İranda həkim çatışmazlığı: Xəstələr xaricə göndəriləcək

Ölkədə həkim çatışmazlığına görə xəstələrin müalicəsi problemə çevrilib. Belə davam edərsə, 7-8 ildən sonra xəstələri müalicə üçün xarici ölkələrə göndərmək məcburiyyətində qalacağıq. Sozcu.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Əli Cəfərian deyib. "İnqilabın ilk illərində xarici həkimlərin xidmətindən istifadə etsək də, sonradan vəziyyət dəyişdi. 3 il əvvələ kimi xəstələrin xaricdə müalicə olunması az hallarda baş verirdi, indi isə bu genişlənməkdədir", - o bildirib. Cəfərian xarici ölkələrə işləməyə gedən həkimlərin sayının artdığı, yaxın gələcəkdə bu sahədə qarşısıalınmaz problemlərin ortaya çıxacağı barədə xəbərdarlıq edib.

Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA

Tanınmış biznesmen Faiq Osmanlı məhkəməyə verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb ona məxsus şirkətin ödənilməmiş vergi borclarıdır. Belə ki, Osmanlı Faiq Yunis oğluna məxsus "Badamlıq" MMC-nin fonda vergi borcu yaranıb. Lakin müəyyən olunan vaxt keçməsinə baxmayaraq, borclar ödənməyib. Bu səbəbdən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. Dövlət qurumu iddiada borclar ödənmədiyi təqdirdə biznesmenin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib. Qeyd edək ki, Faiq Osmanlı keçmiş deputat Ceyhun Osmanlının qardaşıdır. Faiq Osmanlının "Badamlıq" MMC-dən başqa da bir neçə şirkəti mövcuddur.

“Mənə kim cinayət işi açır?” - Ramiz Mehdiyevdən ittihamlara sərt cavab

Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi başlanıb. Qanun pozuntularının AMEA-nın sabiq prezidenti  Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib. Sozcu.az manset.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev məsələyə münasibət bildirib. O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb: "Kimdir danışan? Sizə deyirəm, danışan kimdir? Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun!" 

Sahibkarlar milyonları ÖLKƏDƏN QAÇIRIR - Bu yolla...

Ekspert deyir ki, bir çox hallarda Azərbaycandan çıxarılan pullar elə dövlət məmurlarının olur… Sozcu.az xəbər verir ki, son günlər xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitləri Azərbaycana qaytarılmadığına görə bir neçə cinayət işləri başlayıb. Bildirilir ki, hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında alqı-satqıya dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə “Fruit Yard” və “Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitin (müvafiq dövrün məzənnəsi ilə 31.5 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Anar Süleymanov barəsində həbs-qətimkan tədbiri seçilib. “EA-Fruits” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) qaytarılmamasına görə Adil Məmmədov barəsində də həbs qərarı verilib. “ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 2,2 milyon manatdan artıq) müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına görə də daha üç sahibkar haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitinin Azərbaycana qaytarılmamasına görə prokurorluq orqanlarında istintaq aparılır. Yada salaq ki, ötən ay başqa bir şirkətlə bağlı analoji hal baş vermişdi. “Diamond Motors”un ölkədən külli miqdarda pul çıxarıldığı iddiası var idi. Belə ki, “Mitsubishi Motors” MMC-nin Azərbaycanda rəsmi dileri olan “Diamond Motors”la bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib. “Diamond Motors”un İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Sahibkarlar ölkədən qaçırdıqları pulları harada saxlayır? Niyə bu pulları ölkəyə qaytarmaq istəmirlər? Qeyd etmək yerinə düşər ki, ötən il xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib. Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər. Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir. Hüquqşünas, bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov mövzu ilə bağlı  fikrini bölüşüb: “Burada söhbət Cinayət Məcəlləsinin 208-ci maddəsindən – xarici valyuta vəsaitlərini xaricdən qaytarılmamasından gedir. Əgər məbləğ xeyli miqdardadırsa, 20 min manatdan yuxarı olanda 3 ilədək azadlıqdan məhrumetmə olacaq, külli miqdardadırsa, yəni 30 mindən yuxarıdırsa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da xatırladım ki, 20 min manata qədər inzibati xəta sayılır, məbləğ 20 min manatdan yuxarıdırsa, bu artıq cinayət sayılır. Tutaq ki, sahibkar bir xarici şirkətlə hər hansı bir müqavilə bağlayır, Azərbaycan bankına pulu köçürür və iki il müddətində mövcud qanunvericiliyə görə ya aldığı mal, xidmət Azərbaycana daxil olmalıdır və gömrük sənədlərini banklara təqdim etməlidir. İki il ərzində mal gəlmirsə, pulu qaytarmalıdır. Qaytarmırsa, deməli, pozuntu var. Bunu da ayırd etmək lazımdır. Bəzən sahibkar bunu qəsdən etmir. Tutaq ki, mən sahibkaram, xaricdən mal sifariş vermişəm. Malı oradakı xarici şirkət göndərmədi, məni aldatdı. Bu halda mənim günahım yoxdur. Cinayət Məcəlləsində məqsəd odur ki, sahibkarlar Azərbaycandakı valyutanı qanunsuz şəkildə çıxarmasınlar. Amma niyyətim o olmayıb, kimsə mənə qarşı dələduzluq edib. Təəssüf ki, Azərbaycanda bu məsələlər diqqətlə araşdırılmır. Amma bir sıra hallarda sahibkarlar bunu bilə-bilə, qəsdən edirlər, pulu Azərbaycandan çıxarırlar. Pulu harada saxlayırlar, o ölkələrdə ki, orada vergi azdır, “ofşor”dadır. Bir çox hallarda Azərbaycandan çıxarılan o pullar elə dövlət məmurlarının pulu olur. Bu yolla pullarını xaricə çıxarırlar. Guya orada ev, villa alırlar. Sahibkarlıq fəaliyyəti ilə bağlı problemlər çoxdur, amma bu haqq qazandırmır ki, ölkədən pulu qanunsuz çıxarasan. Söhbət qanunsuz əldə edilən vəsaitdən gedir. Bir çox hallarda qanunsuz, korrupsiya, rüşvətlə əldə edilən pulları ölkədən çıxarırlar”.//“Yeni Müsavat”

Bakıda uçan evlə bağlı yeni TƏFƏRRÜATLAR - "Yağışdan çıxıb yağmura düşən" sakinlər İMDAD DİLƏYİR

Ötən həftə intensiv yağan yağışlar nəticəsində Bakının Yasamal rayonunda uçan ikimərtəbəli fərdi yaşayış evi daha təhlükəli hala gəlib. Bu barədə KONKRET.az-a həmin ərazidə (Abdulla Şaiq, 156) yaşayan sakinlər məlumat veriblər. Bildirilir ki, evin uçub-tökülən qalıqları hələ də dalaniçi yoldan təmizlənməyib və hərəkət imkanını məhdudlaşdırıb. Üstəlik, dünən təkrarlanan yağışlar dağıntıları bir az da yola tərəf sürüşdürüb. Sakinlərin sözlərinə görə, əvvəlki vəziyyətindən əsər-əlamət qalmayan evin digər yarısı da hər an uça, həm ev sahibi, həm də qonşular üçün faciə ilə nəticələnə bilər. Vətəndaşlar onu da qeyd edir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həll olunmamış qalır. Redaksiyamız sakinlərin müraciəti əsasında öncə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Lakin nazirlikdən heç bir açıqlama verilmədən müxbirimiz Yasamal Rayon İcra Hakimiyyətinə (RİH) yönləndirilib. RİH-dən isə həmin ünvanda yaşayan sakinlərin narahatlığından xəbərdar olduqları bildirilib. Əlavə edilib ki, ərazi xeyli müddətdir yaşayışa yararsızdır: “Hazırda ev sahibinin bir tərəfi uçmuş evin içində tək yaşadığı iddia olunur. Sakinlər bununla bağlı bizə bir neçə dəfə müraciət ediblər. Qeyd edək ki, uçan ev şəxsi mülkiyyətə aiddir. Qanunvericiliyə görə, bu qəbildən olan yaşayış evləri mülkiyyətçi tərəfindən təmir edilməlidir. O baxımdan yerli icra hakimiyyəti orqanı kimi bizim məsələnin həlli istiqamətində hər hansı addım atmağımız mümkün deyil”. Beləliklə, verilən cavablardan məlum olur ki, ərazidə yaşayan sakinlərin həyatı hələ də təhlükə altında qalmaqdadır. Xatırladaq ki, söküntü zonası kimi zamanla gündəmə gələn Abdulla Şaiq küçəsindəki fərdi yaşayış evləri tam köhnəldiyindən böyük əksəriyyəti istismar müddətini itirib. Vətəndaşların sözlərinə əsaslansaq deyə bilərik ki, ərazi həm də infrastruktur baxımından çox bərbad vəziyyətdədir. Bu da sakinlərin sıx yaşadığı həyətlərdə antisanitariyaya da yol açır. Konkret desək, Bakının mərkəzini əhatə edən, vaxtilə adi insanlar tərəfindən kustar üsulla tikilən evlərdə minimum həyat səviyyəsindən belə söhbət gedə bilməz. Və uzun illərdir ərazidə kök salan insanları bu vəziyyətdən özlərinin də həsrətlə gözlədiyi kimi, yalnız evlərin yerli-dibli sökülərək mənzil şəraitlərinin yaxşılaşdırılması çıxara bilər.

Qızılın qiyməti rekord həddə çatdı

Dünya bazarında qızılın qiyməti ən yüksək həddə çatıb. Sozcu.az xəbər verir ki, Nyu York birjasında qızılın qiyməti 19.1 dollar artaraq 1 troy unsiyası üçün 2800 dolları keçib.

Daha 7 itkin şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən daha 7 şəhidin dəfn mərasimi keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, dəfn olunacaq şəhidlərdən beşi hərbçi, ikisi isə mülki şəxsdir. Noyabrın 1-də Ələkbər Əzizağa oğlu Babayev paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, İsmət Medal oğlu Piriyev Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında, Möhübbət Qənimət oğlu Mustafayev Tərtər rayonunun Seydimli kənd qəbiristanlığında, Ramiz Mahmud oğlu Mahmudov Zaqatala rayonunun Aşağı Tala kənd qəbiristanlığında, Şahid Sabir oğlu Məmmədov Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında, Hidayət Nəsir oğlu Qarayev Şuşa şəhər qəbiristanlığında, Cahangir Səfəralı oğlu Səfərov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qaradağda 2 nəfər qatarın altında qaldı

Ötən gecə saat 22 radələrində Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda gecə saatlarında faciə: arvadını öldürüb intihar etdi

Bakıda qətl hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun 8-ci kilometr qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Urmiya gölü yenidən qurumağa başladı

Güney Azərbaycanın incisi sayılan Urmiya gölü yenə də acınacaqlı vəziyyətdədir. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Əvvəlki aylarda su ilə dolan Urmiya gölünün yatağının bir çox hissəsinin quruduğu bildirilir. Eyni zamanda, öncəki illərə görə, Urmiya gölünün cənubunda və ortasında çəkilən körpünün ətrafında su var, şimal yarısı isə demək olar ki, quruyub.

VAZ markalı iki maşın toqquşdu: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Cəlayir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakıda erməni başqasının əmlakını taladı

Bakıda erməni əsilli vətəndaş inzibati məsuliyyətə cəlb edilib. Sozcu.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Avokyan Artur Avakoviç barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilib. 227-ci maddə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla bağlıdır. Maddədə inzibati cəza növü kimi 160 saatdan 248 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

“Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır” - Osman Gündüz

“Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu təkliflə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında çıxış edib. O bildirib ki, bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib: “Əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu, artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir. Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar. Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir”. Osman Gündüz əlavə edib ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır. “Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”, - deyə, ekspert vurğulayıb.

COP29 zamanı restoran, mağaza və gözəllik salonları işləməyəcək? - RƏSMİ

"COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir". Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. O, eyni zamanda, qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq: "Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq".

Bu tarixlərdə yollar bağlanacaq, metrodan istifadə edin

Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq. Sozcu.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. "Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq", - o əlavə edib. Qeyd edək ki, 12-13 noyabr qeyri-iş günləridir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8-13 noyabr tarixləri qeyri-iş günləri elan edilib.

Gülər Pentaqon rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Pentaqon rəhbəri Lloyd Ostin arasında telefonla danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyininin məlumatında deyilir. Qeyd olunub ki, nazirlər ikitərəfli və regional təhlükəsizlik, eləcə də müdafiə məsələlərini müzakirə ediblər.

Rayonlardan Bakıya gələnlərə məhdudiyyətlər olacaq

COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərə tutulur. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Nyus24.az-a açıqlamasında deyib. “Çünki böyük tədbirdir, COP29-a dünyanın əksər ölkələrindən qonaqlar gələcək, təşrif buyuranların sayı 80 min nəfərə yaxındır ki, onların arasında rəsmilər və turistlər də olacaq. Bunların həm yerləşməsi, həm də şəhərdaxili hərəkəti təbii ki, müəyyən məhdudiyyətləri zəruri edir. Konkret olaraq şəhərdaxili, yaxud şəhərə girişlə bağlı məhdudiyyət barəsində geniş məlumat verə bilmirəm. Ancaq hər halda məhdudiyyətlər nəzərdə tutulur, çünki dərslərdə fasilə olacaqsa, digər sahələrdə də fasilələr olacaqsa, görünür ki, rayondan Bakıya gələnlərlərlə də bağlı məhdudiyyətlər düşünülə bilər. Amma konkret hansı tədbirlərin olacağı barəsində geniş məlumat verilməyib. Ancaq bununla bağlı yaxın günlərdə açıqlama olacaq”.

Paşinyanın partiyası Ağrı dağından imtina etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının nizamnaməsindən  “Ararat dağı” ifadəsi çıxarılıb. Modern.az-ın məlumatına görə, bu barədə “Joğovurd” qəzeti yazıb. Bildirilir ki, partiyanın əsas sənədində və ya “nizamnamə”sində emblemdə istifadə olunan əl sıxma işarəsinin Ağrı dağına oxşaması ilə bağlı bənd var idi.  "Ağrı dağının adı partiyanın əsas sənədindən çıxarıb. “Joqovurd” qəzeti hakim partiyanın əsas sənədinin redaktə edildiyini və “Ağrı dağı” ifadəsinin çıxarıldığını müəyyən edib. Maraqlıdır, bu nizamnamə dəyişikliyi dövlət reyestrində qeydə alınıb?", - məqalədə qeyd olunur.

Pensiyalar gecikəndə kreditlərə əlavə faiz hesablanır, işıq, su, qaz kəsilir...

Artıq bir neçə aydır Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsində gecikmələr olduğu bildirilir. Pensiyaçıların sözlərinə görə, gecikmələr üç-beş gün çərçivəsində olur. Məsələn, onlar vurğulayırlar ki, əlilliyə görə təqaüd ilin əvvəlində hər ayın 15-də ödənilirdisə, artıq üç aydır ki, ayın 20-si və ya 21-i ödənilir. Bəzi vətəndaşlar deyir ki, bu hal onlara çətinliklər yaradır. Bakıda yaşayan, yaşa görə pensiya alan Könül Əhmədova deyib ki, aylıq pensiyası 360 manatdır: "Pulun böyük hissəsi dərmanlara gedir. Mən də pensiyamı bir ayın xərclərinə görə bölürəm. Pensiya gecikən kimi bir neçə günlük dərmansız qalıram. Biz, pensiyaçılar o qədər də böyük pul almırıq ki, onları da gecikdirsinlər? Yoxsa bizə gələndə pul qurtarır?". Azərbaycanda pensiyaların gecikməsi ilə bağlı əvvəllər də şikayətlər eşidilib. Hətta ötən əsrin 90-cı illərində rayonlarda pensiyaların gecikməsinin bir neçə ay də çəkdiyi deyilirdi. Onda ölkəyə böyük neft pulları gəlmirdi. İndi isə ölkənin valyuta ehtiyatlarının 70 milyard dollar civarında olduğu bildirilir. Bu ilin yanvar-sentyabr göstəricilərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 3 faiz və ya 158 milyon manat çox olmaqla 5 milyard 111 milyon manat təşkil edib. Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri isə 5 milyard 147 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 612 milyon manat çoxdur. Amma DSMF-dən Turana iddia ediblər ki, pensiyaların və təqaüdlərin ödənişində heç bir gecikmə yoxdur: "Pensiya hər ay üçün verilir. Əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürülüb". Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i arasında gerçəkləşir. Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin ödənişləri isə hər ayın 20-28-i aralığında nəzərdə tutulub: "Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir". İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna deyib ki, problem varsa, bu qurumun büdcəsində pulun yoxluğu ilə bağlı deyil: "Biz Dövlət Sosial Müdafiəsi Fondunun gəlirlərinə baxanda görürük ki, gəlirlərində artım var və proqnozdan artıq icra olunur. Dövlət büdcəsinə baxanda da görürük ki, burada profisit var. Bu, onu deməyə əsas verir ki, burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil". İqtisadçı gecikmələrin səbəbinin texniki məsələlər olduğunu düşünür: "Bu, hesabatlarla bağlı ola bilər. Ola bilər ki, xəzinədarlığın reqlamenti dəyişib". O vurğulayır ki, reqlament qurumlara müəyyən çərçivədə manevr etmək imkanı verir: "Məsələn, "ayın ilk 10 günündə" və ya "ayın son 10 günündə" kimi ifadələr iki-üç gün fərqlə ödənişləri etməyə imkan verir. Ola bilsin ki, idarəçilər onu çox bəsit məsələ kimi görürlər və bu, fərqli şəraitdə yaşadıqları üçün onların qayğılarına daxil olmayan bir məsələdir". Amma, R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət çox böyük sosial qrupdan – 1 milyon 100 mindən artıq pensiyaçıdan və 600-700 min digər sosial ödənişlər alanlardan gedir: "Onların da çox böyük əksəriyyəti azgəlirli həssas sosial qruplardır və bütün ailə gəlirlərinin planlaması məhz dövlətdən ödənişlər üzərində qurulub. Zamanında bu ödənişlərin edilməməsi fəsadlar yaradır: kreditlərə əlavə faizlər hesablanır, kommunal ödənişləri vaxtında edilmədiyinə görə işıq, su, qaz, internet xidmətləri kəsilir. Yəni, insanlar çətin vəziyyətdə qalırlar".

Balıq tutarkən kanala düşərək boğuldu

Zərdabda kişi kanalda boğulub. Sozcu.az xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Rusiya miqrant reydi: özbək və qırğızlar saxlanıldı

Rusiyanın Krasnoyarsk diyarında İstintaq Komitəsi və Hərbi Komissarlığın əməkdaşları miqrantlara qarşı reydlər keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, reydlər zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 miqrant saxlanılıb. Bildirilib ki, təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, taxta emalı bazasını və istehsal və logistika kompleksini yoxlayıb. Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Rusiyada yaşayan vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir.

Namizəd kim olacaq: Mənsur Yavaş, ya İmamoğlu?

CHP sədri Özgür Özəl İstanbul Böyükəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun növbəti prezident seçkilərində namizəd olacağı ilə bağlı məlumata aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlıumat yayıb. “Məncə, namizəd seçimində Əkrəm bəyi seçdiyimizi desəm, heç kimin deyəcək sözü qalmayacaq, amma ictimai auditoriya baxımından Mənsur Yavaş reallığı da var. Bizim Əkrəm bəyi seçib, Mənsur bəyi və onun sevdiklərini incitmək, Mənsur bəyi seçib, Əkrəm bəyi və onun sevdiklərini incitmək kimi üstünlüyümüz yoxdur”, - partiya sədri qeyd edib.

“SİPER Ürün-1” Türkiyə ordusunun xidmətinə verildi

Türkiyənin yeni hava hücumundan müdafiə sistemi Polad Günbəzin əsas komponenti olan uzaqməsafəli regional hava müdafiə sistemi “SİPER Ürün-1” Türk Silahlı Qüvvələrinin inventarına daxil edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün bildirib. Yeni sistemin Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə xalqa hədiyyə olduğunu qeyd edən Görgün bildirib ki, SİPER sistemi döyüş təyyarələri və raketlər kimi hava hədəflərinə, o cümlədən, hava-yer tipli raketlərə qarşı mübarizə apara biləcək. Daha üstün imkanlara malik olacaq “SİPER Ürün-2” sisteminin təkmilləşdirilməsi üzərində işlər davam edir. Qeyd edək ki, Türkiyə yerli şirkətləri tərəfindən hazırlanan yeni nəsil sistemlər vasitəsilə ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq istəyir. Fərqli keyfiyyət və gücə malik hərbi texnikaları bir araya gətirəcəyi üçün "sistemlər sistemi" kimi xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan ASELSAN və ROKETSAN şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onların hazırladığı yerli sistemlər süni intellekt vasitəsilə qarşılıqlı inteqrasiya olunacaq.

Ağsuda ağır qəza: ölən var

Ağsuda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir avtomobil yolunda, Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb. Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.