Hakan Fidan İranı sərt tənqid etdi - Səfir XİN-ə ÇAĞIRILDI

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın regional siyasətini tənqid edib. Sozcu.az-ın məlumatına görə, bu barədə Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində danışıb. Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran bu siyasət nəticəsində müəyyən qazanc əldə etsə də, həmin qazancı qorumaq üçün daha çox itki verməli olub. Nazir İran rəsmilərinə, o cümlədən ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə bu siyasətin uzunmüddətli perspektivdə ölkə və region üçün ağır nəticələr doğuracağını söylədiyini qeyd edib. O vurğulayıb ki, artıq bölgədə hökmranlıq etmək dövrü bitməlidir və bütün ölkələr əməkdaşlığa əsaslanan siyasət yürütməlidir. Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər." Fidan İranın İraq və Suriya siyasətinə də toxunub, Tehran rəhbərliyindəki ağıllı şəxslərin bu məsələyə sadəcə qazanc və itki prizmasından baxmayacaqlarına inandığını söyləyib. O, bölgədə sabitliyin yalnız birgə əməkdaşlıqla mümkün olduğunu vurğulayıb və köhnə hegemonluq düşüncələrinin tərk edilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.  “Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib. Baqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir. Ötən gün isə İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Nazir bu barədə "X" sosial media hesabında yazıb. "Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.

İmamoğlu prezidentliyə namizədliyini açıqladı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bələdiyyə sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan ölkə prezidentliyinə namizədlik üçün ərizəsini təqdim edib. Sozcu.az xəbər verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb. “Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.

Ankarada saxta içkidən ölənlərin sayı 63-ə çatdı

Türkiyənin paytaxtı Ankarada saxta alkoqollu içkidən ölənlərin sayı 63-ə çatıb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha 36 nəfər reanimasiyadadır, onların müalicəsi davam etdirilir. Qeyd edilib ki, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 28 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 25 nəfər isə şəhəri tərk etməməklə bağlı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.

İstanbul boğazı bağlandı

İstanbulu Avropa və Asiya hissələrinə ayıran İstanbul boğazında hərəkət qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb. “Yerli vaxtla saat 03:10-da sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda qeyd olunub.

Egey dənizində güclü zəlzələ: İzmirdə hiss olundu

Egey dənizində 5,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 7 km dərinliyində baş verib. Məlumata görə, yeraltı təkanlar İzmirdə hiss olunub.

Türkiyə Suriyada iki hərbi baza QURACAQ

Türkiyə Suriyada iki hərbi baza qura və orada F-16 qırıcıları yerləşdirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. “Ərəb mənbələrinə görə Türkiyə və Suriya ortaq müdafiə sazişi imzalayacaq. Yaxın vaxtlarda imzalanması gözlənilən sazişə əsasən, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Razılaşmada həmçinin Türkiyə silahlı qüvvələrinin Suriya ordusuna və onun pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza qurması da nəzərdə tutulur. Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün Suriya Hərbi Hava Qüvvələrinin yenidən qurulması başa çatana qədər bu bazalarda 50 ədəd F-16 qırıcısı yerləşdirəcək”, - deyə “Türkiye” qəzetinin xəbərində bildirilib. Rəsmi orqanlar hələlik bu xəbərə münasibət bildirməyiblər. Yayılan məlumata görə, Suriyanın yeni administrasiyası İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən PUA, radarlar və elektron döyüş sistemləri istəyib. “Ankaradan əsas istəyi pilotsuz uçuş aparatları (PUA) olan Dəməşq hökuməti, xüsusilə İsraillə  sərhəd dəhlizinə nəzarət kontekstində radarların, elektron döyüş sistemlərinin və inteqrasiya edilmiş təhlükəsizlik sistemlərinin yerləşdirilməsinə çalışır”, - xəbərdə qeyd edilib. Qəzet həmçinin Suriya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır ki, PUA-ların ilk çatdırılması yaxın vaxtlarda baş tuta bilər.

Türkiyədə ağır yol qəzası: Ölənlər və yaralılar var

Türkiyədə iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kırıkkale şəhərində baş verib. Ağır qəza nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Türkiyə Ordusu İraqda iki terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçiririb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Pənçə-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvü zərərsizləşdirilib. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı əməliyyat davam edəcək.

Türkiyədəki yanğına görə daha 11 nəfər saxlanıldı

Türkiyədə Bolu Qartalqaya xizək kurortunda 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı aparılan istintaq çərçivəsində daha 11 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, istintaq çərçivəsində daha əvvəl saxlanılan 14 şübhəli arasında otelin sahibi Xalid Ərgül, şirkətin baş direktoru Əmir Aras, otel müdiri Zəki Yılmaz, mühasibat meneceri, aşpaz, elektrik və mətbəx işçiləri də daxil olmaqla 9 nəfər həbs edilib.

Türkiyədə dəhşətli yanğın: 66 nəfər öldü

09:56 Türkiyənin Bolu şəhərindəki dağ-xizək kurortunda güclü yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Bolunun Qartalqaya dağ-xizək kurortunda otellərdən birində baş verən yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb. Yanğın səbəbindən oteldə olan qonaqların başqa otellərə təxliyə edildiyi bildirilir. *** Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 66 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 51 nəfər yaralanıb.

Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib. Sozcu.az xəbər verir ki, o bu barədə özünün "X" sosial media hesabında paylaşım edib. "20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun. Bayrağı bayraq edən qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir", - paylaşımda qeyd olunub.