Mövqelərimiz yenə atəşə tutuldu

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ - 20 yaralı var

Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, xəstəxanadan bildirilib ki, hadisə nəticəsində 20 nəfər yaralı var. Qeyd edək ki, avtomobil qəzasında 4 nəfər dünyasını dəyişib. *** 19:31 Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb: Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var. Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.

Ata və 6 yaşlı qızı Kür çayında batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb. Hazırda onların axtarışları davam edir.

Bu əraziyə qar yağdı: Faktiki hava

Aprelin 12-si saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub. Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlı, Şəkidə 18 mm, Astarada 9 mm, Lənkəranda 8 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 mm-dək olub. Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-da 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 779-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 451 730 hərbçi, 7 146 ədəd tank, 13 698 ədəd zirehli döyüş maşını, 11 486 ədəd artilleriya sistemi, 1 042 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 755 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 339 ədəd avtomobil texnikası, 9 161 ədəd PUA, 2 087 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 888 xüsusi avadanlıq itirib.

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: DAŞQIN OLACAQ

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

89 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.

Kəlbəcərdən ACI XƏBƏR gəldi - ÖLƏNLƏR VAR

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Sozcu.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb. Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə adıçəkilən sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər. Faktla bağlı araşdırma aparılır.

“ABŞ hazırda Rusiyanın atacağı nüvə silahlarının 98 %-ni vurmağa qadirdir...”-Hərbi ekspert

“Onun fikrincə, Rusiya nüvə sualtı donanması ən təhlükəli olaraq qalır...” Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Pyotr Çernik Rusiyanın nüvə silahlarının gerçək vəziyyəti və Rusiya Federasiyasının həqiqətən də onlardan istifadə etmək iqtidarında olub-olmaması barədə danışıb. Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, Çernik bu haqda “Kanal 24”-ə müsahibəsində danışıb. Onun fikrincə, Rusiyanın nüvə potensialı bir neçə hissəyə bölünməlidir. “ “R-36M” və “UR-100N” şaxta qurğuları şaxtalarda yerləşən Rusiya Federasiyasının əsas nüvə qüvvələridir. Onlardan 74-ü var və hamısı ABŞ-ə yönəlib”, ekspert belə deyib. "Müxtəlif kilotonajlı ayrıca döyüş başlıqları var. Hətta 20 meqatonluq da var. Bu, inanılmaz dərəcədə yüksəkdir. Məncə, bu haqda əlavə sözə ehtiyac yoxdur. Ukraynanın "Yujmaş" zavodu əvvəllər bütün bunlara xidmət göstərib. Çünki "Voyevoda" raketlərini yaradanlar məhz o zavodda olub. Mən onun adekvat vəziyyətdə olduğuna şübhə edirəm", - Çernik qeyd edir. Rusiyada həmçinin “RS-24 “Yars”” və “Topol-M” mobil qurğuları var. Analitik qeyd edib ki, onların sayı çoxdur. "Ruslar bəyan edirlər ki, əllərində 500-ə qədər belə buraxılış qurğusu var. Onların göyərtəsində çəkisi 300 kilotondan 500 kilotona qədər olan 3-6 ayrıca döyüş başlığı ola bilər. “X-101” raketi var. Bu barədə hamı eşidib, hamı bilir. Onun "bacısı"  da var: “X-102” nüvə variantında. "İsgəndər" 50 kilotona qədər nüvə başlığına malik ola bilər", - ekspert bildirib. Onun fikrincə, Rusiya nüvə sualtı donanması ən təhlükəli olaraq qalır. Ekspertin sözlərinə görə, rusların müxtəlif tipli və sinifli 28-ə qədər işləyən raketdaşıyıcısı var. "Ən uzun mənzilli və təhlükəlisi isə "Delfin" sinfindən olandır. R-29 tipli 16-ya qədər raket var. Onlar buna "Sineva" deyirlər. Bu, ciddi silahdır", - analitik bildirib. Çernik qeyd edib ki, amerikalılar hazırda rusların atacağı bütün nüvə silahlarının 98%-ni vurmağa qadirdir. "Həmin silahların yalnız 2% hədəfə çatacaq. Bu da çoxdur", - deyə hərbi ekspert də vurğulayıb.

Qəzzada ölənlərin sayı 33 min 545-ə çatıb

Qəzza zolağında ölənlərin sayı 33 min 500-ü ötüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstinin səhiyyə qurumu məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 63 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikdə 33 min 545 fələstinli həlak olub.

Toyvo Klaar: Azərbaycanla Ermənistan arasında məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar (Toivo Klaar) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür. Sozcu.az xəbər verir ki, o, bu barədə “Azututyan” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsininj bir neçə səbəbi ola bilər: "Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik”, - o bildirib. Diplomat Aİ-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.Report

Keşlədə tanışını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.

“Erməni xalqi cəhənnəmdən keçir” – Kremlin təbliğatçı Qarabağın “itirilməsini” həzm edə bilmir

“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”. Sozcu.az “AzPolitika”ya istinadla xəbər verir ki, bunu Kremlin ən tanınmış və ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov son verilişində Ermənistandakı vəziyyəti şərh edərkən söyləyib. Əvvəlcə Yunanıstanın və Bolqarıstanın Rusiyaya qarşı nankorluğundan və Ukraynaya yardım göstərməsindən gileylənən Solovyov daha sonra Ermənistana keçib. Həmişəki iyrənc üslubunda çıxış edən bu avantürist utanmadan Ermənistanın indiki hakimiyyətini “Qarabağı satmaqda” günahlandırıb: “Bizim gözümüzün önündə “dağlıq Qarabağ”ı verdilər. Paşinyan bircə dəfə də demədi ki, “dağlıq Qarabağ”ın statusu nədir? O, yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə dirəşib. Bu formulla çıxış etməklə o, ermənilərin haranı öz torpaqları hesab etdiklərini demir və Qarabağı satır. Erməni deputatları deyir ki, Rusiya bazası Ermənistanı müdafiə etmək üçün heç nə etmədi. Hansı Ermənistanı? Göstərin, hansı Ermənistanı? Ermənistan hakimiyyətinin Rusiyaya hərbi yardımla bağlı bircə rəsmi müraciətini göstərin. Rusiya ordusu barədə deyilənlərdən öncə, deyin görək, sizin ordu, Ermənistan ordusu hansı döyüşlərdə iştirak edib?” Solovyov deyib ki, Ermənistan Qarabağ müharibəsi zamanı rəsmən hərbi vəziyyət elan etməyib və Rusiyanı hərbi müdaxilə üçün çağırmayıb. Buna görə Paşinyan hakimiyyətini qınayan imperiyaçı həşarat Rusiyanın Cənubi Qafqazdakı işğalçılıq siyasətinə haqq qazandırıb və erməniləri Paşinyanı hələ də hakimiyyətdə saxlamaqda günahlandırıb: “Bu gedişlə Ermənistandan nə qalacaq? Sonra yenə Rusiyanı günahlandıracaqsınız?” Rus xalqının erməni xalqından heç zaman üz çevirməyəcəyindən, “erməni-rus qardaşlığından”, ermənilərin “qədim xristianlığından” dəm vuran Solovyov Rusiya dövlətinin Ermənistan hakimiyyətindən, dövlətindən üç çevirə biləcəyini deyib: “Ermənistan hakimiyyətindəkilər doğrudanmı xristiandırlar? Onlar doğrudanmı erməni xalqının maraqlarına xidmət edirlər?” Solovyov ermənilərə müasir Ermənistanın Rusiyanın sayəsində yarandığını xatırladıb və deyib ki, Rusiyanın hərbi-iqtisadi dəstəyini Qərb heç vaxt əvəz edə bilməyəcək. Sonda isə qeyd edib ki, Paşinyan hakimiyyəti heç vaxt rus və erməni xalqlarının "qardaşlığını" məhv edə bilməyəcək. Beləliklə, sözsüz ki, hər zaman olduğu kimi Kremlin ağzı ilə danışan Solovyov növbəti dəfə Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmir və onun “itirilməsini” heç cür həzm edə bilmədiklərini göstərir.

Daha iki tiktoker saxlanıldı, biri həbs edildi - Rəsmi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, Tiktokda “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib. R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək. “Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, - DİN-in məlumatında deyilir. Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar

Pakistanda ağır qəza: 13 nəfər öldü

Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb. Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bakı və İrəvan sərhədlə bağlı danışıqları bərpa edir

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. Sozcu.az "Novosti Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib: "Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb". O, ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.

Ermənistandakı Rusiya hərbi bazası Qarabağa köçürülür? - ŞOK İDDİA

Ermənistan XİN rəhbərinin MDB iclasında iştirakdan imtina etməsinə gəlincə, bu, İrəvan rəhbərliyinin ilk demarşı deyil. İrəvanın davranışı eyni anda iki stulda oturmaq istəyini ortaya qoyur. Bu isə yumşaq desək, son dərəcə çirkin görünür və üstəlik, belə bir məqamda nəyisə, məsələn, şalvarı cırmaq olar.  Sozcu.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksey Martınov deyib. "Mİ-6-nın rəhbəri Riçard Mur tez-tez İrəvana gedir, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də orada olur. Bütün bunlar Ermənistan tərəfindən təxribat xarakterlidir. Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı proqnozdan danışsaq, o zaman Moskva, əlbəttə ki, heç bir kəskin addım atmayacaq. Çünki Rusiya ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq. Baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya bazası Qarabağ ərazisinə keçəcək. Rusiya istənilən digər münaqişədə olduğu kimi bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq", - o bildirib.

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda nəqliyyat vasitəsi qaçırılıb. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma aparılır.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.  Təbrikdə deyilir:  "Əziz həmvətənlər! Ramazan Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlmanların ən müqəddəs aylarından biri, insanları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa çağırış ayıdır.  Müsəlmanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir, xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar. Ramazan ayında oruc tutan, Allaha dua edən inanclı insanların duaları Allahın dərgahında qəbul olunsun. Bu gün xalqımızın əsas niyyəti, məramı ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıdır.  Müqəddəs bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anırıq. Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, xoşbəxt gələcəyimiz naminə əzmkarlığımızı artıracağımıza inananaraq hamınızı müqəddəs Pamazan Bayramı münasibəti ilə təbrik edir, Sizə xoşbəxtlik və uğurlar arzulayıram.”

Azərbaycanda daha bir şagird vəfat etdi

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Turan Musa oğlu Vəliməmmədov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, 1 ay əvvəl ciddi diaqnoz qoyulan uşağı xilas etmək mümkün olmayıb. Turan Vəliməmmədov məktəbdə nümunəvi davranışı ilə fərqlənən şagirdlərdən biri olub. O bu gün Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.Medicina)

İş adamı bayrama görə 400 evin işıqpulunu ödədi

Türkiyənin Bursa şəhərində kimliyini gizlədən xeyriyyəçi 400 evin 600 ödənməmiş işıqpulunu ödəyib.  Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, ailələrə dəstək olmaq istəyən şəxs Uludağ Elektrik Şirkətindən ödənişdə çətinlik çəkən ailələrin müəyyən edilməsini istəyib.  İş adamı ümumilikdə 200 min TL ödəyib. 

Ukrayna Rusiyanın təlim mərkəzini vurdu

Ukrayna Rusiyanın Voronej vilayətinin Borisoqlebsk aviasiya təlim mərkəzinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat yayıb. Zərbələr nəticəsində aviasiya istehsalı zavodunun əsas sexi sıradan çıxarılıb. Yusov bildirib ki, müəssisənin istehsal gücü ciddi itkilərə məruz qalıb.

Abdullahian pərt oldu: heç kəs qarşılamadı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın aprelin 8-də Suriyaya səfəri zamanı onu Dəməşq hava limanında heç bir Suriya rəsmisi qarşılamayıb. Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb. Bildirilib ki, Abdullahian Dəməşqdə olan iranlı diplomatlar tərəfindən qarşılanıb. Bir sıra mənbələr bildirir ki, aprelin 1-də İsrailin Dəməşqdə 7 SEPAH üzvünü öldürməsindən sonra Tehranla Dəməşq arasında problemlər yaranıb. Bunun SEPAH komandirlərinin yeri və gizli iclasları ilə bağlı Suriya hökumətinin məlumat sızdırdığı ehtimalı ilə bağlı olduğu iddia edilir.

Regionlarda icbari tibbi sığorta: Vətəndaşlar hansı problemlərlə üzləşir?

2021-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Artıq 3 ildir ki, insanların icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 3 mindən çox xidmətindən istifadə etməyə başlayıb. Buraya ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətləri daxildir. İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. İcbari tibbi sığorta, həmçinin səhiyyə infrastrukturunun yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xərclərin daha səmərəli istifadəsinə, inklüzivliyin təmin olunmasına xidmət edir. Ancaq Azərbaycanda ictimaiyyət arasında icbari tibbi sığorta ilə bağlı fikirlər birmənalı deyil, bəzi vətəndaşlar, xüsusilə regionlarda yaşayan insanlar bu xidmətdən istifadə etməkdə çətinlik çəkdilərini bildirirlər. Regionlarda xəstəxanaların icbari tibbi sığortadan istifadə etmək istəyən vətəndaşları gecikdirməsi, onlara çətinlik yaratması barədə xəbərlər yayılır. Problemlərin sırasına növbələrin çoxluğu, tibbi personalın bir qisminin köhnə streotiplərdən azad ola bilməməsi, bir neçə yerdə çalışanların hər bir əməkhaqqına görə ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi, regionlarda müvafiq tibbi personalın və avadanlıqların çatışmazlığı və sair daxildir. Sozcu.az xəbər verir ki, modern.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli isə deyir ki, Bakı şəhərinə, böyük şəhərlərə nisbətən regionlarda tibbi sığorta daha yaxşı işləyir: “Bu da onunla əlaqədərdir ki,regionlarda özəl tibbi müəssisələr, tibbi klinikalar məhdud şəkildədir. Əhalinin imkanları da aşağı səviyyədədir. Amma bir çox hallarda əhalinin əsasən ağır əməliyyatlarda həkimlərin əlavə vəsait tələb etməsindən şikayətlər var”. İcbari sığorta ilə bağlı əsas məsələlərdən biri də həkimlərin maaşıdır. Ekspert deyir ki, Bakı şəhərinin sığorta tətbiq edilən xəstəxanalarında müalicədə problem yoxdur, müayinə edirlər, resept yazırlar. “Xoşagəlməz halların səbəblərindən biri odur ki, əvvəllər bir əməliyyatdan həkim 2000-3000 pul alırdı. İndi sığortada həkimə 150 manat vəsait verirlər. Yəni, bu sığorta təminatının zəifliyi ilə əlaqədərdir. Tibbi sığorta zamanı həkimə normal əziyyət haqqı verilməlidir. Onun əziyyətinin haqqı ödənilməlidir. Həkim əməliyyatdan 3000 alırdısa, bundan tibb bacılarına, digər xərclərə pul verirdi. Özünə 1000 manat pul qalırdı. İndi sığorta həkimə daha az pul verir. Bu da sığortanın maliyyə bazasının zəifliyi ilə əlaqəlidir. Bu gün vətəndaş olaraq düşünürük ki, biz heç nəyi ödəməyək amma sığortalı xəstəxanada müalicə alaq. Bu da yanlış yanaşmadır”. Qeyd edək ki, daha əvvəl Milli Məclisin deputatları icbari tibbi sığorta ilə bağlı bir sıra təkliflər səsləndirib. Təkliflər əsasən Xidmətlər Zərfinin genişləndirilməsi ilə bağlıdır. Parlamentin ötən ay keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir: “154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.