ABŞ nüvə sualtı gəmisini İran körfəzinə göndərdi

ABŞ-ın “USS Florida” nüvə sualtı gəmisi 5-ci Donanmasını dəstəkləmək üçün İran körfəzinə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib. "Suriyadakı hücumlar və İranın başqa ölkələrin ticarət gəmilərinə qarşı təhdidləri ABŞ-ı dəniz qüvvələrinin hazırlıq səviyyəsini artırmağa vadar edib", - bəyanatda qeyd edilib. Qeyd edək ki, ABŞ və İsrail kəşfiyyat orqanları SEPAH-ın İran körfəzi və Oman dənizində İsrailə məxsus ticarət gəmilərinə PUA-larla hücumlar həyata keçirməyə hazırlaşdığını bildirmişdi.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya ilə danışıqlar yalnız bu halda mümkündür - ABŞ

Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız Kiyevin şərtləri ilə mümkündür. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan deyib. "ABŞ, eləcə də NATO tərəfdaşlarımız Ukraynanın öz ərazisini uğurla müdafiə etməsini istəyir. Kiyev döyüş meydanında üstünlük əldə etdikdən sonra danışıqların vaxtı gələcək və Ukrayna öz şərtlərini diktə edə biləcək”, - o bildirib. Ukraynaya F16 təyyarələrinin tədarükünə gəlincə, Kalan qeyd edib ki, ABŞ və tərəfdaşları Kiyevin döyüş meydanında güclü mövqe tutması üçün göndəriləcək yardımların üzərində çalışır: “ABŞ-ın yeni yardımı Ukraynaya hücuma keçməyə və əraziləri azad etməyə kömək edəcək silahları əhatə edəcək. Biz nəyi çatdıra biləcəyimizə baxırıq, çünki görürük ki, Rusiya tərəfdən yeni hücum mütləq olacaq. Və Ukrayna Rusiyanın təcavüzü ilə mübarizəyə hazır olmalıdır".

"Doğurdanmı yüzlərlə dindar həbs edilib?"

Xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı kəşviyyat şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının görəvidir. Eyni zamanda istənilən həbs qərarı əsaslı və qanuni olmalı, günahsız, yaxud cinayəti sübuta yetirilməmiş insanların şərlənərək saxlanmasına rəvac verilməməlidir.   Hakimiyyətin nəzarətində olan media orqanları yazır ki, son günlərdə saxlanılan şəxslər İranın cəsus şəbəkəsinin üzvləridir. Amma hüquq mühafizə orqanları saxlanılan şəxslərə bir qayda olaraq narkotik ittihamı irəli sürür.  Ölkəmiz həqiqətən ciddi bir problemlə üzləşib. Amma problemin gələcəkdə daha da böyüməməsi üçün, hər şey tam qanuni olmalıdır. Bir insanın İranpərəst olması qınanıla bilər, amma onun həbsi üçün əsas ola bilməz. Bu gün hansısa İranpərəst dindar hansısa cinayəti törətmədiyi halda, yaxud cinayəti sübuta yetirilmədiyi halda tutulursa, həmin adamın bir əzabkeş obrazı yaranır. Bu obraz İran üçün Azərbaycana qarşı yeni bir səfərbərlik vasitəsinə çevrilir. Bu məhbuslar gec-tez həbsdən çıxacaqlar və cahill movhumatçıların liderinə çevriləcəklər.  *** Bu, çox həssas məsələdir. Bəzi müxalifət və QHT nümayəndələri də diqqətli olmalıdırlar. Dindrların dəstəyinə nail olmaq üçün bu məsələdən spekulyasiya etmək yolverilməzdir. Bəziləri yazırlar ki, yüzlərlə dindar həbs edilib. Doğrudanmı həbslər bu qədər kütləvidir? Harda və kimlər həbs olunub? Əgər əlinizdə bir siyahı varsa, qoyun ortaya, yoxdursa, heç bir dəlil-sübut olmadan ittiham irəli sürən müstəntiqlərdən fərqiniz nədir?  *** Azadlıq Radiosu saxlanılan şəxslərdən birinin həyat yoldaşını danışdırıb. Deyir ki, ərim maddi imkansızlığa görə cümə namazına getmirdi (cümə namazına getmək üçün maddi imkan lazımdır?). Amma eyni zamanda deyir ki, əri dostlarıyla imamların şəhadət və mövlud günlərini qeyd etmək üçün tədbirlərə gedirmiş. Ardınca da deyir ki, imamların mövludunu qeyd etmək hər bir müsəlmanın borcudur. Harda yazılıb ki, imamın mövludunu qeyd etmək müsəlmanın borcudur? "Cümə namazına getmirik, amma İmamın mövluduna getmək borcumuzdur" deyən adamları islamın şərtlərindən xəbəri olmadıqlarına görə qınamaq olar, amma həbs etmək olmaz. Sübutun varsa, ortaya sübut qoy, yoxdursa, "on dəfə İrana gedib" sübut sayılmaz.  *** Bu gün Azərbaycanda insanların kütləvi şəkildə movhumata və radikal dini cərəyanlara meyl etməsi danılmaz faktdır və bunun iki əsas səbəbi var.  Birincisi, həm İran, həm də bəzi ərəb dövlətləri cəmiyyətimizin şəriətə meyllənməsi üçün milyardlarla pul xərcləyir. Cümə namazına getməyə "imkan tapmayan" kasıb insanların imamların mövlud tədbirlərində iştirakı burdan qaynaqlanır.  Digər əsas səbəb isə Azərbaycan hakimiyyətinin ölkədə azadlıqları məhdudlaşdırması, hər vəchlə siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini sıxışdırmasıdır. Mitinqlər qadağan olunub, söz azadlığı yox dərəcəsindədir, ölkədə demokratik seçkilər keçirilmir. Bunun nəticəsidir ki, pasionar insanlar, ilk növbədə gənclər, inkişaf üçün bir şərait görmür, enerjilərini sərf etmək üçün bir meydan tapmır və son ümid yeri olaraq radikal dini qurumlara meyllənirlər. Mustafa Hacıbəyli 

"Muradov əsgərlərə aşkar ölümə getməyi əmr edə biləcək ağıldankəm və sarsaq generaldır..."

"Rusiyalıların başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil..." Putin Uqledarda uğursuz hücuma görə "ağıldankəm   və sarsaq" generalı vəzifədən azad edib General-polkovnik Rüstəm Muradov Ukraynada hərbi əməliyyatlara rəhbərlikdən kənarlaşdırılıb və Rusiya Federasiyası Şərq Hərbi Dairəsi komandanı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə "The Moscow Times" qəzeti yazıb. Məlumatlara görə, general Uqledar ətrafında uğursuzluqlar və ciddi itkilər səbəbindən vəzifəsini itirib. Uqledarın alınması Rusiya ordusuna Avdeyevka ətrafında Ukrayanın istehkamlarından yan keçməyə və Donbasa geniş hücum üçün yol açmağa imkan verə bilərdi. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Muradovdan çox adam şikayət edib, çünki "əsgərlərə aşkar ölümə getməyi əmr edən ağıldankəm və sarsaq olub". 50 yaşlı Muradov keçmişdə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub, Dağlıq Qarabağda "sülhməramlılara" rəhbərlik edib. Üç gün ərzində Uqledar ərafında dəniz piyadalarının iki elit briqadasını, 103 vahid hərbi texnika, o cümlədən 36 tank itirib. "Muradov bir-birinin ardınca qüvvələri kiçik mexanikləşdirilmiş hissələrlə minalanmış ərazilərə və açıq yerlərə göndərib və heç nəyə nail olmayıb", - hərbi analitik Maykl Kofman deyib. Lakin, onun fikrincə, cəbhənin mühüm sahəsində komandanın dəyişilməsi, çətin ki, Rusiya ordusuna hər hansı irəliləyişə nail olmağa kömək etsin.  Kofman hesab edir ki, rusiyalıların "başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil". Muradovun istefası barədə məlumat onun təyinatından (5 oktyabr 2022-ci il) cəmi 7 ay sonra, martın sonunda üzə çıxıb. Bu barədə ilk olaraq bu yaxınlarda Piter kafesində partlayış nəticəsində həlak olan Z-bloger Vladlen Tatarski məlumat verib. Bu məlumat digər KİV-lərə də yayılıb, o zaman bir sıra hərbi ekspertlər iddia edib ki, general, sadəcə, məzuniyyətə çıxıb.

Zelenski Polşaya getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb. "Zelenski artıq Polşa ərazisindədir", - məlumatda qeyd edilib.

Stoltenberq: "NATO Ukraynadakı döyüş meydanında vəziyyəti “dondurmaq"da maraqlı deyil"

"NATO Ukraynadakı döyüş meydanında vəziyyəti "dondurmaq"da maraqlı deyil". Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, hazırkı cəbhə xəttində döyüşlərin dayandırılmaması NATO-nun məsuliyyətinə daxildir: "Biz istəyirik ki, Ukrayna daha çox torpağını işğaldan azad etsin, Rusiya qoşunları Ukraynadan çıxsın, sonra danışıqlara şərait yaransın”. Y.Stoltenberq rəsmi Kiyevə dəstəyin davam etdirildiyini söyləyib: “Rusiya Prezidenti Vladimir Putin qalib gəlsə də, bu, Ukrayna üçün faciə olacaq. Belə bir ssenari eyni zamanda NATO üçün də təhlükəlidir. Ona görə də Ukraynanı dəstəkləməliyik”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

BMT-nin Baş katibi: İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var

BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq mina xəbərdarlığı və mina fəaliyyətinə yardım günü ilə bağlı müraciət ünvanlayıb. BMT-nin Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, müraciətdə deyilir: "Silahlı münaqişələrin tüğyan etdiyi ərazilərdə yaşayan milyonlarla insan, xüsusilə də qadın və uşaqlar üçün atılan hər addım təhlükəli ola bilər. Döyüşlərin bitməsindən sonra belə münaqişələrin qorxulu mirası qalır – insanların yaşadığı yerləri çirkləndirmiş mina və partlayıcı sursatlar. Sülhün əldə olunması heç bir təhlükəsizlik təminatı vermir - əgər yollar və əkin sahələri minalanıbsa, partlamamış hərbi sursatlar köçkünlərin geri qayıtmasına təhlükə törədirsə və uşaqların yerdə tapıb oynadığı parlaq cisimlər partlayırsa. BMT-nin Minalardan Təmizləmə Xidməti bu ölümcül silahları aradan qaldırmaq, milli hökumətləri dəstəkləmək, habelə evlərə, məktəblərə, xəstəxanalara və tarlalara təhlükəsiz çıxışı təmin etmək üçün tərəfdaşları bir araya toplayır. Bu Xidmət həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün layihələndirilməsini və Ukrayna limanlarından taxıl və gübrənin təhlükəsiz ixracını dəstəkləyib. Bununla belə, insanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var. Mən üzv dövlətləri Piyada əleyhinə minaların qadağan olunması konvensiyasını, Kasset tipli sursatlara dair konvensiyanı və Müəyyən adi silahlar haqqında konvensiyanı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırıram. Gəlin bu beynəlxalq gündə ölümcül silahların törətdiyi təhlükəyə son qoymaq üçün birgə hərəkətə keçək, icmaları bərpa prosesində dəstəkləyək, insanların dinc və təhlükəsizlik şəraitdə yurdlarına qayıtmasına və həyatlarını yenidən qurmasına kömək edək".

Priqojindən şok: Tatarskini Ukrayna öldürməyib!

“Vaqner”in rəhbəri Yevgeni Priqojin rusiyalı politoloq Daria Duginanın və hərbi müxbir Vladlen Tatarskinin ölümünün arxasında Ukrayna hakimiyyətinin dayanması iddialarını şərh edib. Sozcu.az xəbər verir ki, Priqojin Sankt-Peterburqdakı kafedə baş verənlərin təfərrüatını hələlik bilmədiyini vurğulayıb. “Mənə yalnız o məlumat verildi ki, Vladlen Tatarski həlak olub. Partlayış olan kafeni “Cyber ​​​​Front Z” vətənpərvərlik hərəkatına verdim və onlar orada müxtəlif seminarlar keçirdilər. Çox güman ki, bu faciə seminarda baş verib. Daria Duginanın ölümünə gəlincə, bəli, hər şey oxşardır. Amma mən bu hərəkətlərə görə Kiyev rejimini qınamazdım. Düşünürəm ki, burda bir qrup radikal hərəkət edir”, - o bildirib. Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində baş verən partlayışda ölüb. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.

ABŞ bu ölkələrin Çinə qarşı birləşməsini istəyir

ABŞ Çin G7 tərəfdaşlarına qarşı iqtisadi təzyiq göstərəcəyi halda bu ölkələrin Pekinə qarşı birgə hərəkət etməsini istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb. Məlumata görə, ABŞ hökuməti Konqreslə birlikdə tariflərin artırılması ilə bağlı qanun layihələrini müzakirə edir.

“Bunlar əhəmiyyətli uğurlardır. Lakin əsas vəzifə sərhəddə postumuzu qurmaqdır...”

“Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu, eləcə də Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaq gərəkdir...” “Milli Ordumuzun son günlər həm Şuşa-Laçın və Xankəndinə gedən yollar ətrafında, həm də Laçın rayonunun sərhəd kəndləri olan Zabux və Cağazur kəndləri arasındakı ərazilərdə keçirdiyi əməliyyatlar alqışlanmalıdır. Yadınızdadırsa, ötən söhbətlərimizdə dəfələrlə demişdik ki, Şuşa, eləcə də Laçın şəhərlərinin təhlükəsizliklərinin tam təmin olunması üçün ətrafdakı bütün yaşayış məntəqələri, xüsusən də yüksəkliklər nəzarətə götürülməlidir. İndi çox şükürlər ki, bu istiqamətdə ordumuz uğurlu addımlar atmağa başlayıb”.  Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Sarıbaba, onun yaxınlığındakı 2054 yüksəkliyi həm Laçından Şuşaya gedən əsas avtomobil yoluna, həm də Turşsu qəsəbəsi istiqamətindən, yaxud Zarıslıdan Xankəndinə gedən ermənilər üçün “alternativ” silah-sursat daşıma marşrutu olan torpaq yollara nəzarət etmək üçün strateji əhəmiyyətə malikdirlər. Lakin bundan sonra Şuşa ətrafındakı digər yüksəklik və məntəqələri də tədricən nəzarətə götürmək vacibdir. Həmçinin  Gorus istiqamətində ermənilərin Qarabağa gedib-gəldiyi alternativ Laçın yoluna da nəzarət etmək baxımından Zabux və Cağazur yaxınlığındakı keçmiş sərhəd postlarımızın geri alınması da əhəmiyyətli uğurdur. Əbəs yerə deməyiblər ki, yüksəkliklər kimin əlindədirsə, qalibiyyət də onun tərəfindədir”- deyə davamında keçmiş nazir bildirib.  “Amma əldə edilən uğurlarla arxayınlaşmaq olmaz. Bundan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri, əvvəllər də vurğuladığımız kimi, Laçın yolunun başlanğıcında, yəni Həkəri çayının üstündəki körpü üzərindən keçən sərhəd ərazidə Rusiya “sülhməramlı”larının postunun yaxınlığında sərhəd, gömrük və s. nəzarət-buraxılış məntəqələrimizin qurulmasıdır. Yalnız bundan sonra deyə bilərik ki, biz Qarabağa gedib-gələn yola nəzarət edirik. Çünki ermənilər əgər sərhədimizdən “sülhməramlı”ların “nəzarəti”ndən  silah-sursat, yaxud canlı qüvvəni keçirə biləcəklərsə, onu nə yolla olursa-olsun, Qarabağa çatdırmağa çalışacaqlar. Biz tutduğumuz yüksəkliklərdən də bunun qarşısını tam şəkildə ala bilməyəcəyik. Düzdür, artıq 4 aya yaxındır ki, Laçın-Şuşa-Xankəndi yolunda fasiləsiz aksiya keçirən eko-fəallar da dolayısıyla həmin yoldan keçən yüklərə, sərnişinlərə nəzarət edirlər.  Ordumuz da, daxili qoşunlarımız da və s.həmin yola çox yaxındadırlar. Yəqin ki, ermənilər, yaxud ruslar risk edib oradan silah-sursat keçirməzlər. Amma əvəzində axı onların Xankəndinə gedən digər “alternativ” torpaq yolları, cığırları var.  Yəni bunlar məsələnin tam həlli deyil... Bir sözlə, bütün deyilənləri, eləcə də Rusiyanın Ukraynada və beynəlxalq aləmdə düşdüyü müşkül durumu və Ermənistanın Moskvaya xəyanətlərini nəzərə alaraq daha da qətiyyətli addımlar atmaqla, nə yolla olursa-olsun, Laçın yolundakı sərhəddə nəzarət-keçid postlarımızı qurmalıyıq. Ümidvaram ki, belə də olacaqdır və bütün baş verənlər bizi növbəti qələbələrə, həmçinin Xankəndi və digər ərazilərimizin tam yurisdiksiyamıza qaytarılmasına aparır”- deyə general-mayor vurğulayıb.

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi tükənir”

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi azalır”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski teleqramda yazıb. O bildirib ki, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”. A.Sirskinin sözlərinə görə, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur. Qeyd edək ki, təxminən 6 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir.