Helena Hoffman haqqında danışarkən nəvəsi Nilgün Saryal onu Alman doğulub, türk kimi ölən qadın adlandırmışdı. Həyat hekayəsi Almaniyadan başlayıb Azərbaycan, İran və Türkiyədə davam edib. Sıxıntılar, qorxu, cəlbedici məqamlarla dolu bu yaşam sovet zülmləri ilə üz-üzə qalan bir Azərbaycan insanını simvolizə edirdi. Sevgilisi ilə qorxmadan xalqlar həbsxanasına qədər gəldi, buraların hər an ölümlə qaynayan mənzərəsi onu geriyə yox, öz sevgilisi İsmayıl Saryalın alın yazısının parçasına çevirdi. Alman zadəganlığının və aristokratyasının özünəməxsus dəyərlərini özündə canlandıran Helana adınıda, dininidə, dilinidə dəyişərək özünəməxus və kültürlü Azərbaycan türkü bir qadına çevrildi. Onu dəyişən səbəblərin başında Azərbaycan türklərinin səmimiyyəti, sayğıdəyərliliyi, təmiz sevgiləri, müsəlman olaraq başqa kültürlərə qarşı nifrət dolu hisslərdən uzaq olması idi. O fərd olaraq İsmayıl Saryalın vurğunu idi, Azərbaycana gəlişi isə onu Azərbaycan, türk vurğununa çevirdi.
Helena Hoffmann Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri Mir İsmayıl Seyidzadənin Almaniyada oxuyarkən tanış olub, evləndiyi alman bir xanımdır. Mir İsmayıl Seyidzadə Azərbaycan Cümhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xalası Minaxanımın oğludur.
Helena Hoffmann 9 may 1900-cu ildə Obornikdə doğulub. Mir İsmayıl Seyidzadə yazmış olduğu “Bakı Rüzgarı” kitabında onunla tanışlığı, sevgi həyatı, Azərbaycana gəlişləri, burada onların başına gələnlər və sovet rejimindən xilas olmaqları haqqında maraqlı məlumatlar verib. Mir İsmayıl Seyidzadə Türkiyədə soyad qanuna uyğun olaraq “Saryal” soyadını götürüb. O Türkiyədə mühacirətdə olarkən İsmayıl Saryal adı ilə tanınıb. Saryal Gəncə yaxınlığında bir dağın adı idi. Yurda, onun təbiətinə bağlılıq rəmzi olaraq bu dağın adını soyadı götürmüşdülər. Helena Hoffmann isə Azərbaycana gəldikdən sonra ona Leyla adını vermişdilər. Soyadı isə Seyidzadə olmuşdu. Türkiyədə isə o Leyla Saryal adı ilə tanınırdı. Bütün bu adlar onların yaşamları boyu rəsmi adları olmuşdu. “Bakı Rüzgarı” kitabında isə İsmayıl Saryal özünü Oğuz adı ilə, Helenanı isə ilk dövrlər Helena, sonra isə Alya adı ilə təqdim etmişdi. Bütün bunlar o dönəm üçün gizlilik məqsədi daşıyırdı.
“Bakı Rüzgarı” kitabında İsmayıl Saryal Helena ilə tanışlığı ilə bağlı yazır :
Gəzintilərinin birində Elzanı görmək məqsədi ilə Hospisə getdi. Elza onu sevinclə qarşıladı. Söhbət əsnasında Elza bir təklifdə bulundu :
Mən sabah günortadan sonra, bir dostumun doğum gününə dəvətliyəm. İstəyirsiniz, sizdə mənimlə gələ bilərsiniz. Məktəbdən bəri tanışlıq etdiyim Helena yaxşı bir qızdı, görəcəksiniz.
Oğuzun cavabını almadan, tez dostuna zəng etdi, Oğuzunda onunla birlikdə gələcəyini bildirdi.
Ertəsi gün Helenanın doğum günü masası başında toplanan qonaqlar arasında Oğuzda var idi. Qıraq olması səbəbi ilə, bütün qonaqlar kimi, evin xanımı onada xidmət etməkdə idi. Burada Oğuz Helenanın anası və biricik qardaşı ilə tanışdı. Ataları bir neçə il öncə rəhmətə getmişdi.
Yaxın küçədə yaşayan Helena Oğuzun xoşuna gəlmişdi. Onun axtardığı xüsusiyyətlər Helenada var idi: ortaboy, girdəsifət, gülərüz, dizlərinə çatan şabalıdı rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz onunla dostluq eləmək fikrinə düşdü. Helenanın xüsusi piano dərsi aldığını, həftənin iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün dərsə gedəndə onun qarşısına çıxıb soruşdu :
Gedəcəyiniz yerəcən sizinlə yol yoldaşı olmağıma icazə verərsinizmi ?
Görüş Helenanı həm çaşdırmış, həmdə sevindirmişdi. Yanaşı addımladılar. Getdiyi yer uzaq deyilmiş, söhbətləri uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə gəzişib Helenanın çıxmasını gözlədi və onu evlərinəcən ötürdü.
Bu cür başlayan dostluq get-gedə möykəmləndi. Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif etdi, ancaq qızın anası bu məsələni oğlanın təhsilini bitirənəcən təxirə salmasını məsləhət gördü.
Oğuz təhsilini başa vurdu. Gənclər evlənmək barədə öz aralarında qərar qəbul etdilər. Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi :
Həyatımızı birləşdirmək istəyirik, - dedi, - vahid vücud kimi eyni yolla gedəcək, sevincimizi-kədərimizi bölüşəcəyik. Səni səndən yaxşı tanıyıram. Sənə tamam inanıram. İrəlidə nələrlə rastlaşacağımız barədə indidən düşünmək tezdir. Azərbaycan mənə yad görünə bilər, amma alışaram. Nə qədər ki, sən yanımda olacaqsan, heç nə məni qorxuda bilməz.
Oğuz Helenanın dediklərindən razı qalmışdı. Onu qucaqlayıb öpməkdən özünü saxlaya bilmədi və dedi :
Sənə hər dəfə Azərbaycandan danışanda tünd rənglər qatırdım. Sözlərindən belə başa düşdüm ki, yaranan mənzərə heç də səni qorxutmayıb. İndi həmin mənzərəyə çəhrayı və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi. Əcnəbi olanda hörmət daha artır. Ora getsək, əyləncəmiz əskik olmayacaq, həftələrlə davam edən gəzintilərdə iştirak eləyəcək, çoxlu dostlar qazanacaq, onlarla yaxşı vaxtlar keçirəcəyik. Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan söz açırlar. Bunun müvəqqəti olduğuna inanıram. Əlbəttə, belə bir vəziyyət uzun sürməyəcək.
Helena bir neçə gün ərzində anasından razılıq aldı. Amma anası Azərbaycana getmələri barədə eşitmək belə istəmirdi. Amma axırda ailəsi onun Azərbaycana getməsinə razılaşdılar. Onlar çətinlikə Berlindəki Sovet səfirliyindən Azərbaycana gəlmək üçün icazə kağızı ala bildilər. İndi onları min kilometrlərlə yol gözləyirdi.
Berlinin Postdamer Bahnof vağzalından başlayan yolculuq Riqa, Moskva, Gəncəyə qədər davam etdi. Artıq O Gəncədə idi. Almaniyadan Mirismayıl Seyidzadələr ailəsinə alman gəlin gətirmişdi. İlk 3 gün qonaqlar evdə aşıb-daşırdı. Əhval-ruhiyəsi düzəlmiş Helena öz ərinə dedi :
Belə ziyarətçi axınını nə görmüş, nədə eşitmişəm. Həyətdə, otaqlarda adamlarla dolmuşdu. İri samovar onlara güclə çatırdı. Sənə bir həqiqəti deyəcəyəm, amma incimə. Gələn qadınlar arasında bir gözəlinə də rast gəlmədim. Hamısı kök, sifətlərində yara izləri, qısa boylu, əyri ayaqlı idilər. Elə hey mənə baxır, nəsə danışırdılar. Məndə öz aləmimə qapılmşıdım.
Həyat yoldaşının bu cür danışması Oğuzun kefini açdı. Ucadan gülüb dilləndi :
Azərbaycan gözəl qızları ilə öyünür. Sən gördüyün qoca arvadlara baxma, onların işi peşəsi qapı-qapı gəzib, dedi-qodu eləməkdi. Qızlarımız evdən bayıra az çıxırlar. Hələ vaxtımız var. Gözəl, zərif qızlarımızıda görərsən.
Gəncəni gəzdikdən sonra onlar evə döndülər. Onları Oğuzun bacısı qarşıladı. Helenada şəhəri bəyənib, bəyənmədiyini soruşdu. Aldığı cavab belə oldu :
Oğuzun ruhunu oxşayan Gəncənin bağı-bağçası, dağı, meşəsi və adamlarıdır. Burda onun xatirələri qalıb. Oğuzu sevən bağını-bağçasını, dağını, meşəsini və xatirələrinidə sevər.
Helena xanım Gəncəyə gəldikdən sonra ona Leyla adını verirlər. Həmçinin həyat yoldaşının soyadı Seyidzadə soyadını qəbul edir. O Azərbaycanda Leyla Seyidzadə kimi tanınacaqdı. Ad dəyişikliyi ilə bağlı həyat yoldaşı İsmayıl bəy “Bakı Rüzgarı” kitabında işarə edir. Xatirədə ad gizli qalsın deyə Leyla yox, Alya qeyd edilib. İsmayıl bəy xatirələrində bir çox adları öz adları ilə yox, şərti ad altında qeyd etdiyindən Leyla xamında adını belə qeyd etmişdi.
Artıq Leyla Seyidzadə adı ilə tanınan Helena yoldaşı İsmayıl bəy ilə Gəncədə qaldıqdan bir müddət sonra Bakıya köçürlər və beləliklə onların ağır və keşməkeşli həyatı başlayır.
Leyla və həyat yoldaşı Bakıda olarkən Gizli Müsvatın rəhbəri Dadaş Həsənzadə və onun ailəsi ilə yaxın münasibətlərə malik idilər. Dadaş Həsənzadə və İsmayıl bəy gənclik dostları idilər. Bakıya döndükdən sonra bu münasibətləri yenə də saxlayırdılar. Amma sonradan Dadaş Həsənzadə Gizli Müsavat işinə görə həbsxanaya salınır və onun ailəsi ilə sadəcə Leylaxanımgil maraqlanırdı. O həbsxanada olarkən Leyla və Dadaş Həsənzadənin bacısı (Pəri Həsənzadə, C.N) ziyarətə getmişdilər. Bu o zaman çox təhlükəli bir addım idi. Amma Leyla xanım etmişdi. İsmayıl bəy “Bakı rüzgarı” kitabında həmin hadisə ilə bağlı qeyd edir :
Hazırladığı tortu Dadaşın böyük bacısıyla ürəklərini qorxu bürümüş halda ÇEKA-ya apardılar. Girdikləri yeganə pəncərəli və içində boğanaq hava olan gözləmə otağı tünlük idi. Dustaqları bir-bir gələnlərin qarşısına gətirirdilər, səssiz ağlayıb-sızlamaqdan başqa heç nə eşidilmirdi. Hərbi geyimli ÇEKA əməkdaşları kimsənin üzünə baxmadan ora-bura qaçırdılar. Ağlayıb-sızıldayanlara öyrəşmişdilər. İki silahlı əsgər künclərdə keşik çəkirdi.
Dadaşın gətirilmə növbəsi çatmışdı. Bir əməkdaş Alyanın(Leyla, C.N) çiyələkli tortuna süngü sancıb yoxladı. Dəlik-deşik olunmuş tortu Dadaşa vermək fikrindən daşındılar. Alya onu bir tərəfə qoydu. Dadaş digər dustaqlar kimi iki əsgərin arasında gətirildi. Bacısı göz yaşlarını saxlaya bilmədi, əllərilə üzünü örtüb ağlamağa başladı. Dadaş isə əhvalının yaxşı olduğunu göstərməyə çalışırdı. Hətta zarafat eləməyə çalışdı, bir gözünü yumub dedi :
Baxın Alya xanım, gözümün biri yatıb dincəlir, o birisə keşik çəkir oyaqdı.
Bu sözlərdə şübhələnən əsgərlərdən biri dilləndi :
Yerli özünə gəl. Burda eyhamla danışmaq qadağandır. Əsgərlər dərhal da Dadaşı geri apardılar. Qadınlar oradan kədər içində çıxdılar. Alya ərinə şad xəbər apara bilmədi.
Əfsanəvi, Sovet rejiminin sındıra bilmədiyi Dadaş Həsənzadə həbsdə olarkən Leyla Seyidzadəyə onunla görüşmək qismət olmuşdu. Bu faktın özüdə böyük tarixi əhəmiyyətə malik məlumatdır.
Leyla xanım həyat yoldaşı İsmayıl ilə birlikdə sovet ÇEKA-sının izləmələrindən və təqiblərindən özlərini qorumaq üçün tək yolu Azərbaycandan çıxmaqda görürdülər. İran yolu ilə ayrı-ayrılıqda onlar müxtəlif yollarla Azərbaycanı tərk edirlər. İrana keçməklə orada bir müddət qaldıqdan sonra Türkiyəyə mühacirət edirlər. Artıq onların sonuna qədər vətən seçəcəkləri sonuncu dayanacaq Türkiyə idi. Son dayanacaq Türkiyədə onun soyadı da dəyişərək Leyla Saryal adı ilə tanınır. Getdikləri yerlərdə çətinliklər və əzablar həmişə onları izləyib.
Leyla xanımın Türkiyə həyatıda çox maraqlıdır. Türkiyədə onun ən yaxın dostları Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadə və Əziz Alpoutun xanımı Aytən xanım idi. Türkiyədə onun Azərbaycan sevgisinə yeni bir sevgidə əlavə olunmuşdu, bu Türkiyə və Atatürk sevgisi idi.
Belə bir möhtəşəm qadın idi Helena Hoffmann, Leyla Seyidzadə, Leyla Saryal.
Yazını onun şəxsiyyətini bizə anlatmaqda yardımçı olan Nilgün xanım Saryalın sözləri ilə bitirmək istəyirəm :
“ Nənəm çox varlı bir ailənin, çox yaxşı təhsil almış, 4 dil bilən, 4 yaşından başlayraq piano və şan dərsləri almış tək qız idi.
3 yaşında atasını itirmişdi. Varlı bir dost ailənin oğlu ilə beşik kəsdirmişdilər. Amma 18 yaşında Azərbaycan türkünə aşiq oldu. Ailəsini razı salmaq üçün müyyən zaman lazım oldu. 7 dayını qəbul etdirmək üçün çaba göstərmişdi.
1924-cü ildə ürəyinin izində, Azərbaycana getdi. Berlinin lüks məhəlləsindəki böyük evdən, Bakıdakı 1 otağa....
Stalin dönminə qədər pis-yaxşı idarə etdilər.
Bir qızı oldu... 1 yaşında öldü...
Stalin dönəminin zülmü başlamışdı... Bakının küçələrində anasını, atasını öldürdükləri və ya sürdükləri kimsəsiz uşaqlar, pərişan halda qaçır, gecələri küçələrdə dalan maşınlarda enən Çeka polisləri binalara dalıb, insanları tutub aparırdı. Dədəmin dostlarını güllələdilər...
9 aylıq hamiləykən, babamı univeristetdə dərs verdiyi tələbələrdən ikisi Çeka-ya xəbərlədi. Babam, atamın doğulduğu gecə İrana qaçdı.
Qucağında 1 həftəlik atamla, Xəzər dənizi vasitəsi ilə oda İrana qaçdı.1 ilə yaxın İranda yaşadılar. 1 il sonra öncə dəvə, sonra at üstündə Türkiyəyə qaçdılar...
Gənc Türkiyə Cümhuriyyətinə, özgürlüyə, bağımsızlığa, ümidə....
Sərhəddə türk əsgəri, dağda qaçaqlara aid olduğunu düşündükləri bir çadırı açıb, içində yatan bir gənc, sarışın gözəl qadın, bir uşaq tapanda heyrətlənib qaldı. Ondan sonrası həmişə gözəl keçdi həyatımız, Atatürk və türk milləti sayəsində. “Varlığını buna borclusun” həmişə dedi mənə.
Yeriməyə başladığım gündən, məktəbə başladığım günə qədər, hər səhər Anıtqəbirin ilk ziyarətçiləri olduq ikimiz. Çıxarkən xatirələrini, Atatürkü və cümhuriyyətin ilk illərini danışdı. Enərkən danışdı, bıkmadan, usanmadan hər gün.
Əsgərlər “Nilgün gəlmiş” deyə gülərək qarşıladı. Evim kimi gəlirdi Anıtqəbir...
Atamın evi..
Son illərini daha çox danışırdı...
Hər danışdıqca sonda deyərdi:
Əsla ağlama arxamdan, mən çox gözəl bir həyat yaşadım. Babala bir-birimizi çox sevdik. Çox xoşbəxt yaşadıq. Çox rəngli həyat yaşadım, onunla evləndiyim üçün. Almaniyada qalsam, yada 2-ci dünya müharibəsində bir bomba ilə öləcəkdim, yada həyatda qalsam da tək həyat yaşayacaqdım. Mənim həyatım bir film kimi həyacanlı keçdi. Yaxşı ki, Atatürk və qurduğu Türkiyə Cümhuriyyəti vardı. O sayədə varıq. Vətənini sev. Heç bir zaman pes etmə, hər şey düzələr.
Anama gümüş çərçivəli balaca bir Atatürk rəsmi vermişdi, divarıma asmışdıq.Səhərlər qalxanda, yuyunub geyindikdə sonra, öncə and içdirirdi qarşısında, daha məktəbə başlamamışdım :
Türküm, doğruyum, çalışqanam....
Arxamdan sakın ağlama, sevin ki, nənən çox rəngli və xoşbəxt bir həyat yaşadı.
1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli – Azərbaycan Cümhuriyyətinin Tələbələri (Tarixi arayış, bəlgələr, yaşamlar), Bakı, 2016.
2. İsmail Saryal – “Bakü Rüzgarı”, Ankara 1998.
3. Fotolar və bir çox şəxsi məlumatlar İsmayıl Saryalın və Helena Hoffmanın nəvəsi Nilgün Saryalın şəxsi arxivindəndir.
Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi