“Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır” - Osman Gündüz

“Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır”.

Sozcu.az xəbər verir ki, bu təkliflə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında çıxış edib.

O bildirib ki, bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib: “Əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu, artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir.

Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar.

Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir”.

Osman Gündüz əlavə edib ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır.

“Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”, - deyə, ekspert vurğulayıb.

Share on Facebook