şəhərində neft bazasında güclü yanğın olub. Sosial şəbəkədə olayla bağlı şəkillər və videolar paylaşılır. Sözügedən regionun qubernatoru Andrey Klıçkova görə, şəhərə pilotsuz uçan aparat düşüb. “Yanacaq-enerji kompleksi obyekti hücuma uğrayıb. Təcili xidmətlər alovlanmanın lokallaşdırılması üçün yerlərdə işləyirlər”, – o yazıb. Qubernatorun sözlərinə görə, partlayış sonucunda heç kəs yaralanmayıb. Bununla belə, yerli teleqram kanallar bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyini, partlayış səslərinin eşidildiyini deyirlər. Kursk vilayətinə də dron hücumu olsa da, fəsadlar barədə hələlik bilgi verilməyib. Regionun qubernatoru Roman Starovoyt ikisi təyyarə tipli olan üç dronun səmada vurulduğunu açıqlayıb. Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regiona dörd partlayıcı maddənin atıldığını söyləyib. Onun sözlərinə görə, dronların atışları elektrik xətlərini zədələyib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb. Yaralanan olmayıb.

Bu gün Novruzun üçüncü çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Sozcu.az xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Qeyd edək ki, İlaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Novruz tətili isə 26 marta qədər davam edəcək.

Bizə fransız döyüşçülər lazım deyil - Zelenski

Ukrayna hazırda NATO üzvü deyil və hazırki mərhələdə fransız döyüşçülərinə ehtiyacı yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xarici jurnalistlərin suallarını cavablandırarkən deyib. “Ukrayna dayandıqca, Fransa ordusu öz ərazisində qala bilər. Əgər Rusiya hansısa NATO ölkəsi ilə münaqişəyə girərsə, sizin övladlarınız NATO ölkələrindən birinə göndərilə bilər, amma bu başqa məsələ olacaq”, - Zelenski qeyd edib.

ABŞ nüvə silahları üçün 20 milyard ayırır

ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib. “Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, - məlumatda deyilib. Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.

Rus general-polkovnikin öldürülməsi xəbəri yayıldı

Sosial şəbəkələrin Rusiya və Ukrayna seqmentində Rusiya Hava-Desant Qoşunlarının baş komandanı general-polkovnik Mixail Teplinski və rusiyalı hərbi jurnalist Yeqor Quzenkonun hərbi əməliyyatlar zamanı öldürülməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Sozcu.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov sözügedən məlumatların dəqiqləşdirildiyini bildirib. Qeyd edək ki, Rusiya tərəfi də hər hansı rəsmi açıqlama verməyib.