Bayram namazı nə vaxt qılınacaq? - AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar qılıncaq namazın vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən Sozcu.az-a verilən məlumata görə, bayram namazı məscidlərdə aprelin 10-da qılınacaq. Bildirilir ki, bəzi məscidlərdə saat 08:00, digərlərində saat 09:00-da namaz qılınacaq.

"Lotu Quli"ni öldürən şəxslərə ömürlük həbs VERİLDİ

4 il əvvəl Antalyanın Serik bölgəsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı Nadir Səlifovun qətlində təqsirləndirilən Xaqan Zeynalov (Xan Əhmədlinski) və digər 7 nəgərin məhkəmə prosesi başa çatıb. Sozcu.az NTV kanalına istinadən xəbər verir ki, onların ikisi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. İki nəfər 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 4 müttəhimin barəsində isə bəraət hökmü çıxarılıb. Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun Xaqan Zeynalov tərəfindən güllələndiyi bildirilir. İş üzrə Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfov adlı şəxslər məsuliyyətə cəlb edilib.

Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir. "Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqı proqram təminatı ilə hesablanır", - deyə açıqlamada qeyd olunub.

Kürd Əmir, yoxsa “Kür dəymir”? - Adı mübahisə doğuran KÜRDƏMİR

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Kürdəmiri seçdik.  Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var: Bir ehtimala görə, Kürdəmir "Kür" və "Dəmir" sözlərinin birləşməsindən yaranıb. "Kür" sözü çılğın anlamını, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi obanın başçısının adını daşıyır.  Başqa versiyaya görə, guya rayonun adı Kürd Əmir və ya Qurd Əmir ləqəbli tayfa başçısının adı ilə bağlıdır.  Tarixçi Nazim Tapdıqoğlunun "Kürdəmir rayonunun toponimləri" kitabında isə yazılıb ki, Kürdəmir toponimi “Kürün dəymədiyi yer”, yəni "Kür dəymir" kimi mənalandırılır. Modern.az-ın əməkdaşı mövzu ilə bağlı müxtəlif şəxslərin fikirlərini öyrənib. Rayonu Milli Məclisdə təmsil edən deputat Əminə Ağazadə "Kürdəmir" adı ilə bağlı bir neçə versiyadan danışıb: “Bu ad kürd tayfalarının köçdüyü yer kimi də izah olunur. Ehtimal olunur ki, burada vaxtiylə müəyyən qədər kürd tayfaları yaşayıb.  Kür çayının 35 kilometrliyindən keçdiyinə görə “Kürün dəymədiyi” ifadəsi də var. Rayon camaatının, Kürdəmirlə bağlı araşdırma aparan şəxslərin böyük əksəriyyətinin fikri ondan ibarətdir ki, “Kür dəymir” ifadəsi daha uyğundur. Ancaq konkret olaraq bu versiyalar elmi cəhətdən təsdiqini tapmayıb. Bunlar fərziyələrdir". Əslən Kürdəmirdən olan filologiya elmləri doktoru, professor Vaqif Sultanlı:  “Bölgənin adı ilə bağlı qədimlik elementi əsas faktorlardan biri və ən önəmlisidir. Kürdəmirə gəlincə burada ən qədim elementi çayla bağlıdır. Ən çox üzərində dayanılan versiya “Kür dəymir” mənasıdır.  Başqa mənalara yozmaq cəhdləri olur, ancaq hesab edirəm ki, bu daha məntiqlidir. Rayon Kür çayının kənarında yerləşdiyinə görə, bu ad “Kür dəymir” anlayışına uyğundur. Başqa hansısa formada yozulması fikrimcə, yanlışdır. Bu ad tarixi bir addır, belə də qalmalıdır. Sovet İmperiyası dövründə Azərbaycanın rayonlarına, şəhərlərinə milli tarixlə, bölgənin coğrafiyası ilə əlaqəsi olmayan adlar qoyulmuşdu: Puşkin, Jdanov, Xanlar, İliç, Qasım İsmayılov, Əli Bayramlı və s. Bu rayonların adlarının dəyişdirilməsi o dönəmdə çox zəruri idi. Bəzilərinə çox yaxşı adlar seçildi, daha doğrusu tarixi adları bərpa olundu. Beyləqan, Biləsuvar, Qəbələ adlarının bərpası çox doğru addım idi. Ancaq bəzi yanlış məqamlar da var. Məsələn, Mərəzənin adını dəyişdirib Qobustan qoyublar. Duvannı qəsəbəsinin adı da Qobustandır. İkisi də qəsəbə-şəhər tipindədir. Əli Bayramlının adını Şirvan qoyublar, bu dəyişməlidir. Çünki Şirvan bölgə adıdır. Bölgənin adını şəhərə qoymaq çox uyğunsuz və yanlış addımdır”. Kürdəmirdən olan hərbi ekspert Ədalət Verdiyev də rayonun adının hardan gəldiyi ilə bağlı fikirlərini bölüşüb: "“Kürdəmir" sözünün mənbəyinə aid müxtəlif versiyalar mövcuddur. Ancaq həm mütəxəssislərin, həm də real hadisələr fonunda "Kürdəmir" sözünün “Kürün dəymədiyi” ərazi fərziyyəsi özünü daha qabarıq şəkildə göstərir. Mənim də xatırlayıram ki, uşaq vaxtlarımda və ondan sonrakı dövrdə Kür çayının daşması ilə rastlaşmışıq, lakin bu proseslər, fəlakətlər zamanı heç vaxt Kür daşqınları Kürdəmir rayonu ərazisinə qədər gəlib çıxmamışdı. Ona görə real hadisələrin əsasında “Kürün dəymədiyi yer “ ifadəsi daha doğrudur”.

Taksi sürücüləri OD PÜSKÜRDÜ: Süpürgəmizi almışıq, iyulun 1-dən süpürgəçi işləyəcəyik - Video

Məlum olduğu kimi, bu günlərdə Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Qərarda bir neçə tələb var. Tələblərdə bildirilir: 1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. 2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. 3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər. 4. Taksilərin salonunda videokameralar olmalıdır. 5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır. 6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır. Bəs taksilərlə bağlı yeni tələblər taksi bazarına necə təsir edəcək? TV Musavat-ın əməkdaşları məsələ ilə bağlı taksi sürücüləriylə söhbətləşib, onların rəyini öyrənib. Hazırladığımız videoreportajı təqdim edirik:

Daha bir tələbə vəfat etdi – FOTO

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu haqda Sosial və Aqrar-Texnoloji Kolleci məlumat yayıb. Bildirilib ki, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Əliyev Əlirza Əlikramoviç pnevmoniyadan dünyasını dəyişib.

ABŞ-dan Ermənistana: Azərbaycanla yekun razılığa gəl...

Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Brüsseldə ABŞ-AB-Ermənistan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib. "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq", - C.Obrayen qeyd edib.

Doğum sayında KƏSKİN AZALMA - “Əvvəllər bir qadın altı uşaq dünyaya gətirirdi”

Beynəlxalq “Database.earth” platforması maraqlı hesabat açıqlayıb. Həmin hesabata görə Azərbaycan əhalisinin sayı gələcəkdə 10 milyon 462 min 904 nəfərdən 8 milyon 265 min 201 nəfərə qədər azala bilər. Beləliklə də 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayında 161,64% azalma baş verə bilər. Məsələ ilə bağlı Bizim.media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, qlobal səviyyədə əhalinin artım tempində azalma müşahidə olunur: “Təbii ki, Azərbaycan da bu prosesin içindədir. Baxmayaraq ki, proqnozlara görə 2040-cı ilə qədər ölkəmizdə əhalinin sayının artımı davam edəcək. Amma sonrakı illərdə əhalinin sayında azalma gözlənilir. Bu da Azərbaycan dövlətinin təqdim etdiyi statistikaya əsasən, Beynəlxalq qurumların hazırladığı hesabatlarda özünü göstərir. Əlbəttə ki, dövlətin müdaxiləsi hesabına bu proqnozlar dəyişə, doğru çıxmaya bilər. Amma bu hesabat davam etməkdə olan tendensiyalara əsaslanıb”. Sahib Məmmədov Azərbaycanda davam edən tendensiyalardan da danışıb: “Son 60 ilin statistikasına baxdıqda görürük ki, qadınbaşına düşən uşaqların sayı üç dəfədən çox azalıb. Əgər ötən əsrin 60-cı illərində bir qadın ortalama altı uşaq dünyaya gətirirdisə, indi bu rəqəm 1,5 nəfərdən bir qədər çoxdur. Bundan əlavə Azərbaycanda selektiv abort artıq əhalinin cins tərkibini dəyişdirməkdədir. Hazırda ölkəmizdə reproduktiv qadınların sayı kişilərdən azdır. Bu tendensiya da uzunmüddətli planda demoqrafik vəziyyətə ciddi surətdə təsir edir. Yəni yaxın gələcəkdə həm əhalinin cins tərkibi, həm də yaş tərkibi dəyişəcək. Üstəlik doğuşun sayı azalacaq. Nəzərə alaq ki, əhalinin mədəni səviyyəsi artdıqca, tibbi texnologiya inkişaf etdikcə əhalinin artımında müsbət dinamikanı mənfi dinamika əvəzləyir”. İcraçı direktor mövcud zərərli təsirlərdən də danışıb: “Məsələn, Avropadan bizə ixrac edilən “uşaqsız ailə” modeli də öz sözünü deyir. Eynicinslərin evlənməsi təşviq olunur.  Bütün bunlar da qlobal səviyyədə əhalinin azalmasına yönəlik addımlardır. Bundan çıxış edən məlum təşkilat hesab edir ki, 2100-cü ilə qədər proses belə davam edərsə, onda indiki 10 milyon 500 minlik əhali iki milyona qədər azala bilər. Əlbəttə ki, bu bir proqnozdur. Nəzərə alaq ki, Azərbaycan dövlətinin müvafiq qurumları əhalinin artımı və yaxud artımın sabit saxlanılması üçün təhlillər aparır, müəyyən işlər görür. Məsələn selektiv abortun qarşısını almaq üçün ciddi iş gedir. Bu kimi addımların müsbət nəticəsi olarsa, onda əhalinin sayının azalmasının qarşısı alına bilər”.

Aclıq və susuzluqdan ölən uşaqların sayı 31-ə çatdı

Qəzza zolağında aclıq və susuzluqdan ölən uşaqların sayı 31-ə çatıb. Sozcu.az xəbər verir ki, İsrailin mühasirəyə aldığı və yardıma girişi məhdudlaşdırdığı Qəzza zolağında qida çatışmazlığı səbəbindən ölüm halları artır. Fələstin Qızıl Aypara Cəmiyyətindən (FHKS) verilən açıqlamada aclıq və susuzluqdan həyatını itirən uşaqların sayının 31-ə yüksəldiyi bildirilib. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 50 mindən çox uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb. Açıqlamaya görə, İsrail martın 1-dən etibarən yardım missiyalarının 30 faizinin Qəzza zolağının şimalına girişini əngəlləyib. Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında baş verən dağıntılarla bağlı açıqlama verib. Açıqlamaya görə, hücumlar nəticəsində bölgədəki evlərin təxminən 62 faizi dağılıb. Bəyanatda əhalinin 75 faizindən çoxunun köçkün olduğu bildirilib.

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlandı

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

“Rusiya çalışır ki, Azərbaycan və Ermənistan arasında hərbi toqquşma olsun”

“Rusiya hazırda çalışır ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşma baş versin. Ümid edirəm ki, bizim hakimiyyət bu ssenaridən yayına biləcək”. Sozcu.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycan Rusiya ilə imzalanmış Bəyannamə əsasında Ermənistanın Rusiyadan qopub, Qərblə yaxınlaşmasına qarşı sərt mövqe nümayiş etdirmək öhdəliyi götürüb. “Bəzən mürəkkəb görünən məsələlərin sadə izahı olur. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə var. Bəyannamənin 4-cü maddəsində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər”. 5-ci maddə orta məktəb şagirdinin də anlayacağı dərəcədə sadə və aydındır: “Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər". Yaxud 7-ci maddəyə baxaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”. 25-ci maddəyə nəzər salaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər””. Politoloq qeyd edib ki, Qərbin Ermənistana yerləşməklə Azərbaycana hərbi təhdid törətdiyi yönündə yerli KİV-də aparılan təbliğat isə Azərbaycanın sözügedən öhdəliklə bağlı həyata keçirdiyi siyasəti, o cümlədən rus ordusunun Azərbaycanda qalmasını ölkə daxilində əsaslandırmağa və haqlı göstərməyə yönəlib.

Rusiya aerodromuna hücum: 6 təyyarə məhv edildi

Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən ərazidə kütləvi PUA hücumu olduğunu bildirib: “İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”. Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib. *** Rusiyanın Rostov vilayətindəki Morozovsk aerodrumuna PUA hücumu nəticəsində azı 6 təyyarə məhv edilib. Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. “Azı 6 hərbi təyyarə məhv edilib, 8 təyyarə isə ciddi zədə alıb. Hərbi texnika ilə yanaşı, hücum nəticəsində 20-yə yaxın hərbçi ölüb”, - məlumatda qeyd olunub.

Bursada ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilib ki, İstanbul şəhəri istiqamətində hərəkətdə olan avtomobil Bursa yönünə dönən kiçik furqona çırpılıb. Hadisədə yaralanmış doqquz nəfər ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, yaralıların vəziyyəti yaxşıdır. Faktla bağlı araşdırma aparılır.

Arıqlamaq istəyənlər üçün kokteyl

Artıq çəkidən qurtulmaq üçün öncə maddələr mübadiləsini sürətləndirmək lazımdır. Bunun üçün bir çox çaylar, qarışımlar mövcuddur. Sozcu.az axşam.az-a istinadən sizə həm dadlı, həm də arıqlamanıza yardımçı olacaq kokteyl reseptini təqdim edir. 5 ədəd badam ləpəsi, 1 ədəd yaşıl alma, yarım fincan qatıq və ya şəkərsiz, azyağlı yoğurt, 1 çay qaşığı darçın tozunu blendrdən keçirib için. Bu kokteyli qəlyanaltı kimi içə bilərsiniz.

“Araz-Naxçıvan” çempionluğunu rəsmiləşdirdi

Futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.  Sozcu.az xəbər verir ki, ilk matçda “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi xallarını 46-ya çatdırıb. Bununla da mövsümün qalan oyunlarının nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olan "Araz-Naxçıvan" növbəti çempionluğunu rəsmiləşdirib.  Turun digər oyununda “Baku Fire” U-19-u 10:1, “Yasamal Bakı” isə “Record club”u 11:1 hesabı ilə məğlub edib. 

Bülənt İnalın serialı təxirə düşdü

Aktyor Bülənt İnalın baş rolunu canlandıracağı "Yetkisiz bir hayat" serialı ilə bağlı yeni qərar verilib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin çəkilişləri təxirə salınıb. Serialın yerinə sentyabrda başqa bir layihə yayımlanacaq. Layihə "TV8" kanalında işıq üzü görəcək.

Rusiyada qubernator bıçaqlanıb

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis bıçaqlanıb. Sozcu.az xəbər verir ki, Çibis xəstəxanaya yerləşdirilib. Ona hücum edən şəxs isə saxlanılıb. Qubernator Andrey Çibis Apatitidəki “Stroitel” mədəniyyət mərkəzində vətəndaşlarla görüşdən sonra çölə çıxıb. Bu zaman naməlum şəxs qubernatorun yanına gələrək onu qarnından bıçaqlayıb. İlkin məlumata görə, Çibisin həyatı üçün heç bir təhlükə yoxdur. Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri hücumun səbəblərini araşdırır. İstintaq Komitəsindən bildirilib ki, Murmansk vilayətinin qubernatoruna hücum edən şəxs Rosqvardiya tərəfindən saxlanılan zaman yaralanıb. Rusiya "Telegram" kanalları Murmansk vilayətinin qubernatoruna hücum edən şəxsin Apatit şəhərinin sakini 42 yaşlı Aleksandr Bıdanov olduğunu açıqlayıb.apa

Blinken: “Ukrayna NATO üzvü olacaq”

Ukrayna NATO-ya üzv olacaq, zirvə toplantısında məqsədimiz onun alyansa daxil olması üçün körpünün qurulmasına kömək etməkdir. Sozcu.az  xəbər verir ki, bunu Entoni Blinken Brüsseldə alyansın yaranmasının 75-ci ildönümündə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məsələ iyulda Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq. ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, NATO üzvü olan ölkələrin Ukraynaya dəstəyi “qaya kimi möhkəm” olaraq qalır.

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava zamanı 29 yaşlı Nicat İsmayılov tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində 1 ədəd kəsilmiş-deyilmiş daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.report

Rostov vilayəti kütləvi dron hücumuna məruz qalıb

Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə təbliğatçı “Readovka” daxil olmaqla bir sıra Rusiya KİV məlumat yayıb. Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən ərazidə “kütləvi PUA hücumu” olduğunu bildirib: “İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”. Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi ABŞ-də səfir təyin olunub

Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunub. Sozcu.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sənədə görə, daimi nümayəndə vəzifəsindən azad olunmuş Sedat Önalın yerinə xarici işlər nazirinin müavini Ahmet Yıldız təyin olunub. Qeyd edək ki, Sedat Önal daha öncə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2007-2009-cu illərdə Vyanada baş konsul vəzifəsində çalışıb, 2009-cu ildə Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə baş direktor müavini olub, 2012-2016-cı illərdə İordaniyada səfir vəzifəsində işləyib, 2016-cı ildə Yaxın Şərq və Afrika məsələləri üzrə müşaviri müavini vəzifəsinə təyin edilib. Suriya ilə bağlı Astana prosesində Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. O, 2018-ci ildə xarici işlər nazirinin müavini, 2023-cü ilin fevralında isə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Güclü külək zamanı xəsarət alanların sayı...

Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb. Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 2 nəfərə (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək. Sozcu.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər. “Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, - deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər“i təsdiqləyib.

“Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

“Toplum TV”nin həbsdə olan təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edən Xətai Rayon Məhkəməsinin bu qərarından vəkili apelyasiya şikayəti vermişdi. Şikayətə aprelin 3-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Sozcu.az“Meydan TV”yə istinadla xəbər verir ki, məhkəmədə vəkil Aqil Layıc şikayətində göstərilən arqumentləri sadalayıb. Deyib ki, müvəkkili heç bir cinayət törətməyib, onun həbsdə saxlanmasına əsas yoxdur. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir. Çünki həbsdə saxlanması həyatına təhlükədir. Onun səhhətində ciddi problemlər var. Ələsgər Məmmədli xərçəng ehtimalı ilə əlaqədar müayinədən çıxarkən klinikanın önündə tutulub. Ələsgər Məmmədli özü də şikayətin təmin olunmasını istəyib. “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır. Mən təcili müayinə və müalicə olunmalıyam”, – Ələsgər Məmmədli bildirib. O vurğulayıb ki, həbsdə olduğu müddətdə boğazındakı şiş də böyüyüb və boğulma yaradır. Hüquqşünas əlavə edib ki, heç bir cinayət törətməyib, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunub. Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var. Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakimlər şikayəti təmin etməyib – Bakı Apelyasiya Məhkəməsi də Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib. Vəkil Aqil Layıc bildirib ki, müvəkkilinin təcili müayinə və müalicəsi üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciətlər ünvanlayıb. Lakin müraciətlərinin heç bir nəticəsi yoxdur: “Təəssüf edirəm ki, insan həyatına belə yanaşırlar. Məhkəmələr humanizm prinsipinə əhəmiyyət vermirlər. Ələsgər Məmmədli təcili iynə biopsiyası olunmalıdır”. Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib. Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı susdurmaqdır.