1137-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1137-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 922 340 hərbçi, 10 541 ədəd tank, 21 952 ədəd zirehli döyüş maşını, 25 730 ədəd artilleriya sistemi, 1 350 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 124 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 954 ədəd avtomobil texnikası, 31 778 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 788 xüsusi avadanlıq itirib.

57 yaşlı kişinin meyiti evində aşkarlandı

Sumqayıtda 57 yaşlı kişinin meyiti aşkarlanıb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. 1968-ci il təvəllüdlü Zahid Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür - Rutte

Rusiya 1 ildə NATO-dan 4 dəfə çox sursat istehsal edir. Sozcu.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "CBS" telekanalına müsahibəsində deyib. “Rusiya NATO-nun ümumi iqtisadiyyatının cəmi 5 faizini təşkil etsə də, sursat istehsalında üstünlük əldə edib. NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür, lakin Rusiya bir ildə NATO-dan dörd dəfə çox sursat istehsal edir. Bu, tamamilə ağlasığmaz bir vəziyyətdir”, – Rutte bildirib.

MN-də milyonluq mənimsəmə: Şahidlər məcbur gətiriləcək

Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı daha bir təqsirləndirilən “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun məhkəməsi keçirilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Soltan Soltanlı ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun bacanağıdır: "Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir. Mən də hərbi qulluqçuyam. istəmirəm ki, kartıma pul gəlsin. Buna görə də mən də bank rekzivitlərimi ona göndərdim. Pulu nağdlaşdırdım və Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”. Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, onun kartına Vahid Novruzlu üçün pul göndərilib: "Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulun miqdarı təxminən 2-3 min manat arası olardı". Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, kartına göndərilən pul 3 min 155 manat olub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Daha sonra ifadə verən şahid Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu bacısının həyat yoldaşıdır: "Mənim kartına 3 min 917 manat pul gəlib. Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulu kimin göndərdiyini əvvəlcədən bilməmişəm. Dedi ki, kartına pul gələcək, çıxarıb mənə verərsən. Mən pulu verəndə soruşdum ki, bu nə puldur. Dedi ki, qardaşım xaricdən göndərib". Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu onu hərbi hissədə qazanxanada işə düzəldib. Onun sözlərinə görə, əməkhaqqı müqaviləsi ilə işləyib, 400 manata yaxın əməkhaqqı alıb. Sualları cavablandıran şahid deyib ki, onun Vahid Novruzlunun 340 min manat mənimsəmə işindən xəbəri olmayıb, bu barədə istintaqa çağırılan zaman xəbər tutub. Daha sonra ifadə verən Eşqin Həsənov bildirib ki, hazırda hərbi hissələrdən birində maliyyə xidmət rəisinin köməkçisi işləyir. 2018-ci ildən xidmətə başladığını deyən şahid qeyd edib ki, əvvəl Vahid Novruzlu ilə birgə xidmət edib. Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu ilə ortaq tanışları olan Şaiq Bayramovun bank kartının rekvizitləri onlarda olub: "Həmin karta köçürülən pulu Şaiqdən Beyləqanda görüşən zaman aldım və işə gələndə Vahid Novruzluya verdim. Ondan bu pulun nə pul olduğunu soruşdum. Dedi ki, qardaşım Almaniyadan göndərib. Həmin vaxt pulu saysam da, hazırda məbləği xatırlamıram". Bu səbəbdən Eşqin Həsənovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 2633 manat olub. Şahid həmin ifadəsini təsdiqləyib. Digər şahid Füzuli Ələkbərov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləyib: "Vahid Novruzlunu tanışım Elşən Salamovun vasitəsilə tanımışam. Mənim kartına 3 min manat pul gəldi. Mən də həmin pulu çıxararaq Elşənə vermişəm. Münasibətimiz yarandığı üçün mənim kartına dəfələrlə pul gəlib, mən də həmin pulu çıxararaq Elşənin kartına atmışam. Elşəndən həmin pulun nə pul olduğunu soruşmamışam. Vahid Novruzlu ilə tanışlığım əvvəllər olmayıb. Onu Elşən vasitəsilə tanımışam. İki dəfə oturub çay içmişdik". Daha sonra hakim bir neçə şahidin adını çəkib və onların məhkəməyə gəlmək istəmədiklərini deyiblər. Hakim tərəflərdən həmin şahidlərin barəsində hansı tədbirin görülməsini soruşub. Təqsirləndirilən şəxsin vəkili onların gəlməsini istəməyib. Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub. Bildirib ki, həmin şahidlərin istintaq verdikləri ifadələrin oxuyub, onların dedikləri ilə razılaşıb. Yerində müşavirə keçirən hakimlər həmin şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul ediblər. Hakim Fikrət Əliyev bildirib ki, qərar icra olunması üçün şahidlərin yaşayış yeri üzrə Ağcabədi Rayon Polis Şöbəsinə göndəriləcək. Növbəti proses aprelin 11-də davam edəcək. İttihama görə, təqsirləndirilən şəxs xidməti dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib. Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına köçürərək, mənimsəyib. Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır. İttihama görə, o, 2024-cü ildə üzrlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb. Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar. Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub. Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.

"Putin rejimi və bütövlükdə Rusiya nümayişkaranə şəkildə insanları qətlə yetirdi”

Rusiya Ukraynanın dinc əhalisinə qarşı qəsdən terror edir. Krivoy Roqda insanların öldürülməsi Vladimir Putinin rejiminin nümayişkaranə terror hərəkətidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb. O vurğulayıb ki, Rusiya ballistik raketlə yaşayış məhəlləsinin mərkəzinə zərbə endirib: "Rusiya bunu bilərəkdən edir. Onlar nə ABŞ-ı, nə də dünyada kimisə sayırlar. Onlar ukraynalıları öldürmək, Ukraynanı məhv etmək istəyirlər və sülh istəmirlər. Putin rejimi və bütövlükdə Rusiya nümayişkaranə şəkildə insanları qətlə yetirdi”. Qeyd edək ki, Rusiya bu gün də Krivoy Roqa zərbə endirib.

"Torpaqlar susuzluqdan deqradasiyaya uğrayır"

“Ölkədə müasir suvarma sistemi çox da geniş yayılmayıb. Hazırda suvarılan 400 000 hektar torpağın 10 faizə yaxını müasir sistemlərlə suvarılır. Cəmi 38 000 hektar ərazidə müasir sistem quraşdırılıb. Qalan ərazilərdə isə selləmə-sulama üsulu ilə suvarma aparılır. Nəticədə bu torpaqlar şoranlaşaraq dövriyyədən çıxır. Bunun qarşısını almaq üçün müasir suvarma sistemlərinin geniş yayılmasına çalışımaq lazımdır”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, bu gün fermerlərin ən əsas əmək predmeti torpaq və su resurslarıdır. Azərbaycanda su axarlarına yaxın olan bir çox fermerlər bitkinin vetegasiya dövründə onu normadan çox və selləmə metodu ilə suvarır. Tez-tez suvarılan torpaq isə şoranlaşır. Bir tərəfdən torpaq şoranlaşır, digər tərəfdən suyun aşağı axarında fermerlər su qıtlığı yaşayır. O torpaqlar susuzluqdan deqradasiyaya uğrayır, yuxarıdakı torpaqlar isə tez-tez suvarıldığına görə şoranlaşaraq deqradasiyaya uğrayır: “Hökumət aqrotexniki qaydalarla bağlı maarifləndirmə işləri aparmalıdır. Fermerlərə izah olunmalıdır ki, əllərindəki resurslardan aqrotexniki qaydalara uyğun istifadə eləsinlər”.

Kadırovçuların olduğu maşın məhv edildi: ölənlər var

Zaporojye vilayətinin Melitopol şəhərində kadırovçuların olduğu hərbi maşın partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində maşında olan ən azı beş kadırovçu məhv edilib.

Məscidləri sökmək istəyən “Şərurlu İsfəndiyar”a sərt cavab: “Biriləri ona desin ki..!”

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov yenə qalmaqallı açıqlama ilə gündəmə gəlib. “Müsavat TV”inin efirində çıxış edən İsfəndiyar Axundov bu dəfə dindarları və məscidləri hədəfə alıb: “Mənə imkan versələr, bütün məscidləri söküb yerində məktəb tikərdim”. “Şərurlu İsfəndiyar” dindarları yalançılıqda, insanları aldatmaqda suçlayıb. O, özünün də din adamları tərəfindən dəfələrlə aldadıldığını deyib. Sozcu.az xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, dosent Zaur Əliyev iş adamı İsfəndiyar Axundovu qeyri-səmimilikdə suçlayıb. “Məktəb tikdirmək gözəl addımdır. Lakin “Şərurlu İsfəndiyar” yüzlərlə bina tikib. Orda həyət belə boş qoymayıb, mağaza açıb. Elə maarifçilik işi görmək istəyirsə, buyursun tikdirdiyi və sahib olduğu binaların həyətində bağça, məktəb açsın, təmənnasız kurslar yaratsın. Regionlarda orta təmirli məktəblərə kömək etsin. Məktəblərə texniki dəstək olsun. Gənc tələbələr üçün yataqxana tiksin. Öz binalarında bir mərtəbəni tələbələr üçün güzəştli mənzillər ayırsın. Ali məktəblərin kitabxanaları üçün xaricdən kitablar alsın hədiyyə eləsin. Kasıb məktəblər üçün müasir partalar alsın. Müəllimlər üçün güzəştli ipoteka şərtləri ilə ev versin. Yoxsa “məscidi söküb məktəb tikərəm” deməklə özünə xal qazanmasın. Xalqın onsuz da böyük hissəsi lümpendir. Onu qəhrəman edəcək. Biriləri ona desin ki, bu günə qədər yüzlərlə bina tikmisən, bir dənə boş yer qoymamısan qala. Bir məktəb tikdir, sonra belə iddialar irəli sür... Yenə reallıq qalacaq kənarda, çoxu başlayacaq ki, İsfəndiyar Axundov düz deyir. Düz deyən adam indiyə qədər bir məktəb tikdirib sonra belə danışardı. Mən də etiraz etmirəm, amma bu günə qədər təhsilə hansı real dəstəyi vermisən, onu isbat elə sonra danış!”, - deyə Zaur Əliyev “Şərurlu İsfəndiyar”ın qalmqallı açıqlamasına cavab verib.

Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

"Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 aylıq müddət bu gün başa çatır". Sozcu.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsasən, Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi: "Ötən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması həyata keçirildi. Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı gözlənilir. Eyni zamanda, neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq. Bu o deməkdir ki, yaxın zamanlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra bilinəcək. Üç milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq".

Leysan, dolu, sulu qar: Qış geri qayıdır... - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası

Aprelin 4-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Qızılın qiyməti tarixi rekordu yenilədi

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb və ilk dəfə bir unsiya üçün 3200 dolları keçib. Sozcu.az xəbər verir ki, Çikaqo əmtəə birjasında qiymətli metalın iyun fyuçersləri çərşənbə günü ticarətin bağlanışına qədər 1,77% artaraq 1 troya unsiyası üçün 3,201,6 dollara çatıb.

Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər

Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızıya cinayət işi açılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb. Sevinc Heydərovanın şikayətində göstərilir ki, Fərqanə Gülağa qızı Quliyeva onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub. Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramında işıqlandırılıb. Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş. Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir: "Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq". Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

Türkiyə sahillərində miqrant qayığı batdı: ölənlər var

Egey dənizinin Türkiyə sahillərində miqrantların olduğu qayıq batıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə Ayvacıq rayonu sahillərində baş verib. 5 nəfərin öldüyü, 25 nəfərin isə xilas edildiyi bildirilib. Yaralılar Çanaqqala və Balıkəsirdəki xəstəxanalara yerləşdirilib.

Zaqatalada 16 yaşlı oğlan bıçaqlandı

Zaqatalada bıçaqlanma olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib. 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib. Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. N.Z-nin Əliabad tam orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Rusiyanın itkiləri 920 minə yaxınlaşır

Ukrayna müharibənin 1135-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 919 570 hərbçi, 10 521 ədəd tank, 21 902 ədəd zirehli döyüş maşını, 25 625 ədəd artilleriya sistemi, 1 348 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 123 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 775 ədəd avtomobil texnikası, 31 597 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 786 xüsusi avadanlıq itirib.

May ayında 11 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq. Sozcu.az News24.az-a istinadən xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Hər iki gün həftəiçi günlərinə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi halı nəzərdə tutulmayıb. Şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, ümumilikdə may ayında 11 gün iş olmayacaq.

Rusiyanın öyündüyü məşhur təyyarə qəzaya uğradı, pilot öldü

Rusiyanın məşhur Tu-22M3 strateji raket daşıyan təyyarəsi İrkutsk vilayətində qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki. bu barədə Rusiya MN məlumat yayıb. “2025-ci il aprelin 2-də Tu-22M3 təyyarəsi İrkutsk vilayətində planlı uçuş yerinə yetirərkən qəzaya uğrayıb”, - nazirliyin bəyanatında deyilib. Təyyarədə olan 4 ekipaj üzvü katapult edə bilib, buna baxmayaraq, pilotlardan biri ölüb. Təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb. “Maş” Teleqram kanalının məlumatına görə, təyyarə Usolski rayonunda, Buret kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə şahidləri əvvəlcə partlayış səsi eşitdiklərini, daha sonra parlaq bir parıltı və yanğın gördüklərini bildiriblər. Qəza zamanı təyyarə elektrik xəttinə dəyib, nəticədə yaxınlıqdakı iki kənddə elektrik enerjisi kəsilib.

Zelenskidən Krivoy Roqun vurulmasına reaksiya: “Bu, terrorizmdir”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Krivoy Roqu hədəfə aldığı raket zərbəsinə cavab verib. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında yazıb. "Bütün lazımi xidmətlər yerindədir, zərbənin nəticələrini aradan qaldırır, insanlara kömək edir. Zərərçəkənlər var. Onlara tibbi yardım göstərilir. Hazırda məlumdur ki, bu zərbə nəticəsində 4 nəfər təəssüf ki, həlak olub. Ölənlərin hamısı mülki şəxslərdir. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm", - Zelenski bildirib. O vurğulayıb ki, dünyanın hər yerində belə hücumlar bir cür adlanır – “Bu, terrorizmdir”. Qeyd edək ki, Rusiya Krivoy Roqa ballistik raket zərbəsi endirib.

Bu müharibədən sonra 387 azərbaycanlı mina qurbanı olub

Ermənistan tərəfindən basdırılmış minalar Azərbaycan mülki əhalisinin təhlükəsizliyini və rifahını təhdid etməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina qurbanı olub: "İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 387 azərbaycanlı mina qurbanı olub. İnsanların mina səbəbilə həlak olması və yaralanması gizli təhlükənin davam etdiyini və dağıdıcı olduğunu göstərir". Məlumatda vurğulanıb ki, davamlı mina çirklənməsi regionda sülh, barışıq və sabitlik üçün əsas maneə təşkil edir: "Beynəlxalq ictimaiyyəti bu kritik məsələnin həllində əhəmiyyətli siyasi və praktiki dəstək verməyə çağırırıq".

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Çinə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib. Lyu Cyançao qeyd edib ki, bu ilin aprel ayında baş tutacaq səfər çərçivəsində konkret layihələrlə bağlı qərarlar qəbul ediləcək: "Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var. Prezident İlham Əliyev bu ilin aprel ayında Çinə səfər edəcək. Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik”.

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, terrorla mübarizə bəhanəsi ilə dörd fiziki şəxs, üç şirkət və bir yük gəmisi sanksiya siyahısına daxil edilib.

Türkiyə təklif etdi, NATO nazirləri toplanır

NATO ölkələri XİN başçılarının may ayında qeyri-rəsmi görüşü baş tutacaq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rütte deyib. O qeyd edib ki, görüş təklifini Türkiyə edib.

İQTİDAR DƏYİŞSƏ BELƏ, TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI DƏYİŞMƏYƏCƏK

Doğrusu, görəndə çox təəccübləndim və  məyus oldum. Hətta deyərdim, bir qədər də hiddətləndim!  Necə yəni "Türkiyəsiz Azərbaycana hazırlaşaq"?  Bu nə cəfəng cümlədir? Bu cümlənin struktur olaraq bu şəkildə qurulması nəyə hesablanıb?  Haralara, kimlərə mesaj göndərirsiz? Haralara, kimlərə eyham vurursuz? Nəyin eyhamıdır bu? Siz nə etdiyinizin fərqindəsiniz? Özü də bunu, qələminə sayğı duyduğumuz bir jurnalist edəndə, adam bilmir başına haranın daşını töksün.  Ən dəhşətlisi isə budur ki, bu zərərli sərlövhə ilə yazılan yazıları birdən-birə bir neçə sayt manşetdən tirajlamağa başlayır. Ağlınızı itirmisiniz?!.. Siz Türkiyə-Azərbaycan birliyinə düşmənsiniz? Siz Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə qəsd etmək yolu tutmusuz?. "...TÜRKİYƏSİZ AZƏRBAYCANA HAZIRLAŞMALIYIQ" - ALLAH ALLAH! Xəyalı, təsəvvürü belə dəhşətlidir, qorxuludur, vahiməlidir!  Vallah-billah, yazıqlar olsun! Çox heyf!  Elbeyi Hesenli, yanlış təbliğata meydan verməyin, Bəy. Siz axı çox təcrübəli bir qələm adamısız. Etməyin-eləməyin. Haqqında danışdığınız partiyaların ən üst düzəy adamları ilə təmaslarımız olub dəfələrlə, indi də var, hər səfərdə sizin də qaldırdığınız bu narahat sualları soruşmuşuq, soruşuruq, amma hər səfərdə bizə cavabları bu olub ki, "...Əfəndilər, bu bizə veriləcək suallar deyil, ayıb olur axı, arxadaşlar, ayıb olur".  Yəni, sözümün canı budur ki... ...nə Türkiyə Azərbaycansız, nə Azərbaycan Türkiyəsizdir, belə bir şey olmayıb, olmayacaq da, ola da bilməz, bu nə fiziki, nə də mənəvi-vicdani olaraq baş tutan işdir. Türkiyədə iqtidarda kim olur-olsun, ha AKP-si, ha CHP-si, Azərbaycan Türkiyə üçün, Türkiyə Azərbaycan üçün candır! Bu, 1918-ci ildən bu yana belədir!  Belə cəfəng fikirlər olan yazılarla insanlarımızı çaşdırmayaq, xalqlar arasına nifaq salmayaq!  İkincisi, bu gün Türkiyədə demokratik sistem hələ də yaşayırsa, bunun ən böyük səbəblərindən biri - ana müxalifət partiyası CHP-dir və bu təşkilata qarşı düşmənçilik toxumu səpmək, yalnız və yalnız Azərbaycanda təkadam yarımtotalitar sistemi qoruyub saxlamaq istəyən qüvvələrin işinə yarayır, başqa heç nəyə.  Onmilyonlarla tərəfdarı, seçməni olan bir siyasi institutu necə bu şəkildə bir qələmdə silə bilirsiz? Xeyirdə və şərdə daim bizim yanımızda olan, sevgisini bizdən əsirgəməyən Türkiyə xalqına bu dərəcədə sayğısızlıq nəyin əlamətləridir?  Kremlin, "Moskva cocuqları"nın Azərbaycanda təbliğat maşınının əsas tezisləri də elə bu deyilmi?  Hakimiyyətə də elə bu lazım deyilmi?  CHP-ni düşmən çıxarmaq, CHP-nin demokratiya, azad və ədalətli seçkilər, hüquqi dövlətçilik, ləyaqətli rifah dövləti, şəffaf və hesabatlı idarəetmə ilə bağlı verdiyi mücadiləni, ən əsası - GERÇƏK BİR MÜXALİFƏT OBRAZI YARATMASINI görməzdən gəlib xalqımızın gözündən salmaq - hamısı Əliyev iqtidarının əlinə oynamaqdan başqa bir şey deyil axı.  CHP-yə düşmənçilik, sadəcə, Erdoğan sevgisi, AKP sevgisi-filan da deyil. Burada rejimə sivil mübarizə ilə dirənən bir müxalifətçilik institutunun insanlarda yarada biləcəyi mübarizə əzminə, dirəniş iradəsinə nifrət yaratmaqdır əsas iş. CHP - müxalifətçilik institutunun yenilməz qalasıdir indi və siz hər səfərdə bu nümunəvi siyasi mərkəz haqda nifrət toxumu səpməklə avtoritarizmə, totalitarizmə qaz verirsiz.  Məgər siz bunu da başa düşmürsüz?  Kim nə deyir-desin, bu gün CHP qardaş Türkiyəmizdə uğurları kifayət qədər böyük olan bir müxalifət partiyasıdır. Ölkə iqtisadiyyatının 95 faizinin döndüyü böyük şəhər bələdiyyəri CHP-nin idaraetməsindədir. Bütün bunları illərdir demokratik savaş verərək əldə ediblər.  Siz indi qalxıb, siyasi meydanda, az qala yüz illik siyasi təcrübəsi və praktikası olan partiyanı düşmən elan etməklə, onların demokratiya uğrunda mücadiləsinə ləkə vurmuş olursuz, bu mübarizəni gözdən salmış olursuz.  Nə olur-olsun demokratiya mücadiləsi verənləri aşağılayıb gözdən salmaq, əvəzində isə, avtoritar şəxsləri guya xarizmatik lider kimi Şərq toplumuna qəhrəman obrazında sırımaq bizim düşmənlərimizin, bizi istəməyənlərin, TƏKADAM hakimiyyətlərin istək və arzularıdır.  İndi siz bunlara xidmət edirsiz? Bunun da fərqində deyilsiz?  Türkiyə xalqının yarıdan çoxunun səsini almış, Türkiyənin ən böyük şəhərlərini idarə edən CHP-yə düşmənçilik fonunda "Türkiyəsiz Azərbaycan haqda düşünməliyik" yazmaqla əlinizə nə keçdi? Bunu yazmağa əliniz necə gəldi?  Bu nə əcaib bir cümlədir belə? Məqsədiniz nədir axı cümləni sırf bu cür qurmaqda? Guya yeni bir şey deyirsiniz? İnanın, heç nə demirsiniz!  Yoxdur belə bir şey və bunu Türkiyənin mürəkkəb siyasi sistemini, Türkiyədə fəaliyyət göstərən hdp xaric iqtidarlı-müxalifətli bütün siyasi partiyaları, beyin mərkəzlərini, ictimai-siyasi quruluşları tanıyan, bilən, proseslərdən tam məlumatlı şəxs kimi bütün məsuliyyətimlə deyirəm: yazdıqlarınız tamamilə, kökündən cəfəng fikirlərdir. Mirzə Rəşad Orbey, siyasətçi