Daha 7 itkin şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən daha 7 şəhidin dəfn mərasimi keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, dəfn olunacaq şəhidlərdən beşi hərbçi, ikisi isə mülki şəxsdir. Noyabrın 1-də Ələkbər Əzizağa oğlu Babayev paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, İsmət Medal oğlu Piriyev Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında, Möhübbət Qənimət oğlu Mustafayev Tərtər rayonunun Seydimli kənd qəbiristanlığında, Ramiz Mahmud oğlu Mahmudov Zaqatala rayonunun Aşağı Tala kənd qəbiristanlığında, Şahid Sabir oğlu Məmmədov Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında, Hidayət Nəsir oğlu Qarayev Şuşa şəhər qəbiristanlığında, Cahangir Səfəralı oğlu Səfərov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qaradağda 2 nəfər qatarın altında qaldı

Ötən gecə saat 22 radələrində Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda gecə saatlarında faciə: arvadını öldürüb intihar etdi

Bakıda qətl hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun 8-ci kilometr qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Urmiya gölü yenidən qurumağa başladı

Güney Azərbaycanın incisi sayılan Urmiya gölü yenə də acınacaqlı vəziyyətdədir. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Əvvəlki aylarda su ilə dolan Urmiya gölünün yatağının bir çox hissəsinin quruduğu bildirilir. Eyni zamanda, öncəki illərə görə, Urmiya gölünün cənubunda və ortasında çəkilən körpünün ətrafında su var, şimal yarısı isə demək olar ki, quruyub.

VAZ markalı iki maşın toqquşdu: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Cəlayir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakıda erməni başqasının əmlakını taladı

Bakıda erməni əsilli vətəndaş inzibati məsuliyyətə cəlb edilib. Sozcu.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Avokyan Artur Avakoviç barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilib. 227-ci maddə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla bağlıdır. Maddədə inzibati cəza növü kimi 160 saatdan 248 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

“Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır” - Osman Gündüz

“Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu təkliflə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında çıxış edib. O bildirib ki, bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib: “Əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu, artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir. Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar. Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir”. Osman Gündüz əlavə edib ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır. “Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”, - deyə, ekspert vurğulayıb.

COP29 zamanı restoran, mağaza və gözəllik salonları işləməyəcək? - RƏSMİ

"COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir". Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. O, eyni zamanda, qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq: "Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq".

Bu tarixlərdə yollar bağlanacaq, metrodan istifadə edin

Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq. Sozcu.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. "Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq", - o əlavə edib. Qeyd edək ki, 12-13 noyabr qeyri-iş günləridir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8-13 noyabr tarixləri qeyri-iş günləri elan edilib.

Gülər Pentaqon rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Pentaqon rəhbəri Lloyd Ostin arasında telefonla danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyininin məlumatında deyilir. Qeyd olunub ki, nazirlər ikitərəfli və regional təhlükəsizlik, eləcə də müdafiə məsələlərini müzakirə ediblər.

Rayonlardan Bakıya gələnlərə məhdudiyyətlər olacaq

COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərə tutulur. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Nyus24.az-a açıqlamasında deyib. “Çünki böyük tədbirdir, COP29-a dünyanın əksər ölkələrindən qonaqlar gələcək, təşrif buyuranların sayı 80 min nəfərə yaxındır ki, onların arasında rəsmilər və turistlər də olacaq. Bunların həm yerləşməsi, həm də şəhərdaxili hərəkəti təbii ki, müəyyən məhdudiyyətləri zəruri edir. Konkret olaraq şəhərdaxili, yaxud şəhərə girişlə bağlı məhdudiyyət barəsində geniş məlumat verə bilmirəm. Ancaq hər halda məhdudiyyətlər nəzərdə tutulur, çünki dərslərdə fasilə olacaqsa, digər sahələrdə də fasilələr olacaqsa, görünür ki, rayondan Bakıya gələnlərlərlə də bağlı məhdudiyyətlər düşünülə bilər. Amma konkret hansı tədbirlərin olacağı barəsində geniş məlumat verilməyib. Ancaq bununla bağlı yaxın günlərdə açıqlama olacaq”.

Paşinyanın partiyası Ağrı dağından imtina etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının nizamnaməsindən  “Ararat dağı” ifadəsi çıxarılıb. Modern.az-ın məlumatına görə, bu barədə “Joğovurd” qəzeti yazıb. Bildirilir ki, partiyanın əsas sənədində və ya “nizamnamə”sində emblemdə istifadə olunan əl sıxma işarəsinin Ağrı dağına oxşaması ilə bağlı bənd var idi.  "Ağrı dağının adı partiyanın əsas sənədindən çıxarıb. “Joqovurd” qəzeti hakim partiyanın əsas sənədinin redaktə edildiyini və “Ağrı dağı” ifadəsinin çıxarıldığını müəyyən edib. Maraqlıdır, bu nizamnamə dəyişikliyi dövlət reyestrində qeydə alınıb?", - məqalədə qeyd olunur.

Pensiyalar gecikəndə kreditlərə əlavə faiz hesablanır, işıq, su, qaz kəsilir...

Artıq bir neçə aydır Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsində gecikmələr olduğu bildirilir. Pensiyaçıların sözlərinə görə, gecikmələr üç-beş gün çərçivəsində olur. Məsələn, onlar vurğulayırlar ki, əlilliyə görə təqaüd ilin əvvəlində hər ayın 15-də ödənilirdisə, artıq üç aydır ki, ayın 20-si və ya 21-i ödənilir. Bəzi vətəndaşlar deyir ki, bu hal onlara çətinliklər yaradır. Bakıda yaşayan, yaşa görə pensiya alan Könül Əhmədova deyib ki, aylıq pensiyası 360 manatdır: "Pulun böyük hissəsi dərmanlara gedir. Mən də pensiyamı bir ayın xərclərinə görə bölürəm. Pensiya gecikən kimi bir neçə günlük dərmansız qalıram. Biz, pensiyaçılar o qədər də böyük pul almırıq ki, onları da gecikdirsinlər? Yoxsa bizə gələndə pul qurtarır?". Azərbaycanda pensiyaların gecikməsi ilə bağlı əvvəllər də şikayətlər eşidilib. Hətta ötən əsrin 90-cı illərində rayonlarda pensiyaların gecikməsinin bir neçə ay də çəkdiyi deyilirdi. Onda ölkəyə böyük neft pulları gəlmirdi. İndi isə ölkənin valyuta ehtiyatlarının 70 milyard dollar civarında olduğu bildirilir. Bu ilin yanvar-sentyabr göstəricilərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 3 faiz və ya 158 milyon manat çox olmaqla 5 milyard 111 milyon manat təşkil edib. Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri isə 5 milyard 147 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 612 milyon manat çoxdur. Amma DSMF-dən Turana iddia ediblər ki, pensiyaların və təqaüdlərin ödənişində heç bir gecikmə yoxdur: "Pensiya hər ay üçün verilir. Əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürülüb". Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i arasında gerçəkləşir. Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin ödənişləri isə hər ayın 20-28-i aralığında nəzərdə tutulub: "Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir". İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna deyib ki, problem varsa, bu qurumun büdcəsində pulun yoxluğu ilə bağlı deyil: "Biz Dövlət Sosial Müdafiəsi Fondunun gəlirlərinə baxanda görürük ki, gəlirlərində artım var və proqnozdan artıq icra olunur. Dövlət büdcəsinə baxanda da görürük ki, burada profisit var. Bu, onu deməyə əsas verir ki, burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil". İqtisadçı gecikmələrin səbəbinin texniki məsələlər olduğunu düşünür: "Bu, hesabatlarla bağlı ola bilər. Ola bilər ki, xəzinədarlığın reqlamenti dəyişib". O vurğulayır ki, reqlament qurumlara müəyyən çərçivədə manevr etmək imkanı verir: "Məsələn, "ayın ilk 10 günündə" və ya "ayın son 10 günündə" kimi ifadələr iki-üç gün fərqlə ödənişləri etməyə imkan verir. Ola bilsin ki, idarəçilər onu çox bəsit məsələ kimi görürlər və bu, fərqli şəraitdə yaşadıqları üçün onların qayğılarına daxil olmayan bir məsələdir". Amma, R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət çox böyük sosial qrupdan – 1 milyon 100 mindən artıq pensiyaçıdan və 600-700 min digər sosial ödənişlər alanlardan gedir: "Onların da çox böyük əksəriyyəti azgəlirli həssas sosial qruplardır və bütün ailə gəlirlərinin planlaması məhz dövlətdən ödənişlər üzərində qurulub. Zamanında bu ödənişlərin edilməməsi fəsadlar yaradır: kreditlərə əlavə faizlər hesablanır, kommunal ödənişləri vaxtında edilmədiyinə görə işıq, su, qaz, internet xidmətləri kəsilir. Yəni, insanlar çətin vəziyyətdə qalırlar".

Balıq tutarkən kanala düşərək boğuldu

Zərdabda kişi kanalda boğulub. Sozcu.az xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Rusiya miqrant reydi: özbək və qırğızlar saxlanıldı

Rusiyanın Krasnoyarsk diyarında İstintaq Komitəsi və Hərbi Komissarlığın əməkdaşları miqrantlara qarşı reydlər keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, reydlər zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 miqrant saxlanılıb. Bildirilib ki, təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, taxta emalı bazasını və istehsal və logistika kompleksini yoxlayıb. Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Rusiyada yaşayan vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir.

Namizəd kim olacaq: Mənsur Yavaş, ya İmamoğlu?

CHP sədri Özgür Özəl İstanbul Böyükəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun növbəti prezident seçkilərində namizəd olacağı ilə bağlı məlumata aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlıumat yayıb. “Məncə, namizəd seçimində Əkrəm bəyi seçdiyimizi desəm, heç kimin deyəcək sözü qalmayacaq, amma ictimai auditoriya baxımından Mənsur Yavaş reallığı da var. Bizim Əkrəm bəyi seçib, Mənsur bəyi və onun sevdiklərini incitmək, Mənsur bəyi seçib, Əkrəm bəyi və onun sevdiklərini incitmək kimi üstünlüyümüz yoxdur”, - partiya sədri qeyd edib.

“SİPER Ürün-1” Türkiyə ordusunun xidmətinə verildi

Türkiyənin yeni hava hücumundan müdafiə sistemi Polad Günbəzin əsas komponenti olan uzaqməsafəli regional hava müdafiə sistemi “SİPER Ürün-1” Türk Silahlı Qüvvələrinin inventarına daxil edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün bildirib. Yeni sistemin Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə xalqa hədiyyə olduğunu qeyd edən Görgün bildirib ki, SİPER sistemi döyüş təyyarələri və raketlər kimi hava hədəflərinə, o cümlədən, hava-yer tipli raketlərə qarşı mübarizə apara biləcək. Daha üstün imkanlara malik olacaq “SİPER Ürün-2” sisteminin təkmilləşdirilməsi üzərində işlər davam edir. Qeyd edək ki, Türkiyə yerli şirkətləri tərəfindən hazırlanan yeni nəsil sistemlər vasitəsilə ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq istəyir. Fərqli keyfiyyət və gücə malik hərbi texnikaları bir araya gətirəcəyi üçün "sistemlər sistemi" kimi xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan ASELSAN və ROKETSAN şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onların hazırladığı yerli sistemlər süni intellekt vasitəsilə qarşılıqlı inteqrasiya olunacaq.

Ağsuda ağır qəza: ölən var

Ağsuda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir avtomobil yolunda, Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb. Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.

"Qalatasaray" " Beşiktaş"ı məğlub etdi

Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçirilib. Sozcu.az xəbər verir ki, prinsipial oyunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Cim-bom"un heyətində qolları Davinson Sançes və Viktor Osimhen vurublar. Qonaqların yeganə topuna isə Ernest Muçi imza atıb. Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir matç az keçirən qonaqlar isə 20 xalla 4-cü sıradadır.

Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı

"Gürcü Arzusu" partiyasından Marneuli bələdiyyə üzvü, 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan şəxs saxlanılıb. Sozcu.az News24.az-aistinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü, Parlamentin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib. Şalva Papuaşvilinin bildirdiyinə görə, hadisə ilə bağlı istintaq aparılır. “Cəmi bir neçə hadisə qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar edilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisəsi. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir. İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, 'Lelo' partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma 'Lelo'nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq, amma bu yalanların hamısına cavab veriləcək”, - deyə o, qeyd edib. Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rovşan İskəndərovun bir neçə bülleteni Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı. Qeyd edək ki, Rövşən İskəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.

Dairəvi yolda uçma baş verib

Bakı Kənar Dairəvi 1 avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş verib. Proses üç gün bundan əvvəl başlayıb, bu gün son mərhələsi baş verib. Sozcu.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib. "Səhər saatlarında tərəfimizdən əraziyə baxış keçirilib, araşdırmalar aparılıb. Göründüyü kimi yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50 sm yerini dəyişmiş və stabil vəziyyətdə qalmışdı. Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmayıb, nəqliyyatın hərəkətinə maneə yaranmayıb", - deyə o qeyd edib.

Gürcüstan müxalifəti etirazlara BAŞLADI

Gürcüstan müxalifəti Tbilisidə genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Sozcu.az xəbər verir ki, onlar seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib. Müxalifət liderləri parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələbi edirlər. Yüzlərlə etirazçı ölkə parlamentinin binası qarşısında Rustaveli prospektini bağlayıb. "Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin", - "Birlik - Milli Hərəkat" assosiasiyasının nümayəndəsi Giorgi Vaşadze bildirib. Gürcüstan prezidenti Salome Zurabişvili də mitinqdə çıxış edib. O bildirib ki, "məyusluq və istefa vaxtı deyil". O, xarici liderlərlə məsləhətləşdiyini və aşkar edilmiş pozuntular barədə onlara məlumat verdiyini bildirib. Etirazçıların əllərində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları var, Rusiya əleyhinə şüarlar səsləndirilib. Qeyd edək ki, oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb.

Lənkəranda kütləvi dava: 4 nəfər xəsarət aldı, biri bıçaqlandı

Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb. Sozcu.az-ın məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb. Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb. Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar. Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bayden seçkiyə 8 gün qalmış səs verdi

ABŞ Prezidenti Co Bayden ABŞ prezident seçkilərində erkən səs verib. Sozcu.az xəbər verir ki, Bayden Delaver ştatında səs verib. Florida Universitetinin Seçki Prosesləri Laboratoriyasının məlumatına görə, artıq 43 milyon amerikalı erkən səs verib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokrat Kamala Harris və respublikaçı Donald Tramp prezident postu uğrunda mübarizə aparacaq.