Hüquq müdafiəçiləri Berbokla görüşüb

Vəkillər - Zibeydə Sadıqova, Elçin Sadıqov və hüquq müsafiəçisi Rüfət Səfərov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Rüfət Səfərov məlumat yayıb. “Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu”, - R. Səfərov qeyd edib. Hüquq müdafiəçisi həmçinin bildirib ki, görüşdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.

“Azərsu” yarım milyon manat verib məsləhət alacaq

“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “BM Morrison Partners” MMC olub. Sozcu.az xəbər verir ki, “Azərsu” qalib şirkətə dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınmasına görə 529 min 400 manat ödəyəcək. Nizamnamə kapitalı 10 min manat olan “BM Morrison Partners” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz ev 43-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mirzəyev Fərhad Sabir oğludur.yeniavaz)

Qəzza və Qarabağdakı münaqişəni qarışdırmamağı tövsiyyə edirik - Berbok

Qarabağ Azərbaycanın ərazisidir və Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sozcu.az xəbər verir ki, bunu Almaniya XİN rəhbəri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Qəzza və Qarabağ münaqişəsini qarışdırmamağı tövsiyyə edirik. İsrailin borcudur ki, əhalisini terrordan qorusun. Mən İsraildə olanda bunun şahidi olmuşam, səfər zamanı səfirliyin bunkerində qaldım" - nazir bildirib.

Türkiyə ordusundan terrorçulara ağır ZƏRBƏ

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik 15 hədəfin məhv edildiyini açıqlayıb. Bildirilir ki, PKK terror təşkilatının mövqelərinə zərbələr endirilib.

"Nə qədər ki, ABŞ mövcuddur, İsrail tənha qalmayacaq" - Entoni Blinken

"7 oktyabrdakı status-kvoya dönüş ola bilməz, bu, İsrail üçün qəbuledilməzdir..." "Biz eskalasiyanın və münaqişənin Yaxın Şərqin digər rayonlarına yayılmasının qarışını almalıyıq..." "Mən fələstinli uşaqların gözlərinə baxanda öz övladlarımı görürəm..." "HƏMAS-ın oktyabrın 7-də hücumundan bir neçə gün sonra mən prezident Baydenlə birgə İsrailə gələrək, bəyan etmişəm ki, nə qədər ki, ABŞ mövcuddur, İsrail tənha qalmayacaq". Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Təl-Əvivdə görüşlərinin yekunu ilə bağlı bəyanatında deyib. Məlumatı "mignews.com" nəşri yayıb. Mən İsrailə dördüncü səfərim zamanı bunu bütün görüşlərimdə təkrarlayıram və İsrailin özünü müdafiə etmək hüququ və vəzifəsini dəstəklədiyimizi aydın şəkildə anladıram. Buraya İsrailə yardım və Qəzzaya humanitar yardım üzərində işlədiyimizi də əlavə etmək lazımdır. Heç bir ölkə öz vətəndaşlarının qətlə yetirilməsi ilə barışmamalıdır. Bu gün mən İsrail hökuməti tərəfindın bəzilərinin terrorçuların kameralarından, bəzilərinin isə hücuma məruz qalmış yaşayış məntəqələrindən toplanmış əlavə materiallarla tanış olmuşam. Bunlar insan imkanlarının hüdudlarından kənardır. Qəddarlıq heyrət doğurur. Çoxları oktyabrın 7-də 35 amerikalı, 35 digər ölkədən 200-dən artıq xarici vətəndaşın qətlə yetirildiyini çox tez unudub. Mən israilli və fələstinlilərin başqa gələcəyinin olması, faciədən sonra regionun daha yaxşı gələcəyinin olması ümidilə buna qayğı göstərmək üçün yenidən buradayam. Biz eskalasiyanın və münaqişənin Yaxın Şərqin digər rayonlarına yayılmasının qarşısını almalıyıq. Biz istənilən hücumu dayandırmaq və buna cavab vermək üçün bütün zəruri olanları edəcəyik. ABŞ İranın regionda proksilərinə cavab verməkdə davam edəcək. Bizim regiondakı tərəfdaşlarımız eskalasiyanın qarşısını almaqda mühüm rol oynamalıdır. Biz Fələstin əhalisinə ziyan vurmamaq üçün daha çoxunu etməliyik. Onlar humanitar fəlakətdə qalsalar, sülh üçün tərəfdarlar olmayacaq. Mən həmçinin Qəzza bölgəsində fələstinli uşaqların fotoşəkillərini görmüşəm. Mən bunu görəndə və onların gözlərinə baxanda öz övladlarımı görürəm.  HƏMAS Fələstin xalqının rifahı üçün qətiyyən qayğı göstərmir, o, riyakarcasına onlardan canlı qalxan kimi istifadə edir. Lakin vətəndaşlar onların insanlıqdan kənar hərəkətlərinə görə məsuliyyət daşımamalıdır. Biz İsrailə dinc sakinlərin ölümünü necə minimuma endirmək barədə məsləhətlər vermişik. Biz ata biləcəyimiz mümkün addımlardan danışmışıq. O zamandan biz Misirlə humanitar yardım barəsində razılıq əl etmilik, "Rafiah" nəzarət-keçid məntəqəsindən yüklərin daşınmasını artırmışıq, lakin bunlar yenə də kifayət deyil. Mən İsrail rəhbərliyi ilə humanitar yardımın artırılması üçün hansı addımların atılması barədə danışmışam. Biz Qəzza bölgəsinin cənubundakı xəstəxanaya yanacağın çatdırılması mexanizmini müzakirə etmişik. İsrail yanacağın HƏMAS tərəfindən istifadə edilməsi ilə bağlı əsaslı narahatlığını ifadə edib. Biz belə mexanizmi müəyyən etmişik, amma İsrailin yenə də narahatlığı var və biz bunu bölüşürük. Biz bunu regiondakı tərəfdaşlarımızla da müzakirə edəcəyik". ABŞ Dövlət katibi həmçinin bəyan edib: "7 oktyabrdakı status-kvoya dönüş ola bilməz. Bu, İsrail üçün qəbuledilməzdir və heç kim tərəfindən qəbul edilə bilməz, HƏMAS-ın hökumət olaraq qalması və İsrailə və onun vətəndaşlarına təhlükə törətməsi ideyası da qəbuledilməzdir". Onun sözlərinə görə, digər tərəfdən, İsrail Qəzza bölgəsi üzərində məsuliyyəti və nəzarəti öz üzərinə götürə bilər. İsrail anladıb ki, bunu etməyə onun nə istəyi, nə də niyyəti var", - Blinken deyib.

Pensiya orqanları dövlətinhüquqi, demokratik adını ləkələyirlər

Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib(?) Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan dövlətinin hüquqi, demokratik respublika olduğu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız HÜQUQla, xarici məsələlərdə yalnız dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə MƏHDUDLAŞDIRILDIĞIdoğrulanıb. Ana Qanunun 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Pensiya təminatını, təyinatını gerçəkləşdirən orqanlar isə dövlətin hüquqi, demokratik respublika olmadığənı, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla yox, özbaşınalıqla məhdudlaşdırıldığını ortaya qoyurlar. Vətəndaşın Konstitusiyanın 68-ci maddəsi ilə təminat verilən özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququnada qadağa qoyulub. Özbaşınalqdan, vicdansız davranışdan dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına edilən şikayətlər barəsində şikayət edilən qurumun , vəzifəli şəxsin özünə göndərildiyindən, qanunun aliliyi, hüququn üstünlüyü yox, “dedığım dedığdır” özbaşınalığı hökm sürür.  Özbaşınalığa , dələduzluğa, korrupsiya cinayətinə baxın, borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 6 ildən sonra dövlətin adından Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı BİİM) çıxardığı 05.07.2017 tarixli , 2-1(81)-1889/2017 tarixli qərarını 6 ildən sonra ləğv edib .(?) Düşünmək olardı, “siçanın çaşıb pişikdən pasport tələb etməsi” gülməcəsində olduğu kimi, borclu Filial çaşıb, tələbkardan borc tələbi bir yana, hakim kimi dövlətin adından çıxarılan qərarı ləğv edib. “Kəlləmayallaq” hüquq özbaşınalığının dövlətin sosial, hüquq siyasətini kəlləmayallaq etməsi göz qabağındadır. Axı dövlətin adından çıxarılan məhkəmə qərarını , özü də 6 ildən sonra heç Prezident , Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə də ləğv edə bilməz, hansısa pensiya qurumu, özü də məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulan qurum Konstitusiyanı necə ləğv edə bilər? Belə hüquqi, demokratik dövlət , əlbbəttə, analoqsuzdur.  Ombudsman Aparatından Fond rəhbərinə göndərilən 07.07.2023 tarixliməktubda araşdırma aparılması, insan hüquqları üzrə müvəkkilə bilgi verilməsi istənilib.3 aydan sonra verilən cavabla 30.12.2020 tarixli qanunun məhkəmə qərarını ləğv etdiyi(?) bildirilib və ombudsman bu bildirişi  konstitusiya aktı kimi qəbul edib. (??)Bakı İnzibati Məhkəməsi(hakim Günel xanım Sevdimalıyeva) isə 19.06.2023-cü il tarixli məktubla borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 6 il qabaq çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa müddətdəcavab verilməsini TƏLƏB EDİB. Məhkəmə tələbindən 5ay “qısa müddət” keçməsinə baxmayaraq, hələ də bir sonuc yoxdur, hüquq özbaşınalığı sürür. Məhkəməyə də borclunun məhkəmə qərarını ləğv etməsi“hüquq və azadlıq” özbaşınalığı kimi sırınıb. (??)Özbaşınalığın, vicdansızlığın,hüquqsuzluğun sonu görünmür. Hələ ki, “divar qurtarmır”, pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”. Haraya qədər ? Qazilərin axırına çıxana qədər?.. Məğrur Bədəlsoy

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(ikinci hissə)

Qaçaq Dəli Alı Müəllif: Nağı Şeyxzamanlı (Keykurun) Dəli Alı ilə necə tanış oldum Dəli Alı 10 il davam edən qaçaqlıq və qoçaqlığı ilə özünü hər kəsə sevdirdiyi kimi məni də heyran etmişdi. 1904-cü il, tələbəyəm. Dəli Alının fotosunu görmək imkanım yoxdur. Onu necə görüm deyə gecə-gündüz düşünürdüm. Dəli Alının kəndlərdə gizli gəzdiyini öyrəndim. O yalnız toylarda xalq arasına çıxırdı. Bir neçə kənd toyuna getdim, fəqət nəsib olmadı, sağa-sola baş vurdum, evimizə gələn ağalara yalvarırdım, istəyimi bilməyən qalmadı. Bir gün dayımın oğlu Rza: “Sənə bir sirr verəcəm, heç kəsə söyləmə”, dedi. Söz verdim, bax dedi ki, atam səni məndən daha çox istəyir, sən atama de, o daima qaçaqlarla görüşür, bəlkə səni də görüşdürər. Çox sevindim, Rzaya təşəkkür etdim. O axşam dayımgilə getdim, yeməkdən sonra: “Dayı, siz arada 3-4 gün şəhərdən yoxa çıxırsınız, hara gedirsiniz?”, soruşdum. Cavab verdi: kəndlərdə işim olur. Nə üçün soruşduğumu öyrənmək istədi. Mən də “dayı sizdən bir ricam vardır, mən gecə-gündüz Dəli Alını necə görə bilərəm deyə düşünürəm, nə olar məni onun yanına apar”, dedim. Qəbul etdi. Sən artıq uşaq deyilsən, qocaman dəliqanlı oldun, narahat olma bir gün yazda səni yaylağa götürərəm, orada görərsən – dedi. Sevinərək evimizə döndüm. Artıq aprel ayının sonu gəlmişdi, bir gün axşamüstü dayım bizə gəldi. “Bacıoğlu, dedi, İmam türbəsini ziyarət etmək istəyirəm, hərəmiz bir at minib gedək”. Mən uşaqlara iki at hazırlanmasını dedim. Hazırlandıq. Gəncə şəhərindən 3 kilometr məsafədə olan türbəyə getdik, ordan-burdan danışırdıq, birdə nə görsəm yaxşıdı, çöl qapıdan içəriyə 20-yə yaxın silahlı süvarilər girdilər, dayım ilə görüşdülər, dayım məni göstərərək, “sizi görmək istəyən bacımoğlu Nağı”, dedi. Görüşdük, bunlardan yarısı mənim yanımda qaldılar, digər yarısı türbəyə girdilər, sandığı ziyarət etdilər, qayıtdıqdan sonra digər yarısı türbəyə girdilər. Dəli Alı mənimlə danışdı, suallar verdi, hamısına diqqətlə cavab verirdim, sonra “Alı dayı, nə qədər rus öldürmüsünüz!”, dedim. “Haradan bildin?”, soruşdu. Rus məzarlığına getmişdim, sıra ilə yüzlərlə rus məzarı, hamısında “Razboynik Dəli Alı tərəfindən qətlə yetirilmişdi yazılmışdır. Aralarında polkovnikdən nəfərlərə qədər var idi. Mən ruslara çox sinirlənirəm, sizə “Razboynik” deyirlər. Razboynik çapıb talayan, soyğunçu deməkdir, siz isə halbuki qaçaqsınız, rusların qanunlarından qaçmısınız, onları rədd etmisiniz, qaçaq demək şərəfli insan deməkdir”, – cavabı verdim. Dəli Alı məni çox sevdi, əl sıxdıq, məni yaylağa dəvət etdi və bir tapança hədiyyə etdi. “Bu tapança sizə lazım olmazmı?”, dedim. “Xeyr, ruslar bizə tapança mənzili qədər yaxınlaşmazlar!”, dedi. Ayrıldıq. Sevinc içində idim. Dəli Alı ilə görüşdüyüm gün məsud günlərimdəndir. Bu görüşümüzdən ayyarım keçmişdi, məktəblərdə yaz tətili başlamışdı və mən sərbəst idim, dayımdan nə zaman yaylağa, Dəli Alıya qonaq gedəcəyimizi soruşdum. Dayım dedi ki, bir neçə gün sonra Alının bacısı Zeynəb xanımın oğlu Zeynalabdinin toyuna bərabər gedəcəyik, Dəli Alını orada görərsən. Zeynalabdinin toyu Dayım ilə bərabər uzun yaylaq səfərinə çıxdıq, iki gün yol getdikdən sonra Qoşqar dağının quşuçmaz, karvankeçməz, rus ayağı dəyməyən bir yerinə çatdıq. Toyun ikinci günü idi. Aşıqlar saz çalır, zurna var qüvvəsi ilə ötür, qonaqları qarşılayırdılar. Bizi Zeynəb xanım ilə oğlu qarşıladı. Sağ əlimiz ilə salam verir, sol əlimiz ilə zurnaçılara pul dağıdırdıq. El aşıqları saz ilə oyun havaları çalır, digər tərəfdən qonaqlarla salamlaşırdıq. Dəli Alı bizlə salamlaşır, oradakı qaçaq dəstələrini bizə təqdim edirdi: Mingəçevir qaçağı Meydanalının dəstəsi, Qarabağ qaçağı Muxtarın dəstəsi, Gəncədən gənc Nağının dəstəsi, Xuluflu Məşədi Yolçunun dəstəsi, Qabaqtəpəli Xəlilmehralının dəstəsi, Tovuzlu Qarabirçəkoğlu Tanrıverdinin dəstəsi, Eldardan Əmirəhmədin dəstəsi, İrəvandan Hevilin dəstəsi, Qaryagindən Süleymanın dəstəsi, Qazaxdan Alaybəyin dəstəsi, Şəkidən Cavadın dəstəsi. Hamısı ilə ayaqda görüşür, tanış olduq. Dəli Alı məni qaçaqlara “qaçaqlar aşiqi Nağı” deyə təqdim etdi. Mənə də, “bacıoğlu, görürsənmi xalqımızdan nə qədər qaçaq vardır, sən ancaq məni bilirdin”. Təxminimə görə orada dörd yüzə yaxın qaçaq var idi. Bir tərəfdə iyirmiyə qədər qadın sacda fətir bişirir, bir tərəfdə bir neçə kişi qoyunları kəsib, soyub, ətlərini parçalayıb qazanlara doldurub yemək hazırlayırdılar. Bu qədər qaçağın bir yerdə yemək yeməsi bir aləm idi. Hər kəsə bir boşqab və bir fətir vermişdilər, qonaqlar sıraya düzülmüşdü. Bir-bir qazanlara yaxınlaşır, aşçılar boşqabları doldururdu. Qaçaqlar yeməklərini nəşə və zövqlə yeyirdilər, yemək bitdikdən sonra əllərini çeşmədə yudular, bu arada oyun başladı, oyunda hər kəs iştirak etdi, axşama ayrıca yemək süfrəsi quruldu. Yüzlərcə qaçaq qonaq gecə toy evində qaldılar. Toy evi iki dəyədən ibarət idi. Qadınlar üçün də ayrıca bir dəyə var idi, bir də qonaq dəyəsi qurulmuşdu. Ensiz, uzun, içərisinə çox qonağı yerləşdirə bilən yer idi. Xalılar döşənmişdi. Bu dəyələr gecələr lampalarla işıqlandırılır, çölü isə ay işığı ilə gündüz kimi aydın idi. Hər tərəf yaşıllıq olduğundan toz deyilən bir şey yox idi, ulduzlar da parıldayırdı. Salon vəzifəsini görən uzun dəyədə iki sıra halında qonaqların irəli gələnləri otururdu və mən də dayımla orada idik. Ortadakı açıq yerdə iki el aşığı bir başdan bir başa yan-yana əllərində sazlar Koroğlundan, Əsli Kərəmdən dastanlar anladır və sıra gəldikcə “sazı əlinə aldı Kərəm görək nə dedi”, deyərək, şeirlər oxuyurdu. Salon-dəyənin kənarında qalanlar, dəyənin yan keçələrini qaldırıb içərisini seyr edər və aşıqlara qulaq asardılar. Mahnılar gecəyə qədər davam edərdi. Qaçaqların dəstə başçıları və şəhərli qonaqlar salon-dəyədə yatırdılar. Dayım, Dəli Alı və mənə ayrı bir balaca dəyə hazırlanmışdı. Dayıma – “bu qədər qonaq hara sığacaq?”, deyə soruşdum, güldü, çıx bir az ətrafı seyr et dedi, çölə çıxdım, ay işığı ətrafı gündüz kimi işıqlandırmışdı. Ətrafa baxdım, yabı atlar quzu kimi səssiz idilər, iki uzun ağac arasına iki uzun ip çəkilmişdir. Hər qaçaq çərkəz yəhərini başının altına qoymuş, yapıncılarını yarısını altına, yarısını üstlərinə örtmüş, hamısı şirin yuxuda, salon-dəyədəkilər də elə. Yalnız ayaqüstə bir qoruyucu var, o isə tüfəngi əlində gəzir. Əsl qoruyucular itlərdi, ancaq onların hürüşməsi boş olar deyə qoruyucu gəzməkdə idi. Yatan qaçaqlar yalnız qoruyucunun işarəsi ilə yerlərindən qalxarlar. Səhər tezdən hər kəs yuyunmaq üçün çeşmə başına qaçır, bunun ardınca bir boşqab motal pendiri və fətir qonaqlara təqdim edilir. Səhər yeməyindən sonra sevinc ilə otuza qədər dəliqanlı atlarına mindi, önümüzdəki təpəyə dırmandılar və təpənin başından eniş aşağı atlarını sürətlə aşağı buraxdılar. Olduqca təhlükəli hərəkət idi bu. Özlərinə dedim ki, nə üçün eniş aşağı atları aşağı buraxırsınız? “Atın ön ayaqlarının sağlam olub-olmadığını yoxlayırıq”, deyə cavab verdilər və bunu əlavə etdilər: “ Bax orda bir at başı aşağı gələrkən yıxıldı, onda bu atdan qaçaq atı olmaz, dəyişdirməlidir. Qaçağın atı sağlam olmalıdır”. Dönürük toy evinə. Bir az keçdikdən sonra bir süvari gəlir – təlaşla, “jandarma alayı buradan 3 kilometrə qədər məsafədədir”, deyir. Tez qaçaqlar bir neçə dəqiqədə hazır vəziyyətə gəlirlər. Hamısı Dəli Alının fikrini öyrənmək istəyirlər. İçlərindən biri tez – “Dəli Alı əmr versin, alayı məhv edək və bu ruslara böyük dərs olar!”, deyir. Dəli Alı deyilənləri eşidir. Mənim kimi, hər kəs atının üstündə, məndə fikrimi söyləyirəm, “əgər alayı məhv etməyə gedirsinizsə, məndə iştirak etmək istəyirəm”. Bu məqamda Dəli Alı atının üstündə qaçaqlara xitab edərək: “Dostlar, alayın dayandığı yeri yaxşı tanıyıram, onları dörd bir tərəfdən mühasirəyə alıb məhv edə bilərik”, deyir. Bu məqamda qaçaqlardan biri – “Daha nəyi gözləyirik?!” Alı davam edir: “Ancaq düyün sahibi qardaşımı rahat buraxmazlar. Qardaşım Zeynəbin yoxluğu yalnız məni deyil, evimizi, yuvamızı yıxar. Biz buradan uzaqlaşağın”, deyir. Bir də baxdıq ki, Zeynəb xanım ata minmiş, tüfəngi əlində, kişi səsi ilə: “Qaçaqlar, silahlı qonaqlar toydan uzaqlaşsınlar, görükən bu dağın arxasına keçsinlər, qalan qonaqlar narahat olmasınlar, mən gedib alayı çevirərəm”, deyir. Zeynəb xanım gedib alaya yaxınlaşır, alay komandanına və kaymakama: “Siz Dəli Alı ilə qarşılaşmağa başqa yer tapmadınızmı ki, mənim toyumu matəmə çevirmək istəyirsiniz, Dəli Alı və dostları gəlişinizi öyrəndilər və tez Qoşqar dağını aşaraq İrəvan vilayətinə keçdilər, toyda olanlar şəhərli və kəndli qonaqlardı. Alayınız burada qalsın, qonaq olaraq buyurun toya”. Kaymakam və alay komandanı Dəli Alının uzaqlaşmasına inanırlar və vaxtlarını zay etməmək üçün Gəncə şəhərinə dönürlər. Zeynəb xanım atını qan-tər içində sürərək gəlir və bizə: “Kefinizə baxın, alay uzaqlaşdı!”, dedi. Axşam yenə aşıqlarla xoş vaxt keçirdik, Zeynəb xanım dayım və mənə gələn toy hədiyyələrindən bir-bir göstərdi. Ertəsi gün bir dəliqanlı gəlir, Zeynəb xanıma yaxınlaşır, nəsə söyləyir. Zeynəb xanım, dəliqanlıya olmaz deyir və mənə yaxınlaşaraq Dəli Alı səni istəmiş, mən getmənə razı deyiləm, hər halda dayın da razı olmaz. Sevinc içərisində tez qərarımı verdim, “mənim atımı gətirsinlər, mən gedəcəyəm”, dedim. Atıma mindim, Zeynəb xanım və oğlu ilə sağollaşdım, dayıma dönərək – “salamat qal dayı, artıq mən qaçaq oldum”, dedim. Dayım mənə, “oğlum mən 10 gün burdayam, bir neçə gün qal dön”, dedi. Dəliqanlı kənd uşağı ilə axşama qədər yol aldıq, nəhayət yüksək bir dağın ətəyində bir kəndə vardıq. Dəli Alının dəstəsi oturan evə qonaq olduq. Dəli Alı mənə - “bacıoğlu, biz həmişə dağlarda, daşlarda, meşədə, çöldə həyat keçiririk”, dedi. Dünyadan xəbərimiz yox, şəhərdə olan hadisələrdən danış. Mən onlara Qafqazdan danışmağa başladım. Əvvəla gürcülərdən bəhs açdım: Gürcülər mədəni bir millətdir. Ruslardan daha çox oxumuşları var, onlardan qaçaq çıxmaz. Ruslar gürcüləri aldadıb, gürcü idarəsini sıradan çıxarıb yerinə rus idarəsi qurublar. Bundan dolayı ruslara gürcülər də bizim kimi nifrət edirlər. Rus dövlətinin çökməsi üçün əl altından işləyirlər. Qafqazda bir də erməni milləti var. Onlar bizə o qədər düşməndirlər ki, əleyhimizə həmişə ruslarla birləşirlər. Şimali Qafqazlılar bizlər kimi türk və müsəlmandırlar. Onların da qaçaqları vardır. Ən məşhuru Zəlimxandır. İllərlə rus idarəsini arxasınca oynatmışdır. Böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlıqlar haqqında bir neçə kitab oxudum. İslam dünyasından, türk aləmindən, xüsusi olaraq Türkiyədən, müharibələrindən uzun bəhs etdim. Dağıstan mücahidi eşsiz qəhrəman Şeyx Şamildən bildiyim qədər danışdım. Şeyx Şamilin 25 il durmadan ruslarla müharibə etdiyini, sonradan ruslara əsir düşdüyünü söylədim. “İkinci eşsiz qəhrəman Gəncə xanı Cavad xandır. Oda ruslarla amansız sürətdə müharibə etmiş ən sonunda ruslar böyük bir hücuma keçib Gəncə şəhərini almışlar. Cavad xanı və oğlunu top üzərində şəhid edib, Gəncə əhalisini və xüsusi olaraq əli-ayağı tutmayan, xəstə, yaşlı, qadın və uşaqları bir neçə saat içərisində rus komandanının əmri ilə qılıncdan keçirmişlər”, dedim. Baxdım ki, söylədiklərimdən çox üzüldülər və tez onlara ümid verməyə başladım. “Xalqımız hadisələrdən dərs almış, sırası gəldikcə çox şeylər edəcək”, dedim. Bir kərə Rusiyada rus millətindən fazla artıq qeyri-rus var. Hamısı da ruslara bizim kimi düşməndirlər. Hamısının təşkilatları, gizli və ya açıq olsun, çox qüvvətlidir. Rusiyanı devirəcəklər. Bunlardan başqa sayları milyonları aşan sosialistlər vardır. Bunlar hər il bir neçə rus böyüklərini, vəkillərini, generallarını, valilərini, polis müdirlərini qətlə yetirirlər. Çar Aleksandrın necə öldürüldüyünü təfsilatı ilə anlatdım. Sevindilər, bax dedilər, bunlardan bizim xəbərimiz yox idi, bunlar çox mühümdür. “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 118-119-120-ci sayları, səh. 19-22 Təqdim etdi: Ceyhun Nəbi

"Marşal" ləqəbli Qarabağ cəlladı ÖLDÜ

Qarabağda qətliam törədən daha bir erməni cəlladı, Ermənistanın əməkdar artisti Mkrtiç Mkrtçyan ölüb.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Mkrtiç Mkrtçyan 24 aprel 1962-ci ildə Ermənistanın Talin rayonunun Nerkin Sasnaşen kəndində anadan olub. 1988-ci ildə İrəvan Dövlət Konservatoriyasına daxil olub. 1990-cı ildə Mkrtiç Mkrtçyan Tatul Krpeyanın rəhbərlik etdiyi "Getaşen" özünümüdafiə dəstəsinə qoşulub, Çaykənd Azərbaycanın nəzarətinə keçəndən sonra digər erməni dəstələrinə dəstəsinə qoşulub, daha sonra Ağdərədə məskunlaşıb. Sonralar Mkrtıç Mkrtçyan Şuşanın işğalında, Zəngilan, Füzulu, Kəlbəcər rayonlarınən ələ keçirlməsində iştirak edib.  Mkrtiç Mkrtçyan 2016-cı ildə dörd günlük aprel döyüşlərində və 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı vuruşub. O, 2 oktyabr 2020-ci ildə Suqovuşanda ağır yaralanmışdı. O, Ermənistan Respublikasının əməkdar artisti olub, qondarma “Dağlıq Qarabağ”ın “İgidliyə görə” və Ermənistan Respublikasının “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. ​

"Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir" - Prezident

Ermənistan son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat və hərbi heyətin daşınmasını həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Annalena Berboku qəbul edərkən bildirib.Prezident İlham Əliyev sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsini və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsini regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar olduğunu bildirib. Prezident İlham Əliyev lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və ölkəmizin Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

Veteranlara verilən 80 manat... – Təklif

Azərbaycanda müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanması təklif edilir. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vüqar Bayramov çıxış edib. O bildirib ki, müharibə iştirakçılarına verilən 80 manat müavinət kommunal xidmətlərin xərcinin ödənilməsi üçündür: “Təklif edərdim ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri başqa idi. İndi isə fərqlidir. Yəni, hazırda kommunal xidmətlərin xərcində artımlar var. Amma bir mexanizm hazırlansa, kommunal xidmətlərin xərci artdıqca ona uyğun olaraq da pensiya pulu arta bilər. Bu, pensiya pulu ilə onu formalaşdıran xərc strukturu arasında bir əlaqə yaradar”.

Oskanyan: “Paşinyan azərbaycanlıların Ermənistana qayıtmasına razılıq verib”

Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtmasına razılıq verib. Sozcu.az erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz feysbuk səhifəsində videomüraciətində bildirib. “Bu gün dövriyyəyə buraxılıb ki, əgər biz "Artsax" (Qarabağ-M.) ermənilərinin öz evlərinə qaytarılması məsələsini qaldırsaq, o zaman Azərbaycan da öz vətəndaşlarının Ermənistana qaytarılması məsələsini qaldıracaq. Amma bu, artıq çılğınlığın, əxlaqsızlığın zirvəsidir. Bu, əxlaqsızlıqdır, çünki Paşinyan və hökuməti bir ildən artıqdır ki, azərbaycanlıların Ermənistana köçməsi məsələsini müzakirə edir və anklavların qaytarılmasına razılıq verib. Başqalarının bu iki kateqoriyanın qaytarılmasını eyni səviyyəyə qoymasına icazə vermək diplomatik dəlilikdir”, - deyə Oskanyan sərsəmləməsinin davamında bildirib.musavat.com)

Bahalaşmanın yeni dalğası gəlir: Qiymətlər artacaq!

Gələn il pensiyalar 11% artacaq. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Bu xəbərdən sonra hər kəsi maraqlandıran bir sual var: Pensiyalar artarsa, qiymətlər də qalxacaqmı?  Məsələni Yenisabah.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı iqtisadi mühitdə qiymətlərin ucuzlaşması qeyri-mümkündür:  “Azərbaycanda 20 ildir ki, qiymət artımı dayanmayıb, məhsulların qiymətində azalma olmayıb. Bu proses bu gün də var və gələcəkdə də davam edəcək, çünki bu prosesi qaynaqlandıran bizim iqtisadi siyasətimizdir. Biz nə qədər ki, iqtisadi siyasətimizi dəyişməmişik, qiymət artımı dayanmayacaq. Qiymət artımını tətikləyən əsas məqam ölkədəki inhisarçılıqdır. İnhisarçılıqdan dolayı ölkəmizdə istehsal potensialı azalır. Dəmir torpağa düşəndə necə ki, korroziya onu yeyir, inhisarçılıq da onun kimi iqtisadiyyatı yavaş-yavaş “yeyir”. İnhisarçılıq istehsalçıları sıradan çıxarır, onları udur, rəqabət mühitini sıfıra endirir. Bazar iqtisadiyyatında isə rəqabət mühiti yoxdursa, deməli, iqtisadiyyat çöküşə gedir. İstehsal sahəsini təhlil etsəniz görəcəksiniz ki, ilbəil azalma gedir, artım yoxdur. Artım yalnız Azərbaycan Statistika Komitəsinin rəqəmlərindədir, reallıqda artım yoxdur. Əgər artım yoxdursa, ilbəil daha da idxaldan asılı vəziyyətə düşürüksə, deməli, bizdə məhsulların qiyməti bu proses dayanmayana qədər heç vaxt ucuzlaşmayacaq. Nə də keyfiyyət artmayacaq. Rəqabət bazarda həm ədalətli qiyməti müəyyən edir, həm də keyfiyyəti yüksəldir. Bu isə bizdə yoxdur”.  Ekspert pensiyaların nə qədər artacağının orta aylıq əməkhaqqıdan asılı olduğunu bildirib: “Hələ ki, bilmək olmaz pensiyalar 11%, 12% yoxsa 10%  faiz artacaq. Bu, ilin sonunda orta aylıq əməkhaqqının artım tempindən asılıdır. Bu ilin yanvar ayının 1-dən, dekabrın 31-nə qədər orta aylıq əməkhaqqı nə qədər artıbsa, əmək pensiyaları da bir o qədər artacaq. Digər pensiyalar haqda bunu demək olmaz, bu artım yalnız əmək pensiyalarına aiddir. Digər məvacibləri artırmaq isə Azərbaycan hökumətinin qərarından asılıdır”. 

İsrailin bu qədər nüvə silahı var - İddia

İsrailin 80-90 arasında nüvə başlıqlı silahı var. Sozcu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutları (SİPRİ) hesabat yayıb. İddia olunur ki, İsrailin əlindəki nüvə silahlarından 30-a yaxını qırıcılarda daşınan bomba formasında, 50-yə yaxını isə orta mənzilli ballistik raketlərin daşıdığı döyüş başlıqlarıdır.

Tağı bəy Xalisbəylinin vəfatından 29 il ötür

Azərbaycan Xalq Hərəkatının fəallarından və Azərbaycan Xalq Cəbhəsinin qurucu simalarından biri, Ali Məclis üzvü, AXC Səbail rayon təşkilatının ilk sədri, professor Tağı bəy Xalisbəylinin vəfatının 29-ci il ötür.  Tağı bəyi hörmət, sevgi və sayğı ilə anırıq ! Sözcü.az

Rusiyanın itkiləri 305 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 619-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 304 100 hərbçi, 5276 ədəd tank, 9939 ədəd zirehli döyüş maşını, 7363 ədəd artilleriya sistemi, 861 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 568 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9716 ədəd avtomobil texnikası, 5534 ədəd PUA, 1551 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1038 xüsusi avadanlıq itirib.

TƏCİLİ! Gərginlik pik həddə çatdı: "Bədəlini ödəyəcəksiniz"

“Şimaldakı düşmənlərimizə səslənirəm, bizi sınamayın, bədəlini ödəyəcəksiniz”. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. Netanyahu İsrail əsgərlərinə müraciətində bildirib ki, İsrail öz missiyasından əl çəkməyəcək: “Bu, işığın oğulları ilə qaranlığın oğulları arasında müharibədir. Öldürülən, yaralanan və qaçırılan qardaşlarınız var. Biz onların adından düşmən HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq, ölkəmizin, vətəndaşlarımızın və uşaqlarımızın təhlükəsizliyini təmin etmək üçün kampaniyaya başladıq. İşıq qaranlığı məğlub etməyincə missiyamızdan əl çəkməyəcəyik. Yaxşılıq bizi və bütün dünyanı təhdid edən ifrat pisliyə qalib gələcək”.

Azərbaycan XİN: “Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə davam edir”

Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir. “Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir”, - paylaşımda qeyd olunub.

Xaçmazda dava düşüb, güllələnən və bıçaqlananlar var

Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var. Rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Rüstəmov Ramik Ramiz oğlu Nabran kəndi ərazisində Zalov Cami Nizam oğlu ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb. Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şıxmətov Şöhrət Gülmət oğlu isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

“Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək...” - Rusiya dövlət xadimi

“Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək...” Rusiyanın dövlət və siyasət xadimi, baş nazirin keşmiş müavini, iqtisadçı və yazıçı Alfred Kox İsrailin “9-cu kanal” nəşrində  gündəmlə bağlı növbəti maraqlı köşə ilə çıxış edib. Aktuallığını nəzərə alaraq həmin materialın tərcüməsini dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq: “Rusiyanın hərbi potensialı onun hərbi sənaye kompleksinin imkanları ilə məhdudlaşır. Şimali Koreya və İran istəsələr də, ona az şey əlavə edə bilərlər, Rusiyanın  başqa müttəfiqi isə yoxdur. Ukraynaya gəlincə, ona kömək edən ölkələrin potensialı qalib gəlmək üçün kifayət qədərdir. Əsas fərq budur: Rusiya istəsə belə, qalib gələ bilməyəcək, çünki onun belə bir imkanı yoxdur. Amma bax, Ukrayna yaxşıca üstünlük əldə edə bilər, sadəcə  bunu ABŞ və Avropanın istəməsi lazımdır. . Zelenski öz istəklərinin əksinə olaraq ordusunun irəliləməsini tələb etməyi dayandırmalıdır. Qoy, ordu müdafiədə oturaraq Putinin hərbi potensialını məhv etsin. Hələlik isə Qərb müttəfiqlərinizlə razı salmağa çalışmaqla məşğul olmaqdan ibarət bu mövqe suqsvanqı (şahmatda istənilən gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe-S.L.) davam edir,. Qoy Zelenski qələbəyə olan bütün inamını heç bir anlayışı olmadığı hərbi əməliyyatlara rəhbərlik etməyə yox, natiqliyə sərf etsin. Bu vəziyyətdə uğur şansı daha yüksək olacaq. Obyektiv olaraq Amerika gec-tez başa düşməlidir ki, müharibə bütün dünyaya yayılır, lakin onun mənbəyi heç bir halda "Həmas" və ya "Hizbullah" deyil. Hətta İran da yox. Bütün problemlərin kökü Moskvadadır. İsrailin Qəzzada qalib gəlməsi üçün isə Ukraynaya kifayət qədər silah verilməlidir. Əks halda,  indi Yaxın Şərqdə olduğu kimi, bu cür münaqişələrin sonu həmişə səbəblərlə deyil, nəticələrlə mübarizə olacaq. Və əgər Ağ Evdəki indiki administrasiya bunu başa düşmürsə, növbətisi başa düşəcək. Bir daha: Putin üzərində qələbə yalnız Ukraynaya deyil, Yaxın Şərqə də sülh gətirəcək. Bunu Zelenski Qərbə izah etməlidir. Hər halda, bunu etmək kifayət qədər az silahı qalacaq (bu gün Zelenski bunu etməyə çalışır) Putini məğlub etməkdən daha asandır. Həm də bunu etmək daha asandır, çünki bu, həqiqətdir. Zelenksinin hələ də Qərbi buna inandıra bilməməsi o demək deyil ki, bu cəhddən əl çəkməlidir. Hər halda, başqa variant yoxdur. Buna görə də, anlaşılmazlıq divarı çökənə qədər bu nöqtəyə davamlı çəkic zərbələri enditməliyik. Və o divar gec-tez dağılacaq. Çünki bizim mübarizəmiz ədalətlidir. Düşmən məğlub olacaq və Qələbə bizim olacaq...” Tərcümə və təqdim etdi: Sultan Laçın

Tarixçiliyin sağalmayan dərdi...

Deməli görkəmli tarixçimiz Nailə Vəlixanlının 1974-cü ildə nəşr olunan "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" əsərinin 48-ci səhifəsində macarların Azərbaycana gəldiyi və Tovuz ərazisində yerləşdikləri qeyd edilir. Güya bu macarlara erməni dilində "sevordik" (qara oğullar) deyildiyi və ərəb mənbələrində "siyavurdiya" adlı xalqla eyni olub, sonradan xristianlaşaraq erməniləşdikləri ərz edilr.  Müəllif bu məlumatı K. Baqrayanarodnı, Məsudi, Marqvard və V. Minorskidən əldə etdiyini qeyd edir. Məlumat məndə şübhə yaratdığından əvvəlcə Minorskinin qeyd edilən kitabına baxdım. Məlum oldu ki, Nailə xanım Minorskinin verdiyi məlumatı olduğu kimi almış, digər mənbələri də elə Minorskinin qeyd etdiyi şəkildə öz kitabına daxil etmişdir. Tənbəllik etməyib Minorskinin istifadə etdiyi mənbələrə baxdım və şübhəmdə haqlı olduğum ortaya çıxdı. Deməli məlumatın əsas qaynağı Bizans imperatoru da olan Konistantin Porfirogennetosun (ruslar Baqrayanarodnı yazır ki, Nailə xanım da belə yazıb) kitabıdır. Bu kitabda hadisə peçeneqlər tərəfindən yurdlarından qovulub Azərbaycana köç edən sabir türklərindən bəhs edilir. Nə macardan, nə də xristianlaşıb erməniləşən siyavurdilərdən danışılır. Minorski türk və sabir adını çıxardıb özündən macar adını daxili etmiş və bu məlumatı da aparıb Məsudinin siyavurdilər haqqında məlumatına bağlamışdır. Nailə xanım da həmin mənbələri görmədən görmüş kimi davranıb Minorskinin səhv məlumatını olduğu kimi təkrarlamışdır. Nəticədə də ermənilər üçün əsaslı məlumat ortaya çıxıb. Nə deyək, olan şeydir. Onsuz da tariximiz belə görünməyən ancaq görmüş kimi yazılan məlumatlarla doludur. Yaxşı bəs həqiqi mənbələr nə deyir? Birincisi, Azərbaycana gələnlər macar deyil, özlərinə türk deyən və xəzərlərin müttəfiqi olan sabilər olub. Üstəlik onlar xristian deyil Tarım bölgəsinə yerləşdikdən sonra (indiki Qəzvinin şimalında) müsəlmanlığı qəbul ediblər. Və bu sabirlər də Salarilər dövlətini yaradıblar. Bizanslı müəllif bunu olduqca aydın şəkildə əsərində şərh edib. İkincisi, ərəb müəlliflərinin bəhs etdikləri siyavurdiyə isə indiki Şəmkir bölgəsində məskunlaşıblar və Sabir xaqanlığının (500-568) davamçıları olublar. Xristianlığı qəbul etsələr də erməniləşməyiblər. Üçüncüsü ermənilərin sevordik dedikləri elə sabirlərdir və sabir adının ermənicə "qara oğulları" ilə əlaqəsi yoxdur. Nəticəyi kəlam, mənbəni görmədən, başqa bir tarixçiyə istinad etmək olar və həmin məlumatı səhv də olsa o tarixçidən aldığınızı qeyd etsəniz problem sizin deyil istinad etdiyiniz müəllifin olacaqdır. Yox istinad etdiyiniz müəllifin istifadə etdiyi mənbələri yoxlamadan görmüş kimi göstərsəniz o zaman iki problem ortaya çıxır. Birincisi oxumadığınız mənbəni oxumuş kimi göstərirsiniz, ikincisi səhv tarixi məlumatı yayırsınız. Elə tarixçinin də evini görmədiyi və oxumadığı mənbələri görmüş və oxumuş kimi ahkam kəsmək yıxır. Sonrada tariximiz niyə bu gündədir deyib bizə ahkam kəsirlər. Əkbər Nəcəf 

“Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..”

“Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək...” -FİKİR SAVAŞI...- Son onilliklərin xüsusən  hər bayramqabağı və ya iliin sonuna yaxın, yeni il qabağı verilən populyar suallarından biri də bunlardır: “Görəsən, yanvarda benzin, işıq, su, qaz yenə bahalaşacaq?” “Novruz, ya Qurban bayramı qabağı ət bahalaşacaq?”, yaxud “Yanvardan metro, avtobus, taksilər də bahalaşacaq?..” və s. və i.a. Elə son 30 ilin təcrübəsindən görmüşük ki, belə suallar hər dəfə verildikcə sonda əksər hallarda müsbət cavab alınıb, yəni deyilən nəsnələrin doğrudan deyilən vaxtlarda da qiymətləri artıb. Sanki ölkədəki hansısa monopolist, inhisarçı, korrupsioner qruplar belə sualları media, sosial şəbəkələr vasitəsilə ortalığa atmaqla cəmiyyətin, xalqın, yoxsul təbəqələrin reaksiyasını yoxlayırlar. Və görəndə ki, düşüncələrdə qiymət artımına real etiraz görünmür, çəkinmədən qiymətləri qaldırır, yaxud hökumətdən asılı olan qiymətlərin artımı üçün Tarif Şurasına-filana rəsmi və ya qeyri-rəsmi təzyiqlər edir, hətta göstərişlər verirlər... Odur ki, hər birimiz, məsələn, benzinin, qazın, işığın, yaxud metronun, avtobusun, taksilərin bahalaşağı haqda söz-söhbətlərə, xəbər sızmalarına rast gələndə ““Filan şey də bahalaşacaqmı?” yox, “Bu neft-qaz ölkəsində, altı qızıl- üstü qızıl məmləkətdə filan şey, məsələn, benzin, qaz, işıq, yaxud metro, avtobus, taksilər, axı niyə bahalaşmalıdır, hansı səbəbdə?” suallarını verməliyik. Və həmin sualları nəinki media, telekanallar, sosial şəbəkələr vasitəsilə əlaqədar hökumət qurumlarına, nazirliklərə, eləcə də həmin Tarif Şurasına, həmçinin deputatlara adi poçt, elektron poçt və s. vasitəsilə ünvanlamalıyıq. Ciddi və davamlı şəkildə... Yalnız o halda əgər doğrudan da ölkədə hər hansı bir sahədə qiymət artımına qlobal iqtisadi səbəblər yoxdursa, onu əsaslandırmaq mümkün deyilsə, həmin monopolist, inhisarçı, korrupsioner  şəbəkələr kütləvi etirazlardan çəkinərək süni qiymət artımlarına, bahalaşmaya yol verməyəcək... *** ***  Özü də adi həyati məsələlərlə bağlı sual verməkdən niyə və kimdən qorxmalıyıq ki?.. Məgər bu, bizim Konstitusiyamızla, qanunlarımızla təsbit olunan vətəndaş hüquqlarımız deyil?... P.S. Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək... Artıq bu halda belə sual vermək olar: “Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..” Sultan Laçın   Moderator.az

Luçesku Kiyev “Dinamo”sundan getdi və karyerasını başa vurdu

Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. 78 yaşlı mütəxəssis bu sözləri Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətlə başa çatan oyundan sonra deyib. “Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ilimi Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən karyeramı başqa cür bitirmək istərdim, amma hər şey sona çatır - futbolçu karyeram, sevgim, həyatım. Hər şeyin başlanğıcı və sonu var”, - Luçesku bildirib. Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində yeddinci yerdədir. Luçesku üçün “Dinamo” karyerasında ikinci Ukrayna klubu olub. Bundan əvvəl o, “Şaxtyor” klubunun baş məşqçisi vəzifəsində çalışıb. 2004-2016-cı illərdə kluba rəhbərlik edən məşqçi «Şaxtyor»la 8 dəfə ölkə çempionu olub və 2009-cu ildə UEFA kubokunu qazanıb. 78 yaşlı mütəxəssis Türkiyə millisi, “İnter”, “Zenit”, “Qalatasaray” və “Beşiktaş”a da rəhbərlik edib. Mirça UEFA Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi onun 35 kuboku var. Bu göstəriciyə görə yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola Luçeskudan öndədir. Mənbə: championat.com

Ağ ev: “Hizbullah”ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq

“Hizbullah” partiyasının yaraqlı qanadının İsrail Müdafiə Qüvvələri ilə döyüşlərə girməsi Livanı ağlasığmaz dağıntılarla üz-üzə qoyacaq. Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer ABŞ lideri Cozef Baydenin çıxışı nəzərdə tutulan Men ştatına uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib. “Bu münaqişə Livan və İsrail arasında 2006-cı ildəkindən daha qanlı müharibəyə çevrilmə potensialına malikdir. Buna görə də Birləşmiş Ştatlar bu münaqişənin Livana yayılmasını görmək istəməzdi, Livan və onun xalqı üçün mümkün dağıntılar ağlasığmaz olardı”, – o qeyd edib.

Saxta məlumatla bağlı birgə açıqlama

Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və “deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilib. Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.