Siyasilərin “İstanbul derbisi”: Ərdoğan və Kılıçdaroğlu eyni gündə...

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq davam edir. Marafonda iştirak edən bütün siyasi qüvvələr qalib gəlmək üçün var gücləri ilə çalışırlar.  Sozcu.az xatırladır ki, əsas rəqabət 2 siyasi qüvvə - “Cümhur İttifaqı” və “Millət İttifaqı” arasında gedir. Həm iqtidar, həm də müxalifət qələbəni təmin etmək üçün ölkə ərazisində təbliğat aparır, izdihamlı mitinqlər keçirirlər.  Tərəflərin Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirəcəyi mitinq isə eyni günə təsadüf edir. Həmin gün həm hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, həm də onun əsas rəqibi sayılan, ana müxalifət lideri Kemal Kılıçdaroğlu istanbulluların qarşısına çıxacaq. Siyasi çevrələrdə bunu “İstanbul derbisi” kimi qiymətləndirənlər də var. Türkiyəli analitiklər eyni gündə gerçəkləşəcək bu görüşlərdəki iştirakçı sayının seçkinin nəticələrinə təsirsiz ötüşməyəcəyini düşünürlər. 

Türkiyə “Göydəmir”i sınaqdan keçirdi

Türkiyə “Göydəmir” hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məlumata görə, sınaq zamanı “Göydoğan” raketlərindən istifadə olunub. Bu raketlər 70 kilometrdən daha çox məsafəyə çata bilir. Qeyd edək ki, “Göydəmir” ASELSAN və TÜBİTAK-SAGE şirkətlərinin birgə istehsalıdır.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat haqda məlumat verilməyib.

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edildi

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb. Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib. Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi./Report

Antiterror əməliyyatı: 110 nəfər saxlanıldı

Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində PKK-ya qarşı Diyarbakır, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda əməliyyatlar həyata keçirilib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb. Hazırda əməliyyat davam etdirilir.

Türkiyədə atışma: ölü və yaralılar var

Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən silahlı insident olub. Sozcu.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd edilir ki, silahlı şəxs qəhvəxanaya basqın edərək bir neçə nəfərə tapançadan atəş açıb. Hadisə zamanı 6 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alanlardan daha birinin vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törədən şəxs avtomobillə hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışlarını həyata keçirir.

Türkiyənin bu bölgəsi terrorçulardan tamamilə təmizləndi

Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari vilayəti terrorçulardan tamamilə təmizlənib. Sozcu.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib. “Sizlərə bir şeyi demək istəyirəm. Türk xalqı bunu ilk dəfə eşitmiş olacaq. Son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar terrorçular olmadan Ramazan bayramını tam təhlükəsiz şəkildə qeyd edirlər. Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə bu günə kimi çox böyük çətinliklərin öhdəsindən gəlib”, - nazir bildirib.

Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlandı

Türkiyənin Çanaqqala boğazından gəmilərin keçidi qatı duman səbəbindən dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Boğaza şimal və cənub tərəfdən yaxınlaşan gəmilərin kapitanlarına duman səbəbindən yerli vaxtla saat 7.20-dən keçidin bağlandığı barədə xəbərdarlıq edilib. Duman çəkiləndən sonra hərəkətin bərpa olunacağı deyilib”, - məlumatda bildirilib.

CHP-nin Seçki Mərkəzinə hücum oldu

Ataşehirdə gecə saatlarında bir qrup şəxs Cümhuriyyət Xalq Partiyasının Seçki Mərkəzinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb. Məlumata görə, pəncərələrə sprey boya ilə yazı yazan hücumçular ofisin qarşısında asılmış bayraqları kəsiblər.  Daha sonra tapança ilə havaya atəş açaraq qaçıblar.  Məsələ ilə bağlı açıqlama verən İstanbul Valiliyi şübhəlilərin tutulması üçün müvafiq tədbirlər görüldüyünü bildirib.

Türk əsgərlər PKK-nın mağarasına girdi

Türkiyə ordusu İraqın şimalındakı Zap bölgəsində PKK-nın mağarasına girib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı 12 terrorçu məhv edilib. Həmçinin mağaradan çoxlu silah-sursat ələ keçirililib.

Mansur Yavaş əlinin öpülməsinə icazə vermədi

Ankara bələdiyyə başqanı Mansur Yavaş yenidən gündəmə gəlib.  Sozcu.az “TRT Haber”ə istinadla xəbər verir ki, həyat yoldaşı Nurşen Yavaş ilə birlikdə Malatya Ticarət və Sənaye Palatasının (MTSO) üzvləri ilə görüşən M.Yavaşın balaca qızcığazla söhbəti sosial şəbəkələrin Türkiyə seqmentində viral olub.  Görüş əsnasında gənc qızla söhbət edən Ankara  bələdiyyə başqanı  uşağın onun əlini öpməsini istəməsinə etiraz edib. Həyat yoldaşının sözlərinə görə, buna səbəb bələdiyyə başqanında yaşlılıq sindromunun olmasıdır. “Əlini öpdürməyi sevmir, belə olanda özünü yaşlı hiss edir”, - N.Yavaş söyləyib. 

Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib

Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib. Sozcu.az-ın verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, terrorla mübarizə qətiyyətlə davam edir. “Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib. 10 terrorçu zərərsizləşdirilib”, - o deyib.apa