Azərbaycan - Ermənistan sərhədində insident: Əsgər zabiti güllələdi

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri zabiti gülləyib.  Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, hadisə Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vardenis (Basarkeçər) şəhərində baş verib.  Qəzet yazır ki, əsgər xidməti silahı ilə poçt şöbəsində zabiti gülləyərək qətlə yetirib. Nəşrin mənbəsi iddia edir ki, hadisə korpus komandiri Qaregin Poqosyan evdə olarkən baş verib. Bildirilib ki, korpus komandiri tabeliyində olanlarla düzgün münasibətdə olub zabitlərlə əsgərlər arasında yaranmış mübahisəni həll etməyə çalışmadığına görə silahlı insident qeydə alınıb. Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hadisə ilə bağlı açıqlama vermək istəməyib. Nazirlikdən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma gedir və yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək. 

Azərbaycanda 1-ci sinif şagirdi qızılcadan öldü

Azərbaycanda daha bir uşaq qızılcadan vəfat edib.  Sozcu.az-ın məlumatına görə, hadisə Bakıda baş verib.  Qızılcadan vəfat edən 2015-ci il təvəllüdlü Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub. Qeyd edək ki, Azərbayanda son aylarda uşaqlar arasında qızılcadan 10-a yaxın uşaq həyatını itirib. Bundan əvvəl Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşları qızılcaya yoluxub. Yanvarın 5-də Məmişov Yusifin vəziyyəti ağırlaşıb, ertəsi gün ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib. Yanvarın 4-də isə Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. TƏBİB-dən bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib. yenisabah

Roma Papasından Bakı və İrəvana çağırış

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sülhə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib. Roma Papası Azərbaycan və Ermənistanı sülhə nail olmağa səsləyib. O, həmçinin Cənubi Qafqazdakı durumdan narahatlığını bildirib. Fransisk dini abidələrə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

Tofiq Yaqublu məhkəmə qarşısına ÇIXARILIR

Milli Şura üzvü Tofiq Yaqublu sabah məhkəmə qarşısına çıxarılacaq. Sozcu.az-ın məlumatına görə, bu barədə vəkil Aqil Layic bildirib. Tofiq Yaqublunun ev dustaqlığı məsələsinə sabah - 9 yanvar 2024-cü il tarixində saat 14:30-da Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatında baxılacaq”, - vəkil deyib.

15 yaşda evdən qaçdı, əmisi onu öldürmək istədi - Haqqında bilmədiklərimiz - VİDEO

Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə çoxuşaqlı ailədə anadan olub. 5 uşaqlı ailənin ilk övladı olan Aygünün anası uşaqları hər gün Aygünə əmanət edib işə gedirmiş. Aygün ailəsinin qayğılarına o qədər aludə olub ki, orta məktəb təhsilini belə düzgün formada ala bilməyib. Aygün ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinifi üzrə alıb. Aygün Bəylər müsahibələrinin birində belə deyib: "15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Çünki toyda oxuduğu üçün atam məni öldürəcəkdi. Rəfiqəm Elnarənin evində qalırdım. 15-16 yaşımdan tək ev tutub yaşamağa başladım. Anam 180 rubl maaş alırdı, mən isə bir toydan 100 rubl pul qazanırdım...". Daha ətraflı video-materialda:

Ölkədə bir sıra məktəblər BAĞLANACAQ? - RƏSMİ AÇIQLAMA

Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib. "2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına 1, Laçın şəhərində 2, Şuşa şəhərində 1 nömrəli və Laçın rayonunun Zabux kəndində tam orta məktəblət fəaliyyətə başlayıb, Bakı şəhərində fəaliyyət göstərən eyni adlı məktəblər isə ləğv edilib. Eyni zamanda Abşeron rayonunun Masazır kəndində yeni 6 nömrəli tam orta məktəb açılıb", - deyə əlavə edilib. Qeyd edək ki, bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınmasının nəzərdə tutulduğunu bildirmişdi. "Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik", - deyə o, əlavə edib.

Şaxta nəfəs kəsəcək: Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır: "Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”. Xidmət rəisi bildirib ki, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək: "Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”. Nazim Mahmudov vurğulayıb ki, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir: "Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq".

Xaraba kənd

Artıq yaz gəlmışdi. Günəş öz istisi ilə torpağı qızdırdıqca onun da bədəni qızırdı. Gözlərini açıb yuvasından çıxdı. Ətrafına baxdı. Günəşin şüaları onun gözlərini qamaşdırdı. O, yenə yaşayırdı. Belə yaşamaqdan bezmişdi. Qocalmışdı.gözlərinin işığı azalmışdı. Nə dişi qalmışdı, nə də zəhəri. Ölmək istəyirdi, amma yenə günəşin istisi onu yenə həyata qaytarırdı. Aclıq onu taqətdən salmışdı. Dikəlib ətrafına baxdı. Yaxınlıqda qoyun sürüsü gördü. O, sürünə-sürünə sürüyə tərəf gəldi. Çobana yaxınlaşdı. Onu görüb tanıdı. O, ötən yaz çobanı da sancmaq istəmişdi . Fısıldayaraq dilini çıxarıb çobana yalvarmağa başladı: -Bir daha sizi incitməyəcəyəm. Sənə yalvarıram ya mənə bir tikə çörək ver, ya da öldür. Canımı bu əzabdan qurtar, dedi. Çoban isə: -Mənim sənə verəsi çörəyim yoxdur. Sən ilansan ilan. Qabığını dəyişirsən, xasiyyətini isə yox. O boyda kəndi xarabaya döndərdin, indi məndən yemək istəyirsən? Get qanını mənim üstümə tökmə, deyərək onun quyruğundan tutub kəndə tərəf tulladı. O,gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü. Evin sahibini sancaraq necə oldürdüyünü gözləri önünə gətirdi: -Məni öldürüb balalarımı yetim qoyma. - Kəs səsini . Sən nə bilirsən ki, mənim balalarım sənin balalarını sağ qoyacaq, deyərək dilindən sancıb onu öldürmüşdü. Kənddə heç kim qalmamışdı.O, balaları ilə kəndin sakinlərini kənddən didərgin salıb, oranı xarabaya çevirmişdilər. Açlıq və susuzluq onu haldan salmışdı. İndi kənd onun əlində olsa da,nə yeməyə bir şey, nə də içməyə su tapdı: Gedim durum yolun üstündə,bəlkə kimsə məni görüb öldürə, deyərək yola tərəf süründü. Bu yolla nə gedən vardı, nə də gələn. Xaraba kəndə kim gələcəkdi ki? Əbil Həsən

Ermənistan İsraildən PUA əleyhinə sistemlər alır

Ermənistan Ədliyyə Nazirliyi PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, - Minasyan bildirib. Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir. Qeyd edək ki, son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.

Aygün Bəylərin qızı anası ilə vidalaşır - FOTO

Bu gün Əməkdar artist Aygün Bəylər ilə Səttar Bəhlulzadə adına mədəniyyət sarayında vida mərasimi keçirilir.  Vida mərasimdə xanəndənin ailə üzvləri, yaxınları və  sənət yoldaşları iştirak edir.  Xanəndənin qızı Canana da anası ilə vidalaşır. Xatırladaq ki, Aygün Hümmətova bu il yanvarın 6-da gecə saatlarında Türkiyənin paytaxtı Ankarada vəfat edib. Xanəndə 1975-ci ildə avqustun 22-də Bakıda doğulub.

"AZAL-da "köhnə hamam, köhnə tas” olacaqdısa, rəhbəri dəyişməyin nə mənası var idi?" - Tahir Kərimli

"Aviasiya haqqında" qanun qəbul edilməmişdən öncə bir qrup deputatı AZAL-a dəvət etdilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eyni zamanda AZAL rəhbərliyi ilə görüş keçirildi. Hər iki qurumda çalışan şəxslərin intellektual səviyyəsinə şübhə etmirəm, çox ağıllı, intellektual söhbətlər edirdilər. Görüşdə ciddi iradlarımı bildirdim. Məsələn, hesabatlarda yükdaşımalar, xüsusən xarici yükdaşımalar, AZAL-ın inhisarçı mövqeyi haqqında məlumatlar yox idi, ancaq sərnişindaşımalar haqqında məlumat var idi. Biletlərin baha olması ilə bağlı da iradımı bildirdim. Bircə kəlimə dedim ki, “26 komissar” filmində deyildiyi kimi, “çörək olacaq, ya olmayacaq?” Siz də bir kəlimə deyin ki, qiymət aşağı düşəcək, ya yox? Əlbəttə ki, qeyri-müəyyən cavab aldım. Sonra başqa narazılıqlarımı “Aviasiya haqqında” qanun Milli Məclisdə müzakirə olunan zaman bildirdim. Xüsusən, qanunvericilikdə edilən dəyişiklik nəticəsində pilotların pensiyaya çıxandan sonra hüquqlarının zəiflədilməsi ilə bağlı. Pilotların yaş həddi artırıldı, uçuş sayları nəzərdən qaçırıldı. Bu da ciddi problemlər yaratdı. Elə insanlar var ki, pensiya yaşına çatmamış uçuşları tamamlanmır, pensiyadan məhrum olurlar. Halbuki onlar Pensiya Fonduna yüksək məbləğdə pul keçirirlər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.  “Belə baxanda, nə AZAL-ın qiymətlərində dəyişiklik var, nə də pilotların pensiya hüquqlarının təmin olunmasında. Təbii ki, AZAL düzəlməsə, mən necə onların işindən razı ola bilərəm? Dəfələrlə bildirdik, nəticə yoxdur. Yenə də ümidlə yanaşıram. “Köhnə hamam, köhnə tas” olacaqdısa, axı rəhbəri dəyişməyin nə mənası var idi? Kor kor, gör gör... Dəfələrlə deyilib ki, qonşu dövlətlərdə, Qafqaz dövlətlərində uçuşlar bizdən qat-qat ucuz başa gəlir. Camaat təyyarədən istifadə edə bilmir, buna görə də narazılıqlar yerindədir. Sosial şəbəkələrdə AZAL barədə kütləvi şəkildə narazılıqları əsaslı sayıram. Hesab edirəm, AZAL rəhbərliyi, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə çox ciddi düşünməli, dəyişikliklər aparmalıdır, yoxsa bu məsələlər dərinləşə bilər. Alternativ uçuş şirkətləri yaradılmalı, AZAL-ın inhisarına son qoyulmalıdır. Qiyməti ancaq bir şirkət diktə edəcəksə, hansı bazar iqtisadiyyatından, azad rəqabətdən danışmaq olar? Mən AZAL-ın keçmiş rəhbərindən hədsiz dərəcədə narazı idim. Dəfələrlə çıxışımda demişdim. İnsan kimi də, idarəedici kimi də çox eqoist, monopolist bir adam idi. Amma indiki rəhbərliyin yumşaq, insanpərvər siyasətini görürəm. Qoy, bunu işdə də sübut etsinlər”.

Şirvanda oğul atasını öldürdü

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın Ukraynadakı itkiləri 365 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 440 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 365 170 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Rus qırıcıları Türkiyə sərhədində: gərginlik yaşandı - Təcili

Rusiya qırıcıları bu gün Suriya və Türkiyə hava sərhədində təhlükəli manevrlər icra edib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qeyd olunur ki, Türkiyə tərəfinin xəbərdarlıqlarına rəğmən rus qırıcıları hava məkanından geri çəkilməyib. Türkiyə komandanlığının əmri ilə İdlib istiqamətində iki F-16 təyyarəsi havaya qaldırılıb. Məlumata görə, Suriyada dislokasiya edilən Rusiya hava hücumundan müdafiə qüvvələri Türkiyə qırıcılarına müdaxilə etməyib. Hava məkanı gərginliyindən sonra Moskva və Ankara arasında mövzu ilə bağlı təmaslar olub.

"Heyf səndən, qızım"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev dünən vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, Aygünü ilk dəfə səhnəyə gətirən bəstəkar yazıb: “Səni yağışlı bir gün Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim, uzun sürməyəcək həyatın… Heyf səndən, qızım…”.

“7 bal gücündə zəlzələ gözlənilir” - Qorxulu PROQNOZ

Alimlər yaza qədər Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıblar. Sozcu.az news24.az-a istinadən xəbər verir ki, bu barədə professor Ahmet Ercan məlumat verib. Onun sözlərinə görə, Anadoluda çox gərgin vəziyyət hökm sürür: "Yeraltı təkanların dəqiq yerini müəyyənləşdirmək çətindir. 2011-ci ildə Van zəlzələsi zamanı gərginliyik Hatay bölgəsinə, Bitlis zonasından isə Hakkariyə doğru gedib. Yer qabığını qırmaq üçün kifayət qədər gərginlik toplanarsa, təxminən 7 bal gücündə zəlzələ gözlənilir".

Avtomobil almaq istəyənlərə mühüm xəbər: “1 ay, ay yarım gözləsinlər çünki...”

“Azərbaycana gələn avtomobillərin qiymətinin artırılması əvvəlcədən proqnozlaşdırılırdı. Çünki hər il bununla bağlı sərtləşmə gedir, 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə müəyyən qadağalar qoyuldu. Eləcə də 5 ildən yuxarı Asiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, Qırmızı dəniz vasitəsilə daşınılan avtomobillərin sayının azalmasından sonra ölkədəki avtomobil bazarında qeydə alınan qiymət artımından söz açıb. Xatırladaq ki, qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub. N. Cəfərlinin sözlərinə görə, onsuz da son vaxtlar işlənmiş avtomobillərin qiymətlərinin artımı müşahidə olunurdu: “İndi isə dünyada konteynerlər və yükdaşımalarla bağlı problemlər yarandığına görə ölkədə avtomobillərin qiymətində artım hiss olunur. Lakin bu, müvəqqəti xarakter daşıyır və qalıcı olmayacaq. Qiymətlərin artmasına səbəb isə bu idi ki, konteynerlərin icarə qiymətində artım müşahidə olunub. Əvvəllər bir konteyner 3.400 dollar idisə, hazırda qiymətlər 7 min dollar civarındadır”. Mütəxəssis əlavə edib ki, bunun müvəqqəti olaraq təsirləri olacaq, amma bu, o demək deyildi ki, konteyner qiymətləri artan kimi ölkənin maşın bazarında kəskin şəkildə qiymət artımı olmalı idi: “Əgər söhbət yeni avtomobillərdən gedirsə, avtodilerlərin çoxu ölkəyə gətirilən avtomobil sayını öncədən müəyyənləşdirir ki, hansı markadan nə qədər avtomobil Azərbaycana gətiriləcək. Ona görə də qiymət artımı növbəti partiya gətiriləcək avtomobillərə şamil oluna bilərdi. Çünki yeni konteyner qiymətləri ölkəyə yenicə gələn avtomobillərin üzərinə gəlməyib. Sadəcə olaraq, bu, fürsətdən istifadə etməkdir. Yəni “dünyada belə qiymət dəyişikliyi varsa, bizdə niyə olmasın” düşüncəsi ilə qiymətlər artırılıb”. Müsahibimiz aydınlaşdıırb ki, Azərbaycanın avtomobil bazarında olan maşınlar 2/3-dən çoxu Gürcüstandan gətirilən avtomobillərdir: “Gürcüstan gətirilən avtomobillər isə daha çox ikinci əl kimi Avropadan Gürcüstana idxal olunur. Burada isə avtomobillərin Qırmızı dənizlə konteyner vasitəsilə gətirilməsi məsələsi, ümumiyyətlə, yoxdur. Çünki həmin avtomobillər Qara dəniz vasitəsilə idxal olunur və onlar Bolqarıstanla Rumıniyadakı portlara daxil olur. Oradan isə Gürcüstan və Azərbaycana gətirilir”. İqtisadçının fikrincə, konteyner qiymətlərinin artırılması məsələsinin birbaşa Azərbaycandakı avtomobil bazarına təsiri olmamalı idi: “Amma bazarın özünün qaydaları var və avtomobil qiymətlərini daim artırmaq mümkün deyil. Çünki insanların alıcılıq qabiliyyəti məsələsi burada özünü büruzə verir. Əgər insanların alıcılıq qabiliyyəti ilə bazar arasında uyğunsuzluq yaransa, qiymətlər bir müddətdən sonra azalmağa doğru gedəcək. Ona görə ki, gətirdiyi avtomobili sata bilməyən iş adamı pul qazana da bilməyəcək. Məncə, hazırkı təlatümlü dövrdə avtomobil almaq istəyənlər 1 ay, ay yarım gözləsinlər ki, bazarda tənzimləmə işə düşsün”.

Hacı Şahin, Qənirə və Aygünün ölümündə şok detal

Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib. Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər. Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib. Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib. Allah rəhmət eləsin!

İrandan qayıtmaq istəyən tələbə şərlənib HƏBS OLUNDU

İranda dini təhsil alan Səfərov Davud Səfər oğlu İranda qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb və nəzarət buraxılış məntəqəsindən buraxılmayıb. Davud Səfərov İranda qalmağa məcbur edilir və ona terrorçu “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilir. Sozcu.az xəbər verir ki, etibarlı mənbələrdən Musavat.com-a daxil olan məlumata görə, 2021-ci ildən İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan Səfərov Davud Səfər oğlu təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmadığı bəhanəsi altında saxlanıb və sərhəd buraxılış məntəqəsindən buraxılmayıb. Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməmiş və Azərbaycana qayıtmaq niyyətində olub. Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınmış və azadlığı məhdudlaşdırılıb. Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və KİV-lər üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

Zaurun verilişi bağlanır, ölkədən gedir – Təsdiqləndi

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun “bayram zarafatı” kimi qəbul edənlər də olub. Sozcu.az Kult.az -a istinadən xəbər verir ki, ATV-də məsul vəzifə tutan şəxslərdən biri Yenisabah.az-a açıqlamasında bu xəbəri təsdiq edib. Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq. ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil. Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır. Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.

Aygün Bəylərin nəşi bu saatda Bakıya gətirilir - Açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ötən gün Ankarada vəfat edib. Sozcu.az bildirir ki, Aygün Bəylərin prodüserinin qardaşı Zahid bəy Teleqraf.com-a açıqlamasında əməkdar artistin nəşinin bu gün ölkəmizə gətiriləcəyini bildirib: "Aygün Bəylərin nəşi saat 16:00-da Ankaradan Bakıya gətiriləcək". Qeyd edək ki, Aygün Bəylər uzun sürən xəstəlikdən vəfat edib.

Azərbaycanda şok bahalaşma: Aprel ayına qədər qiymət artımı olacaq!

Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir. Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kəskin qiymət artımları aprel ayına qədər davam edəcək: "Son 10-15 ili monitorinq etsək, ərzaq məhsullarında bahalaşma həmişə noyabr-dekabr aylarından mart ayına qədər davam edir. Bu, Yeni İl, Novruz kimi bayramlarla əlaqədar tələbin artması ilə bağlıdır. İndi buna spesifik xüsusiyyətlər də əlavə olunub. Çünki bu illər ərzində özümüzü ərzaqla təmin etmək istiqamətində ciddi irəliləyiş əldə olunmayıb. Bu istiqamətdə xaricdən təxminən 70-75 faiz civarında asılıyıq". Ekspertin sözlərinə görə, son illər xaricdə də qiymətlərin artması ölkəmizə idxal olunan məhsulların qiymətinin daha kəskin bahalaşması ilə müşahidə olunub. "Eyni prosesləri görürük. Yeni il, eləcə də yerli məhsulların mövsümlə əlaqədar bazardan çəkilməsi ilə paralel olaraq qiymətlərin kəskin artdığının şahidi oluruq. Təəssüf ki, bu hal təxminən aprel ayına qədər belə davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər qiymət artımında sürət azalacaq. Lakin bu, proseslər son illərin təcrübəsinə əsaslansa, təqribən noyabr ayının ortalarından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, bu pradiqmadan ölkə uzun illərdir çıxa bilmir", - o vurğulayıb. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yanvarından 1-dən bu yana ciddi bahalaşma meyillərinin müşahidə edilmədiyini söyləyib: "Ötən ilin son 20 günündə bütün ərzaq məhsullarında bahalaşma müşahidə edildi. Vətəndaşlarımız bayram hazırlığı ilə bağlı olaraq daha çox ərzaq məhsulları alıblar. Ərzaq məhsullarının dövriyyəsi artdığı üçün  sahibkarlarımız da bundan daha çox qazanmağa çalışıb. Beləliklə, bayram gününə kimi müəyyən qədər bahalaşma öz işini gördü. Yeni ilin ilk həftəsini yenicə geridə qoyuruq. Yanvarın  birindən bu yana hələlik ciddi bahalaşma meyilləri müşahidə edilmir. Hazırda qiymətlərdə müəyyən sabitlik var. Hətta bəzi məhsullarda müəyyən ucuzlaşmalar olub. Mətbuatda iki gün əvvəl belə ehtimallar irəli sürüldü ki, balıq əti ucuzlaşacaq. Əsasları da ondan ibarət idi ki, ölkəyə balıq idxalı genişlənib. Bu inandırıcı görünmür". A.Nəsirli qiymətlərlə bağlı durumun hökumətin atacağı addımlardan asılı olacağını vurğulayıb: "Qiymətlərin bahalaşması, özünü bazarda aparması hökumətin qarşıdakı və ondan sonrakı həftədə verəcəyi qərarlardan çox asılıdır. Gözləyək. Vəziyyəti dəyərləndirmək üçün ən azı bir iş həftəsini geridə qoymalıyıq".

Ukrayna ordusu Rusiyadan Krıma gedən dəmir yolunu bombaladı

Yanvarın 6-da Ukrayna Silahlı Qüvvələri Rusiya ilə Krım arasını birləşdirən dəmir yolunu bombalayıb. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko “Telegram”da məlumat verib. O bildirib ki, nəticədə dəmir yolu marşrutunun bir hissəsinə çevrilməli olan yarı tikilmiş dəmir yolu körpüsü dağıdılıb. “Dünən Ukrayna Silahlı Qüvvələri Qranitnoye kəndi ərazisində yarı tikilmiş dəmir yolu körpüsünü, yanacaq çənlərini və mühəndis maşınlarını məqsədyönlü zərbə ilə dağıdıblar”, - Andryuşenko yazıb.

Şəhid anası: Arzum var ki, Qarabağ Universitetində magistratura oxuyum

Kürdəmir rayon sakini 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, bu il ali məktəbə qəbul olub. Sozcu.az xəbər verir ki, hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib. Bununla kifayətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, keçid balını toplayaraq tələbə adını qazanıb. “Özümə inanırdım, qarşıma məqsəd qoydum və hədəfə çatdım. Düzdür, bu, o qədər də asan olmadı, həm işləmək, həm də uzun illər məktəbdən ayrılandan sonra yenidən dərs vəsaitləri ilə məşğul olmaq... Bir neçə müəllim yanına getməklə, müxtəlif fənlərdən hazırlaşdım, sonra da imtahanlardan uğurla keçdim”, - deyə o bildirib. Simuzər Bağıyeva ilk dərs günündən də söz açaraq deyib ki, əvvəl bir qədər həyəcanlı olsa da, sonradan öyrəşib: “Düzdür, auditoriyaya girəndə bir az qəribə oldum, çünki hamısı uşaq idi, ən yaşlısı mən idim. Onlar mənim kiçik oğlumdan da balacadırlar. Amma bu, məndə kompleks yaratmadı, əslində onlardan güc aldım, kiçik olmaqlarına baxmayaraq, mənə mənəvi dəstək verdilər”. Simuzər ananın 3 oğulu İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Böyük və kiçik övladı müharibədən sağ-salamat qayıtsa da, ortancıl oğlu gizir Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. Oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən bir müddət sonra özünü toparlayaraq yenidən ayaqları üstə durmağı bacaran ana, övladının arzularını reallaşdırmağa qərar verib. “Oxumaq arzum həmişə olsa da, bunu əsasən şəhid oğlumun istəyinə görə reallaşdırdım. Mən həmişə təhsilə, savada üstünlük vermişəm, öz zəhmətimlə övladlarımın ali təhsil almasına dəstək olmuşam. Düşünürdüm ki, nə vaxtsa mən də ali təhsil alacağam, görünür, bu günə qismət imiş. Bütün şəhid analarına da deyirəm ki, bu hadisələr artıq bizim başımıza gəlib, balalarımız şəhid olub. Ona köklənib həyatımızı məhv etməməliyik, yaşamalıyıq ki, onları da yaşadaq. Çünki ağlamaqla, sızlamaqla şəhidlərimizi narahat edirik. Bu səbəbdən də bir şeylə məşğul olmalıyıq, ona görə də mən elə bu yolu seçdim”, - deyə o vurğulayıb. Günün bir neçə saatını dərslərinə ayıran Simuzər xanım qarşıdan gələn imtahanlara hazırlaşır. Əsas hədəfi və planları isə hələ irəlidədir: “Mən şəhid anasıyam, dərsimi oxumayım deyə bir şey yoxdur. Dərslərimi oxuyuram. Hələ bundan sonra arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum. Allahdan mən ömür yox, möhlət istəyirəm”. Bu payız tələbə adı ilə bərabər nənə adını da qazanan qəhrəmanımız, asudə vaxtlarını nəvəsi ilə keçirir. Vaxtı olanda ev işlərində gəlininə də kömək etməyi unutmur. (AZƏRTAC)