Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım oldu

Bölgələrdə davam edən intensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub. Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

Şahdağa qar yağdı, Qazaxa dolu düşdü

İyunun 7-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 59, Qəbələdə 42, Şamaxıda 37, Qaxda 35, Şəkidə 24, Zaqatala və Balakəndə 13, Tərtər, Quba və Qobustanda 12, Bakıda və Abşeron yarımadasında 11, Şahdağda 10, İsmayıllı, Xınalıq, Ordubad, Mingəçevir, Zərdab, Zəngilan, Qusar, Şahbuz, Beyləqan, Sabirabad, Göyçay, Altıağac, Göygöl, Kürdəmir, Xaltan, Naftalan, Lerik, Şirvan, Beyləqan, Şabran, Yevlax, Füzuli, Kəlbəcər, Goranboy, Gədəbəy, Neftçala, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Ağdam, Yardımlı və Culfada 1-9 mm-dək olub. Şahdağda isə qar yağıb. Vurğulanıb ki, iyunun 7-si saat 00:55 radələrində Qazaxda diametri 15 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb. Qeyd olunub ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək, 8-də əsasən yağmursuz keçəcək.

Şamaxıda üçüncü zəlzələ: Əhali hiss etdi...

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Qeyd edək ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Xatırladaq ki, bu gün Şamaxı rayonunda yerli vaxtla 06:40-da, ötən gün isə bir neçə dəfə yeraltı təkanlar olub.

Sumqayıta gediş onqat bahalaşdı

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, yaranan sıxlıqla əlaqədar vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkir. Belə ki, Bakı-Sumqayıt istiqamətində hərəkət dayandığı üçün ictimai nəqliyyat və taksi tapmaq çətinləşib. Bildirilib ki, “manatlıq taksi” kimi fəaliyyət göstərən sürücülər qiyməti 10 dəfə bahalaşdırıb. Adi günlərdə adambaşına 1 manata qət edilən yolu hazırda 10 manatdan aparmaq təklif olunur.

Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? – Açıqlama

Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb. Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər. Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər. Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir. Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov dərs ilinin 14 iyuna qədər uzadılması məsələsinin yenidən nəzərdən keçirilməli olduğunu deyib: “Dərs ilinin son iki həftəsi, xüsusilə 1-14 iyun aralığı real tədris yükü ilə deyil, formallıqla xarakterizə olunur. Bu, nə şagirdin inkişafına töhfə verir, nə də təhsil prosesinin səmərəliliyini artırır. Əksinə, iqlim şəraiti, psixoloji yüklənmə və sosial dinamika fonunda bu müddət həm müəllim, həm də şagird üçün məhsuldarlığı sıfıra yaxınlaşdırır. Məktəblərin əksəriyyətində dərslər faktiki olaraq 1 sentyabrda başlayır. Belə olan halda, mayın sonuna qədər şagirdlər artıq 9 aylıq intensiv tədris prosesindən keçmiş olur. Bu müddət ərzində tədris proqramlarının böyük hissəsi tamamlanır, illik qiymətləndirmələr keçirilir, monitorinqlər və buraxılış imtahanları baş tutur. Nəticədə, iyun ayı artıq proqram xarakteri daşımayan, əsasən iştirak və formal dərs saatları ilə tamamlanan ay kimi görünür”. Ekspert bildirib ki, 1-14 iyun tarixlərində şagirdlərin davamiyyət faizi 45-50 fazi arasında dəyişir: “Bu, rəsmi olaraq “dərs günü” sayılsa da, praktiki baxımdan tədrisin təşkil olunmadığını və ya mənasızlaşdırıldığını təsdiqləyir. Hava şəraitinin isti və bəzən normadan artıq rütubətli olması xüsusilə sinif otaqları kondisionersiz olan məktəblərdə tədrisi demək olar ki, mümkünsüz edir. Azərbaycanda dərs ilinin müddəti ilə bağlı dəyişiklik edilməlidir. Mövcud 9 aylıq (sentabr–iyun) model saxlanacaqsa, bu zaman dərs ili 1 sentyabr-31 may aralığında planlaşdırılmalıdır. İyun isə istedadların inkişafı üzrə yay məktəbləri; könüllü yay məşğələləri; əyləncəli STEAM, idman və psixoloji dəstək proqramları; müəllimlər üçün metodik və diaqnostik hazırlıq ayı kimi nəzərdə tutulmalıdır. Əks halda, hər il iyun ayında eyni ssenari təkrarlanacaq. Yəni kitablar yığılacaq, uşaqlar məktəbdə yox, lakin “jurnalda” görünəcək. Təhsil sadəcə statistika ilə idarə olunan bir prosesə çevriləcək”.

Bağçada uşaqlar ən çox nədən xəstələnir?

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən artıq xəstələnmə halı qeydə alınıb. Sozcu.az modern.az-a istinadla bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəstələnmə hallarının 10 minə yaxını 3 yaşından aşağı uşaqlarda olub. Məktəbəqədər təhsil müəssisələrində uşaqlar ən çox qripin və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxurlar. Bağçalarda ötən il 27 mindən çox belə xəstəlik aşkarlanıb. Uşaqlar arasında angina (kəskin tonzillit, 15653 yoluxma), pnevmaniya (234), skarlatina (429), bakterial dizenteriya (211), bədbəxt hadisə, zəhərlənmə və zədələr (62) və digər xəstəliklər (4406) aşkarlanıb.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

İyun ayında Azərbaycana qar yağır - Faktiki hava

Azərbaycanda iyunun 3-ü saat 17:00-a olan məlumata əsasən hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağması müşahidə edilir. Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 mm olan dolu düşüb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuqmərcanlı və Şamaxıda 15 m/s-yə çatır.

İşıq və qazpulu 3 dəfə azaldılsın, yoxsa...

“Regionlarda yaşayan sakinlərə müavinət verilməli və onlar vergilərdən azad etməlidirlər”. Bu sözləri "Yeni Sabah"a hüquqşünas Əkrəm Həsənov deyib. O, deputat Zahid Orucun bu gün Milli Məclisdə səsləndirdiyi təkliflərə, o cümlədən bəzi bölgələr üçün elektrik enerjisi və qaza tariflərin 3 dəfə azaldılması  münasibət bildirib. Ə. Həsənov qeyd edib ki, təklifin reallaşdırılmsında hüquqi və iqtisadi baxımdan ciddi problem görmür: "Amma dəyişikliyi Tarif Şurasının qərarı ilə etmək olar. Texniki cəhətdən problem yoxdur, problem mümkün oğurluq və korrupsiyadir. Hər şeydən pul çıxarmağı bacarırıq axı. İşığı, qazı, suyu məhz lazımlı bölgəyə yox, digər bölgələrə verəcəklər ki, “podkat” alsınlar. Heç kim bu hallara görə bölgələrə gedib məsələni araşdıran deyil”. Ekspert əlavə edib ki, kommunal xidmət göstərən qurumlar – “Azərişıq”, “Azəriqaz”, “Azərsu” – dövlətə məxsus olsa da, kommersiya təşkilatlarıdır: “Bu təşkilatların əsas məqsədi qazanc əldə etməkdir. Ən azı öz xərclərini gəlirləri ilə bağlamaq üçün. Fikrimcə, bu təşkilatlar mənfəətlə işləməlidirlər ki, dövlətə yük olmasın”. Onun sözlərinə görə, əgər bu sistem qurularsa, regionlara da kommunal xidmətlərin maya dəyərindən aşağı qiymətlə çatdırılması mümkün olar. Əkrəm Həsənov qeyd edib ki, regionlarda yaşayan vətəndaşlara güzəştlər verilməli, lakin bu, daha şəffaf və konkret mexanizmlərlə həyata keçirilməlidir: “Regionlarda yaşayan sakinlərə, əlbəttə, güzəştlər olunmalıdır, lakin başqa formada. Yəni vergidə və ya dövlət həmin bölgələrdə yaşayanlara müəyyən miqdarda müavinət versə, bu məsələ daha aydın və şəffaf olacaq”. Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmağı təklif edib. Onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik". Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qurum limitlərin yenilənməsinə baxan səlahiyyətli qurum deyil. "Azərişığ"ın mətbuat katibi Vaqif Aydınoğlunun köməkçisi Pərvanə Kazımzadə də oxşar cavab verib.

Şəhid Sahil İbrahimov Əmircanda dəfn edildi

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb. Şəhid üçün cənazə namazı qılınıb. Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub. Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

“Ekspertiza Mərkəzi “Yelo bank”ın təsiri altında özünə qarşı rəy verib

İyunun 4-də Bakı Apelyasiya Məhkəməsində mənim evimi əlimdən almaq istəyən “Yelo bank” ilə məhkəmə çəkişməmiz davam edəcək. Yadınızdadırsa, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən hazırlanmış ekspertiza rəyində mənim mənzilimin girov qoyulması müqabilində 2008-ci ildə dostuma verilən kreditin manatla verildiyi və artıqlaması ilə ödənildiyi göstərilmişdi. Apelyasiya Məhkəməsinin hakimi Sabit Bəhramzadə həmin rəyi əsas götürərək bizim xeyrimizə qərardad çıxarmaq əvəzinə, bankın tələbilə işi artıq 6-cı dəfə ekspertizaya qaytarmışdı. “Yelo bank” Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə necə təsir göstəribsə, qurum nəinki mənə qarşı, hətta özünə qarşı rəy çıxarıb. Ekspertiza Mərkəzi heç bir əsaslandırmaya ehtiyac duymadan bankın iddiasını olduğu kimi təkrarlayıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi eyni iş üzrə bundan əvvəlki 14 dekabr 2023-cü il tarixli rəyində borcun manatla verildiyi və ümumi məbləğin faizlə birlikdə 40 015 AZN olduğu göstərildiyi halda, 22 aprel 2025-ci il tarixli digər rəydə isə borcun 38 990 ABŞ dollar olduğu barədə saxta rəy çıxarıb. Bir daha deyirəm, kredit manatla verilib, müvafiq ipoteka müqaviləsi manatla tərtib edilib. Bankın tərtib etdiyi ödəniş tapşırığında (“платежка”) məbləğ manat ilə göstərilib. Vəsait təhvil alınarkən verilən qəbzdə də məbləğ manatla göstərilib. 33 500 manata qarşı banka 59 800 manat qaytarılıb. Amma “Yelo bank” verdiyi kreditdən iki qat bəhrələndiyi halda, əlavə olaraq devalvasiyadan da bəhrələnmək üçün, onun sahibinin ana dilində desək, наглым образом əlavə olaraq 40 000 dollar tələb edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi davamlı təsirlərdən sonra məni Marina Kulişovaların, Vasili Xamazaların ayağına verdi. Narahatam ki, iyunun 4-də Apelyasiya Məhkəməsi də bunu edə bilər. Mən Qarabağ qazisi olsam da, hökumətdən nə mənzil, nə maşın almışam. İndi öz evimi də əlimdən almaq istəyirlər. Bütün yaxşı insanlardan ictimai dəstək istəyirəm. Mustafa Hacıbəyli (Kreditin manatla verildiyini sübut edən sənədlər – ipoteka müqaviləsi, bankın tərtib etdiyi ödəniş tapşırığı və pulun təhvil verildiyi vaxt imzalanan qəbz).(Basta)

Sabahdan hava dəyişir: Leysan, dolu... - XƏBƏRDARLIQ

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq İyunun 2-si axşamdan 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.