Bayraktardan Xocalı PAYLAŞIMI

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. "Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.

Xocalı soyqırımını inkar etmək vicdansızlıqdır

Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlətimizin başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

“Anama deyiblər ki, körpəni boğ, ermənilər səsinə gəlməsinlər” – Xocalı DƏHŞƏTLƏRİ

O dəhşətli günün ildönümü münasibətilə yazı hazırlamaq lazımdır deyəndə sanki ürəyimi kimsə ovcuna alıb bərk-bərk sıxdı. Nə Xocalıdanam, nə hadisənin şahidiyəm. Mənə bu qədər ağırdırsa, hadisə şahidləri nələr hiss ediblər? O günlərdə ölümün, qanın-qadanın cəngindən qarlı, buzlu yollarla qaçıb xilas olmuş 5 nəfərə zəng etsəm də, hamısı müsahibə verməkdən imtina etdilər. "Danışa bilmirik" dedilər. O gecə atasını, qardaşını, ərini, qardaşının balasını və xanımın itirmiş Tacirə xanımı  müsahibəyə razı sala bildim. Söhbət göz yaşları içində başlayıb, göz yaşları içində də bitdi. Lent.az-ın qonağı Xocalı sakini Tacirə Hüseynovadır - Tacirə xanım Xocalıda doğulub böyümüşdünüz? - Biz əslən İrəvandanıq. Ailəmiz mənim 4 yaşım olanda ermənilərin içindən çıxıb Xocalıya köçüb. Ermənilər incidirmiş. Nə biləydilər ki, odun-alovun içinə gəlirlər. Orda böyüdüm, ailə qurdum. Yoldaşım Xocalı aeroportunda polis işləyirdi. Ermənilərlə müharibə başlayandan iki qardaşım könüllü orduya yazıldı. Tez-tez kəndə atəş açılırdı, raketlər düşürdü. Uşaqlarım körpə idi, çox qorxurdum, dilim tutulub, üzüm əyilmişdi. Atam yoldaşıma dedi, onu göndər Bərdəyə baldızı gilə. 2 ay öncə mən körpələrimi götürüb Bərdəyə gəlmişdim. Gəlmək istəmirdim zorla göndərdilər. Hadisələr baş verməzdən 3-4 gün öncə balaca qardaşım Yaşar vertolyotla Xocalıya benzin, neft, ərzaq daşıyırdı. Basabas yaranmış, camaatın bir hissəsi qaçmaq üçün doluşmuşdu, o vertolyotdan düşə bilməmişdi, Ağdama gəlmişdi, can atırdı ki, geri qayıtsın. 4 ay idi evlənmişdi, Xocalıda yoldaşı qalmışdı. Elə bil ürəyinə dammışdı, Bərdədə mənə dedi ki, Tacirə, deyəsən hamı öləcək, ikimiz qalacağıq.   - Həmin gecə kim sağ çıxdı ailənizdən? - Anam, qardaşımın 2 uşağı və balaca gəlin. Atam, böyük qardaşım, yoldaşı, bir qızı, mənim ərim həlak oldular. Anamın danışdıqlarını danışacam sizə. Gecəyarısı Xocalıya hücum olub. Yuxudan durub hamı yarıçılpaq, yalınayaq tökülüb kənddən aşağı ki, qaçıb canlarını qurtarsınlar. Anam qardaşımın 23 günlük körpəsini belinə şəlləyib qaçırmış. Geri baxıb ki, qardaşım ailəsinin əlindən tutub gəlir, atam da bir az arxada. Sonra pərən-pərən düşüblər, yolda hamını itirib. Qardaşımın yoldaşı 4 yaşlı qızı ilə arxada qalıb. Birinci gəlini sinəsindən güllə ilə vurublar. Lalə də oturub anasının yanında. Başının üstündən güllələr uçuşur. Kənd camaatı çağırsa da, gəlməyib, deyirlər ətrafdan paltarları yığıb atırmış anasının üstünə. Bəlkə də qanını kəsmək istəyib, ya da yatmış bilib onu. Elə orda güllə dəyib. Çingiz Mustafayevin çəkdiyi göy kurtkalı uşaq meyiti bizim Lalə idi. Böyük qardaşım 6 yaşlı qızı Həmayılla qaçırmış, arxadan 4 güllə dəyib, yıxılıb. Yanından keçənlərə deyib, Həmayılı çatdırın bizimkilərə. Uşaq atasından ayrılanda ağlayıb, o da deyib "məni qoyub gedirsən Həmayıl?". Bədbəxt qardaşım. Həmayıl bu hadisədən sonra 3-4 həftə danışmadı, yatağından qalxmadı. Anam qucağında 23 günlük uşaq bir dəstə adamla mühasirəyə düşüb. 4 saat buz kimi suyun içində kol-kosluq bir yerdə gizləniblər.  Körpə başlayıb ağlamağa. Yanındakılar deyib, uşağı boğaq. Ermənilər səsə gələcək, hamımızı qıracaqlar, anam imkan verməyib. Suyun içində bələyi açıb, altının yaş əskisini çıxarıb. Körpə susub. Atışma başlayıb, qırılan qırılıb. Qırılmayanlar da yenə başlayıb qaçmağa. Anam meyitlərin içi ilə qaçıb keçib. - Neçə yaşı var idi ananınızın onda? - 49. Ölən qardaşımın da 29 idi. - Bəs yoldaşınız necə olub? - Hücum başlayandan sonra evlərinə gedib ki, ana-atasını tapsın, görüb yoxdurlar. Meşədə rastlaşıblar. Allah onlara birlikdə ölməyi nəsib eləyib. Rəşid (həyat yoldaşı)  Samir adlı bir yaralı uşağı belinə alıb ki, onu da özləri ilə götürsünlər. Arxadan BTR gülləsi ilə vurmuşdular, ikisinin meyiti bir-birinə qarışmışdı. Atamı isə bir dəstə kənd sakini ilə tutublar. Qarnından güllə dəymişdi, erməni avtomatı başına dirəyib, deyib ki, səni öldürüm? Atam da deyib onsuz da öldürmüsünüz. Avtomatla başından atıb öldürmüşdülər. Elə həmin gecə. Bərdəyə gələndən sonra Həmayılın dili tutuldu, həftələrlə danışmadı. Əslində nə danışacaqdıq ki, bir ailədən o qədər şəhid vermişdik. 2 öz yetimimi, 2 qardaşımın yetimini anamla böyütdük. Aylarla göz yaşımız dayanmadı. Mənim övladlarım göz yaşları içində böyüdülər. Biz yaşamadıq ki, biz nəfəs alan ölülər olduq o faciədən sonra.  - O hadisədə təcavüzə uğrayan xanımlar da oldu yəqin... - Olmuşdu. Bəzilərinə toxunmamışdılar, bəzilərinə isə zülm eləmişdilər. Amma biz hamımız bunun üstündən susaraq keçdik. Ailələri ilə yaşadılar. Bu da ayrı bir dərd idi. Bu barədə susduq. Hey susduq. Onların içi özlərini yandırır... - Xocalıya dönməyə hazırsınız? - Xocalı alınandan bəri hamımızı bir sual düşündürür. Biz ora necə gedəcəyik? İnanın ki hamımız eyni haldayıq. Getməyə, xatırlamağa o gecəni yenidən yaşamağa qorxuruq. Bu elə sağalmaz yaradır ki, illər keçsə də eyni şəkildə insanın içini yandırır, gedib o qanımız tökülmüş yerləri xatırlamağa çətinlik çəkirik. Qanla sulanmış Xocalıya ayaq basmaq bizim üçün asan olmayacaq.

ABŞ adından Xocalıda həlak olanların ailələrinə başsağlığı verirəm - SƏFİR

“Bu gün biz azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi bildirib.

Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq!

32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı X hesabında bildirib. “Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o bildirib.

Bayramov açıqladı: Yaxın günlərdə görüş olacaq!

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Salyanda körpə pnevmaniyadan öldü

Salyan rayonunda pnevmaniyaya yoluxan körpə ölüb. Sozcu.az xəbər verir ki, Salyan şəhər sakini 2023-cü il təvəllüdlü Sadıqov Hüseyn Arif oğlu bu gün səhər saatlarında Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, azyaşlı uşaq dəqiqləşdirilməmiş bronxit-pnevmaniyadan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xocalı soyqırımını unudulmasına imkan verməyəcəyik - Səfir

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb. “Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.

Putinin mobil telefonu yoxdur, mənə necə zəng etsin? - Zelenski

Rusiya Prezidenti Vladimir Putin mənə zəng etməyəcək, çünki müharibəni bitirmək niyyəti yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfrasında deyib. “Axı onun mobil telefonu yoxdur, necə zəng edəcək? Mən isə 1917-ci ilin teleqrafından istifadə etmirəm. Mənə zəng etməyəcək, müharibəni bitirmək istəmir. Bu gün bu, belədir”, - deyə dövlət başçısı jurnalistin sualını cavablandırarkən bildirib.

ABŞ-nin baş kəşfiyyatçısı Ukraynaya səfər etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns gözlənilmədən Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “New York Times“ qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, səfər Ukraynaya yardımla bağlı dünya liderlərinin əmin etməyə hesablanıb. Qeyd edilir ki, bu, MKİ rəhbərinin son iki ildə Ukraynaya onuncu səfəridir.

Əks-hücuma hazırlaşırıq, rəhbərlik dəyişəcək - Zelenski

Yeni əks-hücuma hazırlaşırıq və plan mövcuddur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Aydın planımız var, detalları açıqlaya bilmərəm, buna hüququm yoxdur. Bu plan rəhbərliyin dəyişməsi ilə bağlıdır, bəli, müəyyən dəyişikliklər var”, - deyə Zelenski bildirib.

Krım körpüsü bağlandı

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Krım körpüsü: operativ məlumat” Telegram kanalında məlumat verilib. “Tamandan gələn 180 maşın növbədə gözləyir. Gözləmə müddəti təxminən bir saatdır. Kerçdən də gələn 95 avtomobil növbədədir”, - bildirilib. Qeyd edək ki, Ukrayna kəşfiyyatı Krım körpüsündən istifadə etməməyi tövsiyə etmişdi.

Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!

Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun hərbi əməliyyatı qaçılmazdır. Yalnız danışıqlar üçün fasilə mümkündür, amma əməliyyatın tam ləğvi mümkün deyil. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Razılaşsaq, əməliyyat bir müddət gecikəcək, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik",- o bildirib. Netanyahunun sözlərinə görə, Rəfah əməliyyatının başlaması ilə İsrailin HƏMAS üzərində tam qələbəsinə aylar deyil, həftələr qalacaq: "Bəli, əməliyyat dayandırılmayacaq, qələbə yaxındır və HƏMAS-ı məhv edənə qədər qələbə qazana bilməyəcəyik".

Ermənilər insanlığa qarşı cinayət törətdilər - Hacıyev

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb. “Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb. 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını “soyqırımı” və “insanlığa qarşı cinayət”dir. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib.

Putin anlamalıdır ki, Ukrayna NATO üzvü olacaq - Rasmussen

Ukraynanı NATO üzvlüyünə dəvət etmək sülhün təmin olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, müttəfiqlər Ukraynanı Rusiyanı döyüş meydanında məğlub etməsi üçün lazım olan hər şeylə təmin etməlidir: “Və müttəfiqlərin təhlükəsizlik zəmanətləri bu gün çox vacibdir. Bu zəmanətlər Ukraynanın AB və NATO-ya gedən yolunda ehtiyaclarını ödəməlidir. Avropanın uzunmüddətli təhlükəsizliyi həm də Ukraynanın AB və NATO-ya daxil olmasından asılıdır. Biz indi bunun üzərində işləyirik. Putin anlamalıdır ki, Ukrayna NATO-ya üzv olacaq”.

XİN: Xocalı soyqırımı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti idi

Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi idi. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb. Nazirlik həmçinin Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.

Babam Zəngəzurda ermənilərlə DÖYÜŞÜB

Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. “Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır … Olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsidir. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, – parlament başçısı söyləyib. 64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

20 min NATO hərbçisi POLŞADA

Polşada NATO-nun böyük hərbi təlimi başlayıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə NATO-ya üzv 10 ölkədən 20 minə yaxın hərbçi qatılıb, 3,5 min hərbi texnikadan istifadə edilir. Təlimdə məqsəd müttəfiqlərin təhlükələrə qarşı sürətli və effektiv birgə əməliyyat keçirməsi üçün birgə sistem, prosedur və kommunikasiyanın təmin edilməsidir.

İndoneziya sahilində güclü ZƏLZƏLƏ

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur

Bu gün İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur. O 25 fevral 1926-cı ildə Gəncədə anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub. Təhsilini 1948-ci ildə başa vurub. Əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb. T. Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri olub. 1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur. Sözcü.az

Sərhəddə gərginlik: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Sərhəddə təxribatlar törədən erməni tərəfi dezinformasiyalarla daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Sozcu.az xəbər verir ki, bu dəfə Ermənistanın sabiq deputatı Arman Tatoyan bənzər cəhdlə çıxış edib. O iddia edib ki, Azərbaycan Ordusu guya Aşağı və Yuxarı Şorca kəndləri yaxınlığından Ermənistan mövqelərini atəşə tutub. “Atəş düz xətt üzrə Ermənistanın 2,16 km dərinliyinə nüfuz edən yerdən açılıb”, – deyən Tatoyan özü də bilmədən rəsmi İrəvanı ifşa edib. Məsələ burasındadır ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin məhz Yuxarı Şorca istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutması barədə məlumat yaymışdı. Yəni A.Tatoyanın iddia etdiyi təxribatı əslində Ermənistan ordusu törədib, lakin İrəvandakı dairələr növbəti dəfə dezinformasiya yaymağa çalışıb, nəticədə isə özlərini ifşa ediblər.globalinfo)

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bədəlova Növrəstə Məstan qızı Ceyranbatan bağları ərazisində yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub", - nazirlikdən bildirilib.

Sabirabadda 42 yaşlı kişi atasını öldürdü

Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub.