Bakı Bəyannaməsinin mətni açıqlandı

Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb. Sozcu.az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi. Nazirlər, Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq; Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq; Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq; Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq; Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək; Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək; Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək; Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək; Aşağıdakıları bəyan etdilər: Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar; Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər; Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər; Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər; Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı. Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər; Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər; Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar; Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar; BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar; Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar; Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla, nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar; Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər; Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər; Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq etdilər; Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq etdilər; Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər; Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər; Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər; Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsini alqışladılar. Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər. Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər. 15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində imzalandı. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Naziri Zati-aliləri İlya Darçiaşvili Türkiyə Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Hakan Fidan".

Azərbaycanda güclü zəlzələ oldu

Xəzər dənizində 4.2 maqnitalı zəlzələ olub. Sozcu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ Bakı vaxtı ilə saat 18:35-də 62 km dərinlikdə qeydə alınıb.

Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var. ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub. Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq. ETX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır. Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.

Ukraynaya silahları bu yolla alacağıq - Şoltsa

Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirlər Ukrayna üçün silahların alınmasına sərf olunacaq. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Fransa və Polşa liderləri ilə birgə mətbuat konfransında deyib. “Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəliri Ukraynaya silahların alınmasına maliyyə dəstəyi üçün istifadə edəcəyik”, - kansler vurğulayıb. Şolts bildirib ki, NATO və müttəfiq ölkələrin müdafiə nazirləri bu addımın konkret icrasını müzakirə etmək üçün bazar ertəsi Ramşteyndə görüşəcəklər.

Bütöv Azərbaycan xəritəsinə görə həbslər davam edir

Martın 13-ü axşam saatlarında Təbrizdə “Traktor” və Tehranın “Havadar” komandalarının qarşılaşmasından sonra həbs edilənlərin sayı 5-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Siyamək Seyfi, Milad Zeynəlabdini, Səməd Heydəri, Əmin Tağızadə və Əmir Tağızadənin təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib. Onların hara aparıldığı və ittihamları barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, qarşılaşma zamanı “Traktor” azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.

Ukraynanın raket atəşi Belqorodda Putinin seçkilərini dayandırdı...

Martın 15-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində RM-70 “Vampire” reaktiv yaylım atəş sistemindən buraxılmış yeddi raketi vurub. Atışma zamanı Belqorod və Belqorod vilayətində hava hücumu xəbərdarlığı elan edilib.  Sozcu.az xəbər verir ki, “Meduza” nəşrinin rəsmi kanallara istinadla yaydığı məlumata görə, raket təhlükəsi səbəbindən Rusiyada prezident seçkilərində səs verməyə gələn insanlar seçki məntəqəsini tərk edərək gizləniblər. 15 dəqiqədən sonra raket xəbərdarlığı ləğv edilib və səsvermə davam etdirilib. Eyni zamanda, yerli sakinlərin fotoşəkilləri və videolarına əsasən, Belqorodun özündə bir neçə avtomobil və evə ziyan dəyib. Ən azı bir avtomobil yanıb. Yerli hakimiyyət orqanları atəşin nəticələri barədə hələlik məlumat verməyib.

Onkoloji xəstələr icbari tibbi sığorta ilə təmin olunmalıdır - Komitə sədri

İcbari tibbi sığorta fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Deputat bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir: “154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”. Komitə sədri xatırladıb ki, hesabat ilində “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər bu sahədə problemlərin aradan qaldırılmasına şərait yaradacaq.

Sülh müqaviləsinin mətni üzərində danışıqlar aparılır - İlham Əliyev

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. Dövlət başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Ələsgər Məmmədli həbsdə qaldı

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.  Sozcu.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.  Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.  Qeyd edək ki, Ə. Məmmədli qaçaqmalçılıqda ittiham edilir. 

Hava dəyişəcək: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.  Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. 

Türkiyədəki zəlzələni proqnozlaşdıran alim: “Seysmik qiyamət qopacaq, Yer titrəyəcək”

Niderlandlı seysmoloq Frenk Huqerbits Günəş sistemində güclü seysmik aktivliyə səbəb ola biləcək unikal hadisə barədə xəbərdarlıq edib. Türkiyə və Suriyada zəlzələ ilə bağlı proqnozu ilə tanınan elm adamı martın 13-dən başlayan və 17-dək davam edəcək planetar yaxınlaşmanı əsas gətirib. O qeyd edib ki, bu hadisə təxminən hər 14 ildən bir baş verən Günəş, Yupiter və Uranın düzülməsidir. Bu dəfə Merkuri və Venera da onlara qoşulacaq. Alimin sözlərinə görə, bu düzülüş maqnitudası səkkiz bala qədər olan güclü zəlzələlərə şərait yarada bilər. Huqerbits sözlərinə görə, xüsusi dəhşətli zəlzələlər 15-16 martda gözlənilir.oxu)

Amerikalılar prezident seçkilərində kimə səs verəcəklər? – SORĞU

ABŞ-ın hazırkı prezidenti Co Bayden rəqibi Donald Trampdan cüzi faiz nisbəti ilə irəlidədir.  Sozcu.az xəbər verir ki, ABŞ-da keçirilən sorğunun nəticələri belə deməyə əsas verir. Sorğuda iştirak edən seçicilərin təxminən 39 faizi bu gün seçkilər keçiriləcəyi təqdirdə Demokrat Co Baydenə səs verəcəklərini bildirib. Respondentlərin 38 faizi isə Respublikaçı Trampı dəstəkləyəcəyini açıqlayıb. Sorğuda iştirak edənlərin 11 faizi digər namizədlərə səs verəcəyini, 5 faizi ümumiyyətlə seçkiyə getməyəcəyini deyib. Respondentlərin 7 faizi isə cavab verməkdən imtina edib. Sorğuda 4,094 seçici iştirak edib. Sorğunun səhv olma ehtimalı 1,7 faiz təşkil edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycandadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib. Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.

Avropa Komissiyasında Ermənistanın Aİ-yə daxil olmaq istəyi dəstəklənib

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün müraciət edə bilər, ölkənin icmaya inteqrasiyası ilə bağlı növbəti qərar bütün Aİ ölkələrinin razılığından asılıdır. Sozcu.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Avropa Komissiyasının nümayəndəsi Piter Stano deyib. “Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək naminə səy göstərmək hüququ var. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi - onun xalqı və hökuməti İttifaqa üzv olmaq üçün müraciət edib-etməyəcəyinə qərar verməlidir”,-deyə Stano vurğulayıb. Onun sözlərinə görə, hər hansı dövlət Aİ-yə daxil olmaq üçün müraciət edən kimi üzv dövlətlər bu müraciəti nəzərdən keçirir və sonra Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər.

Qurban Qurbanov: Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu

Bu turnirdəki oyunlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük, canlı şahidi olduq. Sozcu.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib: "Sonadək ağır mübarizə apardılar, çox güc sərf etdilər. Bizim azərbaycanlı azarkeşlərə də minnətdaram. Komandamızın yanında oldular. Rəqib baş məşqçi Xabi Alonsonu təbrik edirəm. Həm onlara, həm də özümüzə uğurlar arzulayıram". Təcrübəli baş məşqçi şansdan istifadə etmək istədiklərini bildirib: "Daha çox bu mərhələlərə çıxmalı və təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən həddindən artıq hazırlıqlı olmalıyıq. Avropa futboluna, buradakı dinamikaya dözməliyik. Öz üzərimizdə daha çox çalışmalı və işləməliyik. Belə matçlara bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Hər şeyə real baxmalıyıq. "Qarabağ"ın və "Bayer 04"ün futbol səviyyəsində fərq böyükdür. Amma oyunçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini yaxşılaşdırmaq lazımdır. Bir neçə təmsilçimiz turnirlərdə iştirak etsələr, nəticəmiz daha da çox olacaq". Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda “Bayer 04”ə yenilib.

Türkiyədə ağır yol qəzasında 7 nəfər yaralanıb

Türkiyənin Ərzincan şəhərinin Tercan rayonunda iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, yaralanan yeddi nəfərdən dördü uşaqdır. Faktla bağlı araşdırma aparılır.

Bakıda 23 yaşlı gənci avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Rəhimli Hakim Maarif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.report)

Ukrayna kəşfiyyatı: Rusiyanın Belqorod və Kursk vilayətləri aktiv döyüş əməliyyatları zonalarıdır

Diversiya qrupları Rusiyanın iki sərhədyanı regionunu “aktiv döyüş əməliyyatları zonasına” çevirib. “Report” yerli “İnter” telekanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov milli telemarafonda bildirib. Əvvəllər Ukraynada yerləşən qruplar Belqorod və Kursk vilayətlərində döyüşdüklərini bildirərək təhlükəsizlik məqsədilə yerli sakinlərdən təxliyə olunmalarını istəyiblər. “Kursk və Belqorod vilayətləri hazırda aktiv hərbi əməliyyatlar zonasıdır. Biz bunu təsdiq edirik”, – Yusov söyləyib. Rusiya Müdafiə Nazirliyi sərhədi yarmaq cəhdinin qarşısı alındığını bildirib. Qurumun məlumatına görə, Belqorod vilayətinin ərazisinə soxulmağa cəhd edən 195-ə qədər ukraynalı hərbçi öldürülüb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, sərhədə hücum sonucunda iki nəfər ölüb, azı 20 nəfər yaralanıb. Daha sonra Qladkov açıqlayıb ki, regionda Ukrayna qoşunları yoxdur, döyüşlər onun hüdudlarından kənarda gedir. “Ancaq bizim Kozinka çox zərər çəkib, dağıntı çox ciddidir. Ərazi özünümüdafiəçiləri və keşişlə birlikdə sakinləri təhlükəsiz yerə apardıq”, –o, teleqramda yazıb. Kursk vilayətinin qubernatoru Roman Starovoyt qeyd edib ki, Ukraynanın diversiya-kəşfiyyat qrupu Tetkino kəndinə girməyə uğursuz cəhd edib. Rusiya Qvardiyasının mətbuat xidməti bildirib ki, qurumun əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbçiləri və sərhədçiləri ilə birlikdə kənddə hücumun dəf edilməsində iştirak edirlər.

Şagirdə qarşı qeyri-etik hərəkət etdiyi iddia olunan müəllim və direktor işdən çıxarıldı

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb. Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb. Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib: “Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Bakıda 32 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Bu rayonlarda narkotik istifadəçiləri daha çoxdur - SİYAHI

2023-cü ildə Bakı şəhəri üzrə 11 152 nəfər, Sumqayıt şəhəri üzrə 3 692 nəfər, Gəncə şəhəri üzrə isə 3 193 nəfər narkotik istifadəçisi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub. Rayonlar üzrə statistikaya gəlincə, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə yer Lənkəran, Salyan və Şirvan rayonları yer alıb. Lənkəranda 3 193 nəfər, Salyanda 1 248 nəfər, Şirvanda 1 233 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur.

Azərbaycanda məmur rüşvətə görə həbs edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əmək haqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.  Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.  İlkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.  Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 

Tramp anlayacaq ki, Putinlə mümkün deyil - Conson

Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə razılaşmanın mümkünsüz olduğunu anlayacaq. Sozcu.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib. Consonun sözlərinə görə, Trampın seçkilərdəki mümkün qələbəsindən panikaya düşmək lazım deyil, çünki xələfi Barak Obamadan fərqli olaraq, o, Ukraynaya silah verən ilk şəxs idi: “Tramp nə vaxtsa Putinlə danışıqlar aparmağa qadir olduğunu düşünə bilər, amma başa düşəcək ki, Putinlə heç bir sövdələşmə mümkün deyil. Ona görə də düşünürəm ki, sonda o, demokratiyanın qorunmasına kömək edəcək və Ukraynanı dəstəkləyən bir prezident olacaq. Ukraynaya yardımın əleyhinə olan ultra-respublikaçılara gəlincə, düşünürəm ki, bu, prezident seçkilərindən sonra dəyişəcək”.

Novruz bayramı ərəfəsində heç bir əfv gözlənilmir - Açıqlama

Novruz bayramı ərəfəsində heç bir əfv gözlənilmir. Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının sədri, Əfv komissiyasının üzvü Rəşad Məcid deyib. “Əfv imzalanması üçün proses yanvar ayından başlanmalı, müraciətlərə baxılmalı, siyahı hazırlanmalı idi. Çünki bu proses ən azı iki ay vaxt aparır. İndiyə qədər belə bir proses getməyib. Ona görə də Novruz bayramı ərəfəsində əfv gözlənilmir”, - o bildirib.