Kamal Kılıçdaroğlu Məhərrəm İncəni “Altılı masa”ya dəvət etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəni “Altılı masa”ya dəvət edib. Sozcu.az xəbər verir ki, bu barədə CHP lideri Tvitterdə bildirib. “Mənim çağırışım hələ də qüvvədədir. Artıq keçmişdə baş vermiş inciklikləri bir kənara qoyaq. Lütfən buyurub gəlsin”, – Kılıçdaroğlu qeyd edib.

Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək – Təcili

Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib. Sozcu.az xəbər verir ki, bu barədə Axar.az-a türkiyəli jurnalist Həsən Barın məlumat verib. Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyini elan edən Məhərrəm İncə tərəfdarlarını “Altılı masa”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluna səs verməyə çağıracaq. “Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi səhhətindəki vəziyyətini göstərəcəyi ehtimal olunur”, - H.Barın bildirib. Qeyd edək ki, ötən gün Məhərrəm İncənin səhhətində yaranan problem səbəbindən görüşlərinin təxirə salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.

Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə bu gün başa çatır

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub. Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17.00-a qədər davam edəcək. Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb. Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.

Kılıçdaroğlu xanımı ilə Akşenergilə qonaq getdi

Türkiyə müxalifətinin "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu həyat yoldaşı ilə ittifaqa daxil olan digər siyasi qüvvə olan İYİ Partiyanın sədri Meral Akşenerin evinə qonaq gedib.  Sozcu.az xəbər verir ki, bu barədə Kılıçdaroğlunun xanımı Selvi Kılıçdaroğlu tviter səhifəsində paylaşım edib.  "Qiymətli Akşener ailəsinə qonaqpərvərlikləri üçün təşəkkür edirəm. Bu gün şahid olduqlarımıza rəğmən (Ərzurum hadisələri nəzərdə tutulur - red.) gözəl bir gecə idi. Bu ölkənin hüzura, sevgiyə və qardaşlığa çox ehtiyacı var. Bahar gəlir", - deyə o qeyd edib.  CHP sədri isə xanımının paylaşımını retvit edərək yazıb: "Akşener ailəsinin qonağı olduq. Qonaqpərvərlikləri üçün onlara çox təşəkkür edirəm. Bu görüşləri tez-tez təkrarlamağa qərar verdik bu gecə. Ortalığı qarışdırmağa çalışanlara etibar etməyin. Biz birlikdə ölkəmizə baharı gətirəcəyik".  Qeyd edək ki, bundan əvvəl ittifaqa daxil olan DEVA Partiyasının sədri, sabiq iqtisadiyyat və xarici işlər naziri Ali Babacan həyat yoldaşı ilə Kemal Kılıçdaroğlugilə qonaq getmişdi. 

"Kılıçdaroğlunun mövqeyi Qərbin Avropa qanadında ciddi narahatlıq doğurur"

Xəritəyə baxanda görürsən ki, Türkiyə-Çin birbaşa dəmir yolu əlaqəsi ancaq İrandan keçə bilər. Yəni Türkiyə-Çin birbaşa dəmir yolu xətti çəkiləcəksə, bunun İrandan keçməsi xaricində bir variant yoxdur. Bəli, Qars-Tbilisi-Bakı dəmir yolu vasitəsilə Gürcüstan və Azərbaycan üzərindən multimodal marşrut var, gələcəkdə Zəngəzur yolu da bu baxımdan alternativ ola bilər. Lakin multimodal layihələri rentabelli etmək asan iş deyil. Doğrudur, dəniz yolu ilə yük daşımaları daha ucuz başa gəlir, amma burada müddət məsələsi var. Dəmir yolu ilə daha az müddətdə yük daşımaq olur. Digər tərəfdən, Xəzərin özünəməxsus özəlliklərini də unutmaq olmaz. Xəzər dəniz deyil və onun dənizlərlə (dünya okeanı ilə) əlaqəsini təmin edən yeganə yol Rusiyanın Volqa-Don kanalıdır. Bu kanaldan nəhəng quru yük gəmilərinin və nəhəng tankerlərin keçməsi mümkün deyil. Bu tip quru yük gəmiləri və tankerlər nəzəri olaraq Xəzəryanı ölkələrin tərsanələrində inşa oluna bilər, amma nəzəri olaraq... Nəticədə Xəzərdən daha məhdud yük tutumlu gəmilərlə daşımaçlıq həyata keçirilir ki, bu da həm qısa müddətdə böyük miqdarda yüklər daşımağı qeyri-mümkün edir, həm də xərcləri artırır. Xəzərdəki limanların buraxıcılıq imkanları da önəm daşıyan faktordur. Bundan başqa, Xəzərdə suyun çəkilməsi problemi də var ki, əgər bu proses davam edərsə, gələcəkdə buradakı liman infrastrukturları üçün ciddi təhlükə yaradacaq. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. “Amma ümumilikdə qeyd edim ki, Kılıçdaroğlunun açıqladığı ideya real görünmür. Ən azı ona görə ki, Doğu Türküstan məsələsini gündəmə gətirib, uyğurların hüquqlarının təminatı məsələsini qaldırdığınız anda Çin nəinki sizinlə birlikdə hər hansı layihədə yer almaz, hətta mövcud münasibətlər də pisləşər. Türkiyə Çin kimi qüdrətli dövlətin qarşısında şərt qoyacaq durumda deyil. (Xatırlatmaq yerinə düşər ki, Ərdoğan hökuməti, eləcə də Türk Dövlətləri Təşkilatı adlanan qurum bir dəfə də olsun uyğur məsələsini qaldırmayıb, hətta ötən illərdə Türkiyəyə pənah aparmış təxminən 300 uyğur türkü ölkədən deport edilib.) Kılıçdaroğlunun bu çıxışı ülkücü səsləri cəlb etmək niyyətindən irəli gələ bilər. Digər namizədlərlə müqayisədə ülkücülərdən ən çox səs alan namizəd Kılıçdaroğlu olsa da, hələ ki tərəddüd edən ciddi sayda ülkücü var. Başqa bir tərəfdən, İranla belə bir layihənin içində olmaq Qərbdə necə qarşılanacaq və Qərb bankları bu layihəyə kredit ayıracaqmı? Bu sual da vacibdir. (Elə burada qeyd edim ki, Qərb hökumətlərinin Kılıçdaroğlunu dəstəklədiyi barədə Azərbaycandakı təsəvvürlər doğru deyil. Qərbdəki bəzi qeyri-hökumət, akademik və media çevrələri Ərdoğanın getməsini arzulaya bilər, o ayrı məsələ. Amma qaçqın məsələsi ilə bağlı Kılıçdaroğlunun mövqeyi Qərbin Avropa qanadında ciddi narahatlıq doğurur. Digər məsələ də budur ki, hazırkı altıbaşlı müxalif koalisiya Qərb siyasi dairələrində müəyyən skeptisizm yaradır, çünki tək adamla işləmək onlara daha rahatdır, “hə” cavabını da, “yox” cavabını da 1 dəqiqə ərzində Ərdoğandan alıb, işlərinə davam edirlər.) Sonda bir məqamı da təkrarən qeyd etməyi zəruri sayıram: Azərbaycan rəsmi səviyyədə Türkiyə seçkilərinə açıq, birbaşa müdaxilələr edir, Türkiyənin daxili işlərinə qarışır. Azərbaycanın rəsmi və hökumətə yaxın mediasında (eləcə də bəzi siyasi partiya liderləri tərəfindən) səhərdən axşama kimi Türkiyə müxalifəti əleyhinə təbliğat aparılır, hətta bəzən türk müxalifət liderləri təhqir olunur və aşağılanır. Türkiyə müxalifətçiləri axmaq deyil, bütün bunlardan xəbərləri var. Bəzən deyirlər ki, İlham Əliyev Ərdoğanın qalib gələcəyini bilir və bu səbəbdən rahat davranır. Yaxşı, tutaq ki, Ərdoğan yenə qalib gəldi və hakimiyyətdə qaldı. Axı bu adam bütün insanlar kimi fanidir, bir gün vəfat edəcək. O zaman yenə hakimiyyət dəyişikliyi məsələsi gündəmə gələcək. Türkiyə kimi çox vacib tərəfdaşla, müttəfiq ölkə ilə münasibətləri bir nəfərin üzərindən qurmaq çox yanlışdır, institusional müstəviyə daha çox önəm verilməlidir ki, davamlılıq etibarlı təmin olunsun. Azərbaycan hökumətləri və siyasi qüvvələri hər zaman Türkiyədəki bütün siyasi partiyalarla normal dialoq qurmalıdır”, - Ş.Cəfərli qeyd edib.

PKK-nın rəhbər şəxslərindən daha biri öldürülüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda xüsusi əməliyyat keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Əməliyyat zamanı qırmızı blütenlə axtarışda olan PKK terror təşkilatının xüsusi təyinatlı qrupuna məsul Eyvaz Beyaz İraqın Dohuk-Gara bölgəsində zərərsizləşdirilib.

"Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik" - Kılıçdaroğlu

Türkiyədə əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu seçiləcəyi təqdirdə xarici siyasətlə bağlı prioritetini açıqlayıb. Sozcu.az xəbər verir ki, Kılıçdaroğlu BBC-yə müsahibəsində bu barədə danışıb. "Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik", - deyə o qeyd edib. Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Türkiyə MİT PKK rəhbərlərini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqın şimalında yeni əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Əməliyyat nəticəsində PKK terror təşkilatının rəhbər şəxsi Əhməd Gümüş məhv edilib. Onun qruplaşma üzvlərinin təlimlərinə rəhbərlik etdiyi bildirilib.

Adanada zəlzələ olub

Türkiyənin Adana bölgəsində zəlzələ olub. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Zəlzələ yerli saatla 09:20-də baş verib. 4.3 böyüklüyündə olan yeraltı təkan 13,13 km dərinlikdə olub.

Bu gün Türkçülük günüdür

Bu gün 3 may - Türkçülük Günüdür. Sozcu.az xəbər verir ki, 3 May bayramının təməlində II Dünya müharibəsi dayanır. 1940-cı illərin əvvəllərində müharibəyə qatılmaq istəməyən, bunun üçün müxtəlif bəhanələr gətirən Türkiyə hökuməti bir tərəfdən də faşist Almaniyası ilə əlaqələri pozmamağa çalışırdı. Həmin vaxt Türkiyənin baş naziri olmuş Şükrü Saracoğlu 5 avqust 1942-ci ildə parlamentdə çıxışı zamanı türkçülük idealarına toxunaraq, sosializm iddialarını rədd etmiş, türkçülüyün bir qan məsələsi olduğu qədər bir vicdan, mədəniyyət məsələsi olduğunu vurğulamışdı. Bu hadisədən sonra Nihal Adsız hökumətdə kommunist kadrların yerləşdirildiyi fikrindən dönmür və baş nazirə açıq məktub yazır. Bu məktublarda şairin şikayət etdiyi adlar arasında təhsil naziri Əli Yücel, Sədrəddin Cəlal Antel, Əhməd Cavad Əmrə və Səbahəddin Əlinin də adı olur. Nihal Adsızın məktubundan sonra Səbahəddin Əli onu məhkəməyə verir. İlk məhkəmə prosesi 26 aprel 1944-cü ildə başlasa da, sonra Türkçülük Bayramı kimi qeyd olunacaq günə - 3 maya ertələnir. İrqçilik iddiası məhkəmələrə çəkilən şairin tərəfdarları - 3 may 1944-cü ildə böyük etiraz nümayişi keçirir. Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar təşkil olunub. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Rəha Oğuz Türkqan başda olmaqla 10 məhkum Topxana hərbi həbsxanasında bu günü bayram kimi qeyd edib. 1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunur. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan sonra isə bu gün daha geniş şəkildə keçirilir. 3 May – Türkçülük Günü ölkəmizdə də keçirilir.

Türkiyədə komendant saatı - Küçəyə çıxmaq olmaz

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda 9 məhəllədə komendant saatı elan edilib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, qərar terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatla əlaqədar qəbul edilib. Müvəqqəti olaraq küçəyə çıxmaq qadağan olunub. Qadağa Nusaybinin Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində tətbiq olunub.