Zelenski Putini qəzəbləndirəcək fərman İMZALADI

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb.

Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı yanvarın 22-də Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində bildirib.

“Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “hüquq və azadlıqların birliyi, ukraynalılar və ölkə haqqında həqiqətlər üçün” hər şeyi etməlidir.

Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti uraynalıların tarixən Rusiya Federasiyasında yaşadıqları torpaqlarda, o cümlədən  Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətlərində milli kimliyi qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşır.

Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı planlaşdırır.

Kiyev həmçinin Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi nəzərdə tutur.

Prezident bildirib ki, Rusiya Federasiyası daxilində tarixən məskunlaşdıqları torpaqlarda etnik ukraynalıların əsl tarixini izah etmək üçün Ukraynada təhsil proqramlarına dəyişikliklər ediləcək.

Bundan əlavə, Ukrayna prezidenti Ali Radaya vətəndaşlıqla bağlı yeni qanun layihəsi də təqdim etdiyini açıqlayıb.

Sənədə əsasən, Rusiya istisna olmaqla, dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılar Ukrayna vətəndaşlığını ala biləcəklər.

Share on Facebook