Qarabağ ermənilərinə 50 min dollar veriləcək

Sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilər üçün Ermənistanın Sosial Məsələlər Nazirliyində yeni layihə hazırlanır və bu barədə onlar artıq məlumatlandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Past” məlumat verib. Erməni nəşri yazır ki, söhbət mənzillərin verilməsi proqramından gedir: “Burada hər bir Qarabağ ermənisinə 5 milyon dram (12.410 dollar) məbləğində sertifikatın ayrılması planlaşdırılır ki, bu da yalnız mənzil alarkən istifadə olunacaq. Tutaq ki, bir ailədə 4 nəfər varsa, bu zaman həmin ailəyə 20 milyon dram (49,627 dollar) veriləcək. Bundan əlavə, həmin arayışlara əmsalların tətbiqi məsələsini də müzakirə edirlər. Məsələn, İrəvandan kənarda yerləşən mərzlərdə mənzillər alındıqda, sertifikatlara 1,6 əmsalı tətbiq ediləcək, yəni 5 milyon dram 1,6 əmsalı ilə artaraq 8 milyon drama (19.855 dollar) çatacaq”.  Qəzet iddia edir ki, sərhəd kəndlərində isə daha yüksək nisbətdən danışılır: “Ən yüksək qiymətlər İrəvanda olsa da, sertifikat yalnız İrəvanda işləyəcək. Lakin layihə hələ ki, tamamlanmayıb. Əgər nazirlik bunu qəbul etsə, o zaman hakimiyyət paytaxtı Qarabağ ermənilərindən azad etməyə nail olacaq, çünki bu vəsaitlə ancaq mərzlərdə mənzillər almaq olar. Ona görə ki, paytaxtda mənzillərin qiyməti, əsasən, 20-30 milyon dram arasında dəyişir”.  Analitiklərin fikrincə, Qarabağ erməniləri Paşinyan üçün əməlli-başlı başağrısına çevrilib. Baş nazir onları gözünün qabağında, yəni İrəvanda görmək istəmir. Bu məqsədlə hətta dövlət büdcəsindən milyonlar ayırmağa hazıdır. Yeni plan da məhz buna hesablanıb. yenisabah)

700-cü gün: Rusiyanın itkiləri 379 minə yaxınlaşır

Ukrayna müharibənin 700-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 378 660 hərbçi, 6 227 ədəd tank, 11 579 ədəd zirehli döyüş maşını, 9008 ədəd artilleriya sistemi, 971 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 659 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 005 ədəd avtomobil texnikası, 6 998 ədəd PUA, 1 842 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1416 xüsusi avadanlıq itirib.

Ukrayna bu istiqamətdə 400 rus hərbçisini məhv etdi

Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 400 rusiyalı hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sözügedən istiqamətdə Rusiyanın 54 hərbi texnikası da məhv edilib. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 39 hava zərbəsi endirib, 919 artilleriya atəşi və 36 hərbi əməliyyat həyata keçirib.

Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir?

Onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyindən bildirilib. Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir. “Tibbi xidmət Xidmətlər Zərfinə daxil edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”, – deyə əlavə edilib. Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problemdir. “Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ilə görüşlərimiz keçirilib. Ümid edirəm ki, tezliklə bu məsələ həllini tapacaq. Onkoloji xəstəliklərin müalicəsi böyük vəsait tələb edən məsələdir və düşünürəm ki, bu da icbari tibbi sığorta tərəfindən qarşılanmalıdır”, – deyə o, əlavə edib.

6-cı sinif şagirdi qəzada öldü

Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub.

Göygöldə 2 qadın dəm qazından boğularaq ölüb

Göygöldə iki nəfər dəm qazından boğulub. Hadisə Göygöl şəhərin Rövşən Nəsibov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan 90 yaşlı Minayə Məmmədovanın və onun qızı 57 yaşlı Aygün Məmnədovanın meyitləri aşkarlanıb. İlkin məlumata görə ana və qızı dən qazından zəhərlənərək ölüblər. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

“Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”.  Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Onun sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır: “İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bugünkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir”.

Çin istehsalı yorğana bürünüb yatdı, diri-diri yandı

Moskvada təqaüdçü "Ali Express"dən aldığı qızdırılan Çin yorğanının altında yanaraq ölüb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə elektron yorğanda qısaqapanma nəticəsində baş verib. Belə ki, 69 yaşlı Olqa elektrik yorğanını üstünə örtərək yatıb. Səhər saatlarında elektrik yorğanda qısaqapanma baş verib və yanğın başlayıb. Evdən çıxan tüstünü görən qonşular dərhal yanğınsöndürənlərə zəng edib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa zaman kəsiyində söndürə biliblər. Təcilli tibbi yardım işçiləri yanıq xəsarətləri alan yaşlı qadını evdən çölə çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Regionda yeni hərbi toqquşma ola bilər - İrəvandan anons

Ermənistan-Azərbaycan sərhədində hələ də eskalasiya ehtimalı var. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Bu il müxtəlif ölkələrdə keçiriləcək seçkilərin nəticəsində bu eskalasiya ehtimalı daha da artacaq”, - Mirzoyan bildirib. Bununla yanaşı, XİN başçısı Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə təmasların olduğunu qeyd edib: “Tərəflər Prezident və Baş nazir administrasiyaları ilə yanaşı, Xarici İşlər Nazirlikləri və digər dövlət qurumları səviyyəsində də əlaqə saxlayırlar. Sülh sazişi ilə bağlı sənədlərin mübadiləsini XİN həyata keçirir. Danışıqların vasitəçi ilə, yaxud vasitəçisiz keçirilməsi Ermənistan üçün prinsipial məsələ deyil. Bizə Bakıdan sərhəddə görüş təklifi gəlməyib, amma belə bir təşəbbüs haqqında eşitmişəm”. Qeyd edək ki, rəsmi Bakının sülh prosesini apardığı vaxtda İrəvandan belə açıqlamanın verilməsi Ermənistan tərəfinin sülhdən yayınmaq cəhdləri kimi qəbul edilə bilər.

Sosioloq məktəblərdə baş verən zorakılıqların səbəbini açdı

“Bu gün məktəblərdə yaşanan xoşagəlməz hadisələrin əsas səbəbi ilk növbədə cəmiyyətin özündə baş verən gərginləşmədir”. Bu sözləri Globalinfo.az-a sosioloq Əhməd Qəşəmoğlu məktəblərdə şagirdlər arasında baş verən zorakılıqlarla bağlı danişarkən deyib. Onun sözlərinə görə, cəmiyyət çox mürəkkəb və həssas olub: “Cəmiyyətdə olan həmin o gərginlik məktəbə daşınır. Əvvəl belə məsələlərin qarşısını təhsil ocaqlarında direktorlar, müəllimlər, sinif rəhbərləri alardı, bu cür prosesləri onlar tənzimləyərdi, amma indi cəmiyyətdən məktəbə daşınan mürəkkəblik o qədər dərinləşib ki, artıq onu əvvəlki şəkildə idarə etmək mümkün deyil”. Sosioloq deyib ki, mütləq məktəblərdə “Sosial iş xidməti” yaradılmalıdır: “Bununla bağlı artıq 3 ildir ki, Elm və Təhsil Nazirliyinə layihələr təqdim edirəm. Hələ də bir məlumat yoxdur. “Sosial iş xidməti” ondan ötrüdür ki, məktəblərdə olan mühitə, şagirdlərin davranışına nəzərət olunsun, onların təlim-tərbiyə, təbliğat işlərinə kömək edilsin, məktəblə valideynlər arasında əlaqə gücləndirilsin. “Sosial iş xidməti” olsa, problemlər öz həllini tapar. Təssüf ki, bu xidməti yaratmaq istəmirlər. Deyəndə də “Məktəblinin dostu” və psixoloqları nümunə göstərirlər. Axı onların işi tam deyil. “Sosial iş xidməti” tamamilə fundamental olaraq sistemli şəkildə baş verən hadisələrlə məğul olur. Nə qədər ki, bu xidmət yoxdur, problemlər öz həllini tapmayacaq. Uşaqlar da bir-birlərinə qarşı xoşagəlməz hadisələr törədəcəklər”. Qeyd edək ki, 6 saylı məktəbdə 2-ci sinif şagirdinin 7-ci sinfin şagirdləri tərəfindən seksual hərəkətlərə təhrik edildiyi iddia olunur. Bundan başqa isə yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Prezident Rəqabət Məcəlləsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Sozcu.az xəbər verir ki, qanun 12 fəsil 84 maddədən ibarətdir.

Ararat Mirzoyandan mina xəritələri ilə bağlı ŞOK ETİRAF

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib. O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub. O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib. Qeyd edək ki, 30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə azad olunmuş ərazilərdə hazırda minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb. İndiyə kimi 342 nəfər mina terrorunun qurbanı olub. Azərbaycan xeyli vaxtdır ki, Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir.

Nazirliyin zavodu buna görə partlayıb - İlkin versiya

Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib, 3 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, prokurorluğun məlumatına görə, hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var

16:06 Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb. Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir. Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir. *** Prokurorluq Şirvan şəhərində zavodda baş vermiş partlayışla bağlı araşdırma aparır. Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Bu keçmiş məcburi köçkünlərin müavinəti dayandırılacaq

Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il müddətinə dayandırılacaq. Sozcu.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb. Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir: “Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkümlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq. Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.

8 kənd Azərbaycana qaytarılmalıdır - Britaniyadan AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb. Dövlət başçısı işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib. “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - Prezident İlham Əliyev vurğulayıb. Xarici işlər naziri Ceyhun Bayramov da bu yaxınlarda həmin mövzunu yenidən gündəmə gətirib və ölkəmizin mövqeyini İrəvanın diqqətinə çatdırıb. Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndin Azərbaycanın nəzarətinə qaytarılmasına delimitasiya çərçivəsində baxılacağını deyib. O, həmin kəndlərdən 4-nün anklav olmadığını, “bizim digər kəndlərə bitişik formada” olduğunu vurğulayıb: "Bizim yanaşmamız ondan ibarətdir ki, həmin kəndlərin qaytarılması ilə bağlı bəlli bir ardıcıllıq olsun”. Bu proses göstərir ki, Azərbaycan yaxın gələcəkdə Qazaxın yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndi ilə bağlı əməli işlərin görülməsini gözləyir. Eyni zamanda işğal altında olan kəndlərin qaytarılması məsələsi öz həllini tapmazsa,  sülh müqaviləsinin olmaması da gündəmdədir. Məşhur britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bu kəndlərin qaytarılmasını tələb etmək üçün qanuni hüququ var.  Onun sözlərinə görə, Azərbaycan sülh danışıqlarında əsas mövqedədir: "Hazırda Ermənistanın dəstəyinə arxalandığı Qərbdəki bəzi qeyri-mütəşəkkil və dini qərəzli ölkələr, xüsusən də Fransa və ABŞ-dır. Amma bildirim ki, indiyədək onlar heç nə əldə etməyiblər. Paşinyan bilir ki, növbəti müharibə artıq variant deyil. Yeganə yol sülhdür və bunun üçün bəzi kəndlərin geri qaytarılması tələb olunursa, etməlidir. Təbii ki, Baş nazir Nikol Paşinyanın bu addımı daxildəki müxalif qüvvələr və diaspor üçün uğurlu olmayacaq". Politoloq hesab edir ki, hazırda bu proseslər üçün Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə ciddi vəzifələr düşür. O fikirlərini belə əsaslandırıb: "Amma hər iki tərəf anlayır ki, regionda sabitlik üçün sülh vacib şərtdir. Bunun üçün də müəyyən güzəştlər vacibdir. Eyni zamanda tərəflərin heç bir xarici müdaxiləyə ehtiyacı yoxdur. Proseslər göstərir ki, Azərbaycan və Ermənistan liderlərinin üz-üzə müzakirəsi vacibdir və Azərbaycan bu zərurəti vurğulamaqda haqlıdır. Düşünürəm ki, tərəflər yaxın zamanda vasitəçisiz danışıqlara başlamalıdır. Sülh danışıqları üçün növbəti görüş yeri elə iki ölkədən biri ola bilər”. Xatırladaq ki, 1992-ci ildə Ermənistan ordusu Qazax rayonuna daxil olan 7, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun isə 1 kəndini işğal edib. Həmin kəndlərin ərazisi aşağıdakı kimidir: Yuxarı Əskipara - 8.6 kv. km, Aşağı Əskipara - 9.1 kv. km, Baganıs Ayrım - 40 kv. km, Barxudarlı - 10.1 kv. km, Sofulu - 22 kv. km, Qızılhacılı - 11 kv. km, Xeyrimli  - 4.1 kv. km. Kərki (Naxçıvan MR) - 19.2 kv. km.

Azərbaycanda "sarılıq" təhlükəsi: bu ərazilərdə yayılıb

Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “Hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir. Müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar, Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

“Nikosayağı”nın məhkəmədən GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi, bu gün “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.az xəbər verir ki, "Unikal"ın əməkdaşı Nicat Şakirlinin məhkəmədən çıxdığı anı əks etdirən görüntüləri lentə alıb. "Nikosayağı" "Range Rover" markalı avtomobilinə əyləşərək məhkəmə binasının qarşısından uzaqlaşıb.

Gəncədə məktəbin önündə bıçaqlanan şagird öldü - Foto

09:57 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: "Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır". *** Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək. *** Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

“ŞİMALİ MƏKKƏ”-Nİ GÖR: 2023-cü İLDƏ İSLAM ÖLKƏLƏRİNDƏN RUSİYAYA TURİST AXINI 1,5-2 DƏFƏ ARTIB

İslam dünyasının bir çox ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım Rusiya Federal Dövlət Statistika Xidməti tərəfindən qeydə alınıb (daha ətraflı cədvəldə*). 2022-ci ildə Türkiyə, İran, Tacikistandan gələn qonaqların sayı təxminən iki dəfə, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 5,5 dəfə artıb. Bu gün Rusiyada 20 milyondan çox müsəlman yaşayır (bu, bir çox Avropa ölkələrinin əhalisindən çoxdur), onların əhəmiyyətli bir hissəsi Tatarıstan Respublikasında yaşayır. Bu unikal bölgənin mədəniyyəti iki böyük sivilizasiyanın qovşağında inkişaf etmişdir: Şərq və Qərb. Əsasən Tatarıstan sayəsində İslam ölkələrindən Rusiyaya turist axını hər il 15% artır. Bu fikri Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov Tatarıstan Respublikasının paytaxtında keçirilən "Rusiya – İslam dünyası: KazanForum" 2023 Beynəlxalq İqtisadi Forumunda ifadə edib. Müsəlmanlar arasında Tatarıstan Respublikasına maraq təsadüfi deyil - bura İslam orta əsr memarlığı qorunub saxlanılan, heyrətamiz təbiət abidələri və turistlər üçün inkişaf etmiş Halal infrastrukturu olan dünyanın ən şimal bölgəsidir.  Kazan yaxınlığındakı Volqa çayının sahilində "Şimali Məkkə" adlanan qədim Bolqar şəhəri yerləşir. Bu, orta əsr müsəlman memarlığının nadir abidəsi, arxeoloji qazıntılar və tarixi kəşflər yeridir. 922-ci ildə müasir Tatarıstanın əcdadı olan Volqa Bulqariyası burada islam dinini qəbul edib. Tədbir ənənəvi olaraq may ayında qeyd olunur - “İzge Bolqar Zhyeny” bayramında Rusiya Federasiyasından və xaricdən minlərlə müsəlman qədim şəhəri ziyarət etməyə can atırlar. Böyük Bolqarda siz orta əsr kafedral məscidinin Böyük minarəsindən ətrafı seyr edə, Şərq və Şimal məqbərələri, Xan sarayının qorunub saxlanmış qalıqlarını, xan ailəsinə məxsus hamam və türbəni, həmçinin Kiçik Minarəni və ağ əhəng daşdan hazırlanmış 14-cü əsrin ən sirli və gözəl binalarından biri olan əfsanəvi Qara Palata-nı ziyarət edə bilərsiniz. Bolqar Muzey-Qoruğunun ərazisində dünyanın ən böyük çap olunmuş Qurani-Kərimin saxlanıldığı müasir İslam Muzeyi yerləşir. Kitabın ölçüləri 2×1.5 metr, çəkisi isə 800 kiloqramdır. Kitabın üz qabığı qiymətli metallar və daşlarla malaxitdən hazırlanmışdır. Tatarıstanda İslam əməkdaşlıq Təşkilatının (İƏT) 57 ölkəsinin nümayəndələrini birləşdirən Kazan Forumun keçirildiyi günlərdə Bolqara gələnlərin sayı xeyli artır. Ənənəvi olaraq, Forum may ayında “İzge Bolqar Zhyeny” bayramı zamanı keçirilir və iştirakçılar üçün mədəni proqramla İslam ziyarətgahlarına ekskursiyalar təşkil olunur. Keçən il bayramın özəlliyi Məhəmməd peyğəmbərin 10 orijinal yadigarının sərgisi oldu.  Dünyanın hər yerindən bir çox zəvvar Tatarıstanın müasir incisini - Ağ Məscidi ziyarət etmək üçün Bolqara gəlirlər. Bu nəhəng memarlıq ansamblı ruhanilər iqamətgahı, mədrəsə və əzəmətli minarələri olan məsciddən ibarətdir. Xarici görünüşünə görə o, məşhur dünya din və mədəniyyət abidəsi - Tac Mahal məqbərəsini xatırladır. Ağ Məscid 2012-ci ildə tikilib və o vaxtdan Rusiyada dünya İslam memarlığının şah əsərlərindən birini öz gözləri ilə görmək istəyən minlərlə xarici turisti cəlb edib. Burada müqəddəs sayılan Məhəmməd peyğəmbərin saç teli də qorunub saxlanılır. Onu namaz zalının divarında şüşə arxasında görmək olar. Bolqar tarixi-arxeoloji kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Zəngin mənəvi ənənələri, İƏT — in 2022-ci ildə "İslam dünyasının Gənclər paytaxtı" statusu verdiyi Kazan şəhəri də qoruyub saxlayır. Burada müsəlman ölkələrindən gələn qonaqlar Rusiyada və dünyada qalan yeganə Tatar ağ daş qalası olan "Kazan Kremli" muzey-qoruğunu görə və ziyarət edə bilərlər. Kazan Kremlinin obyektləri X əsrdən bəri tikilib və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Bunların arasında: Rusiya və Avropadakı ən böyük məscidlərdən biri olan Kul Şərifin əsas katedral məscidi, XVI əsrdə Moskvanın əsas Katedralinin memarları tərəfindən yaradılan Tatarıstan Respublikasının Mərkəzi Katedrali; dünyanın ən məşhur əyilən qüllələrinin Top 10-unda yer alan məşhur Süumbike əyilən qülləsi; qədim xan məqbərələri. Tatarıstan Respublikasının Rais iqamətgahı da burada yerləşir. 2024-cü ildə yubiley XV KazanForum-da işgüzar proqramla yanaşı, dünya islamının inkişaf tarixinə də nəzər salınacaq. Forumun qonaqları qədim tatar şəhərləri, mənəvi eksponatlar, ən böyük çap olunmuş Qurani-Kərim, Məhəmməd peyğəmbərin irsi ilə tanış olacaq, Rusiyada ənənəvi İslamın mənşəyi haqqında məlumat əldə edəcəklər.  Müsəlmanlar üçün vacib bir xüsusiyyət: indi Rusiya İslam qaydalarına uyğun olaraq oteldə yerləşdirmə, yemək və hətta tibbi və maliyyə xidmətləri ilə halal turizm təklif edir. Bu il Rusiyada xidmət obyektlərinin sertifikatlaşdırılmasına və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla İslam ölkələrindən gələn qonaqlara tam halal xidmət göstərilməsinə imkan verən “Halal məhsullar və xidmətlər” dövlət standartı qəbul edilib.  Xüsusilə, Tatarıstan Respublikasına artıq müsəlman turları təşkil olunur, burada Halal standartlarına uyğun otellərdə qala və ya Halal tibb müəssisəsində sağlamlıq prosedurlarından keçə bilərsiniz. Beləliklə, 2023-cü ilin dekabrında “Turizm və Otelçilik Sənayesi” milli layihəsi çərçivəsində “Bir üfüqün iki paytaxtı” marşrutu üzrə yeni “Moskva + Kazan” turizm istiqaməti təqdim olundu. Marşrutla ilk tanış olanlar arasında İndoneziya və Malayziyadan olan turoperatorlar olub.

Tərtərdə 3 uşaq anasından dəhşətli əməl

Tərtərdə intihar hadisəsi olub.  Sozcu.az-ın məlumata görə, hadisə rayonun Qaynaq kəndində qeyd alınıb.  Belə ki, kənd sakini - 1991-ci il təvəllüdlü Bəhmənli Pərvanə Sovet qızı yaşadığı evdə intihar edib. Onun 3 övladı var.  Hazırda hadisə ilə bağlı araşdırma aparılır. ("Report") 

Zelenski Putini qəzəbləndirəcək fərman İMZALADI

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı yanvarın 22-də Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində bildirib. “Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır”, - deyə prezident bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “hüquq və azadlıqların birliyi, ukraynalılar və ölkə haqqında həqiqətlər üçün” hər şeyi etməlidir. Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti uraynalıların tarixən Rusiya Federasiyasında yaşadıqları torpaqlarda, o cümlədən  Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətlərində milli kimliyi qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşır. Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı planlaşdırır. Kiyev həmçinin Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi nəzərdə tutur. Prezident bildirib ki, Rusiya Federasiyası daxilində tarixən məskunlaşdıqları torpaqlarda etnik ukraynalıların əsl tarixini izah etmək üçün Ukraynada təhsil proqramlarına dəyişikliklər ediləcək. Bundan əlavə, Ukrayna prezidenti Ali Radaya vətəndaşlıqla bağlı yeni qanun layihəsi də təqdim etdiyini açıqlayıb. Sənədə əsasən, Rusiya istisna olmaqla, dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılar Ukrayna vətəndaşlığını ala biləcəklər.

Şəfa verməyən səhiyyənin 16 illik naziri - Oqtay Şirəliyev niyə əcnəbi xəstəxanalara möhtacdır?

16 il rəhbərlik etdiyi Azərbaycan səhiyyəsi bu dəfə də Oqtay Şirəliyevin dərdinə dərman olmadı. Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq nazirin səhhəti ağırlaşdı və o, müalicə üçün Türkiyəyə aparıldı. Əslində elə nazir olduğu illərdə də Şirəliyev öz sağlamlığını yerli həkimlərə etibar etmirdi - müalicə üçün tez-tez ya Türkiyəyə, ya da Almaniyaya üz tuturdu. Hətta o zaman bununla bağlı dillərdə dolaşan bir lətifə də vardı. Deyirdilər ki, jurnalistlərdən biri nazirə zəng vurur və xalq arasında geniş yayılan “Azərbaycan səhiyyəsi ölüb, ağlayanı yoxdur” ittihamı ilə bağlı açıqlama istəyir. Xaricdə olan nazir səhiyyəmizin bərbad vəziyyətdə olması ilə bağlı ittihamları rədd edib deyir: “Hazırda Almaniyada müalicə alıram, qayıdanda onu deyənlərin cavabını verəcəyəm". Əlbəttə, sabiq nazirin indi necə deyərlər, canı ilə əlləşdiyi bir vaxtda bu yazını yazmamaq da olardı. Hətta səhhətində heç bir problem olmasaydı da, o, yəqin ki, bu yazını oxumayacaqdı. Amma hər halda maraqlıdır, görən, Şirəliyev bu ağır durumunda müalicə üçün xaricə aparılması haqda nə düşünür? Axı o, nə az, nə çox, düz 50 il səhiyyə sahəsində çalışıb. Bu stajın təxminən 30 ilini rəhbər postlarda keçirib, yuxarıda dediyimiz kimi, 16 il Səhiyyə naziri olub. Yəni, Oqtay Şirəliyevin səhiyyə sahəsində, o cümlədən indi əziyyət çəkdiyi onkologiya sahəsində vəziyyəti nizama salmaq üçün böyük səlahiyyətləri olub. Fəqət, sabiq nazir bu səlahiyyətlərdən yetərincə istifadə etməyib. Görən, heç olmasa, indi bu barədə düşünür, bunun peşmançılığını çəkirmi? Yoxsa canı ağrıya-ağrıya, bu ölkədən o ölkəyə daşınmaq ona daha xoşdur? 16 il nazir işləyən Oqtay Şirəliyevin səhiyyədən mirası da var: Respublika Diaqnostika Mərkəzi. Hətta başqa bir klinikasının olduğu da bildirilir. Azərbaycan səhiyyəsi bir yana, bu adam heç öz klinikalarına da "gün ağlamayıb" və taleyin ironiyasına baxın ki, bu gün əcnəbi həkimlərin şəfqətinə möhtac qalıb! Yeri gəlmişkən, Azərbaycanda onkoloji xəstəliklər ildən-ilə artır və cavanlaşır. Amma bu xəstəliklə mübarizənin necə bərbad vəziyyətdə olduğu hamıya bəllidir. Elə son dövrlərdə bir neçə cavan həmkarımızın, tanınmış insanların bu xəstəlikdən dünyasını dəyişməsini xatırlatmaq kifayətdir. Azərbaycan onkoloqları müalicə bir yana, bu bəlaya düçar olunların ömrünü uzatmaqda belə acizdirlər. Kimlərsə nicat tapırsa, yaxud bu xəstəlikdən bir qədər gec dünyasını dəyişirsə, buna görə, Qərb səhiyyəsinə minnətdardırlar. Azərbaycanda onkoloji xəstələrin düz-əməlli statistikası belə aparılmır. Baxmayaraq ki, indiki onkologiya mərkəzi ötən əsrin 40-cı illərində açılıb. 60-cı illərdən isə radiologiya ilə yanaşı, həm də onkoloji problemlərlə məşğuldur. Bu mərkəzdə bilavasitə statistika ilə bağlı fəaliyyət göstərən "Bədxassəli şişlərin epidemiologiyası və statistikası şöbəsi" var. Amma mərkəzin saytında o şöbəyə aid bölmədə bircə dənə də olsun, nə statistik məqalə, nə də məlumat yoxdur. Onda bu şöbə nə üçün yaradılıb? Eləcə də İnternet resurslarda onkolji xəstəliklərlə bağlı heç bir statistikaya rast gəlmək mümkün deyil. Ən yaxşı halda 2012-13-cü illərin statistikasına dair cüzi məlumatlar əldə etmək mümkündür. Müstəqil araşdırmalara görə isə hər gün Azərbaycanda ən azı 37 nəfər onkoloji xəstəliklərə mübtəla olur. İl ərzində belə xəstələrin sayı orta hesabla 13 -14 min nəfərə yüksəlir. Nəzərə alaq ki, onkoloji xəstəliklərin müalicəsi xeyli vəsait tələb edir və hər kəsin Oqtay Şirəliyev kimi xaricdə müalicə olunmaq lüksü yoxdur. Başqa sözlə, Azərbaycanda onkoloji xəstəliyə tutulmaq və imkansız olmaq potensial ölüm deməkdir! Qısa müddətli xəstəlik və ölüm! Əslində bütün sahələrdə belədir. Səhiyyədə də, təhsildə də, mədəniyyət də, hətta nəqliyyatda da. İllərlə bu sahəyə rəhbərlik edib ancaq öz ciblərini düşünən məmurlarla həyat eynən Oqtay Şirəliyevlə davrandığı kimi davranır... Zaur BakuPost

Ata-anası qocalar evində, uşaqları internatda olan ekspert...

Telekanallarda hava haqqında məlumatdan çox onu göstərirlər. Başlama saatı, verilişin adı, canlı yayımı fərq etməz, hansı şou proqrama, sosial telelayihəyə göz atsan görərsən ki, yuxarı başda oturub danışır. Necə deyərlər, gözünü verər, amma əlindəki mikrofonu kimsəyə güzəştə getməz.  Ekranın o üzündə çox ideal insan kimi görünür. Övladlıq borcundan, ata-anaya qayğı və məhəbbətdən elə gözəl sitatlar, dəyərli kəlamlar deyir ki... Ömür-gün yoldaşına dəyərin vacibliyi, qarşılıqlı sevgi və hörmətdən danışdıqlarına heyran olmamaq mümkünsüz. Valideyn missiyasından, övlada diqqətdən saatlarla yorulmadan danışır. Həyatdan, bədii ədəbiyyatdan elə sitatlar gətirir tamaşaçının gözündən gildir-gildir yaş axır... Bu gün küləyin at çapdığı Bakıda telekanalların birinin qarşısından keçəndə həmin eksperti avtobus dayanacağında görüb avtomobilimi saxladım. Hara gedəcəksə populyar eksperti maşınla aparmağa hazır olduğumu dedim. İnsafən əvvəlcə etiraz etdi, amma sonra gülümsəyib arxa oturacaqda yerini bərkitdi. Maşını yerindən təzəcə tərpətmişdim ki, canlı yayımda imiş kimi çıxışa başladı, “insan daim xeyirxah işlər görməli, onu dünyaya gətirən valideynlərini başının tacı bilməli, onları gözünün üstündə saxlamalı, həyat yoldaşına vəfalı olmalı, onu anlamalı, mehriban davranmalıdır”, - dedi. Sonra bir xeyli də ananın öz övladlarına qayğı və diqqəti barədə nitq söylədi. Sonra xahiş etdi ki, onu Bilgəhə aparım. “Atam və anam Bilgəhdəki qocalar evindədir, bu gün onlarla görüş günümdür. Nə işim-gücüm olsa da onlarla görüşə gecikmirəm. Həmin gün onların yanında olmasam ürəyim dayanar”, - dedi və kövrəldi. Bilgəhdən qayıdanda xahiş etdi ki, maşını Mərdəkandakı xüsusi internatın qarşısına sürüm: - Oğlumu və qızımı xüsusi internata qoymuşam. İşim elədir ki, telekanalların dəvəti üzündən günüm efirlərdə keçir, ona görə uşaqlara vaxt ayıra bilmirəm. Amma internatda onlara yaxşı baxırlar, ikisi də əlaçıdır. Rəssamlıqla, musiqi ilə məşğul olurlar. Uşaqlarım mənim nəfəsimdir, həftədə bir dəfə görməyəndə boğuluram sanki... İnternatda görüş uzun çəkmədi, maşına oturanda deyəsən kövrəlmişdi: - Bu gün sizi yordum deyəsən. Əgər tələsmirsinizsə Pirallahıya gedək, ikinci həyat yoldaşımla məhkəmə çəkişməm var bu gün. Məhkəmə prosesindən də tez və razı döndü. “Binəqədiyə də baş çəkə bilərikmi?” - dedi və cavabımı gözləmədən əlavə etdi: - Polis idarəsində baş müstəntiqə izahat yazmalıyam. O gün qonşumla dalaşdım, vurub pəncərəsini sındırdım. Polis idarəsinin qarşısında bir xeyli gözləməli oldum. Məşhur ekspert nəhayət ki, gəlib çıxdı və maşına oturan kimi qonşusunun ünvanına xeyli söyüş göndərdi. Sözün açığı həmin söyüşlərdən bəzilərini həyatımda ilk dəfə idi ki, eşidirdim. Telekanalların birinin qarşısından keçəndə birdən qışqırdı: - Saxla, saxla. İndi yadıma düşdü, canlı yayıma dəvətliyəm. Ailə dəyərləri barədə tok-şou olacaq. Əla mövzudur... Maşın dayanan kimi heç təşəkkür etmədən qapını çırpıb getdi. Deyəsən növbəti canlı efirə tələsirdi... Etibar CƏBRAYILOĞLU  Reyting.az